Əhməd Əhmədzadənin Saatlıda 20 min manatlıq borcu

19.01.2015 - 12:54

“Suvarma imperatoru”nun Saatlıya son səfərinin mübhəm tərəfləri: Xanhüseyn Əhmədov:”Əhməd Əhmədzadə məni 20 min “zibilə” saldı”
“Suvarma imperatoru”nun Saatlıya son səfərinin mübhəm tərəfləri: Xanhüseyn Əhmədov:”Əhməd Əhmədzadə məni 20 min “zibilə” saldı”
Azerbaycaninfo.com
təqdim edir. Azərbaycanın çar Rusiyası ilə əlaqələri bineyi-qədimdən
olub. Həmin əlaqələrin bizim milləti iki yerə bölməsi tarixin qara
səhifələrinə aiddir. Bu, çox böyük siyasi söhbətin mövzusu olduğundan
qoyuruq kənara… Amma yada salaq ki, hələ ötən əsrin əvvəllərində “Molla
Nəsrəddin” jurnalı “şimal ayısı” barədə çox tutarlı və satirik yazılar
dərc edirdi. Jurnalın 3 mart 1907-ci ildə çıxan doqquzuncu sayında
oxuyuruq:
“Neçə dəfə idarəmizə kağız yazıb soruşublar ki, Rusiyanın baş nazirinə niyə Stolıpin deyirlər. Yəni Stolıpin nə deməkdir?
Cavab:
Bizim lüğətimizdə Stolıpin iki mənanı göstərir: biri budur ki, hər kəs
qonşusunun toyuğunu oğurlayarsa, dar ağacından asılsın, məlumdur ki,
əvvəl günahkarı çıxarırlar stolun üstünə və boğazına kəndiri keçirəndən
sonra ayağının altından stolun ipini çəkirlər, stol yıxılır və günahkar
başlayır havada seyr etməyə. Bu səbəbdən də həmin baş nazirin adı
Stolıpindir, yəni stolun ipi.
İkinci
məna Usta Lipindir. Lipin yapon dilində dəlləyə deyərlər. Belə güman
etmək lazımdır ki, dumaya yığışan sol firqələr çox çığır-bağır salsalar,
Usta Lipin ülgücü çıxardacaq və vəkillərin dalına həcəmət qoyacaq ki,
qanları artıqlıq etməsin”.
Bu
urusların işi lap həngamədir. Görün, onlar bizi nə qədər əzizləyiblər
ki, hələ çar Rusiyasının dövründə gəliblər Saatlı rayonunun Cəfərxan
kəndində meliorasiya işləri aparıblar. Özü də bunu həyata keçirmək üçün
nə təhər ediblərsə, pulu 1870-ci ildə Budapeşt Bankından çırpışdırıblar.
Üstündən 34 il keçəndən sonra dübarə bura öz torpaqşünas alimlərini
yollayıblar ki, gedin Muğan düzündə torpaqların təkrar şorlaşmasına
qarşı bir şey düzün-qoşun… Həmin alimlər də bizim tərəflərin lülə
kababından, təndir çörəyindən basıb-yeyib, samaqon arağından da vuraraq
çar hökumətinə daklad eləyiblər ki, bəli, burada nə desək əmələ gələr.
Nəticədə 1914-cü ildə çar Rusiyasında ilk elmi stansiya – Cəfərxan
Şorlaşma Stansiyası məhz bizim mələkətdə yaradılıb. Sonra görüblər ki,
“Cəfərxan Şorlaşma Stansiyası”nın adı primitiv səslənir, götürüb onu bir
qədər “sovremenniləşdiriblər”: Muğan Meliorativ-Təcrübə Stansiyası.
Tarixçilər
ərz edirlər ki, Cəfərxan qəsəbəsində meliorativ praktikada ilk dəfə
olaraq şorlaşmış torpaqların meliorasiyası üçün örtülü drenaj tikilib,
nə bilim təsnifatlar aparılıb, guya yuma texnologiyaları sınaqdan
çıxarılıb və sair və ilaxır. Xülasə, bu təcrübə stansiyasında alim
ivanlar Allah bilir hansı hoqqalar çıxarıblar…
Bu
urusların ağlına da gəlməzdi ki, bir vaxt Azərbaycanın Əhməd Əhmədzadə
adlı nəhəng bir melioratoru peyda olacaq və bu sahədə hətta “imperator”
tituluna da layiq görüləcək. Elə buradaca qeyd edək ki, meliorasiya çox
çətin və mürəkkəb sahədir. Bu işin yan-yönünü bilməyən adam elə
“suvarılan torpaqlarda şoranlaşıb” batar. Zira bizim Əhməd müəllim bu
sahədə o qədər bişib ki, urus alimləri nədir, lap “mirovoy akademiklər”i
bükdələyib qoyar dizinin altına! “Suvarma imperatorumuz” elə-belə deyil
ki, otuz ildi hökmranlıq edir. “Torpaq deyir, öldür məni, dirildim
səni” atalar sözünə əməl edən Əhməd Əhmədzadə “torpağı öldürməklə”
nəinki özünü, bütün qohum-əqrəbasını, dost-tanışlarını da “dirildir”…
Bir
sözlə, “Suvarma imperatorumuz”un “vesi” respublikada çox böyükdü.
İnsafən Əhməd müəllim barədə hamı xoş söz deyir, onun xeyirxahlığından,
səxavətliliyindən söz açır. Elə biz də Əhməd Əhmədzadəni belə
tanıyırdıq. Əgər, zəhrimara qalmış bu urus bratlarımızın 100 il bundan
qabaq Saatlı rayonunun Cəfərxan qəsəbəsində yaratdıqları sınaq-təcrübə
stansiyası olmasaydı…
Məsələ
burasındadır ki, Əhməd Əhmədzadənin əsabələrindən kimsə təklif verib
ki, gəlin həmin stansiyanın 100 illiyini qeyd edək. Elə hər şey də
buradan başlayıb. Əhməd müəllimi tanıyanlar yaxşı bilirlər ki, o,
hələm-hələm avantüralara baş qoyan adam deyil. Yəni, urus demişkən,
“podumaeş, kakoy-nibud” stansiyanın 100 yaşı tamam olur… Uzaqbaşı bunu
çox kiçik bir toplantı ilə yada salmaq olardı. Amma bu yubiley törəninin
təşkilatçıları nə məqsəd güdübsə, çirmənib cani dildən işə elə
girişiblər ki, sanki bunun məmləkət üçün çox önəmli ictimai-siyasi
əhəmiyyəti varmış.
Deməli,
bu il dekabrın 20-də Azərbaycanın çox nüfuzlu və vəzifəli şəxsləri bir
araya gələrək gediblər Saatlı rayonunun Cəfərxan qəsəbəsinə. Həmin
qəsəbədə əvvəlcə “Muğan-Meliorasiya Təcrübə Stansiyası”nın yaranmasının
100 illiyi münasibətilə bir elmi-praktik konfrans yapıblar. APA-nın
Mil-Muğan bürosunun verdiyi məlumata görə, tədbirə “Meliorasiya və Su
Təsərrüfatı” Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, Prezident
Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər
Əmiraslanov, səhmdar cəmiyyətin, Memarlıq və İnşaat Universitetinin,
habelə elmi-tədqiqat institutlarının professor və elmi işçiləri iştirak
edib. “Çıxış edənlər təcrübə stansiyasının əhəmiyyətindən danışaraq qeyd
ediblər ki, bu stansiya respublikada suvarılan torpaqlarda geniş
elmi-tədqiqat işləri aparmaq üçün yaradılmış ilk elmi müəssisədir”.Hə,
əziz oxucular, APA-nın xəbəri qalsın burda, sizlərə bundan sonrakı
əhvalatları nağıl eləyək. Konfrans-monfrans, stansiyanın yubileyi kimə
gərəkdi, əsas yeyib-içmək stoludu. Konfrans bitəndən sonra möhtərəm
qonaqlar Saatlıdakı “Aysən” Şadlıq Sarayında təşkil olunan möhtəşəm
banketə dəvət olunublar. Məclisdə vaqe olanlar barədə isə bizə
iştirakçılardan biri danışıb…
Qabaqcadan
deyək ki, adıçəkilən şadlıq sarayı “Meliorasiya və Su Təsərrüfatı”
Səhmdar Cəmiyyətinin nəzdindəki Mil-Muğan Meşə Meliorasiya İdarəsinin
rəisi Xanhüseyn Əhmədova məxsusdur. Və Saatlıda bunu bilməyən yoxdur ki,
Xanhüseyn müəllim həmin saraya öz qızının adını verib. O ayrı məsələ
ki, bu şadlıq sarayı rəsmən kimin adına “oformit” olunub, yəni,
mümkündür ki, Xanhüseyn Əhmədov bunu öz adına və qızının adına
rəsmiləşdirməsin. Amma təkrar edirik: bütün Saatlı əhli bilir ki, saray
məhz Xanhüseyn Əhmədovundur. Aydınlıq üçün bir daha xatırladaq ki,
Xanhüseyn Əhmədov bir vaxtlar Saatlının icra başçısı vəzifəsində işləyən
Gülhüseyn Əhmədovun dop-doğmaca qardaşıdır.Həmin məclisdə iştirak edən
və təbii ki, adının çəkilməsini istəməyən məmurun dediyinə görə,
saraydakı təntənəli törənə təxminən 70 nəfərə yaxın adam qatılıb. Stol
nə stol! Ən yüksək səviyyədə ləziz yeməklər, aztapılan quş növlərinin
kababları, bahalı balıq delikatesləri, daha nələr, nələr…Heç şübhəsiz
ki, “ev sahibi” rolunda Xanhüseyn Əhmədov olub. Nədən ki, həm yerli
adamdır, həm sarayın sahibidir, həm də zarafat deyil, tabeliyində
işlədiyi “Suvarma imperatoru” qonaq gəlib. Bizim də necə qonaqpərvər
olduğumuz elə ta qədim zamanlardan bütün dünyaya bəllidir. Məsələn,
məşhur ingilis səyyahı Antoni Cekinsonun “Gündəlik” adlı əsərini
oxusanız, orada çox maraqlı faktlara rast gələcəksiniz. Səyyah
adıçəkilən əsərində qeyd edir ki, Şirvan xanı Abdulla xan Şamaxı
şəhərində onun şərəfinə qonaqlıq verir. Bu qonaqlıqda isə süfrəyə iki
dəfəyə 290 növ (?!) yemək gətirilib. Süfrəyə birinci dəfə 140, ikinci
dəfə isə 150 növ yemək qoyulub.”Aysən” Şadlıq Sarayında yemək növlərinin
neçə cür olduğunu söyləyə bilmərik. Amma bizə bu barədə məlumat verən
şəxsin dediyinə görə, 70 nəfərin iştirak etdiyi bu məclisin hesabı
haradasa 15-20 min manat civarında olub.
Ortaya
belə bir sual çıxır: Xanhüseyn Əhmədov həmin məbləği öz cibindən
ödəyərmi? Əlbəttə, yox! Belədə qarşımıza lap yekə SUAL çıxır: elə isə bu
təmtəraqlı qonaqlığın haqq-hesabını kim verib?
Təbii
ki, məclisdə iştirak edhən digər vəzifəli şəxslər lap “Məşədi İbad”
filmindəki kimi yeyib-içib ağızlarını marçıldadacaq, bahalı şərablardan
vuracaq və bir-birləri ilə “maç-quc” edərək ayrılacaqlar. Bəs
haqq-hesab?
Aldığımız
məlumata görə, “şot” Əhməd Əhmədzadəyə aid olub. Nədən ki, artıq ərz
elədik: Xanhüseyn Əhmədov o boyda hesabı ödəməyi boynuna götürməz, yəni
bu saray sahibinə qətiyyən sərf eləməz. O zaman bir variant qalır:
deməli, lənətə gəlmiş o stansiyanın 100 illiyinə görə büdcədən hansı
vasitə ilə pul silinəcək. Bəlkə ayrı variantlar var, buyurun deyin…
Allah
sənə rəhmət eləsin, Mirzə Cəlil! Bu yerdə yazdığın “Qurbanəli bəy”
hekayəsi yada düşür: “Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və
sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür”.
Görəsən
Mirzə Cəlil sağ olsaydı, Cəfərxan qəsəbəsindəki bir stansiyanın 100
illiyinə görə dövlətin bu qədər pulunu göyə sovuranlar barədə nə
yazardı? Ökə Prezidenti demişkən, bu qədər harınlamaq olmaz axı…
“Aysən”
Şadlıq Sarayındakı haqq-hesabın “Suvarma imperatoru”muz tərəfindən
tezliklə ödəniləcəyinə biz də şübhə etmirik. Bəlli olan budur ki, Əhməd
Əhmədzadə hələ ki, pulu çatdırmayıb, yəni loru dildə desək, adını “nisyə
dəftəri”nə yazdırıb. Ödəniləcək məbləğ isə kasıb-kusubun, adi
vətəndaşların cibindən gedir…
Yeri
gəlmişkən çox həssas bir məqama da toxunmaq istərdik. Maraqlıdır ki,
dövlət başçısı ilə Əhməd Əhmədzadənin sözügedən bölgəyə səfəri təxminən
eyni vaxta düşür. Yəni, bu ay dekabrın 15-də Azərbaycan Prezidenti
Sabirabad-Saatlı zonasına səfər edib, dekabrın 20-də isə stansiyanın 100
illik yubileyi keçirilib və “Suvarma imperatoru” öz əsabələri ilə
Saatlıda olub.İndi gəlin, bu iki səfər barədə kiçik paralellər aparaq.
El dilində desək, o boyda ölkə Prezidenti öz komandası ilə bütün
qayda-qanunlara riayət etməklə bölgəyə gedib. Kimsə də deyə bilməz ki,
dövlət başçısı kimlərisə başına yığıb yeyib-içməklə məşğul olub. Yaxud,
bunu İlham Əliyevi müşayiət edənlər barədə də söyləmək
qeyri-mümkündür.Di gəl, yuxarıda söylədiyimiz kimi, elə də əhəmiyyəti
olmayan bir “stansiya yubileyi” gündəmə gəlir, orta ranqlı dövlət məmuru
Xanhüseyn Əhmədov öz “sevimli imperatoru”na qucaq açır və onun şərəfinə
dəbdəbəli ziyafət məclisi qurur. İstər Əhməd Əhmədzadə, istərsə də
Xanhüseyn Əhmədov məgər dövlət başçısından nümunə götürə bilməzdilərmi?
Axı, belə vəzifəli şəxslərin bu cür əməllərini sadə insanlar görür,
eşidir və öz qiymətlərini verirlər. Açıq deyək ki, bu təkcə dövlət
vəsaitindən sui-istifadə edib, onu sağa-sola xərcləmək deyil, həm də
iqtidarı gözdən və nüfuzdan salan bir addımdır.
Sonda
“Stansiya”ya yubiley keçirib dövlət əmlakını dağıdanlara bir neçə il
bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin bəzi xəbərdarlıqlarını
xatırladırıq:
– Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdir!
– Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır.

Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı
toylar, yubileylər keçirirlər. Yaraşırmı bu, dövlət məmuruna?

Short URL: http://www.cumhuriyyet.net/?p=15482

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728