Tankerdə saxlanan 1 milyon barrel Azərbaycan neftinin sirri
1 milyon barrel Azərbaycan nefti yüklənmiş “Nordic Freedom” tankeri
hazırda açıq dənizdə gözləməkdədir. Tanker bu nefti ABŞ-ın Men ştatının
Portlend limanına çatdırmalıdır. Tanker bu həftənin əvvəlində Ceyhan
limanından yola çıxıb. Tankerdəki neftin hansı treyder şirkətinə məxsus
olduğu göstərilmir. “Röyter” bunu neftin qiymətinin ucuz olması ilə izah edir. Agentlik
yazır ki, bir sıra iri neft treyderləri əllərində olan nefti indiki
aşağı qiymətə satmaqdansa, uzun müddətə kirayələdikləri tankerlərdə açıq
dənizdə saxlamağa və qiymət qalxanda bazara çıxarmağa üstünlük
verirlər.
Dənizçilik tematikası üzrə ixtisaslaşmış “The Maritime Executive”
portalı da bu taktika haqda daha geniş yazıb (virtualaz.org). Bildirilir
ki, Qərbi Afrikadan ABŞ-a neft yola salan treyderlər qiymətlərin
qalxmasını gözləyirlər və əllərindəki nefti kirayələdikləri tankerlərdə
saxlayırlar. Lakin “Azadlıq”a daxil olan məlumatlara görə, Azərbaycan nefti ilə
bağlı problem heç də qiymətlərin ucuz olması ilə bağlı deyil. Iddialara
görə, Azərbaycan neftinin yükləndiyi “Nordic Freedom” tankerinin açıq
dənizdə gözləməsi ABŞ-Azərbaycan münasibətlərindən qaynaqlanır. Məlumat
üçün deyək ki, hazırda Vaşinqtonla Bakı arasında münasibətlər çox
gərgindir. Gərginliyin kökündə isə Azərbaycan hakimiyyətinin repressiv
siyasəti dayanır. Belə ki, iqtidar ABŞ-la enerji sahəsindəki
əməkdaşlıqdan yararlanaraq Vaşinqtonun demokratiya çağırışlarına məhəl
qoymur.
Məlumatda bildirilir ki, tankerin açıq dənizdə gözlədilməsi artıq
ABŞ-ın Azərbaycanla enerji sahəsindəki əməkdaşlığa o qədər də ciddi önəm
verməməsinin mesajıdır. Yəni, Vaşinqton Bakının diqqətinə çatdırır ki,
indi Azərbaycan nefti onun üçün prioritet məsələ deyil və ABŞ hətta bu
əməkdaşlıqdan imtina edə bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Azərbaycandakı keçmiş səfiri
Riçard Kozlariç bəyan etmişdi ki, neft artıq siyasi məsələ deyil və bu
ABŞ üçün 20 il əvvəlki tək önəm kəsb etmir. Ekspertlər Kozlariçin bu
açıqlamasını ABŞ-ın Azərbaycan neftindən imtinasına hazırlıq kimi
dəyərləndirirdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=15476