Azərbaycan hərbçiləri Qızıl Meydandakı paradda iştirak edə bilər
Azərbaycanlı hərbçilər Moskvada 1941–1945-ci illəri əhatə
edən Böyük Vətən müharibəsində qazanılan qələbənin 70 illiyinə həsr
edilmiş Qızıl Meydanda keçiriləcək paradda iştirak edə bilərlər.
Bu barədə “Trend” “Nezavisimaya qazeta”ya istinadən xəbər verir.
Rusiya Silahlı Qüvvələrinin Şəxsi heyətlə iş üzrə Baş İdarəsinin
rəisi general-mayor Mixail Smıslovun sözlərinə görə, paradda 15 xarici
ölkənin ordu hissələri iştirak edəcəklər. Tədbirdə Azərbaycanla yanaşı,
Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan,
Özbəkistan və Moldovadan olan hərbçilərin iştirakı nəzərdə tutulub.
Qələbənin 70 illiyi şərəfinə təntənələr bu il keçiriləcək.
Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bu təntənələri
Vladimir Putinin xarici siyasət təqvimində birinci və əsas bənd
adlandırıb: “Bu, çox böyük tədbir olacaq, ümid edirəm ki, çoxlu sayda
əcnəbi iştirakçı olacaq. Təntənələr zamanı şübhəsiz ki, mühüm ikitərəfli
görüşlər keçiriləcək”.
Vladimir Putin bundan əvvəl bildirmişdi ki, MDB ölkələrinin
liderlərini Qələbə Paradına dəvət edib: “Bizim ümumi borcumuz bu
əlamətdar yubileyi birlikdə layiqincə qeyd etməkdir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15404