Azərbaycan müəlliməsindən şok intihar anonsu
Müəllimədən intihar anonsu: “Əlimdə benzin dolu qab görsəniz…”
“Evimi talayıblar, özümü döyüblər. Mənə qarşı vəhşilik
etdiklərini təsdiqləyən ekspertiza kağızım da var. Ancaq bu rayonun
prokuroru, polisi oğrunu, xuliqanı açıq-aşkar himayə edir”.
Bunu medyaya müraciətində Tovuzun Vahidli kənd sakini Ziyafət Həsənova deyib. Z.Həsənova Vahidli kənd orta məktəbində biologiya müəlliməsi işləyir.
Müəllimə deyir ki, Aran Yanıqlı kənd sakini Azad Qurbanov yaxın
dostları ilə əlbir olaraq müxtəlif vaxtlarda onu döyüb təhqir ediblər,
yaşadığı evi talayıblar, özünü isə ölümlə hədələyərək ev-eşiyindən
didərgin salıblar.
Ziyafət Həsənovanın sözlərinə görə, bir neçə il əvvəl Aran Yanıqlı
kənd sakini Əli Qurbanovla ailə qurub: “Əli vaxtilə uzun illər sovxoz
direktoru olub. Yaxşı pulu, malı-mülkü olub. Övladlarını yerbəyer edib,
hamısına ev-eşik verib. Həyat yoldaşı vəfat edəndən sonra övladları onu
incidirdi. Baxımsız vəziyyətdə qalmışdı. Heç kəs ona qayğı göstərmirdi.
Əli kənddəki keçmiş pivə zavodunun birmərtəbəli, 6 otaqlı, həyətyanı
sahəsi olan yerini aldı aldı. İkimərtəbəli, 40 sot həyətyanı sahəsi olam
əmlakını da oğlanlarından birinə bağışlayıb, bircə çöp də götürməyib
evindən çıxdı. Biz rəsmi ailə qurduq”.
Z.Həsənova deyir ki, Əli Qurbanovla ailə qurandan sonra sonuncunun
banklardan birinə olan borcunu birlikdə ödəyiblər. Uzun müddət
istifadəsiz, baxımsız qalmış və təmirsiz olan keçmiş zavodun otaqlarını
da birlikdə təmir ediblər. Əl-ələ tutub şəraitlərini, güzəranlarını
birtəhər düzəldiblər: “Əli pensiyaya çıxdı. Mən iki kənddə işləyirdim –
həm Vahidli, həm də Aran Yaqnıqlı məktəblərində. Məvacibim də ümumilikdə
400 manata yaxın idi. Birləşib 5-10 qoyun aldıq. evi təmir edib
başladıq orada yaşamağa. Əlinin sahəsi vardı, toxum alıb taxıl əkdik,
əkinçiliklə məşğul olduq. Dəyirman aldıq, yem aparatı aldıq…
Şəraitimizi bir az da düzəltdik”.
“Mən prokurora şikayət etdikcə bunlar şiddəti artırır”
Ötən il sentyabrın 22-də Əli Qurbanov vəfat edib. Bundan sonra onun
birinci nikahdan olan övladları Ziyafət Həsənovadan əmlakı tələb etməyə
başlayıblar.
Z.Həsənovanın dediklərindən: “Dedilər, hamısı bizə çatır. Dedim, a
bala, atanızı incidirdiniz, bununla belə, axırıncı çöpünə kimi nəyi
vardı, sizinçün qoyub evdən evdən çıxdı. Bu ev-eşik, şəraiti isə qanuni
nikah dövrümüzdə birlikdə qurub-yaratmışıq. Oktyabr ayında oğlu Azad,
Aran Yanıqlı kənd məktəbinin direktoru işləyən əmisi Tariyel Qurbanov və
sonuncunun oğlu, başqa ailə üzvləri, bir də Famil adında bir dostları
evimə neçə dəfə hücum edib məni döydülər. Bu barədə DİN-in 102 xidmətinə
zəng vurub məlumat verdim. Ekspertizadan da keçdim. Xəsarətlərim
təsdiqləndi. Dəfələrlə evimə hücum etdilər, döydülər, mən də hər dəfə
şikayət etdim. Baxdım ki, mən bunlardan polisə, prokurora şikayət
etdikcə bunlar daha da vəhşiləşirlər. Qarşılarını kəsən isə yoxdur”.
Şikayətçi bildirir ki, noyabrın 23-də ölümlə hədələndiyinə görə evini
tərk etmək məcburiyyətində qalıb: “Bu adamların cəzasız qalması hamını
qorxuya salıb. İş o yerə çatıb ki, mənə xəbər yollayıblar ki, axşam saat
9-a kimi evdən çıxmasan, Famil gəlib evin içində səni doğrayacaq. Mən
qorxdum. Bildim ki, polisə şikayət etməyin xeyri yoxdur. Onsuz da tədbir
görmür. Məcbur qalıb evdən çıxdım. Qonşulara yalvardım ki, məni təcili
Vahidli kəndinə – ata evimə çatdırsınlar. Qonşular dedilər onlar
başıpozuq adamlardır. Bilərlər sənə kömək etmişik, gəlib bizə də zərər
vurarlar”.
“Dedi ki, pul veririk, sənin ərizəni cırıb zibil yeşiyinə atırlar”
Dekabrın 23-də aranın sakitləşməsindən ürəklənən Ziyafət Həsənova
evinə baş çəkmək qərarına gəlir. Ünvana çatanda heyrətdən yerindəcə
donur: “Hər şeyi yığışdırıb aparmışdılar. Su çənini, həyətdəki mini
dəyirmanı, yem aparatını, taxıltəmizləyən aparatı, anbardan 20 ton
taxılı… Qonşular dedilər, yük maşınları ilə, traktorla gəlmişdilər.
Hamısını yüklədilər, apardılar. Mən dərhal polisə, prokurorluğa şikayət
etdim. Əvəzində kənd məktəbinin direktoru işləyən keçmiş qaynım Tariyel
Qurbanov mənə zəng vurdu, hədələyib dedi, şikayətlərinin xeyri olmayacaq
sənə. Sən şikayət etdikcə biz də gedib pulumuzu veririk, ərizəni cırıb
zibil yeşiyinə atırlar. Baxdım ki, elə düz deyir, başıma gələnlərlə
bağlı rayon polisinə, rayon prokurorluğuna, DİN-ə, Baş Prokurorluğa,
300-dən çox məktub, teleqram yollamışam. Yalnız bircə dəfə – oktyabr
ayında DİN-dən bir nəfər gəlib, məni dinləyib, o adamlara da deyib ki,
qadın xeylağıdır, xalqın müəlliməsidir, incitmək olmaz. Vəssalam. Elə
bunu dedi, getdi…”
Müəllimə intiharla hədələyir
“Məlum oldu ki, mənə qarşı baş verənlərin başında Tovuz rayon
prokuroru şəxsən özü dayanır və onlara himayədarlıq edir. DİN əməkdaşı
Tovuza gəlib-gedəndən sonra isə mənə hücumlar, ölümlə hədələmələr daha
da artdı və bu azmış kimi, özümü ev-eşiyimdən didərgin salıb
malımı-mülkümü taladılar. Mən baş prokurora və daxili işlər nazirinə
səslənirəm: bıçaq sümüyə dirənib, ya Tovuzdakı özbaşınalığa son
qoysunlar, ya da malı-mülkü əlindən çıxmış, hər gün hədələr və
səksəkələr içində yaşayan tək qadından ötrü bir quru candan keçməkdən
başqa çarə qalmır. Bir gün məni Baş Prokurorluğun qarşısında əlimdə
benzinlə dolu qab görəndə heç kəs səbəbini uzaqda axtarmasın. Çünki
səbəbindən aylardır ki, hamıya yazıram”.
Səslənən bu ittihamlara münasibət öyrənmək üçün Tovuz rayon hüquq-mühafizə orqanlarına müraciət etdik.
Tovuz Rayon Polis Şöbəsindən virtualaz.org saytına bildirildi
ki, Ziyafət Həsənovanın şikayət ərizəsi ilə bağlı araşdırma aparılıb:
“Onun adını qeyd etdiyi şəxslər şöbəyə dəvət olunaraq dindirilib. Ancaq
Ziyafət Həsənovanın mənzilindəki oğurluqla əlaqələri müəyyən edilməyib.
Onun döyülməsi ilə bağlı dedikləri isə ümumiyyətlə təsdiqini tapmayıb”.(virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=15340