76 milyonluq korrupsiya – 206 cinayət işi məhkəməyə göndərildi
Ötən
il ərzində Baş İdarənin İstintaq şöbəsi tərəfindən 333 şəxs barəsində
206 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti
məhkəmələrə göndərilib.
Bu barədə İdarənin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Həmin cinayət işlərindən 16 şəxs barəsində 9 iş rüşvət alma (passiv
rüşvətxorluq), 5 şəxs barəsində 4 iş rüşvət vermə (aktiv
rüşvətxorluq), 43 şəxs barəsində 22 iş vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə, 6 şəxs barəsində 6 iş vəzifə səlahiyyətlərini aşma, 7
şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 6 şəxs
barəsində 3 iş vəzifə saxtakarlığı, 5 şəxs barəsində 4 iş səhlənkarlıq,
134 şəxs barəsində 79 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə
və israf etmə, 95 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə
etməklə dələduzluq, 14 şəxs barəsində 14 iş saxta sənədlərdən istifadə
etmə, 2 şəxs barəsində 2 iş isə digər faktlarla əlaqədar olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 76 milyon 165
min 41 manat ziyandan istintaq müddətində 54 milyon 885 min 691 manat və
ya 72 faizi ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin
əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə
tutulmuş tədbirlər görülüb.
Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
tərəfindən vətəndaşların 3194 müraciətinə baxılıb, həmçinin 218 cinayət
xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların
82 faizi üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri
qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
K.Əliyevin sözlərinə görə, Baş İdarənin 161 saylı “Qaynar xətt” əlaqə
mərkəzinə bu müddət ərzində 4945 müraciət daxil olub, həmin
müraciətlərin 21-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə
cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə
görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması
təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar
edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq
təşkilatlara təqdimatlar göndərilib. Bununla yanaşı, korrupsiya ilə
əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və
digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı
izahlar verilib.
2014-cü il ərzində Baş İdarənin növbətçi prokurorları tərəfindən
korrupsiya və digər hüquqpozmalar barədə müraciət etmiş 807, Baş İdarə
rəisi tərəfindən isə 139 vətəndaş qəbul edilməklə ərizələri alınıb,
həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılmaqla obyektiv
qərarların qəbul edilməsi təmin edilib.
Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə
Baş İdarənin əməliyyat qurumları tərəfindən 584 müraciət araşdırılıb.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında
yaxalanmış şəxslər barəsində 10, o cümlədən korrupsiya hüquqpozmaları
ilə əlaqədar toplanmış materiallar üzrə 11 cinayət işi başlanıb.
Baş İdarənin rəisi həmçinin deyib ki, 2014-cü il ərzində də
korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən
bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib: “Əhalinin sosial
müdafiəsi, səhiyyə, yerli icra orqanları və digər sahələrdə aşkar
edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər
hazırlanıb aidiyyəti qurumlara təqdim edilib, həmçinin bir sıra hallarda
vəzifəli şəxslər tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında”
qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara
yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində
“Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar
verilib. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın
zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində Baş İdarə tərəfindən bu
sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq
hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi
diqqət yetirilib”.
K.Əliyev bildirib ki, dövlət orqanları tərəfindən öz işçiləri ilə
bağlı aparılmış daxili araşdırmalar əsasında Baş İdarəyə 119 material
göndərilib. Bunlardan 45 halda Səhiyyə Nazirliyinin, 21 halda Əmək və
Əhlainin Sosial Müdafiəsi Nazirliyinin, 11 halda yerli icra hakimiyyəti
orqanlarının, eləcə də Təhsil Nazirliyinin işçiləri intizam
məsuliyyətinə cəlb olunublar.Hüquq-mühafizə orqanları tərəfindən Baş İdarəyə 64 material daxil
olub. Onlardan 45 material üzrə cinayət işlərinin başlanılması təmin
edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=15361