Ziya Məmmədovun holdinqi sahibkarları necə aldadır?

15.01.2015 - 18:11

“28 may tcarət mərkəzi”ndəki sahibkarlar çarəsiz durumdadır

İki gün əvvəl metronun “28 may” stansiyasına bitişik ticarət
mərkəzindəki ticarət köşkləri söküldü. Artıq bütün köşklər, necə
deyərlər, yerlə-yeksan olub. Ortalıqda qalan isə sahibkarlardır.
Söküntünün səbəbi barədə isə köşk sahiblərinə dəqiq məlumat verilməyib. 
Sadəcə olaraq bildirilib ki, buna “yuxarıdan” qərar verilib.
Mağazaları sökülən sahibkarlar Analitik.az-a deyib ki, onlara bu yerləri
satan 28 may ticarət mərkəzinin xüsusi mülkiyyətçisi “Royal İsteyt”
MMC-nin işçiləri məsələdən xəbərsiz olduqlarını söyləyiblər. Amma
köşklər sökülən vaxt orada olan icra hakimiyyətinin işçiləri ilə
polislər sahibkarlara deyiblər ki, 10 gün əvvəl bu barədə ticarət
mərkəzinin rəhbərliyinə xəbərdarlıq edilib. Sadəcə, işçilər köşk
sahiblərindən bu xəbərdarlığı gizlədiblər. Əvəzində isə icarə haqlarını
gəlib əvvəlcədən yığıblar. Sahibkarlar onu da deyir ki, keçiddəki xırda
ticarət köşkləri üçün hər ay içarə haqqı olaraq 400-800 manat arasında
pul veriblər. Bu ay tamam olmamış isə, tələm-tələsik onlardan əvvəlcədən
icarə haqlarını gəlib yığıblar.
 
Bu köşklər sökülərkən sahibkarlara o da məlum olub ki, demə, bu
xırda mağazalar qanunsuz olaraq düzəldilərək, camaata baha qiymətə
satılıb. Təxminən 3 kvadratmetrlik sahələr ən ucuzu 12 min, bahalısı isə
18 min manata satılıb. Əslində bu, tamamilə qanunsuz olub.
Sahibkarlarla müqavilə bağlayaraq, çox qazanc götürmək məqsədilə onları
aldadıblar. 
Amma camaatla müqavilə bağlayan “Royal İsteyt” MMC –nin İdarə
Heyətinin vəzifələrini icra edən Samir Şəmiyevin adından yalnız sənəddə
bunu 5 illik icarə müqaviləsi kimi rəsmiləşdiriblər. 
Onu da bildirək ki, “Poyal İsteyt” MMC-nin ofisi Avtovağzalda
yerləşir. Bundan başqa, bu firma nəqliyyat naziri Ziya Məmmədovun oğlu
Anar Məmmədovun rəhbəri olduğu Qarant Holdinqə daxildir. Çox maraqlıdır
ki, sahibkarlara bu yerləri satanda MMC-nin işçiləri əmin ediblər ki,
burada başqa heç bir problemdən söhbət gedə bilməz. İki gün əvvəl isə
köşklər söküləndə özlərini kənara çəkərək, “bizlik heç nə yoxdur” –
deyiblər. 
Sahibkarlar isə bildirir ki, bunun adı dələduzluqdur, onları
aldadıb qanunsuz şəkildə köşk satıb, pullarını alıblar. İndi isə aradan
çıxmağa çalışırlar. Onların müraciətlərinə və telefon zənglərinə də
cavab vermirlər. 
“Bəs köşklərin söküləcəyini bildiyiniz halda nə üçün əvvəlcədən
icarə pulunu yığmısız?”- sualına isə belə cavab veriblər ki, görək
neyniyirik, pulunuzu qaytara bilirikmi? Ən acınacaqlı məsələ odur ki,
qanunsuz olaraq düzəltdikləri 3 kvadratlıq köşkləri sahibkarlara 13-18
min manata satan firmanın işçiləri, indi pulları geri qaytarmaqdan
imtina etmək istəyirlər. Sahibkarlardan biri sökülən köşkünü 3 ay əvvəl
13 min manata alıdığını deyir. 
İndi həmin adama da pulunu vermirlər. Firmanın Nəsimi adlı işçisi
deyib ki, görək neyliyirik və qaçıb gizlənirlər. Bu cavab isə
sahibkarları qane etmir. Onlar öz pullarını istəyirlər. 
Sahibkarlar onu da deyir ki, Anar Məmmədov əvvəllər tez-tez 10
nəfərə yaxın mühafizəçilərinin əhatəsində 28 may ticarət mərkəzinə baş
çəkirmiş. Və ticarət mərkəzindəki vəziyyətdən xəbərdar imiş. Amma
köşklər söküləndə o da sahibkarların qarşısına çıxmayıb. 
 
Qeyd edək ki, bu yerin Qarant Holdinqə aid olduğu bildirilir. Köşk
sahibləri hələlik gözləmə mövqeyindədirlər, lakin pulları
qaytarılmayacağı təqdirdə, onlar Prezident Aparatının, Nəqliyyat
Nazirliyinin qarşısına yürüş edəcəklərini deyirlər. Köşk sahibi olan
Qarabağ əlili isə özünü Nəqliyyat Nazirliyinin qarşısında yandıracağını
söyləyir. 
Hələlik isə Ziya Məmmədov, deyəsən, kiçik sahibkarların pulunu
yeyən holdinqin işçilərinə “gözün üstə qaşın var” deməyə tələsmir. Bəlkə
ölkədə yeni-yeni insan faciələrinə tamaşa etmək nazirə ləzzət edir?
Təki, bir tikə çörək pulu qazanan camaatı aldatmaqla yığılan milyardlar
azalmasın… Mövzunu davam etdirəcəyik.

Short URL: http://www.cumhuriyyet.net/?p=15370

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728