Neft Fondu kəsirdə qaldı- 1,6 milyard manat
Fondunün büdcəsinə ciddi şəkildə təsir göstərəcək. Bu il Fondun
büdcəsində də kəsir olacaq. Ekspertlər bildirirlər ki, bu, çox ciddi
məqamdır.
“Büdcə kəsiri nəhayət ki, Dövlət Neft Fonduna da çatdı. Fondun
2015-ci il büdcəsi ilk dəfə olaraq kəsirlə təsdiq olunacaq. Kəsirin
böyüklüyü elə dövlət büdcəsinin kəsiri boyda olacaq – 1,6 milyard
manat”,- ekspert Samir Əliyev fakta münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, il başlasa da, Fondun büdcəsi hələ
də təsdiq olunmayıb: “Ancaq hökumət dünya neft bazarında bahalaşma
ehtimalının getdikcə azaldığını görüb nəhayət ki, büdcə layihəsini
ortaya çıxartdı. Diqqəti çəkən məqam odur ki, 2015-ci ilin büdcə
zərfindəki göstərici ilə müqayisədə təxminən 500 milyon manata qədər
ixtisar olunub. Layihə olduğu kimi təsdiq olunsa, suveren fondumuzun
gəliri 10,25 milyard manat, xərci isə 11,8 milyard manat olacaq. Fondun
idarə edilməsinə isə 33,32 milyon manat xərclənəcək”.
S.Əliyevin sözlərinə görə, ötən il, xüsusən də ilin ikinci yarısı
Fond üçün heç də uğurlu olmayıb: “Təkcə 3-cü rübdə Fondun aktivləri
317,1 milyon dollar azalıb. Sonuncu rübdə həm neftin ucuzlaşmaqda davam
etməsi, həm də dolların əsas valyutalara münasibətdə bahalaşması
aktivləri daha da azaldacaq”.
Ekspert həmçinin vurğulayıb ki, valyutaların məzənnələrinin
dəyişməsindən yaranan zərərin də artımı labüddür: “Yola saldığımız ilin 9
ayında valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərər 966,4
milyon manata bərabər idi. İlin sonuna aktivlərə daxil edilən
valyutaların ucuzlaşması daha da dərinləşdirib. 2014-cü ilin sonuna
dollara münasibətdə avro təxminən 12,1 faiz, funt sterlinq 6 faiz,
Avstraliya dolları 8, Türkiyə lirəsi 8,7, rus rublu 83, Cənubi Koreya
vonu isə 3,3 faiz dəyərsizləşib. Bu valyutaların dollara ucuzlaşması
paralel olaraq manata münasibətdə də baş verib. Çünki manatın dollara
nəzərən məzənnəsi sabit qalıb, digər valyutalala məzənnəsi ilə çarpaz
müəyyən olunur”.
S.Əliyevin sözlərinə görə, bu ucuzlaşmadan sonra Neft Fondunun
2014-cü il üzrə valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərəri
böyük ehtimalla 1,5 milyard manatdan çox olacaq: “Qızılın dünya
qiymətləri ötən il sabit qaldığından Fondun bu aktivdən saxlanma
xərcləri istisna olmaqla zərəri olmayıb. Proseslər göstərir ki, 2015-ci
il daha ağır olacaq. Neft indiki səviyyədə qalarsa, bu halda hökumət
ehtiyatda olan aktivlərə müraciət etməli olacaq. Bu isə ehtiyatların
azalmasına gətirib çıxaracaq. Valyutaların ucuzaşması digər tərəfdən
zərəri daha da artıra bilər. Fond ehtiyatlarını əlverişli
diversifikasiya etməklə idarəetmədə baş verə biləcək zərəri minimumua
endirə bilər. Bunun üçün Çin yuanının ehtiyatlara daxil edilməsi daha
səmərəli olar. Bu ölkənin valyutası ötən il cəmisi 2,5 faiz ucuzlaşıb.
Yuanın daxil edilməsi isə avronun payının azaldılması hesabına baş verə
bilər. Çünki bütün proqnozlar avronun ucuzlaşmaqda davam edəcəyini
göstərir. Proqnozlara görə, yaxın 3 ayda avro 1,14-a, ilin sonuna isə
dollarla bərabərləşə bilər. Buna görə avronun payının 20-25 faizə
endirilməsi düzgün olardı. Rusiyadakı aktivlərdən imtina barədə düşünmək
yaxşı olardı”.
Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Neft Fondunun Müşahidə
Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Fondunun 2015-ci
il üçün büdcə layihəsi müzakirə olunub. İclasda Müşahidə Şurası
tərəfindən Dövlət Neft Fondunun 2015-ci il üçün büdcə layihəsinə, o
cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun
İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət
Neft Fondunun 2015-ci il büdcəsinin gəlirlərinin 10 246 611,9 min
manat, xərclərinin 11 813 909,2 min manat, o cümlədən Fondun idarə
edilməsi ilə bağlı xərclərinin 33 318,0min manat məbləğində müəyyən
edilməsi məqsədəuyğun sayılıb. Müvafiq olaraq Fondun 2015-ci il büdcə
layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas
istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun
idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul
hesab edilərək təsdiq olunmaq üçün dövlət başçısına təqdim olunması
tövsiyə edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=15377