ŞOK: Bakıda açıq satışda narkotik…

17.01.2015 - 11:25

ŞOK: Bakıda açıq satışda narkotik...Bu günlərdə sosial şəbəkələrdə ssdstudio.com səhifəsində Saleh
adlı istifadəçi ona yazan başqa bir istifadəçinin narahatlığını
paylaşıb, media və aidiyyatı dövlət qurumlarının diqqətini bu problemə
çəkmək istəyib. İstifadəçi yazır: “Əhmədli qəsəbəsi, Həzi Aslanov
metrosunun yanında artıq uzun müddətdir metronun yeni qolunun tikinti
işləri aparılır və bu səbəbdən söhbəti gedən Xudu Məmmədov küçəsinin bir
hissəsi bağlıdır. Orada bir adamın güclə keçdiyi kiçik yol həmin
ərazidə yeni tikilən binalarda yaşayan insanları metroya aparan yeganə
vasitədir. Binanın altında kiçik ərzaq, məişət əşyaları mağazalarından
başqa xalq arasında “yaşıl aptek” adlanan “Murad” aptek də var. Bu
aptekdə açıq-aşkar şübhəli həbləri bilmirəm satırlar, ya da paylayırlar.
Adamlar həmin həbləri elə aptekdəcə qəbul edir, sonra səndələyir, düz
aptekin çıxışında uzanır, ya da sadəcə çömbəlib otururlar. Çünki onlar
daha sonra hərəkət etmək iqtidarında olmurlar. Bir sözlə, adıçəkilən
aptekdə narkotik aludəçilərini hansısa həblərlə təchiz edirlər. Bu,
səhər, günorta və axşam baş verir. Açıq-aşkar, hər kəsin gözünün
qabağında. Mənim bacılarım səhərlər oradan keçməyə qorxurlar. Baxmayaraq
ki, aptek saat 9-da açılır, artıq bir saat əvvəldən kütlə qapısında
növbə gözləyir. Macəraya qarışmamaq üçün oradan keçən adamların çoxu
özlərini elə göstərirlər ki, guya bunu görmürlər. Həblərin “müştəriləri”
gələndə aptekin işçiləri onları “Əli, sənin çaşkan qırmızıydı, hə” kimi
sözlərlə az qala öz dostlarını qarşılayırlar. Ən başlıcası isə qarşı
küçədə, yolun o tərəfində 36-cı polis bölməsi və Mənzil İstismar İdarəsi
yerləşir. Və heç kim də heç nə eləmir. Mən bilmirəm kimə müraciət edim
ki, bu işi araşdırsın və orada baş verənləri ictimaiyyətin mühakiməsinə
çıxartsın”. 

Aptekdə həb qəbul etmək üçün hər müştərinin öz fincanı var 

İstifadəçi yazdıqlarını sübut edən videonu da səhifədə təqdim edir.
(https://www.facebook.com/SSD.AZ/photos/a.283994024984961.82813.213512348699796/902924663091891/?type=1)
Telefonla çəkilmiş görüntülərdə xanımın aptekə hazırlıqlı yaxınlaşdığı
görünür. Telefonunun videoqeydi işləyir. Və o, təsadüfi bir dərman
istəyir, eyni zamanda kənarda satıcıdan həbləri alan üç cavan oğlanı da
çəkir. Oğlanlardan biri elə aptekdəcə həbi fincandakı su ilə qəbul edir.
Onlar özlərini şübhəli aparır, ətrafa boylanırlar. Çəkilişdə bir qadın
da yaxınlaşıb satışı qadağan olunmuş “lirika” və yalnız reseptlə
satışına icazə verilən “tramadol” istəyir. 
İstifadəçi
Məryəmdə sual yaranır ki, “məgər hər aptekdə konfetlə isti çay təklif
edirlər?” Məryəm polisin laqeydliyindən gileylənir. Nikitos Vilyayev
adlı istifadəçi isə dəqiqləşdirmə aparır ki, “paylayırlar sözü doğru
deyilməyib, həbləri satırlar. Onlara sərfəlidir ki, reseptsiz daha çox
satılır və gəlir əldə edilir. Bunlar narkotik deyil, psixi xəstələr
üçündür”. Problemi qaldıran Saleh həblərin adını soruşur, Nikitos da
ritorik cavab verir: “Burada adlarını yazaq ki, adamlar da gedib
axtarsınlar?” İstifadəçilərdən bəziləri ehtimal edirlər ki, “həmin
apteki bağlasalar da, onun əvəzinə başqası açılacaq, çünki bu, kimlərəsə
sərfəlidir”. 
“Burada başqa yerlərdə olmayan dərmanlar satırlar”

“Bizim
Yol” qəzetinin əməkdaşı sözügedən ünvanda “Murad” aptekini tapıb, orada
baş verənlərin şahidi olub. Qeyd edim ki, Xudu Məmmədov küçəsində nə az
– nə çox, düz 6 aptek var. Adətən apteklərdə çox adam olmur və olanda
da ən müxtəlif yaş qruplarına rast gəlinir. Müşahidəmiz zamanı da axşam
saatlarında apteklərdə adam çox gözə dəymirdi. 
“Murad”
aptekinə yaxınlaşdığım zaman qapının önündə 2-3 nəfər dayanmışdı.
Narkotik vasitə istifadəçilərini üzdən tanımasam da, bu insanların
görkəmlərindən xoşbəxtlik yağmırdı. İçəridə isə 2 satış bölməsinin
önündə uzun bir növbə vardı. Məni təəccübləndirən növbədə duranların
demək olar ki, hamısının cavan olması idi. Bu qədər gəncin birdən-birə
xəstələnməsi və sadəcə bir aptekə üz tutması digər tibb ocaqlarında
onlara lazımlı dərmanın olmadığının “siqnalı” idi. 
Aralarında
məktəblilər də vardı. Əsasən də oğlanlardı. Oğlan kimi geyinmiş, elə
hərəkətləri də oğlanı xatırladan cəmi bir qız gördüm. Növbəyə
duranlardan birindən izdihamın səbəbini soruşdum, “dərman alırlar”,
dedi. Dedim yaxınlıqda başqa apteklər də var, hamısı bura niyə gəlib?
Dedi “burada başqa yerlərdə olmayan dərmanlar satırlar” və yuxarıda
forum iştirakçılarının müzakirə etdikləri həblərin adını çəkdi. 
“Həbi yeməyə  qatıb yeyirəm”

Növbə
mənə çatdı. Sonradan başa düşmüşəm ki, “onlardan” olmadığımı dərhal
anlamışdılar. Mən təcrübəsizlik edib bir-ikisindən burada nəyin
satıldığı ilə maraqlandım. Təəccüblə üzümə baxırdılar, yəni “nə
satıldığını bilmirsənsə, niyə növbənin yuxarı başına keçmisən”? Bir
aptekə sığmış 20-30 adamın qınayıcı baxışları altında satıcıdan ucadan
“lirika”nı soruşdum, cavab verdi ki, təzə qurtarıb, nə vaxt olacağını da
bilmir, amma gözləyirlər. Onda “tramadol” istədim. Sayını soruşdu.
Qiymətinin 20 qəpik olduğunu öyrənib, görməmiş kimi 10 ədəd verməyini
xahiş etdim. Dedim görüm nə qədər istəsəm verəcəkmi? Gedib haradansa bir
xeyli eşələdi, əlində 10 yaşıla çalan qutu gətirdi. Deməli, istənilən
qədər varmış. “Mən hələlik ikisini götürüm”, dedim. Reaksiyası sərt
oldu, deyinə-deyinə mənə ikisi üçün kağız yazıb kassaya yolladı. 
Ona
baş qoşmadım, fikirləşdim yəqin özü satdıqlarının bir-ikisini qəbul
etmiş durumdadır. Amma ətrafda hər kəs mənə qəribə baxırdı, sanki onlara
almaq olar, mənə yox. Bəlkə də özlərinin bu alışqanlığını mənə rəva
görmürdülər. Bütün hallarda qəribə davranışımla “onlar”dan olmadığımı
aşkar bəlli edirdim. 
Birinə yanaşdım, soruşdum “onu necə
istifadə edirsən”, dedi “su ilə qəbul edirəm”. Bir başqası “yeməyə
qatıram”, dedi. Bilmirəm mənimlə zarafat edirdi, yoxsa həqiqətən
beləydi. Soruşdum “yaxşı, bunu atanda nə baş verir?”, cavab verdi ki,
“heç nə, uçursan”. Qiymətinin 2 manat 50 qəpik olduğunu söylədi. Yaşı
18-in altında idi, amma əvvəlcə 22 yaşı olduğunu bildirdi. Sonra isə
1997-ci il doğumlu olduğunu etiraf etdi. 
Gözümə yaşı az
görünənin bir neçəsini söhbətə çəkmək istədim, nədənsə özlərini
“böyütmək”də maraqlı idilər. Biri yenə satıcıya yaxınlaşıb, “qulağımda
uğultu əmələ gəlib, nədəndir görəsən?”, deyə soruşdu. “Bəlkə
“lirikadan”dır”, deyə sataşdım. “Yox, atan deyiləm, qohumuma alıram”,
dedi. Əlbəttə, doğru demirdi. 
 
Ucadan “tramadol” istəyən təcrübəsiz “müştəri”yə pomada verdi

Hər
iki satıcı və kassada oturan da qadındı. Müştərilərlə aralarında isti
münasibət vardı, sanki hər kəs bir-birini tanıyırdı, baş satıcıya
“Kəmalə xala”, deyə müraciət edirdilər. Orada “yad” olan tək mən idim və
bu da kəskin nəzərə çarpırdı. Satıcılardan biri vəzifəcə özündən
böyüyünə “bu qız camaatı sorğuya çəkib, onu burdan çıxardın” dedi.
“İfşa” olunduğumu anlayıb özünü Kəmalə İsgəndərova kimi təqdim edən
qadına yaxınlaşdım, aptekin müdiri olduğunu söylədi. Mənim sakitcə
həbləri reseptsiz satmağının səbəbi ilə bağlı verdiyim suala yenə
aqressiv şəkildə “həkimsiz?”, deyə acıqlı soruşdu. Dedi ki, qadağan
olunmuş heç nə satmırlar, kimə istəsəm, şikayət edə bilərəm. Dedim
“onlardan mənə də satmısız, sübutum var”. Dedi “sübutun yoxdur, bax gör
sənə nə satmışam? Adi pomadadır”. 
Həqiqətən də baxıb gördüm
ki, torbada mənə büküb verdiyi başqalarındakı həblərdən deyil, soyuqda
istifadə olunan adi “lipstick”lərdir. Satıcı içəri girəndən məni çözmüş,
gəlişimin “xoşməramlı” olmadığını hiss etmiş, odur ki, tamamilə başqa
bir məhsul satmışdı. Təcrübəli qadın anlamışdı ki, həmin preparatları
mən tanımıram. Paketdə də qoyub vermişdi ki, yəqin heç açmayacam da. Ona
görə də özündən əmin danışırdı: “Bunlar “tramal”, “contramal” almağa
gəliblər, dediyim dərmanlar isə antibiotiklərdir”.
 
“Sakitcə burdan çıx get, iş-gücünlə məşğul ol”

Xeyli
vaxtdır işini görür, bir tərəfdən də məni müşahidə edirmiş. Bayaqdan
ətrafdakılarla söhbətimin məzmununu başdan-ayağa mənə danışdı. Onun
ucadan bağırmağı təhrikediciydi, psixoloji vəziyyəti, adi insanlardan
fərqli reaksiyası olan gəncləri daha da qızışdırmaq məqsədi daşıyırdı.
Satıcının başını qatdığıma və işlərinə “burnumu soxduğuma”görə bir-ikisi
az qaldı həqiqətən məni oradaca döysün. “Sakitcə burdan çıx get,
iş-gücünlə məşğul ol, alan razı-satan razı, səni narahat edən nədir”,
dedilər. Hər kəsin üzündə “sənə lazım olanı aldın, cəhənnəm ol” ifadəsi
vardı. Bəziləri baxışları, bəziləri də sözdə hədə ilə mənə “çıxışı”
göstərdilər. Biri isə “satmasınlar, almayaq”, dedi. Qapıda dayananlar
onlara alqış edirdilər: “Yaxşı ki, bu aptek var, bizi dağa-daşa
salmırlar”. 
Məni ən çox təəccübləndirən çiynində çanta olan
papaqlı, özünü oğlan kimi aparan yeniyetmə qız oldu. Bir sualıma 10
cavab verirdi, həm də elə kobud davranırdı ki, fikirləşirdim, indi
üstümə atılar. Biz də baş sındırırıq ki, özünüqəsdə, cinayətə meylli
yeniyetmələr haradandır? Tək gəlmişdi, qapıdan çıxanda öz-özünə gülürdü.
Uzun növbəni görən biri isə satıcılara yox, kassada əyləşənə tərəf
əyilib “ağrayıram, məni tez yola salın”, deyə yalvarırdı. Həbi alanlar
onu mənim kimi ucadan yox, sakitcə istəyirdilər. Çox vaxt heç nəsə
demirdilər də, satıcı onların nə istədiyini zatən bilirdi və ona
yaxınlaşan kimi həbləri uzadırdı. Onlar da kimdənsə gizlədirmiş kimi
dərhal ciblərinə qoyub uzaqlaşırdılar.  
“Əgər bu aptek bağlansa, həb qəbul edənlər oranı dağıdarlar”
Həmin
gün satıcı hamıya “lirika”nın qurtardığını deyirdi, onun əvəzinə başqa
həb verirdi. “Tramadol”un da adını eşidirdim. Danışıqlardan belə anladım
ki, “lirika”ya tələbat daha çoxdur. Biri satıcıya zarafatla “görün
bəlkə yerdə biri düşüb qalıb”, deyə sual elədi. Aptekdən çıxanda qulağım
eşidə-eşidə satıcı da onlara “həbinizi alın, dərhal gedin, tünlük
yaratmayın”, əmrini verdi. Çəkinməsə də, məndən “gözü su içməmişdi”.    
Bayıra
çıxıb Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng elədim, dedim, mənim
gördüklərimi polislər də gəlib görsünlər, bəlkə xəbərləri yoxdur.
Polisi gözlədiyim zaman boş dayanmadım, qonşuluqdakı mağazaların
satıcıları ilə söhbət etdim. Dedilər ki, polisin də, başqalarının da
burada olanlardan xəbərləri var, amma hamı görməməzliyə vurur. Məlum
oldu ki, bu küçədə “tamaşa” əsasən axşam saat 6-dan sonra başlayır və
saat 9-a qədər aptek dolub-boşalır. İnsafən səs-küy salmır, dava
yaratmırlar. Sadəcə vəziyyətin özü orada yaşayan sakinlərdə narahatlıq
doğurur. 
Amma belə bir fikir də səsləndi ki, əgər bu aptek
bağlansa, həb qəbul edənlər oranı “dağıdarlar”. Çünki Bakıda ancaq tək
burada həmin həblər satılır. Başqa biri isə yenə ehtimal irəli sürdü ki,
bu uyuşdurucu rayonda baş verə biləcək oğurluq-quldurluq hallarının da
qarşısını nisbətən alır. Çünki uyuşdurucunu qəbul edənlər yerlərindən
tərpənə bilmirlər və elə bəlkə də bu durum bilərəkdən yaradılıb. Satıcı
kişi dedi ki, iki ildir burada işləyir, apteki də həmişə belə görüb.
Yəni o hesabla burada şübhəli həblərin satışı iki ildən əvvəlki tarixə
gedib çıxır. 
Polis: “Biz aptekə girə bilmərik, bizi tanıyırlar”
Bu
arada polis də gəlib çıxdı. İki nəfərdilər – biri xidməti, digəri mülki
geyimdəydi. Əlində də qovluğu. Özümü təqdim etdim, amma onlar dəfələrlə
soruşmağıma baxmayaraq, ad-soyad demədilər, vəsiqələrini də
göstərmədilər. Aptekin kənarında dayanıb, içəri girmədilər. İçəridə
izdiham nisbətən azalsa da, xeyli cavan öz işində idi. Aptekin
yerləşdiyi əraziyə nəzarət edən 36-cı bölmədən olduqlarını söyləyən biri
polis, digəri mülki geyimdə olanlar dedilər ki, “bəs siz bizimlə polis
bölməsinə gedib, şikayət ərizəsi yazmalısız, ərizəniz olmadan biz
aptekin kandarından içəri girə bilmərik”. 
102 xidmətinə zəng
edəndə izah etmişdim, onlara da yenə izah elədim ki, mən şikayətçi
deyiləm, sizin kimi öz vəzifəmi – redaksiyanın tapşırığını icra edirəm,
niyyətimiz vətəndaşları narahat edən məsələyə polisin diqqətini
çəkməkdir, araşdırıb görsünlər burada qanunsuz bir iş varmı? Bəlkə hər
şey elə qanunidir? Mən də əsassız bir məqalə yazmayım. Onlar da
israrlıydılar, dedilər kim olursunuzsa olun, ərizə yazmadan biz də
aptekə girə bilmərik. Dedim onda zəhmət olmasa mülki vətəndaş kimi
girin, o həblərdən istəyin. Dedilər, “bunu da edə bilmərik, bizi
tanıyırlar”. 
Polis geyimində olanın söylədiyinə görə,
sakinlər artıq bu məsələ ilə bağlı bir neçə dəfə bölməyə müraciət
ediblər. Amma kimsə şikayət ərizəsi yazmaq istəməyib. Odur ki, onlar da
heç bir tədbir görə bilmirlər. Biz söhbət edərkən qonşu mağazalarda
işləyənlər maraqla seyr edirdilər, lakin kimsə yaxın durub mənə
söylədiklərini polisə də demədi. Qısası, polis əlini ağdan-qaraya
vurmadan çıxıb getdi. Mənim də orada heç bir işim qalmadı…  
Səhiyyə Nazirliyi xəbərsizmiş…
Səhiyyə
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli “Bizim Yol”
qəzetinin əməkdaşı ilə söhbətində hər iki həbin aptekdə reseptsiz
satıldığını eşidəndə qulaqlarına inanmadı, əvvəlcə “ola bilməz” dedi,
sonra preparatlarla bağlı durumu belə şərh elədi: “Lirika” ümumiyyətlə
qadağandır, keçən il Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən
Farmakoloji Şura Azərbaycanda onun satışını qadağan elədi. Ona görə də
bu preparat apteklərdə satılmamalıdır. “Tramadol” və digərləri də
reseptli preparatlardır. Hər ikisi trankvilizatordur (tranquillo –
latıncadan sakitləşdirmək deməkdir, psixotrop dərman preparatıdır-H.H.),
uyuşdurucudur. Güclü sakitləşdirici hesab olunur. Bu şəkildə satış
qeyri-qanunidir. Belə həblər narkotik tərkibli ola bilir. “Lirika”nı
əsas narkotiklərə qarşı istifadə edirlər. Həm də çox güclü
ağrıkəsicidir”. 
Soruşdum ki, bu həblərin mütəmadi istifadəsi
tədricən daha ağır həblərə ehtiyac yarada bilər? “Ola bilər, belə
ehtimal var”, cavabını verdi. Cənab Qədirlinin sözlərinə görə, bundan
əvvəl də bir neçə dəfə belə fakt olub, nazirlik hüquq-mühafizə
orqanlarının köməyi ilə qanunsuz satışın qarşısını alıb: “Belə hadisələr
tək-tük olur, hüquq-mühafizə, güc strukturları ilə reydlər keçirilib,
qarşısı alınıb. Amma haradasa satıldığı barədə bizə indiki kimi siqnal
gəlməmişdi”. 

Bu dəfə mən qulaqlarıma inanmadım. Yuxarıda
yazmışdıq ki, aptekin qanunsuz həb satmaq tarixi uzundur. Hər halda
SN-in rəsmisi bu məsələnin nəzarətə götürüləcəyini dedi.

Short URL: http://www.cumhuriyyet.net/?p=15424

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728