Küçə-küçə ayaqqabı satan milyarder
O,
iş həyatına idman jurnalisti kimi başlayıb. Əsgərlikdən qayıtdıqdan
sonra ixtisasını biznes sahəsinə dəyişib. Yaponiyadan ucuz aldığı
ayaqqabıları köhnə yük maşınının furqonuna yükləyib səyyar şəkildə
satıb. 500 dollarla başladığı biznesi illər sonra imperiyaya çevrilib.
Söhbət “NIKE Inc”in yaradıcısı Fil Naytdan gedir.
Jurnalist ailəsində
Fillip Hemmond Nayt 1938-ci ildə Oreqon ştatında anadan olub. Atası
Villyam Nayt “The Oregon Journal” da hüquqşünas işləyib. Portlenddə
böyüyən Fil elə bu şəhərdəki orta məktəbə gedib. Yay tətillərində
jurnalisti kimi işləyib. Yeri gəlmişkən, deyilənlərə görə, atası öz
qəzetində iş vermədiyindən Fil rəqib qəzetlərdən birində gecə növbəsində
iş tapıb. O, hər səhər 7 mil qaçaraq evə gəlirmiş.
Nayt ali təhsilini Oreqon Universitetinin jurnalistika fakultəsində
başlayır. Tələbə olduğu müddətdə “Oregon Daily Emerald” qəzetində
reportyor kimi çalışır. 1959-cu ildə Oreqon Universitetini bitirərək
hərbi xidmətə yola düşür. Qayıtdığı zaman təhsilini davam etdirməyi
qərara alır və “Stanford Graduate School of Business”də iqtisadiyyat
üzrə magistratura oxuyur. Stanford onun həyatını dəyişir. Nəyahət, o,
qeyri-idman məzmunlu kitablar oxumağa başlayır. 1962-ci ildə Stanfordu
biznes inzibatçılığı ixtisası üzrə bitirir. Atasının təkidi ilə
mühasibatlıq şirkətinə işə düzəlir. İşi ilə əlaqədar Yaponiyaya təcrübə
keçməyə gedir. Məhz bu səfər nəticəsində o, biznesinin fəlsəfəsini
yaradır. Bu arada Fil Yaponiyada təkcə biznes qurmağı öyrənmir.
Yaponlara xas bəzi adətləri də mənimsəyir. Həmin gündən indiyədək Naytın
ofisinə gələn hər kəs ayaqqabısını qapıda soyunur.
Şirkətini necə qurur?
Fil Yaponiyada işgüzar səfərdə olarkən “Tigers” krossovkalarının
istehsal edildiyi “Onitsuka” fabrikində olur. Həmin krossovkalar
quruluş baxımından “Adidas”a bənzəsə də, qiymət baxımından xeyli ucuz
idi. Məhz bu da onun diqqətini çəkir. Belə ki, Amerikada “Adidas” həddən
artıq baha satılırdı. Konkret Amerika istehsallı idman ayaqqabıları 5
dollar təşkil etdiyi halda, “Adidas” 30 dollar idi. Peşəkar idmançılar
30 dollarlarından keçib “Adidas” alsalar da, həvəskarlar üçün situasiya
kritik idi. Fll yaponları aldadaraq, Amerika şirkətlərindən birinin
distribüteri olduğunu bildirərək, onlarla müqavilə bağlayır.
“Onitsuka” şirkətinin Amerikadakı rəsmi distribüterinə çevrilir. 1964-cü
ildə Amerikaya qayıdan 26 yaşlı kommersant valideynlərinin qarajından
baza kimi istifadə edir. Deyilənə görə, birinci partiya mal üçün o,
yaponlara 500 dollar ödəyir. Satışa gəlincə, Fil bunu özünün köhnə yük
maşını ilə küçə-küçə dolaşıb, səyyar şəkildə həyata keçirir. Atletika
yarışları keçirildiyi zaman isə Nayt furqonunda yapon krossovkalarını
satışa çıxarır. Beləcə, dünyaya “Blue Ribbon Sports” şirkəti (xatırladaq
ki, yaponları aldatdığı zaman da Fil şirkətinin adını belə demişdi)
dünyaya gəlir. Biznesinin ilk ilində o, 1300 cüt yapon idman ayaqqabısı
satmağa müvəffəq olur. Ümumilikdə 8000 dollar gəlir əldə edir. Amma bu,
biznes üçün yaxşı göstərici deyildi. Bu səbəbdən, Fil həm də mühasib
kimi işləyir. Lakin bir müddət sonra belə qənaətə gəlir ki, onun baha
olmayan, lakin keyfiyyətli krossovkaları bazarın favoritlərini –
“Adidas”, “All-Stars” və “Keds”i üstələyə bilmir.1971-ci ildə Fil
mühasibatlıq işini buraxıb özünü tamamilə biznesinə həsr etməyi qərara
alır. Eyni zamanda başa düşür ki, şirkətinin biznesini yaxşılaşdırmaq
üçün yeni ad və loqotip lazımdır. Bu zaman onun dostlarından biri, “Blue
Ribbon Sports”un ilk işçilərindən Cef Conson ona yunan
mifologiyasındakı zəfər tanrısının adına müvafiq olaraq “Nike” adını
təklif edir.1972-ci ildə ilk “Nike” krossovkaları bazara təqdim edilir.
Karolin Deyvidson adlı tələbəyə isə 35 dollar qarşılığında “Nike”nin
məşhur loqotipini – “Swoosh”u hazırlatdırırlar.
Beləliklə, 1972-ci ildə “Nike” adı altında öz ayaqqabılarını bazara çıxaran şirkət bir il sonra kolleksiyasını təqdim edir.
1975-c ildən isə “Nike”nin məşhur “vafli” altlıqlı ayaqqabıları
dükanlarda peyda olur. Altlıqların belə dizaynda hazırlanmasının maraqlı
tarixçəsi var. Yazılanlara görə, Filin ortaqlarından biri həyat
yoldaşının vafli hazırlayan qabından rövnəqlənir. Onun ideyası bazarda
özünü doğruldur. Çünki belə atlıqlarla hərəkət etmək asan olmaqla
bərabər, ayaqqabılar çox yüngül idi. Fil Nayt özü bu haqda belə deyir:
“Sektorda liderliyi qoruyub saxlamaq üçün hər dəfə yeni bir şey təklif
etmək lazımdır. Bilin, digərlərinin ağlına gözəl ideyalar gəlirdi və biz
onları realizə edirdik. Bunlardan biri də vafli altlıqlı
ayaqqabılardır”.
1978-ci ildə “Blue Ribbon Sports” rəsmi şəkildə “Nike Inc”
adlandırılır. Elə həmin ildən etibarən “Nike” ayaqqabıları Avropada da
satılmağa başlanır. Beləcə, marka qısa müddətdə ABŞ sərhədlərini
aşır.1980-ci ildə “Nike” idman ayaqqabıları bazarının 50 faizini ələ
keçirməyi bacarır və “Adidas”, “Puma” kimi klassiklərə meydan oxuyur.
İş adamı istehsalı ucuzlaşdırnaq üçün “Nike”ni Çin, İndoneziya, Meksika,
Pakistan kimi üçüncü növ ölkələrin zavodlarında istehsal edir. Özünün
bu barədə dediklərindən: “Həmişə istehsal xərclərimizi aşağı həcmdə
saxlamağa çalışmışıq. “Puma”, “Adidas” kimi şirkətlər öz məhsullarını
insan əməyinin baha olduğu Avropa ölkələrində istehsal edirlər. Amma biz
Asiyada bu məhsulların ucuz başa gəldiyini bilirdik. Buna görə də,
istehsal prosesini idarə etmək məqsədilə özümüzün ən yaxşı
menecerlərimizi ora göndərdik”.
İttihamlara görə, “Nike” bəzi yerlərdə işçilərinə hətta ayda cəmi 40
dollar ödəyir. Maraqlıdır ki, istehsala az pul xərclənsə də, brendin
məhsulları kifayət qədər bahadır.
Hazırda “Nike” təkcə ayaqqabı deyil, köynək, şortik, kostyum, eləcə
də bir sıra idman geyimləri istehsal edir. Məhsullarını “Nike”, “Nike
Golf”, “Nike Pro”, “Nike+”, “Air Jordan”, “Nike Skateboarding” və törəmə
“Hurley International”, “Converse” brendi altında satır. Fəaliyyəti
dövründə “Nike” bir çox geyim şirkətlərini satın alır. Bu sırada xüsusən
yüksək keyfiyyətli ayaqqabı brendi “Cole Haan”ı (1988) və “Bauer
Hockey”in(1994) adını çəkmək olar. 2002-ci ildə isə “Nike” geyim
şəbəkəsi “Hurley International”i əldə edir. 2004-cü ildə İngiltərə
yığma komandasının geyim dəstini hazırlayan “Umbro”nu satın alır. Lakin
sonradan “Nike” əsas diqqəti ilkin biznesinə yönəltmək üçün törəmə
şirkətlərinin çoxunu aldığı kimi də satır. Məsələn, 2012-ci ildə
“Umbro”, “Bauer Hockey”, 2013-cü ildə isə “Cole Haan” satılır. 2013-cü
ilin məlumatına görə, “Nike” iki törəmə şirkətə – “Converse” və
“International”a sahibdir. Şirkət idman avadanlıqları, geyim
istehsalından başqa “Niketown” adı altında pərakəndə mağazalar
şəbəkəsini idarə edir. Eləcə də, o, çoxlu sayda idman komandasının və
idmançının sponsorudur.
“Nike”nin maliyyə göstəriciləri
Analitiklərin rəyinə görə, “Nike” Amerikanın basketbol ayaqqabı
bazarının 95 % -nə sahibdir. Brend 10,7 milyard dollar dəyərləndirilir.
Ən bahalı ticari markalardan sayılır. “Nike” 2013-cü ilin sentyabrından
Dou-Djons sənaye indeksinə daxil edilib. 2011-ci ildə “Nike Inc”in
dövriyyəsi 20,86 milyard, əməliyyat gəliri 2,85 milyard, xalis gəliri
2,13 milyard dollar olub. 2012-ci ildə dövriyyə 24,1 milyard dollar
təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə şirkətin gəliri
16,325 milyon, xalis gəliri 1,491 milyon dollar idi. Şirkətin prezidenti
Mark Parker, idarə heyətinin rəhbəri isə Fil Naytdır. Şirkət bir sıra
futbol komandalarını geyindirir. Türkiyə, Braziliya, Hollandiya,
Portuqaliyanın milli komandaları “Nike Inc” şirkətinə sifariş verirlər.
Bu gün təkcə milli komandaların deyil, klubların da – “Manchester
United”, “Porto”, “Celtic”, “Inter”, “Trabzonspor”, “Galatasaray SK” və
“Barcelona”nın formaları “Nike”nin istehsalıdır.
Şəxsi sərvəti
Fil Naytın şəxsi sərvətinə gəldikdə, o, dünyanın ən varlı adamlarının
arasında 34-cü sırada yer alır. 500 dollarla biznesə başlayan Naytın
21,7 milyard dolları var. “Forbes”in qiymətləndirməsinə əsasən, 2014-cü
ildə onun sərvəti 153 milyon dollar (0,7 faiz) azalıb.
Ailəsi
1968-ci ildə Penelopo Parki ilə ailə quran Naytın bu evlilikdən üç
övladı var. La Quinta, Kaliforniyada yaşayırlar. Milyarderin evi ən
bahalı malikanələrin siyahısına daxil edilib.(publika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15428