Gəncə deputatının biznes imperiyası

19.01.2015 - 13:31

Bir müddət öncə Milli Məclisin deputatı Xanlar Fətiyevin biznesini ölkədən çıxarması ilə bağlı məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, deputat
biznesinin gələcək taleyinin “qaranlıq” olduğunu düşünərək indidən
milyonlarını ölkədən çıxarmağa cəhd edir. Məlumatla bağlı bəzi
araşdırmalar apardıq. Doğrudan da, X.Fətiyevin biznes şəbəkəsinin
olub-olmadığı barədə faktlarla yanaşı, onun kimliyi də maraq kəsb edir.
İlk olaraq deptatın özü haqqında bilgilərlə tanış olaq:
Xanlar Fətiyev kimdir?
Milli
Məclisin “dilsiz” deputatlarından sayılan Xanlar Fətiyev 15 yanvar
1972-ci ildə Bakı şəhərində doğulub. 1988-ci ildə Azərbaycan Memarlıq və
İnşaat Universitetinin sənaye və mülki tikinti fakültəsinə daxil olub.
İş fəaliyyətinə 1988-ci ildə “Azərtransqaz” nəzdində 2 saylı səyyar
mexanikləşdirilmiş dəstədə fəhlə kimi başlayan deputat 1990-1991-ci
illərdə “Betonçu” kooperativində iqtisadiyyat və istehsalat üzrə
mühəndis, 1992-1994-cü illərdə isə həmin kooperativdə sədr vəzifəsində
işləyib.
O,
1994-1997-ci illərdə “Elruz” kiçik müəssisəsində sədr, 1997-2003-cü
illərdə “Avestas” firmasının baş direktoru, 2003-2004-cü illərdə “Aznur”
MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2004-cü ildən bu günə kimi
isə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının
sədri vəzifəsində işləyir. 39 saylı Kəpəz birinci (Gəncə) Seçki
Dairəsindən Milli Məclisə deputat seçilib. Milli Məclisin təhlükəsizlik
və müdafiə komitəsinin üzvüdür. Rəhbərlik etdiyi “Gəncə Avtomobil
Zavodu” İstehsalat Birliyinin direktoru vəzifəsini Kamran Qılman oğlu
Nəzərov, direktorun birinci müavi postunu Bağban Qoca oğlu Nəbiyev,
direktor müavini vəzifələrini isə Şəhla Fərhad qızı Abdinova, Etibar
Vilayət oğlu Qasımov, Amin Allahverdi oğlu Əliyev icra edir. Həmçinin
Fətiyev Gəncə Futbol Federasiyasının sədridir.
Milyonları necə qazandı?
Məlumatlarda
deputatın rəhbərlik etdiyi Gəncə Avtomobil Zavodunda MAZ
555102-223-600, MAZ 551605-271, MAZ 650108-270-011, MAZ 457043, MAZ
533605-222, MAZ 544005-030-030, MAZ 642208-232, MAZ 643008-070- 010, MAZ
651608-220-600, MAZ 953000-014 markalı yük maşınlarının, BELARUS 1221,
BELARUS 132H, BELARUS 320, BELARUS 321, BELARUS 80.1, BELARUS 80X,
BELARUS 82.1, BELARUS 892, BELARUS 921.3 markalı traktorların, eləcə də
DEM-114, ESU-150, FRS-200M, KO-456-10, KO-456-16, KS-55727-1-11, M-21
x2s, MUP-320 və MUP-351 markalı xüsusi təyinatlı texnikaların baha
qiymətə satıldığı vurğulanır. Bundan başqa, 1986-cı ildə əsası qoyulmuş
“Gəncə Avtomobil Zavodu”nun sovetlər birliyinin dağılması nəticəsində
tikintisinin yarımçıq qaldığını və yalnız 2004-cü ilin dekabrında işə
düşdüyünü vurğulayan məlumatı mənbənin sözlərinə görə, deputat zavodun
35 hektar ərazisini də ucdantutma satıb. Onun haqqında yayılmış digər
məlumatlarda isə bildirilir ki, deputat zavodda da çox ciddi maxinasiya
hallarına yol verib.
Gəncədən “fayton gəlir”, yoxsa milyon?..
“Xanlar
Fətiyevin daha bir “keyfiyyəti” Kür çayından Gəncə Avtomobil Zavoduna,
eləcə də Avtomobilçilər qəsəbəsinə gələn 10 kilometrlərlə iri diametrli
dəmir boruların satılaraq mənimsənilməsi zamanı üzə çıxıb. Amma Gəncə
Avtomobil Zavodu bu günə kimi ayrılan külli miqdarda investisiyaya
baxmayaraq, müəssisə müstəqil olaraq heç bir maşın növü istehsal edə
bilməyib. Ötən il ərzində zavodda 1000-ci traktor konveyerdən çıxsa da,
“Aqrolizinq” ASC ilə aralarında bağlanmış 35 milyon manatlıq dəyərində
500 ədəd traktorun qiymətlərini süni olaraq şişirtməklə 10 milyondan çox
vəsaitin mənimsənildiyi iddia olunur. Bundan başqa, qısa müddət ərzində
Gəncədə traktor istehsalının artırılması Belarusdan gətirilmiş texniki
hissələrin gömrük rüsumundan azad olması ilə izah edilir. Lakin ehtiyat
hissələrinin ucuz başa gəlməsinə baxmayaraq, yığılan traktorun qiyməti
25-30 min manata satılır. Yəni Xanlar Fətiyev bu sahədə şəffaflığın
olmamasından yararlanaraq külli miqdarda gəlir əldə etməyə müvəffəq
olur. Yəqin ki, müvafiq dövlət qurumları tezliklə bu məsələyə aydınlıq
gətirəcəklər”, – deyə mənbə bildirir.
Bakıdakı biznesinin izi ilə…
İddia
edilir ki, Xanlar Fətiyevin Gəncə şəhəri ilə yanaşı, Bakıda da biznes
şəbəkəsi yarada bilib. Belə ki, onun paytaxtın Yasamal rayonunda bir
neçə iri biznes obyekti var. Deputat olduğu müddətdə Bakıda özünə iri
biznes strukturları qurmağa müvəffəq olan deputatın Yasamal və Nəsimi
rayonlarında bir neçə apteki və digər obyektləri fəaliyyət göstərir:
“Hələ bu azmış kimi, bu gün də şəhərdə yeni obyektlər də tikdirir. Bu
isə sakinlərin ciddi narazılığına səbəb olur. Buna “Sovetski”də də şahid
olduq. Çünki Xanlar Fətiyevin göstərişi əsasında aparılan tikinti
işləri “Sovetski” sakinlərini evlərindən didərgin düşməyə məcbur etdi.
Ona bu işdə Yasamal Rayon İcra Hakimiyyətinin də köməyi az dəymədi”.
Onu kimlər himayə edir?
Mənbə
bildirir ki, Fətiyev ötən ilin aprel ayında Milli Məclis Aparatının
Ümumi şöbəsinin müdiri Təlatüm Quliyevlə qohum olub. Kürkəni Böyükağa
Quliyev isə AZAL Dövlət Konsernində işləyir. Bundan əlavə, mənbə iddia
edir ki, deputat hər yerdə Baş nazir Artur Rasizadə ilə də yaxın
qohumluq əlaqələrinə malik olduğu deyir. Gəncə Atomobil Zavodunun
rəhbəri olmasını da bununla izah edir. Bu informasiyanın da nə dərəcə
doğru olub-olmadığı bir tərəfə, deputatın Azərbaycan Respublikasının
Konstitusiyasını pozaraq, biznesmenə çevrilməsi ciddi suallar ortaya
qoyur. Çünki qanunda deputatın biznes fəaliyyəti ilə məşğul olması
birmənalı olaraq qadağandır. Maraqlıdır ki, Fətiyevə bu qadağanı pozmağa
kim səlahiyyət verib?
Pullarını niyə ölkədən çıxarır?
Məlumatda
vurğulanır ki, Fətiyevin deputat olduğu bu müddət ərzində bircə dəfə
olsun parlamentin iclaslarında çıxış etməməsi seşçiciləri tərəfindən
həmişə qınaqla qarşılanıb. Maraqlıdır, görəsən, deputat niyə danışmır?
Məgər, onun mətbuat vasitəsilə seçicilərinə, ictimaiyyətə, geniş
auditoriyaya deyəcək sözü yoxdurmu? Yoxdur, çünki deputatı seçicilərinin
problemi deyil, sahib olduğu milyonların gələcək taleyi düşündürür.
Mətbuatda ise Fətiyevin bir neçə açıqlamasına rast gəlmək olar ki, bu da
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi və “Kəpəz” futbol klubu ilə
bağlıdır. Bu məsələ onun üçün daha çox önəm daşıyır. Ona görə də
biznesinin və əldə etdiyi milyonların gələcək taleyi onu daha çox
narahat edir. Cari ildə Milli Məclisə seçilə bilməmək ehtimalı isə
biznesmen deputatı pullarını ölkədən çıxarmaq məcburiyyətində qoyub.
Görəsən, onun bu cəhdlərinə imkan veriləcəkmi?..(arqument.az)
Yazıda adı çəkilən şəxslərin və depuatın da mövqeyini dərc etməyə hazırıq. 

Short URL: http://www.cumhuriyyet.net/?p=15484

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728