Bitkinin və insanın həyatını fərqləndirən məhz bu amildir
Varlıq aləmində istikmali hərəkət, təkamül prosesi həm agahlıq, bilgililik üzərində və həm də agahlıq olmayan müstəvilərdə baş verə bilər. Bir bitki toxumunun bitməsinə diqqət edək. Təbii ki, bu, hər hansı bir agahlıq, şüurluluq, idrak üzərində olan bir proses deyil. Bir yumurtanın cücə halına keçməsi də təbii ki, hər hansı agahlıq, idrak və şüur üzərində baş verən proses deyil. Amma, cücənin növbəti mərhələyə keçidi, toyuq halına çevrilməsi prosesində idrak, şüur mərhələsi mövcuddur. Varlıq aləmi ilə daha yuxarıya qalxdıqda isə görürük ki, insanda bunun tamam kamil hala keçidi mövcuddur.
Beləliklə, bəzi təkamül prosesləri sırf təbiət üzrədir, orada agahlığın, idrakın heç bir elementləri yoxdur. Amma, təkamülün bəlli mərhələ və hədləri var ki, orada agahlıq, şüur və idrak var.
İnsanda da şüurlü və şüursuz təkamül gedir
İnsanıın təkamülü, istikmali hərəkəti idrak, şüur, agahlıq üzərində olan bir hərəkətdir. Bizim varlığımızda yetərincə təkamül prosesləri gedir ki, onlar idrak üzərində deyildir. Bunlar – təbii proseslərdir və biz ciddi mane olmasaq, öz qaydasında da gedəcək.
İnsanın istikmali hərəkəti isə sırf agahlıq, idrak və şüur üzərindədir. Ən ali idrak, şüur və agahlıq məhz bu prosesdə təzahür tapır.
Bu idrak və agahlıq instinkt, qərizə üzərində ola bilər və instinktin fövqündə ola bilər. İnstinkt üzərində olanlar – təbii səciyyəlidir. Təbii olaraq bir cücənin toyuq mərhələsinə gəlməsi idrakın, agahlığın bir instinktiv təzahürüdür. Bunun fövqündə də bir idrak var. Bu, tədricən inkişaf edir, qazanılır və öyrənilir, bacarıq halına keçir. İnsanın əldə etdiyi elmlər, savad, agahlıq bu tip idrakdır. İnsanın istikmali hərəkətində yardım edəcək proses – idrakın bu növüdür.
Əvvəla, istikmali hərəkət idrak əsasında olmalıdır, üstəlik qərizə və instinkt idrakı deyil, daha ali, tədrici qazanılmış və insanın sahibləndiyi idrak olmalıdır.
Kafi şərtlər hazır olduqda, bu amil işə düşür
Bütün təkamül prosesləri deyə bilərik ki, qeyri-iradəvi proseslər ola bilər və ya iradəvi proseslər ola bilər. Kafi şərtlərin toparlanması yetərlidir ki, təkamül baş versin. Misal üçün, bir çay axır, kamala doğru hərəkətdədir, ümmana can atır. Çaylar nəyə görə o sürətlə hərəkət edirlər? Çünki, ümmana can atırlar, böyük sulara can atırlar.
Planetlər niyə o nizam-intizamla hərəkətdədirlər? Çünki, daha optimal vəziyyətə can atırlar. Ürfani dillə buna eşq də deyə bilərik. Ən optimal vəziyyətə can atırlar və onun hesabına nizam-intizam bütün kəhkəşanlarda mövcuddur.
Bizim varlıq aləmimizdə, daxilimizdə də oxşar vəziyyət yaşanır. Bizim iradəmizə aid olmayan proseslər mövcuddur. Bir də var iradənin iştirakı ilə gedən təkamül prosesi. Hər şey hazır, şərtlər hazır, bütün amillər hazırdır. İnsan var, hər şey hazır, yuxudan ayılıb, azanın da vaxtıdır – amma durub sübh namazı qılmağa iradə edə və ya etməyə bilər.
Deməli, bütün kafi şərtlər toparlanıb, amma bir şeyin baş verib-verməməsi üçün iradənin təsiri olmalıdır. İstikmali hərəkətə təsir edəcək proses – iradədir. İnsanın istikmali hərəkəti, kamala doğru hərəkəti iradə, ixtiyar üzərindədir, yəni seçim üzərindədir.
Variantlar var, bu variantları tanıma var, onların içərisindən seçmə, müəyyənləşib birinin üzərində dayanma var. İstikmali hərəkətin zəruri cəhəti – iradədir.
Beləliklə, biz insanı nə qədər çox tanısaq, nə qədər daxilindəki mühərriklərə, kənardakı amillərə, onun inkişafına səbəb olan şəraitlərə nə qədər çox bilgimiz olsa – radius o qədər böyüyür, genişlənir, seçim, iradə və ixtiyariliyin də gücü o qədər artır və kamala doğru daha səbatlı yaxınlaşır. Bu, daha keyfiyyətlidir və daha önəmlidir.
Tanımanın 2 halı
Sual çıxa bilər ki, kamal əldə etməkdən, kamala doğru gedib çıxmaqdan öncə kamalı tanımaq lazımdırmı? Bizim bütün tanımalarımız iki haldan kənar deyil. Ya vasitəvi, ya vasitəsiz tanımalardır. Vasitəsiz tanıma – şühudi, ürfani tanımadır. Amma o tanımalar mənəvi təkamülün nəticəsidir. Onlar başlanğıc, start tanımalar deyil. Bizi insanşünaslıq bəhsində maraqlandıran mövzu – başlanğıc yolu irəli aparmaq üçün lazım olan tanımalardır, şüurlu və əqli tanımalardır.
Ona görə də istikmali hərəkətin baş verməsi üçün mütləq elmlənmə və agahlıq lazımdır. Bunlar olmasa hər hansı ixtiyari, iradəvi hərəkətdən söhbət gedə bilməz. Biz istikmali hərəkətdən öncə o prosesi, nəhayi kamalları tanımalı, ondan sonra ona doğru iradəvi və şövqlü şəkildə hərəkət etməliyik.
Növbəti sual budur ki, insanın həqiqi kamalını empirik, təcrübi, laborator yolla tanıya bilərikmi? Çünki, deyilə bilər ki, gəlin bu mövzuda eksperimentlər edək. Bu, mümkün deyil. Çünki, insan yalnızca cisim deyil. İnsan yalnızca cisim olmadığından mövzu bitir. Hətta cisim olsa belə, cismin də tam mənada təcrübələrini etmək mümkün deyil. Üstəlik, insan yalnızca cisim deyil, cismin fövqündə olan bir mənəvi kimliyi var. Həmin mənəvi kimlik zaman və məkanın içərisində təcrübələrə sığmır. Ən azı bu, yetərlidir. Belə ki, insanın cismani deyil, mənəvi kimlik kamalını təcrübə etmək – mümkünsüz prosesdir. Bu, ancaq şüur və əql üzərində mümkündür. Ona görə də bizim insanşünaslıq bəhsimiz əqli mövzulara söykənir.
İnsanın kamalına baxışa görə dünyagörüşləri
İnsanın kamalına baxışlara görə bir neçə tip dünyagörüşləri mövcuddur. İnsanın dünyaya baxışı mövzusu burada həll olunur. “İnsanın kamalı olaraq nəyi bilirsiniz?” sualının cavabında aşağıdakı dünyagörüşləri meydana gəlir.
Birinci baxış budur ki, insanın kamalını fərdin maksimal dərəcədə maddi ləzzət və rifahının təmin olunması bilirik. Bu, sağ dünyagörüşünü təşkil edir. Yəni, bir fərdin maksimum dərəcədə maddi rifah və ləzzətləri təmin olunur, bu hədəflənir. Diqqət etsək görərik ki, dünyada təhsil, iş-güc praktik olaraq buna yönəlir. “Uğurlu insan kimdir?” deyildikdə, bunlar nəzərdə tutulur. Əgər bəlli bir karyerası, maaşı, nəticələri varsa, fərdi rifah və ləzzətlərini təmin edə bilirsə – bu insana bacarıqlı, uğurlu insan deyilir.
İnsanın kamalını bunu bilirlər və nə qədər çox ona yaxınlaşsalar, bir o qədər özlərini kamala çatmış hesab edirlər. Bütün sistemlər də buna uyğun qurulacaq. Məktəb, iqtisadiyyat, ictimai münasibətlər – hər şey buna uyğun qurulacaq. Bu dünyagörüşü insanı yalnız cismani mövzuya məhdudlaşdırmış olur.
İkinci baxış bundan sadəcə bir qədər fərqlənir – cəm halda maddi rifah və ləzzətlərin təmini. İnsanların cəm halda maddi maraq və rifahlarının təmin olunması – insanın kamalı hesab olunur. Bu da prosesə bir solçu yanaşmasıdır. Görürük ki, bəzi mütərəqqi toplumlarda sosial imkanlar, fürsətlər bu dünyagörüşündən qaynaqlanır.
Üçüncü bir baxış da var ki, insanşünaslıq baxımından o da birinci və ikinci qədər narahatedicidir. Ümumiyyətlə maddi ləzzət və rifahdan imtina, onlara düşmən baxışı ilə baxmaq. İnsan nə qədər maddi imkan və ləzzətlərini məhdudlaşdırsa – o qədər təkamülə çatıb, kamal budur.
Dördüncü baxış budur ki, insanın kamalı – əqlani tərəqqiyə nail olmaqdır. Nəhayi kamal, elm və fəlsəfə əsasında inkişafla mümkündür
Beşinci baxış isə budur ki, əqlani tərəqqi ilə əxlaqi tərəqqi birgə olmalıdır. Yəni, fərdi təkamül, toplumun təkamülü o zaman baş verir ki, bütün davranışlar ağıla, elmə, savada və əxlaqi fəzilətlərə söykənir. Tam olaraq bugünkü dünyanın əksidir. Biz bu gün görürük ki, əxlaqsızlıq dəyər kimi sırınır, sağlam ağla tam zidd olan mövzular önə çəkilir və s.
İnsan üçün nəhayi kamal əqlani və əxlaqi inkişaf sayıldıqda, buna uyğun insanın həyatının bütün müstəviləri qurulmuş olur. Ona görə də, insanın kamala baxışı nədirsə – insan odur. İnsan üçün uğur, ideal mərhələ nədirsə – odur. Dünyagörüşləri də, ideologiyalar da bunlardan qaynaqlanır.
İnsanın bütün kamal meyilləri yalnız bununla ödənir
İnsanın daxilində, fitrətində olan çoxlu meyillər, qüvvələr var. Allah Təala insanın içərisində böyük imkanlar, potensiallar, fürsətlər qoyub. Müxtəlif fəlsəfi, psixoloji məktəblər bunları müxtəlif cəhətlərdən, baxışlardan araşdırırlar. Biz mübahisəsiz olan, mübahisə predmeti olmayan, hamı tərəfindən qəbul edilən üç mühüm qüvvə, kamala doğru aparan meyillər, mühərriklər, fundamental olan üç qüvvəyə toxunacayıq.
Bunlardan birincisi – idrakdır. İnsanın daxilində fitri bir meyil var. Bu meyil – insanı bilməyə, tanımaya, agah olmağa, varlıq aləmini, ümumiyyətlə ətrafda baş verənləri bilməyə, tanımağa yönəldən bir meyildir. Bu meyil idrak adlanır.
Haqqında danışacağımız ikinci meyil – insanın qüdrətə can atması, bacarığa can atmasıdır.
Üçüncü meyil isə – insanın fitrətində olan eşq və pərəstiş qüvvəsidir.
Bunların hər biri haqqında danışmaq çox faydalıdır.
İlk olaraq idrak və tanıma ilə bağlı olan mövzuya toxunaq. İnsanın daxilində köklü, fundamental bir meyil var və bu meyil idrak adlanır. Bu meyil sayəsində insan bilgilənməyə, agah olmağa, varlıq aləmində olanların fərqinə varmağa can atır. Uşaqlıqdan başlayaraq, həyatdan gedənə qədər insanın fitrətində bu meyil olur. Davamlı surətdə işlək halda olur. Uşağın “niyə”lər dövrü başlanandan, idrak meyli özünü göstərməyə başlayır. Bu dövrün başlanması ilə idrak meyli ətrafı xəbərdar edir ki, artıq işə düşüb və onu ödəmək lazımdır.
Amma, insan dünyaya gəldiyi andan qida istəyincə əslində duymaq, agah olmaq, ehtiyacı olmasına bilgisi olmasını təzahür etdirmiş olur. İnsanın doğulandan o ehtiyacı tanıması var və onu təzahür etdirməsi var. Uşaq ilk qidasını almaqla, əslində ilk idrakı baş verir. Uşağın xüsusən iki yaşından başlayaraq idrakının hissi hərəkət hissəsi özünü göstərir. Bu mərhələdə uşaqlar hər şeyi ağzına aparmaqla əslində onu dişləri ilə hiss etmək istəyir, bu, onun idrak və duyum meylinin göstəricisidir. Hər şeyin nə olduğunu bilmək, agah olmaq istəyir.
Sonradan yaş artdıqca, şüurlu dərk mərhələsinə keçir. Beş yaşında mücərrəd təfəkkür mərhələsinə, yeddi yaşında daha inkişaf etmiş mərhələyə keçid edir. Beləcə bu proses gedir, nəhayətən uşağın yetkin yaşında təhlil, təfəkkür qabiliyyəti inkişaf edir. Bunun vasitəsilə elmləri, varlıq aləminin niyəliyini, nə üçünlüyünü öyrənməyə çalışır. Bunu ya elmi cəhətdən, ya fəlsəfi cəhətdən öyrənə bilər. Bununda sözsüz ki, yekun mərhələsi – ürfani və şühudi idrak mərhələsidir.
Varlıq aləminin gerçəkliyini, olduğu halı anlama baxımından idrak özünü göstərir. Maraqlı cəhət budur ki, bütün mərhələlərdə insanın idraka can atması özü-özlüyundə məhdudluqladır. Bu mənada idrak özünün tam ifadəsini ürfani mərhələdə tapır. Bütün bunlar insanın ehtiyaclı varlıq olaraq həqiqi alimə, həqiqi elm mənbəyi olan varlığa – insanı yaradan, ona bu istedadları, potensialları verən Rəbbə qovuşduğu zaman ödənmiş olur. Bu zaman insanın bu təşnəliyi, bu meyli ödənir. Əks halda isə ödənmir.
İnsan qüdrətli olmaq istəyir
İnsanın inkişafı üçün çox mühüm olan meyillərdən biri də qüdrətə can atma, bacarmağa can atmadır. Yenə də uşaqlıqdan tutmuş, ölüm anına qədər insanda qüdrətə can atma, bacarmağa can atma özünü maksimum təzahür etdirir. Təbii ki, ilk olaraq cismi və maddi müstəvidə bu, özünü göstərir. Hətta insan dünyaya gəldikdən cəmi bir neçə ay sonra bu və ya digər bacarıqlarının təzahürü – əslində həmin qüdrət meylinin ödənmə mövzusudur. Yavaş-yavaş bu cismi ehtiyacların ödənməsi ilə yanaşı, əqli qüdrətin, əxlaqi qüdrətin, fəlsəfi qüdrətin, ürfani qüdrətin, Allah bəndəsi olmaq qüdrətinin inkişafına qədər proses gedir.
Bu qüdrətə can atma nə zaman ödənir? Yalnız Qadirə qovuşmaqla bu ehtiyac kamil şəkildə ödənmiş olur. Əgər bu, həqiqi ünvanına çatmazsa, o zaman bu qüdrətə can atma böyük yanlışlıqlara qədər aparıb çıxarda bilər.
Diktaturalar, zülmlər, cürbəcür mənfiliklər məhz bu meylin yalnış istifadəsi nəticəsində meydana çıxır. Yalnız həqiqi qüdrət mənbəyi olan Allaha bağlandıqda, bu meyil özünün həqiqi ödənməsini tapmış olur.
İnsan – sevən varlıqdır
Nəhayət üçüncü mühüm fitri meyil – insanın içində olan pərəstiş, ləzzət meylidir. Bunun materialı idrak və qüdrət meylindən fərqlənir. Burada sanki bir cəzbetmə, maqnetik çəkmə var. İnsanın eşqi və pərəstişi olan bir mövzuya əslində bir cəzb olunması var. Ona malik olduğu zaman ondan ləzzət duyması var. İnsan müxtəlif mövzularda, müxtəlif sahələrdə pərəstiş edə bilər. Eyni bir regiondan olma, eyni bir nəsildə olma, eyni bir qrupdan olma və s. insanı pərəstişə aparıb çıxara bilər. Bir də görürsən ki, iki insan heç bir mövzuda anlaşa bilmir, amma sonradan məlum olur ki, hər ikisi eyni komandaya pərəstişkarlıq edirlər, bu zaman bütün anlaşılmazlıqlar unudulmuş olur. Eyni komandaya pərəstiş etmə, belə insanda bir ləzzət duyğusu meydana gətirir.
Bu, özünü estetik mövzularda da göstərə bilər. Təbiətə meylin olması, gözəl əşyaya meylin olması, gözəl kəlamlara və s. mövzulara pərəstiş ola bilər. Fəlsəfi anlamda da bu meyil özünü göstərə bilər. Varlıq aləmində olan nizam-intizamı duyan zaman, varlıq aləmində olan gözəlliyi hiss edən zaman buna olan eşq formasında təzahür tapa bilər. Ola bilər ki, bu, öz təzahürünü əxlaqi mövzularda tapsın. Bu zaman gözəl əxlaqiyyat, gözəl davranışlar insan üçün cəlbedici ola bilər. Bu cür təzahürlərdən biri də ürfani baxışdır. Varlıq aləmində başdan-başa hər şeydə, hər vəziyyətdə gözəllik görər. Nəticə etibarilə biz deyə bilərik ki, eşq və pərəstiş meyli ilə bağlı ən güclü, qüvvətli, ali, elmli, davamlı varlıq ki, ona yalnız eşq və pərəstiş ola bilər və yalnız o, insanın ləzzətini ödəmə tutumuna malikdir – insanın Rəbbidir.
Bu mənada görürük ki, insanı kamala doğru aparan hər üç mühərriki onu Rəbbinə aparır. Elmə, idraka can atma mühərriki – onu həqiqi elm mənbəyi olan Rəbbinə aparır. Qüdrətə və bacarığa can atma hissi – onu həqiqi qüdrət sahibi olan Rəbbinə aparır. Eşq və pərəstişə, ləzzətə can atma – bir insanı həqiqi eşqin və pərəstişin ünvanı olan, həqiqi ləzzət və zövq verən Rəbbə aparır. Əslində üç fərqli başlanğıcdan insan Rəbbinə yönəlir.
Beləliklə, biz deyə bilərik ki, insanın daxilində olan hər üç mühərriki Rəbbə qovuşunca ödənir və istikmali hərəkət əslində bu istiqamətdə baş verən zaman özünü tapmış olur.
Rəbbə doğru olmayan zaman istikmalı hərəkət deyil, tənəzzül baş verir. Çünki, bu mühərriklərin ödənməsi yalnız həqiqi elm, qüdrət mənbəyi, məhəbbətin həqiqi ümvanı olan Rəbbin tərəfindən baş verir.
Allah Təala bizləri şüur, iradə və idrakla kamilliyə doğru hərəkət edənlərdən qərar versin! Amin!
Short URL: http://www.cumhuriyyet.net/?p=154470