Abutalıbov Ziya Məmmədovdan “parkomat” qisasını aldı
Bakı meri ilə nəqliyyat naziri arasında ixtilaf dərinləşir
Bakı
metrosunun “28 May” stansiyasındakı yeraltı keçidlərdəki ticarət
köşkləri sökülür. Bir çox mətbuat orqanlarında söküntünün səbəbi
sakinlərin buradan rahat istifadə edə bilməməsi ilə əsaslandırılır.
Amma
ticarətçilər fərqli fikir səsləndirir. Onlar bildirirlər ki, köşklərin
sökülməsinə səbəb kimi bu ilin yayında Bakıda keçiriləcək Avropa
Olimpiya oyunları göstərilir.
Satıcıların sözlərinə görə, metronun
“28 May” stansiyasının yaxınlığında yerləşən yeraltı keçiddə ticarət
köşkləri Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin gəlişindən
sonra sökülüb. “Bizə dedilər ki, olimpiya oyunlarına görə belədir.
Bunları havayı verməyiblər, pul ödəyərək köşk tikmişik”, – deyə
ticarətçilər bildiriblər.
Füzuli meydanının qarşısında yerləşən
yeraltı keçiddəki ticarət köşkləri sökülən sahibkarlar da bildiriblər
ki, bütün bu oyunlar olimpiya oyunlarına görədir: “4 giriş-çıxışı olan
piyada keçidinin bir hissəsindəki alış-veriş məntəqələri sökülür. Rəflər
dağıdılır, mallar isə sahibləri ilə birlikdə keçiddən çıxarılır”.
“28
May” metrostansiyasındakı yeraltı keçidin nəqliyyat naziri Ziya
Məmmədova yaxın adamlar tərəfindən icarəyə verildiyi bildirilir. Bəzi
satıcıların “Unikal”a bildirdiyinə görə, icarə məqsədi ilə nazirə məxsus
“Qarant-holdinq”dən gələn nümayəndələrə hər bir köşk üçün 5 min manat
ödənilib. Bundan başqa, onlardan hər ay 400 manat da əlavə “haqq”
alınıb.
Onlar həmin şəxslərdən birinin Emil olduğunu bildiriblər.
Amma əməkdaşımızın bu şəxsdən ortaya atılan iddialara münasibətini
öyrənmək cəhdləri nəticəsiz qalıb. Emil ona açdığımız telefon zənginə
cavab versə də, qəzetdən olduğumuzu öyrənən kimi telefonu qapadıb.
Əldə
etdiyimiz başqa bir məlumata görə, paytaxt meri Hacıbala Abutalıbov
narazı satıcılarla görüşüb və onların şikayətlərini dinlədikdən sonra
ilginc tövsiyə verib. Şəhər rəhbəri ticarətçilərə onlardan qeyri-qanuni
yığılan “haqlar”la bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə İdarəsinə müraciət etməyi məsləhət görüb. Eyni zamanda özünün
də bu məsələni diqqətdə saxlayacağını bildirib.
Qeyd edək ki, Ziya
Məmmədovun biznes şəbəkəsinin bir parçasını təşkil edən “28 May”
metrosundakı yeraltı keçiddəki köşklərin Bakı şəhər İcra Hakimiyyəti
(BŞİH) tərəfindən sökülməsi nəqliyyat naziri ilə Abutalıbov arasında
qovğanın daha da dərinləşdiyinin göstəricisidir. İki oliqarx arasındakı
ixtilaf isə bütün çılpaqlığı ilə ortaya ötən ilin noyabrında çıxmışdı.
Belə ki, paytaxt rəhbərinin Bakıda quraşdırdığı parkomatlar Nəqliyyat
Nazirliyi tərəfindən topa tutulmuşdu.
Belə ki, Ziya Məmmədovun
nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional
Şöbəsinin rəis müavini Əmrah Cəfərov nəqliyyatda yaranmış problemlərə
görə meriyanı suçlamışdı: “Nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş
cibliklər mövcuddur. Lakin onların yerində mülki avtomobillər dayanır.
Həmçinin avtobuslara, taksilərə imkan verilməməsi, parklanma ilə bağlı
böyük çətinliklər yaşanır. Parkomatların ucbatından parklanan nəqliyyat
vasitələri az qala avtobusların içinə girir. Onların fəaliyyətinə imkan
vermir”.
Ə.Cəfərov qeyd edib ki, bununla bağlı quruma xeyli sayda şikayətlər daxil olub.
Abutalıbovun
Ziya Məmmədovun nazirliyinə cavabı isə kifayət qədər sərt alınmışdı.
Meriyanın Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən
Abdullayev Nəqliyyat Nazirliyinə tabe qurumların nümayəndələrinin
onların ünvanına səsləndirdikləri paytaxtda ödənişli müvəqqəti
duracaqlarda quraşdırılan parkomatların nəqliyyat vasitələrinin
hərəkətinə maneə törətməsi, taksilərə parklanmaya imkan verilməməsi,
parkomatlarla avtobus dayanacaqları arasında məsafənin az qoyulması kimi
ittihamları qəbul etməyərək demişdi: “Danışırlar e, amma hüquqi
cəhətdən əsaslandırmaları yoxdur. Hamının fikir söyləməyə hüququ var.
Amma sözü deyəndə fikirləşmək lazımdır. Axı parkomatın onlara nə
aidiyyəti var?!”
İndi belə görünür ki, Abutalıbov “28 May”dakı
yeraltı keçiddə köşkləri sökdürməklə özünün parkomatlarına “ilişən”
nəqliyyat nazirindən daha açıq şəkildə qisas almaqdadır. İki oliqarx
arasında ixtilafın qarşıdakı günlərdə və aylarda daha da şiddətlənəcəyi
isə artıq indidən heç bir şübhə doğurmur.
Short URL: http://www.cumhuriyyet.net/?p=15387