İslam dünyasına qarşı müdhiş plan

15.01.2015 - 11:15

Rusiya-Qərb qarşıdurmasını
Qərb-islam qarşıdurması müstəvisinə keçirmək istəyən çevrələrin israrı
arxasında nə durur, müsəlman dünyası doğrudanmı beynəlxalq hüquqa meydan
oxuyan işğalçı Rusiyadan daha qorxulu imiş?..

Parisdə 7 yanvar terror aktı ilə başlayan, əslində isə illərdir
altdan-altdan körüklənən bir proses ətrafında vəziyyət mürəkkəb olaraq
qalır. Vəziyyətin ən təhlükəli cəhəti isə baş verənlərin
sivilizasiyalararası toqquşma, dinlər və mədəniyyətlərarası
konfrontasiya kimi təqdim eləməyə, qan qoxulu prosesi məhz bu kontekstdə
israrla qızışdırmağa səy edən dairələrin mövcudluğudur.

Son  ehtimal barədə indi artıq ən ciddi ekspertlər və təhlilçilər
də danışmağa başlayıblar. Fransa prezidenti Fransua Olland yaşanan
faciəvi hadisələrin dinlərarası münasibətlərə, konkret olaraq islama
dəxli olmadığını söyləsə də, hər halda analitiklərin əhəmiyyətli hissəsi
indiki tendensiyaların qayəsində ilk öncə məhz islam (müsəlman)
faktorunun, islamdan (müsəlmandan) yeni və əcaib “xoxan” düzəltmək
məramının dayandığına əmindirlər. 

“Karikatura müharibəsi”ni Qərbin yeni “Səlib (Xaç) yürüşü”nün
təzahürləri kimi qəbul edənlər də az deyil. Burada incə bir detal odur
ki, yuxarıda haqqında danışılan məkrli çevrələr təməl (söz-ifadə)
azadlıqları ilə inanc azadlığını, ümumiyyətlə, azadlıqlarla dəyərləri
məqsədli şəkildə qarşı-qarşıya qoymaqla öz iyrənc və uzaqgedən
hədəflərinə bəraət qazandırmağa çalışırlar. Halbuki gerçəkdə onlar
bir-birinə zidd deyil, əksinə, azadlıqlar və inanc bir-birini
tamamlayan, zənginləşdirən anlayışlardır. Məgər vicdan təməl
azadlıqların tərkib hissəsi deyil ki? Məgər birinin söz-ifadə azadlığı
digərinin etiqad azadlığı başlayan yerdə bitməli deyil? 

Bu xüsusda politoloq Zəfər Quliyevin təhlilində yer alan bir qeydi
yada salmağa dəyər: “Nədən Avropa dəyərləri iyerarxiyasında Xolokosta və
erməni məsələsinə bunca prioritet, hətta azadlıq prinsipindən də yüksək
rol ayrılıb? Belə çıxır, cəzasız şəkildə Allahın özünün belə varlığını
şübhəyə məruz qoymaq, cəzasız şəkildə irqçi, faşist, şeytani və başqa
baxışları təbliğ eləmək olar, hətta cəzasız şəkildə Peyğəmbərin
şəxsiyyətini və 1,5 milyard inanclı müsəlmanın hisslərini publik
karikaturalarla ələ salmaq olar, çünki bu, söz-fikir azadlığıdır,
plüralizm prinsipidir, Avropa sivilizasiyasının əsasları, dəyərləridir,
amma Xolokostu və ya erməni “genosidi”ni əsla şübhəyə məruz qoymaq olmaz
– dərhal cinayət haqq-hesabı işə düşər. Bu halda plüralizm, söz-ifadə
azadlığının meyarı necə olsun bəs?” 

Haqlı sualdır. Doğrudan da, Parisdə satirik jurnal redaksiyasının
sırf söz-ifadə azadlığına görə hücuma məruz qaldığı bildirilirsə, o
zaman Avropada Xolokostun, erməni “genosidi”nin olmadığını söyləmək
nədən ifadə azadlığı yox, cinayət sayılır və qanunla cəzalandırılır? Bu,
qeyri-xristian topluma, konkret şəkildə islam dini daşıyıcılarına qarşı
irqi ayrı-seçkiliyin, ikili standartın təzahürü deyilsə, nədir?
Belə əminlik də var ki, “karikatur müharibəsi” öncədən məqsədli
şəkildə dövriyyəyə buraxılmış təxribat olub və prosesə müəyyən siyasi
dairələr tərəfindən incə şəkildə dirijorluq edilir. Sanki kim(lər)sə
həqiqətən də ABŞ-ın Harvard Universitetinin alimi, artıq həyatda olmayan
Samuel Hantinqtonun “Sivilizasiyalararası toqquşmalar” haqda
doktrinasındakı müddəaların hamısını real həyata israrla tətbiq eləməyi
qarşısına məqsəd qoyub.

Digər ilginc versiya da var və ciddi şəkildə müdafiə olunur. Həmin
versiyaya əsasən, islamofobiyanın yeni dalğasında maraqlı olan Qərbdəki
bəzi dairələr Rusiya ilə hazırkı siyasi-iqtisadi konfrontasiyadan
tədricən uzaqlaşıb bütün konfliktləri xristian və İslam dünyası arasında
qarşıdurma axarına salmaq istəyirlər. Söz düşmüşkən, buna qismən nail
də olublar – dünyanın gündəliyində “vəhşi müsəlman” obrazı məsələsi
Rusiya mövzusunu  arxa plana keçirib. 

Belədisə, yenə nəticə hasil olur ki, deyəsən, Qərbdə kim(lər)əsə
Krımın ilhaqlı ilə dünya düzənini, beynəlxalq hüququ topa tutan işğalçı
Rusiyanı islam, müsəlman aləmi ilə müqayisədə beynəlxalq təhlükəsizliyə
daha az təhdid kimi qələmə verməyin tərfindədir. Kimlər? İndi belə
çıxmırmı ki, Rusiya məhz xristian dövləti olduğu üçün (hərçənd
tərkibində çoxlu muxtar müsəlman respublikalar və 15 milyon müsəlman
var) bu “izzət”ə layiq bilinir? İslamın varlığı dünya üçün təcavüzkar
Rusiyanın varlığından beləmi qorxuludur?
Elədisə, o zaman yenə məqsədli və məkrli şəkildə körüklənən
sivilizasiyalararası, dinlərarası münaqişə məsələsinə qayıtmış oluruq.
Ancaq müsəlman dünyasından zorla “xoxan” düzəldən, İslam inanclılarının
hamısını İŞİD-çi, “əl-Qaidə”çi, “Taliban”çı obrazında görmək istəyən
dairələr gərək unutmasın ki, bunun altını bumeranq effekti ilə ən çox
elə onların özləri çəkəcək. Çünki müsəlman dünyası ən əvvəl NATO üzvü
Türkiyə, nüvə dövləti Pakistan, Qərbin ehtiyac duyduğu böyük enerji
qaynaqlarına malik Azərbaycan, Orta Asiyanın müsəlman ölkələri, Səudiyyə
Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləridir.
Heç şübhəsiz, yekunda uduzan ümumən bəşəriyyət, mədəniyyət olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=15354

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728