Şok: Məmurlar villalarını itirir
Onlar milyonlarla manat ziyana düşməkdən necə sığortalanmaq istəyirlər?
Son
dövrlər kütləvi informasiya vasitələrində müxtəlif tikinti
şirkətlərinin reklamlarını tez-tez eşidirik. Həm internetdə və sosial
mediada, həm də teleradio şirkətlərində bu cür reklamlara tez-tez rast
gəlinir. Şirkətlər öz məhsullarını təqdim edirlər. Halbuki, ötən ilə
qədər KİV-lərdə mənzil, yeni tikililər barədə reklamlar nadir hallarda
olurdu.
Ökədəki mənzil reklamının birdən-birə bu cür geniş vüsət
alması nədən ola bilər? Tikinti şirkətlərinin müştəri azlığından
əziyyət çəkməsi buna səbəb ola bilərmi?
Gəlin əvvəlcə bu mövzuda
ekspert rəyi ilə tanış olaq. Belə ki, iqtisadçı Vüqar Bayramov da
Azərbaycan mənzil bazarı üçün bu cür televiziya və radio reklamlarını
spesifik hesab etmir. O da təsdiq edir ki, son dövlər ölkəmizin mənzil
bazarında durğunluq müşahidə olunur. Bu səbəbdən də tikinti şirkətləri
reklamlar sayəsində yeni müştərilər cəlb eləməyə çalışırlar: “2014-cü
ilin əvvəllərində “Sovetski” məhəlləsi sökülərkən kompensasiyalar
verilən zaman mənzil bazarında qiymətlərin artacağı proqnozlaşdırılırdı.
Fevral və mart ayında bir qədər artım da görüldü, lakin aprel ayından
etibarən durğunluq müşahidə olundu ki, bu da qiymətlərin aşağı düşməsi
ilə nəticələndi. Ötən ilin noyabr və dekabr aylarında durğunluq
nəticəsində qiymətlər 4% aşağı düşdü. Bu gün də azalma müşahidə edilir.
Bu azalma mənzilə olan tələbatın azalması ilə əlaqədardır”.
Mənzil
bazarında durğunluğun səbəbi haqda da söz açan ekspert bildirib ki,
adətən dünya bazarında neftin qiyməti aşağı düşəndə neft ölkələrinin
mənzil bazarlarında da durğunluq müşahidə olunur. Bundan əlavə Rusiyada
iqtisadi vəziyyət, rublun dəyərinin düşməsi də Azərbaycanın mənzil
bazarına təsirini göstərir. Çünki Rusiyada yaşayan azərbaycanlılar
ölkəmizin mənzil bazarı ilə bağlı xüsusi bir tələb formalaşdırırlar.
Onların göndərdikləri vəsaitlər Azərbaycandakı mənzil bazarına
qoyulurdu. Hazırda Rusiya iqtisadiyyatının vəziyyəti ilə əlaqədar oradan
ölkəmizə gələn vəsaitin də həcmi azalıb. Bu səbəbdən də Rusiyada
yaşayan soydaşlarımızın Azərbaycanın mənzil bazarındakı rolu azalıb.
Vüqar
Bayramov onu da bildirib ki, durğunluğun növbəti aylarda da davam
edəcəyi proqnozlaşdırılır: “Rusiyaya qarşı sanksiyaların dayandırılması
barədə qərar qəbul edilərsə və şimal qonşumuzun iqtisadiyyatı durğunluq
vəziyyətindən çıxarsa, neftin dünya bazarındakı qiymətlərində
stabilləşmə olarsa, Azərbaycanın mənzil bazarı da durğunluqdan çıxa
bilər. Hələlik isə 2015-ci ilin birinci yarısında mənzil bazarında
durğunluq proqnozlaşdırılır. Mənzil bazarında qiymətlər 9%-ə qədər
ucuzlaşa bilər”.
Bu arada maraqlı iddialardan biri də Bakıda və
Bakıətrafında dəbdəbəli villaların satışa çıxarılması hallarının artması
ilə bağlıdır. Belə villalardan bir çoxlarının isə müəyyən vəzifəli
şəxslərə aid olduğu istisna edilmir.
Hesab olunur ki, külli mqdarda
xərc çəkərək çox sayda təmtəraqlı mülklər inşa etdirən bəzi vəzifəli
şəxslər mənzil bazarında gözlənilən ucuzlaşma və həmin prosesin regional
və qlobal proseslər səbəbi ilə uzun çəkə biləcəyindən ehtiyatlanaraq öz
villalarının bir hissəsini indidən, uyğun qiymətə əldən çıxarmağa
çalışırlar. Bununla da onlar özlərini gələcəkdə ciddi zərərə düşmək
ehtimalından sığortalamaq niyyətindədirlər.
İstər paytaxtda və onun
ətrfında, istərsə də ölkənin mənzərəli guşələrində daşınmaz əmlak,
əsasən də villa sahibi olan bəzi məmurların və biznes adamlarının
iqtisadi proseslərin hazırki gedişini öz sərvətlərinə təhlükə kimi
gördükləri, milyonlara başa gələn imarətlərinin “su qiymətinə”
düşəcəyindən əndişələndikləri deyilir. Və əlavə edilir ki, onların
yaranmış bu vəziyyətin daha kritik şəkil almadan öz villalarını satışa
çıxarmaq niyyətlərinin yeganə olmasa da, əsas səbəblərindən biri məhz
budur.
Qeyd edək ki, daşınmaz əmlak bazarına yaxın bəzi ekspertlər də
son vaxtlar qiyməti bir neçə milyon dollarla ölçülən mülklərin satışa
çıxarılması hallarının nəzərəçarpacaq dərəcədə artdığı qənaətini
bölüşürlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=15342