AMEA-da yeyinti şübhələri
Hələ
ötən ilin mayında mətbuatda belə məlumatlar yayılmağa başlamışdı ki,
Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yoxlama
aparır. Daha doğrusu, təftişin Akademiyanın Arxelogiya və Etnografiya
İnstitutunda həyata keçirildiyi bildirilirdi.
Həmin vaxt KİV
yazırdı ki, yoxlamalar nəticəsində kifayət qədər yeyinti faktları aşkar
edilib, iddialara görə, büdcə vəsaitlərinin istifadə edilməsi, büdcədən
əsaslı investisiya qoyuluşları, təmir və tikinti, ştat vahidləri,
ezamiyyə xərcləri və s. ilə bağlı şişirtmələr ortaya çıxıb. Büdcədən
ayrılmış vəsaitlər hesabına nəqliyyat xərclərində və müxtəlif
avadanlıqların, ləvazimatların alınmasında da ciddi qüsurların
aşkarlandığı, xüsusilə bu zaman “Satınalmalar haqqında” və “Tenderlərin
keçirilməsi haqqında” Azərbaycan Respublikasının müvafiq qanunvericilik
tələblərinin kobud şəkildə pozulduğu deyilirdi.
Məsələn, AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunun F.Əmirov 9 ünvanında yerləşən
“Elmi fondu və Arxivi” binasının təmiri və avandanlıqları üçün ayrılan 1
milyon 720.000 min manatlıq büdcə vəsaitinin az bir hissəsinin təyinatı
üzrə istifadə olunması, elmi işçilərin oturduqları otaqlara alındığı
göstərilən inventarların isə əslində kağız üzərində olmasının
müəyyənləşdirildiyi də yayılan informasiyalar arasında idi. Həmçinin
adıçəkilən institutda faktiki olaraq 282 nəfər ştat vahidi mövcud olsa
da, onların yalnız 50 nəfərinin faktiki olaraq işdə olduğu aydınlaşıb.
İnstitutun beş minik avtomobilinin şəxsi məqsədlər üçün istifadə
olunması, onlara sərf edilən təmir və yanacaq pullarının şişirdildiyi də
yayılan iddialar arasında idi.
Ümumiyyətlə, AMEA-da yeyinti
şübhələri son vaxtlar xeyli intensivləşib. Yuxarıda xatırlatdığımız
iddiadan əvvəl Akademiyanın Dilçilik İnstitutu ilə bağlı da ilginc
iddialar ortaya atılmışdı. 2013-cü ilin sonlarında KİV yazırdı ki,
Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının
gücləndirilməsi məqsədilə iki milyon manat ayrılıb, amma həmin vəsait
qurumun maddi-texniki bazasının gücləndirilməsinə deyil, rəhbər
şəxslərin maraqları naminə istifadə edilib. “Guya təxminən 1700 manat
olan coxlu LC (Seleron) kompüteri alınıb. Həmin kompüterlərin qiyməti
əslində təxminən 300 manatdır. Qiyməti guya 2500 manat olan 20 ədəd
noutbuk alınıb. Ən zəif, istehsalı artıq dayandırılmış, köhnəlmiş
“Compaq” noutbuklarının təxmini qiyməti isə halbuki 299 dollardır.
Qqiyməti guya 1000 manat olan 10 ədəd musiqi mərkəzi alınıb. Onların da
real qiyməti 200 manatdan cox deyil. Digər tərəfdən, Nəsimi adına
Dilçilik İnstitutuna 10 ədəd musiqi mərkəzi lazım idimi?” – bu həmin
vaxt institutun bir qrup əməkdaşının mətbuata şitkayətindəndir.
Belə
iddialar var ki, AMEA-nın institutları üçün ayrılan dövlət vəsaitlərinin
təyinatsız şəkildə xərclənməsi adət halını alıb. Belə ki, Akademiyanın
müxtəlif institutlarında ştat vahidlərinin süni şəkildə artırılması,
dəftərxana xərclərinin şişirdilməsi, xüsusilə də təmir-tikinti adı
altında iri vəsaitlərin təyinatsız xərclənməsi artıq adət halını alıb.
Akif Əlizadənin Milli Elmlər Akademiyasının prezidenti postuna
gəlişindən sonra bu cür zərərli tendensiyaların, yeyinti meyllərinin
qarşısının alınacağına dair böyük ümidlər vardı.
Amma AMEA-dakı
mənbələr həmin ümidlərin reallaşmadığını təəssüflə qeyd edir və əlavə
olaraq bildirirlər ki, Akademiyanın müxtəlif institutlarında ayrılan
dövlət vəsaitlərinin düzgün xərclənməsinə dair hələ də ciddi şübhələr
qalmaqdadır. “Keçən ilin payızında AMEA-nın vitse-prezidentlərindən biri
mətbuatdakı çıxışında bildirdi ki, elmin müxtəlif sahələrinə vəsaitin
artırılmasına ehtiyac var, Akademiyanın elm sahəsindəki inkişaf üçün
2014-cü ilin dövlət büdcəsindən ayrılan vəsait tam yetərli deyil. Bu
fikirlərlə razılaşmamaq mümkün deyil. Amma AMEA prezidenti Akif Əlizadə
və Akademiyanın digər rəhbər şəxsləri əlavə vəsait ayrılmasının
zərurətini vurğulamamışdan əvvəl gərək ayrılan mövcud vəsaitin şəffaf
xərclənməsini təmin etsinlər, bu büdcə pullarını kimlərinsə müxtəlif
yollarla şəxsi maraqları naminə havaya sovurmasının qarşısını alsınlar”.
Yeri
gəlmişkən: Akif Əlizadənin AMEA rəhbərliyinə gəlişindən sonra
Akademiyadan Sovet nostaljisinin izlərinin silinəcəyini gözləmək olardı.
Amma bu da reallaşmadı. Akademiyanın Rəyasət Heyətinin binasının giriş
hissəsində dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan üçrəngli
bayraq asılıb, di gəl, bayraqdan bir neçə metr yuxarıda isə “Azərbaycan
SSR Elmlər Akademiyası” adı gözə dəyir. Biz hələ binanın divarlarındakı
beşguşəli sovet ulduzunu demirik. Belə ki, Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyətinin binasının ön və yan hissələrində sovet
dövrünün rəmzi olan beşguşəli ulduzlar qalmaqdadır.
Görəsən, niyə?!
Short URL: http://www.cumhuriyyet.net/?p=15388