Arvadını və azyaşlı oğlunu öldürüb özünə qəsd edə bilməyən dustaq
Gəncə
şəhərində yaşayan 1964-cü il təvəllüdlü Sədri Akif Əhməd oğlu yaşadığı
mənzildə həyat yoldaşı, 1971-ci il təvəllüdlü Məmmədova İlhamə Əziz
qızını və oğlu, 2008-ci il təvəllüdlü Əli Sədrini öldürüb. İstintaq yolu ilə müəyyən edilib ki, Akif ilə İlhamə 1999-cu ilin
sentyabrında ailə həyatı qurub. Uzun müddət onların övladları olmayıb.
Bu səbəbdən, onlar Gəncə və Mingəçevir şəhərlərində müalicə alıblar. Son
4-5 ildə isə cütlüyün arasında tez-tez narazılıqlar olub.
Uşaqlarının olmaması üzündən aralarında qısqanclıq zəminində
münaqişələr yaranıb. Müalicədən sonra, nəhayət, 2008-ci ilin aprelində
onların Əli adlı oğlu dünyaya gəlib. Körpələrinin dünyaya gəlməsinə
baxmayaraq, onlar arasındakı münasibət daha da kəskinləşib. İlhamə
getdiyi yerlər barəsində ərinə məlumat vermir, özünü sərbəst aparır,
onunla məhrəm əlaqədə olmaqdan boyun qaçırıb. Arvadının soyuq
münasibətindən şübhələnən Akif arvadına uşağın ondan olduğuna
inanmadığını söyləyib. İlhamə isə bunun doğru olmadığını bildirib. Bir
müddət sonra Akif Gəncə şəhər Nizami rayon məhkəməsinə boşanma ilə bağlı
iddia ərizəsi ilə müraciət edib. Akif həm də uşağın atasının özünün
olub-olmadığı ilə bağlı iddia da qaldırıb. Bundan xəbər tutan İlhamə
bərk qəzəblənib. Ərinin boşanmaq istəməsi və oğlunun atası olmadığından
şübhələnməsi onu özündən çıxarıb.
Ata azyaşlı oğlunu niyə öldürüb?
Nəhayət, yaşadığı evə gələn Akif arvadından boşanma iddiası ilə bağlı
keçirilən məhkəmə prosesinə nə səbəbdən gəlmədiyini soruşub. İlhamə ona
“səndən ev almayınca boşanmayacağam” deyib. Bu sözlər Akifi
əsəbləşdirib. O, mətbəxdən götürdüyü bıçaqla İlhamənin döş nahiyəsindən
bir neçə zərbə endirib. İlhamənin yerdə can verdiyini görən Akif otaqdan
çıxıb. Bu zaman qarşıdakı otaqdan oğlu Əlinin ona tərəf gəldiyini
görüb. Akif “ay uşaq, sən bicsən, mənim oğlum deyilsən” deyərək Əlini
qucağına götürüb, ağzı üstə yerə yıxıb. Yerə yıxandan sonra əli ilə onun
ağız və burnundan tutaraq sıxıb. Uşağın nəfəsinin gəlmədiyini görən
Akif eyvana keçərək şkafdan kəndir götürüb və qonaq otağındakı
çil-çırağa bağlayıb. Kəndiri boğazına keçirib, stulu ayağının altından
çəkib. Lakin çil-çıraq Akifin ağırlığına dözməyib. Yerə çırpılan Akif bu
dəfə kəndiri eyvandakı qaz borusuna bağlayıb. Bu dəfə də kəndir
qırılıb. O özünü öldürə bilməyəcəyini görüb, polisə gedərək təslim olub
və törətdiyi cinayəti etiraf edib.
5 maddəli cinayət işi
Akif Sədri Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş
şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə
əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə, 120.2.4-cü (xüsusi
amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı
(başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi
ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə
əlaqədar adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə),
120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan
adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı
adam öldürmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün
məhkəməyə göndərilib.
Akif Sədri bildirib ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşayıb,
rəsmi olaraq heç bir yerdə işləməyib, şəxsi avtomobili ilə müştəri
daşımaqla ailəsini dolandırıb. Onun sözlərinə görə, İlhamə ilə 1999-cu
ilin sentyabrın 29-da ailə həyatı qurub: “İlhamə Gəncə Endokrinoloji
xəstəxanasında tibb bacısı işləyirdi. Evləndikdən sonra onunla birgə
anamın adına olan mənzilə köçdük. Evləndikdən sonra uzun müddət uşağımız
olmurdu. Bununla əlaqədar onlar Gəncə və Mingəçevir şəhərlərində
müalicə aldıq. Nəhayət, 2008-ci il aprelin 18-də bir oğlumuz oldu”.
“Əlini mənə vurma, səndən iyrənirəm”
Təqsirləndirilən şəxsin sözlərinə görə, hələ bundan dörd-beş il öncə
də onların arasında tez-tez narazılıq və söz-söhbətlər olurmuş. Ər-arvad
arasında münasibətlər Əli dünyaya gəldikdən sonra daha da kəskinləşir.
İlhamənin özünü çox sərbəst aparması, getdiyi yerlər barədə ərinə
məlumat verməməsi, ərinin bununla bağlı iradlarına kobud cavab verməsi
Akifi əsəbləşdirir: “Bu azmış kimi, İlhamə söyüş söyüb dava-dalaş
yaradırdı. Uşağımız olandan sonra isə mənimlə cinsi yaxınlıq etmirdi. Bu
barədə təkliflərimdən imtina edir və “əlini mənə vurma, səndən
iyrənirəm”, – deyirdi. Hadisədən təxminən bir il əvvəl mənə məlum oldu
ki, arvadım İlhamə Daşkəsən rayonunda müstəntiq işləyən İlqar adlı
şəxslə yaxın münasibətdədir. İlqarın nömrəsi İlhamənin mobil telefonunda
var idi. Mən İlhamədən gizlin onun mobil telefonuna baxıb, bunu aşkar
etdim. Bu barədə İlhaməyə deyərkən, “bunun sənə dəxli yoxdur, mən həmin
oğlanla yaşayıram”,- deyə cavab verdi”.
“Məndən polisə şikayət etdi”
Akif Sədri deyib ki, bundan sonra Akif doqquz ildən sonra doğulan
Əlinin onun oğlu olmamasından şübhələnməyə başlayıb: “Bu barədə
İlhamədən soruşanda isə həyat yoldaşım uşağı özü dünyaya gətirdiyini və
bununla bağlı başqa heç nəyin onu maraqlandırmadığını deyib. İlhamə
oğluma keçirdiyi şadlıq mərasimini də mən olmadan edib. Hadisədən bir
qədər əvvəl isə İlhamə məni polisə verməklə hədələyib. Günlərin birində
isə yaşadığımız ərazinin sahə müvəkkili məni çağıraraq, arvadımın
şikayət etdiyini bildirdi. Bundan sonra İlhamə ilə bir yerdə yaşaya
bilməyəcəyimi yəqin etdim”.
İlhamədən boşanmaq qərarı verən Akifin sözlərinə görə, boşanmaq üçün
Gəncə şəhər Nizami rayon məhkəməsinə ərizə verib: “Bundan təxminən bir
ay sonra həmin məhkəmədə Əlinin atasının müəyyən edilməsi barədə iddia
qaldırdım. Amma həmin ərəfədə İlhamə mənim mənzilimdə yaşayırdı.
Hadisədən 15-20 gün əvvəl isə İlhamə yenə də məndən polisə şikayət
etmişdi. O, bu dəfə guya mənim onu söyüb təhqir etdiyimi bildirmişdi.
Polisdə mənimlə şifahi söhbət apararaq, ailədaxili münasibətləri
normallaşdırmağı məsləhət gördülər. Bu söz-söhbətdən sonra İlhamə ilə
dava-dalaşdan yayınmaq üçün qonşuluqda olan anamın yaşadığı mənzildə
gecələyirdim”.
“Özümü asmaq istədim”
Akif Sədri daha sonra ifadəsində həyat yoldaşı ilə məhkəmədə boşanma
məsələsindən, həmçinin arvadı ilə arasında olan mübahisədən danışıb,
sonra isə arvadını öldürdüyünü deyib. O, özünü də öldürmək istədiyini
qeyd edib: “İlhamənin hərəkətləri və özümü öldürmək fikrinə nəyə görə
düşməyim barədə bir neçə vərəq yazı yazdım. Orada İlhamənin mənə qarşı
etdiyi bütün nalayiq hərəkətləri qeyd etdim və məktubu anamın yaşadığı
otağa qoydum. Sonra hər iki mənzilin ümumi açıq eyvanında olan, paltar
asmaq üçün çəkilmiş ipi kəsib götürdüm. İpi çilçırağa bağlayıb özümü
asmaq istəyirdim. Amma alınmadı”.
“Oğlumu öldürdüyümə görə özümü heç vaxt bağışlamayacağam”
Akif Sədri həmçinin qeyd edib ki, həyat yoldaşının ona xəyanət
etməsi barədə əlində konkret olaraq fakt olmayıb: “Onun mənə xəyanət
etməsi barədə heç kim heç nə deməyib. Sadəcə, tez-tez İlhamənin
bədənində göy izlər görürdüm. Bu barədə İlhaməyə dedikdə, o, “bədən
mənimdir, nə istəyirəm edirəm” deyə cavab verirdi. Həmçinin, İlhamə son
vaxtlar uşağı mənə vermir, bu da məndə Əlinin mənim oğlum olmadığı
barədə şübhələr yaradırdı. Mən Əlini gəzdirmək istəyəndə İlhamə “uşaq
sənin deyil”,- deyirdi. Həmin gün İlhaməni öldürmək niyyətim yox idi.
Lakin evdə İlhamə ilə aramızda baş verənlərdən sonra onu öldürmək
qərarına gəldim, ona görə də bıçaqla ona bir neçə zərbə vurdum. İlhaməni
öldürdükdən sonra arxaya dönüb Əlini gördüm, onu boğub öldürdüm. Əlini
öldürdüyümə görə isə özümü bağışlaya bilmirəm”.
Məhkəmə bu dəşhətli cinayəti törədən Akif Sədriyə ömürlük cəza kəsib. Akif Sədri hazırda cəzasını Qobustan Həbsxanasında çəkir.
Onu da əlavə edək ki, hadisədən sonra keçirilən ekspertiza nəticəsində 1 yaşlı Əlinin Akifin oğlu olduğu təsdiqlənib. (publika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15442