Surət Hüseynovun müşavirinin oğlu Çexiyada iki azərbaycanlını tutdurub
Surət Hüseynovun keçmiş müşavirinin oğlu Çexiyada azərbaycanlı gəncləri şərləyərək həbs etdirib.
Azərbaycanın sabiq baş naziri Surət
Hüseynovun müşavirinin və yaxın dostunun oğlu olan şəxs Çexiyada təhsil
almaq istəyən gənclərin arzusunu gözündə qoyub. Bu da azmış kimi hətta
onları həbsə də saldırıb.
Milli.az-ın əldə etdiyi məlumata
görə, ötən ilin noyabr ayının 25-də Çexiyada fəaliyyət göstərən
“Azər-Çex” adlı diaspor təşkilatının sədri Nəzərov Elşən Saday oğlunun
şikayəti əsasında Azərbaycan vətəndaşları – Azər Məmmədov (Praqa Ali
İqtisadiyyat Məktəbinin III kurs tələbəsidir) və onun ögey qardaşı Yusif
Tamazanov barəsində Çexiya hüquq-mühafizə orqanları tərəfindən
həbs-qətimkan tədbiri seçilib.
Araşdırmalar zamanı məlum olub ki,
Elşən Nəzərov 2012-ci ildə Yusif Tamazanovu Praqa Konservatoriyasına
qəbul etdirmək üçün ondan 5000 ABŞ dolları məbləğində pul vəsaiti alıb,
sonradan Yusif Tamazanov tələbə vizası ala bilmədiyi üçün Elşən Nəzərov
həmin məbləğin 4000 dollarını geri qaytarıb.
Noyabrın 25-də Azər Məmmədov və Yusif
Tamazanov Elşən Nəzərova məxsus tərcümə mərkəzinə gedərək 1000 dolların
geri qaytarılmasını tələb ediblər. Bu zaman Elşən Nəzərov polisə zəng
edərək həmin şəxsləri oğru kimi qələmə verib və hədələndiyini bildirib.
Bundan sonra polis əməkdaşları Azər Məmmədov və Yusif Tamazanovu
saxlayıblar. Sonradan onları Çexiya Respublikasının ərazisini tərk
etməmək şərtilə azadlığa buraxıblar.
Nəzərov Saday Azərbaycanın sabiq baş
naziri Surət Hüseynovun müşaviri və yaxın dostu olub. Onun oğlu –
Azərbaycan iqtidarına qarşı müxalif mövqedə dayanan Elşən Nəzərov ailəsi
ilə birgə 1994-cü ildə ölkəni tərk edib. 1997-ci ildə Çexiyada siyasi
mühacir statusu alıb. 2005-ci ildə Azərbaycana qayıdan zaman dövlət
çevrilişinə cəhd ittihamı ilə həbs edilib, lakin Çexiyanın yüksək
vəzifəli məmurlarının səyi nəticəsində azadlığa buraxılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15367