Uşaqları baltalayan manyak İonesyan, sıravi Permyakov və Xocalıdakı Sərkisyan…

19.01.2015 - 23:14

Ermənistandakı 102-ci hərbi bazasının sıravi əsgəri Valeri
Permyakovun Gümrüdə Avetisyanlar ailəsinin 5 üzvünü, o cümlədən 2 yaşlı
uşağı qəddarlıqla öldürməsi, 6 aylıq körpəni avtomatın süngü-bıçağına
keçirib ölümcül yaralaması hadisəsi Moskva ilə İrəvan arasında
münasibətləri sarsıtdı.

Həm də ona görə ki, Rusiya bu qəddar cinayəti törədən əsgəri mühakimə olunmaq üçün Ermənistana təhvil verməkdən imtina etdi.

İndi Ermənistanda Rusiya hərbi bazasının ölkədən çıxarılması tələbi
ilə aksiyalar keçirilir, ermənilər haqlı olaraq özlərinə belə sual
verirlər ki, dövlət kimi suverenliklərini Rusiyaya güzəştə getməkdə nə
dərəcədə haqlı idilər.

Sıravi Permyakov Avetisyanlar ailəsini niyə qırdı…

Əsgər Permyakovun Gümrüdə erməni ailəsini qətlə yetirərkən hansı
motivlər əsasında hərəkət etdiyi hələ də qaranlıq qalır. İlkin
versiyalar və Permyakovun özünün verdiyi ifadə belə idi ki, əsgər hərbi
hissədən qaçmaq qərarına gəlib, çox keçmədən su içmək istəyib və bu
məqsədlə pəncərəni sındıraraq Avetisyanların evinə girib.

Valeri Permyakov

Ancaq evin sakinlərindən biri səsə oyanıb və
əsgər onun hərbi hissədən qaçdığını xəbər verəcəyindən qorxaraq həmin
ailə üzvünü güllələyib. Daha sonra səsə ayılan başqa ailə üzvlərini
güllələyib, 6 aylıq uşağa isə güllə açılmadığından süngü-bıçaq işə
salıb.

Şübhəsiz ki, bu versiya ağlabatan deyil və Permyakovun motivləri
haqda ciddi suallara yol açır. Xüsusən də ona görə ki, ekspertiza
Permyakovun hər hansı psixi pozğunluqlarının olduğunu üzə çıxarmayıb.

Ancaq dünən – yanvarın 18-də Rusiya İstintaq Komitəsindəki
mənbələr Permyakovun bu qətli niyə törətdiyinə dair sensasion ifadəsini
yaydılar. 
Orada deyilirdi ki, Permyakov azyaşlı
uşaqları baltalayıb qətlə yetirən erməni Vladimir İonesyana görə qisas
almaq üçün bu hadisəni törədib. Belə ki, İonesyanın qurbanlarından biri
Mişa Kuleşov Permyakovun qohumu imiş və o, qohumunun erməni manyak
tərəfindən necə öldürüldüyünə dair eşitdiyi əhvalatdan dərindən
sarsılaraq bu əməli törədib.

Maraqlıdır ki, erməni mənbələri Permyakovun istintaqa verdiyi bu
ifadə haqda xorla susdular və heç bir mənbədə hələ də Gümrüdəki qətlə
dair yazılarda İonesyan adlı erməni manyakın adına rast gəlinmir.

Bəs bu, hansı İonesyandır və ermənilər onun haqqında niyə susmağa üstünlük verirlər?

Virtualaz.org saytı yaxın tarixin – ötən əsrin 60-cı
illərinin arxivinə qayıdaraq internet mənbələrindən manyak İonesyan və
onun törətdiyi dəhşətli əməllər haqda maraqlı materiallar aşkar edib.

Vladimir İonesyan

Vladimir İonesyan, ləqəbi “Mosqaz”…

Belə məlum olur ki, Gümrüdəki qəddar cinayəti törətmiş sıravi
Permyakovun adını çəkdiyi Vladimir Mixayloviç İonesyan ilk sovet seriya
qatillərindən biri, bəlkə də birincisi olub.

İonesyan 1937-ci ildə Tiflisdə anadan olub, milliyyətcə ermənidir.
Uşaqlıqda yaxşı mahnı oxuyurmuş və valideynləri onun vokal qabiliyyətini
həvəsləndirirmiş.

Orta məktəblə yanaşı musiqi məktəbini də bitirən İonesyanı Tiflis
Dövlət Konservatoriyasına yaxşı tələbə kimi imtahansız qəbul edirlər.
İkinci kursdan o, teatra işləməyə gedir və 1963-cü ilin dekabrına qədər
orada işləyir.

İonesyanın bioqrafiyası haqda ziddiyyətli məlumatlar var. Bəzi
mənbələrə görə, o, məktəbdə oxuyanda atasını maliyyə maxinasiyalarına
görə həbs ediblər. İonesyan özü isə məktəbi bitirəndə oğurluğa görə
tutub 5 il şərti iş veriblər.

Həmçinin belə deyilir ki, İonesyanı əsgərliyə çağırdıqları üçün
konservatoriyanı atıb. Əsgərliyə yararsız olduğu haqda həkimlərdən kağız
alsa da hərbi komissarlıqda kağızı cıraraq onu ordudan yayınmaq
ittihamı ilə həbs ediblər.

Bəzi mənbələrə görə, İonesyan doğrudan da əsəb xəstəsi imiş, bəzi
mənbələr isə valideynlərinin onu bu adla əsgərlikdən saxlamağa
çalışdıqlarını deyir. Ordudan yayınmağa görə iki il yarım həbs cəzası
alan İonesyan azadlığa buraxılandan sonra yenidən əsgərliyə çağrılır. Bu
dəfə də onu əsəb dispanserinə qaytarırlar və nəhayət xidmətə yararsız
olduğu haqda sənəd verib buraxırlar.

Oğru və musiqili komediya teatrının işçisi

Bir müddət sonra İonesyan Tiflis konservatoriyasının Medeya adlı
məzunu ilə evlənir, ondan bir oğlu olur. Özünə yaxşı iş tapa bilməyən
İonesyan qrup halında oğurluğa girişir, tutulur və 5 il şərti həbs
cəzası alır. Arvadı onu oğru yoldaşlarından ayırmaq üçün İonesyanla
birlikdə Orenburqa köçür. İonesyan orada musiqili komediya teatrında
solist-tenor, bəzi məlumatlara görə isə konsertmeyster işləməyə
başlayır.

Və İonesyanın həyatında dönüş də buradan yaranır. 1963-cü ilin
noyabrında Orenburq teatrında işləməyə Kazandan arvadı ilə birlikdə
hansısa rəssam gəlir. O da öz növbəsində özüylə balerina Alvetina
Dmitriyevanı (1942-ci ildə anadan olub) Kazana gətirir. Rəssamın ailəsi
və Alvetina İonesyanın ailəsi ilə qonşuluqda məskunlaşır. Çox keçmədən
Vladimirlə Alvetina arasında məhəbbət romanı başlayır.

Alvetina Dmitriyeva

Ancaq teatrın direktoru Alvetinanın işindən
narazı idi və onun teatra yaramadığını, yaxşı rəqs edə bilmədiyini deyib
qızı işdən çıxarır. İonesyan sonradan dindirmədə deyirdi ki, bu hadisə
onu sarsıtmışdı və “bütün mənalarda çox yaxşı adama” kömək etməyi qərara
aldı.

İonesyan Alvetinaya təklif edir ki, birlikdə İvanovo şəhərinə
köçsünlər. Orada erməninin keçmiş rejissor olan tanışı yaşayırdı.
Alvetinaya görə İonesyan ailəsini və uşağını atır, işdən çıxır. Ancaq
Alvetina onunla getmək istəmirdi və İonesyan qızı inandırmaq üçün
yalandan KQB işçisi olduğunu, öz əlaqələrindən istifadə edib onu Böyük
Teatrda işə düzəldəcəyini deyir.

Ancaq İvanovoda İonesyanın işləri gətirmir, o, Alvetina ilə birlikdə
Moskvaya yollanır. Alvetinanı aldadır ki, Almaniyada ölən dayısı ona
Moskvada xeyli mal-mülk miras qoyub. Moskvada Vladimir və Alvetina Riqa
vağzalının yaxınlığında kirayə ev tuturlar. Ancaq Dmitriyevanı paytaxt
teatrlarından heç biri işə götürmür və pulsuz qalan İonesyan köhnə
sənətinə – oğurluğa əl atır. Tez-tez oğurluğa gedərkən Alvetinanı
aldadır ki, KQB-nin tapşırığı ilə müxtəlif mühüm vəzifələri yerinə
yetirməlidir.

Moskvanı qorxuya salan qətllər: şəhərdə amansız manyak peyda olur

1963-cü il, dekabrın 20-dən başlayaraq Moskvada törədilmiş amansız
qətllər bu böyük şəhərin əhalisini qorxuya saldı. Şəhər cəmi bir neçə
gün ərzində mühasirədəki qalaya çevrildi, ölümcül qorxmuş adamlar
qapılarına yeni qıfıl alır, pəncərələrinə dəmir barmaqlıqlar salır,
kişilər ciblərində qatlama bıçaqla və ya mətbəx bıçağı ilə gəzir,
uşaqlar ancaq qrup halında küçəyə çıxır.

“Mosqaz”ın bir neçə işçisi isə qəddarcasına döyüldükdən sonra milisə təhvil verilir.

Şəhərin bütün vağzalları, aeroportları, metro stansiyaları və avtobus
marşrutları nəzarət altına alınır, mülki geyimli əməliyyatçılar
küçələrdə növbə çəkir. Ancaq həmin qəddar qətli törətmiş qafqazlını
(şahid ifadələri manyakın qafqazlı görkəminə malik olduğunu demişdi)
yaxalamaq heç cür mümkün olmurdu və o, hər dəfə aradan çıxırdı.

Qanlı manyakın ilk qurbanı 11 yaşlı Kostya Sobolev olmuşdu. 1963-cü
il, dekabrın 20-də Moskvanın Sokol rayonunda, Baltiysk küçəsində hava
təzəcə işıqlaşmışdı ki, hündürboy, yaxşı görkəmli kişi peyda oldu. O,
özünü “Mosqaz” əməkdaşı kimi təqdim edərək əminliklə mənzillərə zəng
edir, qaz plitələrinə profilaktik baxış keçirirdi. Əslində isə o, təkcə
qaz plitələrinə deyil, mənzillərə də baxış keçirirdi: mebellər
hansındandır, divarda şəkillər varmı, servantda qiymətli əşyalar
saxlanılırmı, ən əsası isə gündüzlər evdə kim olur.

Sadəlövh yaşlı qadınlar qayğıkeş qaz nəzarətçisinin cibindən
çıxardığı dəftərə həvəslə imza atır, mənzillərində qaz cihazlarına baxış
keçirildiyini təsdiq edirdilər. Onu tez-tez çaya, peçenyeyə qonaq
edirdilər, isinmək üçün evə çağırırdılar. Ancaq nəyə görəsə heç vaxt
qulaqlarını arxadan bağladığı qulaqlı papağını başından çıxarmayan
“nəzarətçi” nəzakətlə rədd cavabı verirdi, işlərinin çox olduğunu deyib
gedirdi. Mənzillərdən biri kasıb olduğu üçün onun xoşuna gəlmirdi,
digərində gündüzlər iki-üç adam olurdu. Nəhayət, on birinci mənzil onun
xoşuna gəldi. Qapını nəyə görəsə onu görəndə qorxan oğlan uşağı açdı.

“Mosqaz”-qafqazlı özünü təqdim edir: -Plitə qaydasındadır? Qaz sızması yoxdur ki?

-Bilmirəm,-oğlan cavab verir.-Özünüz baxın.

-Bəyəm sən evdə təksən?- “nəzarətçi” maraqlanır.

-Təkəm,-uşaq cavab verir.

-Bəs niyə belə hirslisən?

-Hirsli deyiləm, sadəcə tez oyanmışam. Ev tapşırığını həll eləyə bilmirəm, cavabı düz çıxmır.

-Hə? Bu ki boş şeydir, biz indi bu məsələni həll edərik. Ancaq sən əvvəlcə qaz plitəsini göstər.

-Odur, baxın,-oğlan mətbəxə tərəf addımlayır.

Və bu addım onun həyatının son addımı olur. Onun arxasınca addımlayan
“nəzarətçi” çantasından baltanı çıxarır və var gücü ilə uşağın başından
zərbə endirir. Sonra yenə və yenə balta zərbələri. Oğlanın öldüyünə
əmin olan “nəzarətçi” qiymətli əşyaları axtarmağa başlayır. Ancaq
qəniməti elə də çox  olmur: uşaq sviteri, bir flakon ucuz odekolon,
günəş eynəyi və 60 rubl pul.

Vladimir İonesyan

Qapını səliqə ilə bağlayan qatil küçəyə çıxır və
Alvetinanın görüşünə gedir. Qız sevincindən atılıb-düşür. Özünü
sevgilisinə “KQB işçisi” qələmə vermiş qatil “vəzifəni uğurla yerinə
yetirdiyini” deyir.

“Bəs bizim Mərkəzu Univermaqdan aldığımız balta işə yaradı?” – qız soruşur.

“İşə yaradı. Mən Vətənin qoyduğu vəzifəni yerinə yetirdim və o yaramazı həmin balta ilə öldürdüm”- qatil deyir.

“Bəyəm o ölümə layiq idi?” – qız soruşur.

“Özü də necə! O, ölkəmizə böyük zərbə vura bilərdi. KQB mayoru kimi
mən bu tipi aradan götürmək əmri almışdım və əmri yerinə yetirdim. Sən
isə mənə kömək etdin, bu da kiçik hədiyyə”- manyak öldürdüyü uşağın
sviterini ona verir.

Bir gündə üç “tapşırıq”

İonesyan və sevgilisi həmin gün Moskvanı tərk edib qatarla İvanovoya
yola düşür. Qatil Alvetinaya deyir ki, əmrə əsasən Moskvanı təcili tərk
etməlidir. İvanovoda onlar təsadüfən rastlaşdıqları qadının mənzilində
kirayə qalırlar. Bir-iki gün şəhərdə dolaşandan və izlənilmədiyinə əmin
olandan sonra “KQB mayoru” yeni qurbanını axtarmağa başlayır.

Dekabrın 25-də o, İvanovoda eyni üsulla ikinci, üçüncü və dördüncü
qətli törədir. Özünü “qaz işçisi” kimi təqdim edərək Kalinina
küçəsindəki mənzillərdən birinə daxil olur. Həmin vaxt evdə tək olan 12
yaşlı Mixail Kuleşovu baltalayaraq öldürür, onun pencəyini, koftasını,
iki avtoqələmini və bir neçə istiqrazı götürərək evdən çıxır.

Çox keçmədən başqa mənzildə 74 yaşlı qadını baltalayıb öldürür və
onun mənzilindən cib fonarını, 70 qəpik pulu götürərək gedir. Daha sonra
yenidən Kalinina küçəsinə qayıdaraq mənzillərdən birində 15 yaşlı
Qalina Petropavlovskayanı zorlayır, sonra başına balta ilə bir neçə dəfə
zərbə endirir. Mənzildən sviter, kofta, dəsmal və 90 rubl pul götürüb
gedir. Ağır yaralanan qız təsadüfən sağ qalır və İonesyanın zahiri
görkəmini təsvir edə bilir.

Qəddar qətlləri törədəndən sonra İonesyan balerina sevgilisinin
yanına qayıdır. Ona deyir ki, iş günü çox ağır olub, öldürməli olduğu
tiplərdən biri sərt müqavimət göstərib və sifətini cırmaqlayıb. Əslində
isə bu, İonesyanın zorladığı Qalinanın barmaq izləri idi. Həmin gün
axşam İonesyan və Dmitriyeva İvanovodan qaçırlar.

Erməni manyak sevgilisinə deyir ki, “dövlət tapşırığını” yerinə
yetirdiyi üçün onu öldürə bilərlər və bu səbəbdən qaçmaq lazımdır.
İonesyanla Dmitriyeva Moskva istiqamətində 10 kilometr piyada getdikdən
sonra avtobusa minirlər.

Dekabrın 26-da Moskvaya gələn İonesyan və
Dmitriyeva Riqa vağzalının yaxınlığında Korenkova adlı qadının
mənzilində kirayə qalırlar. Həmin vaxt İvanovoda törədilmiş qəddar
qətllər haqda xəbər Moskvaya yayılmışdı və məlum olurdu ki, bütün bu
cinayətləri eyni adam törədir.

İşi SSRİ rəhbərliyi nəzarətə götürür, Sov.İKP MK-nın birinci katibi
Nikita Xruşşovun əmri ilə Nazirlər Kabinetinin sədri Aleksey Kosıgin
istintaqa nəzarət etməyə başlayır. Daxili işlər naziri, KQB sədri
istintaq qrupunda yer alır.

Manyak yenidən Moskvada, 11 yaşlı Saşa növbəti qurbandır

Lakin qatili tutmaq üçün göstərilən bütün səylər boşa çıxırdı. Qatil
azadlıqda gəzirdi. Üstəlik dekabrın 28-də o, pusqudan çıxır və yeni iş
dalınca gedir. Bu dəfə qatil özünü “Mosqaz” işçisi kimi təqdim edib
Leninqrad prospektindəki mənzillərdən birinə daxil olur və 11 yaşlı Saşa
Lisovetsi eyni amansız üsulla – balta ilə doğrayaraq öldürür.

Mənzildəki qanlı izlərdən məlum olurdu ki, uşaq birinci zərbədən
sonra qaçıb xilas olmaq istəyib və tualetdə gizlənib, ancaq manyak
qapını sındıraraq onu orada öldürüb. Uşağın qətli qəddarcasına
törədildiyi kimi mənasız idi: sadist evdən nə pul, nə əşya aparmamışdı,
şkaf olan otağın qapısı qıfıllı olduğundan onu aça bilməmişdi.

Manyak iki həftə “işsiz” oturur və Yeni il tətilindən sonra orijinal
ssenari tətbiq edərək hərəkətə keçir. Həmin günlərdə Şeremetyevo
küçəsində yeni təhvil verilmiş binaya sakinlər köçürdü. Mənzillərdə
çatışmazlıqlar çox idi və İonesyan məhz bundan istifadə etməyi qərara
alır. Özünü tikinti trestinin işçisi kimi təqdim edərək mənzillərdəki
çatışmazlıqları qeydə almağa başlayır. Sakinlər onu həvəslə içəri
buraxırdılar və İonesyan görülməli işləri öz bloknotuna qeyd edirdi.

Köhnə televizor qatili necə ələ verir

Nəhayət, o, Mariya Yermakovanın mənzilinə gəlir. Qadının şikayəti çox
olduğundan İonesyan ona təklif edir ki, oturub bütün şikayətlərini
yazsın. Qadın stula oturur və vərəq götürüb “Ərizə” sözünü yazır. Ancaq
bu, onun edə biləcəyi son hərəkət olur. İonesyan çantasından baltanı
çıxardaraq qadının başına zərbələr endirir. Evdən saat, corablar,
pryanik, 30 rubl pul və “Start-3” markalı köhnə televizoru götürüb
çıxır.

Sonradan təhqiqatçılar etiraf edirdilər ki, İonesyan həmin televizora
tamah salmasaydı, bəlkə də heç vaxt ələ keçməzdi. Və budur, döşəkağına
bükülmüş televizor aparan kişi küçədə peyda olur və yoldan keçən
maşınlara əl edib onu da aparmalarını istəyir. Nəhayət, “samosval” tipli
yük maşınının sürücüsü əyləcə basır və İonesyan maşına oturur.

Bu vaxt sahə müvəkkili Malışev təsadüfən səhnəni
görür və şübhələnir, hər ehtimala qarşı maşının nömrəsinin son
rəqəmlərini yadda saxlayır – 96.

Həmin axşam Malışev 46 yaşlı qadının qətli və evindən televizorun
oğurlanması haqda eşidir. “Təsadüfən bu, həmin televizor deyildi
ki?”-Malışev fikirləşir və tez cinayət axtarışı idarəsinə zəng edir.

Əməliyyatçılar tezliklə “samosval”ın nömrəsini müəyyən edirlər: MOJ
96-26. Sürücünü yuxudan oyadırlar, o, təsdiq edir ki, tanımadığı şəxsi
maşına götürüb və Riqa vağzalı tərəfdə düşürüb.

Geridə qalanı artıq işin texnikası idi. Tezliklə müəyyən edilir ki,
İonesyan oğurladığı televizoru qonşuluqda yaşayan qadına satıb.
Əməliyyatçılar qatilin izini tapdıqları haqda dərhal nazirə, o da öz
növbəsində Kosıginə, Kosıgin isə Xruşşova məruzə edir.

Bütün Moskva milisi həyəcan siqnalı ilə ayağa qaldırılır. İonesyanın
qaldığı mənzilə daxil olan əməliyyatçılar orada balerinanı görürlər.

-Hanı o?-qəzəbli əməliyyatçılar Alvetinadan soruşur.

-Bilmirəm, yəqin yenə hansısa tapşırıq dalınca gedib.

-Nə tapşırıq? Nəyi nəzərdə tutursan?

-Vətənin tapşırığı,-Alvetina fəxrlə cavab verir,-əgər sizi detallar
maraqlandırırsa, KQB-yə zəng edin. Volodya orada xidmət edir, mayordur.

Bu gözlənilməz xəbərdən heyrətə düşən əməliyyatçılar dərhal daxili
işlər nazirinə, o da öz növbəsində KQB sədrinə zəng edir. KQB sədri gecə
yarısı olmasına baxmayaraq bütün strukturu ayağa qaldırır. Kadrlar
şöbəsinin işçiləri kartotekaları qarışdırır, generallar polkovnikləri,
polkovniklər mayorları ora-bura qovur.

Nəhayət, bir neçə saatlıq araşdırmadan sonra məlum olur ki, KQB-də
İonesyan Vladimir adlı heç bir əməkdaş xidmət etmir və etməyib.

Nəhayət, “Mosqaz” yaxalanır…

Alvetinanı dindirən əməliyyatçılar öyrənirlər ki, İonesyanın növbəti “tapşırığı” Kazanda olacaq.

“Mən onu Kazanda, vağzalda qarşılayacam, artıq bilet almışam və sabah ora gedirəm”-balerina cavab verir.

Əlbəttə ki, Alvetinanı dərhal həbs edib təkadamlıq kameraya salırlar.
Mənzildə axtarış aparan əməliyyatçılar manyakın qurbanlarının
əşyalarını aşkar edirlər. Həmçinin İonesyanın sonrakı marşrutunu
göstərən qeydləri tapırlar-İvanovo, Kazan, Ryazan, Yaroslavl,
Orenburq…

İonesyanın heç yerdə fotosu olmadığından əməliyyatçılar onu üzdən necə tanıyıb yaxalamağı bilmirdi.

İctimai asayişin mühafizəsi naziri Tikunov

RSFSR ictimai asayişin mühafizəsi naziri (indiki
daxili işlər naziri) bütün təcrübəli əməliyyatçıları gecə yarısı
kabinetinə yığıb əməliyyat planı hazırlayır.

Plana əsasən qismən Alvetinaya oxşayan əməliyyatçı qadın qrimlənərək
Kazan vağzalında İonesyanı qarşılamalı idi. Plan baş tutur və İonesyan
yanvarın 12-də Kazan vağzalında qatardan çıxan kimi perronda onu
gözləyən “sevgilisi”inə tərəf qaçır, dərhal yaxalanır. Yanvarın 13-də
radio ilə elan edilir ki, ölkəni lərzəyə salan manyak nəhayət yaxalanıb.

Nikita Xruşşov

Belə məlumatlar var ki, İonesyanı yaxaladıqdan sonra onu baş prokuror Rudenkonun və Xruşşovun yanına aparıblar. Xruşşov İonesyana baxıb və deyib: “Elə edin ki, iki həftə sonra bu adam mövcud olmasın”.

Prokurorluq bu əmrə əsasən İonesyanın istintaqını bir neçə günə
tamamlayır, manyak törətdiyi bütün qətlləri boynuna alır. Birinci qətli
pula görə törətdiyini deyir, o biri qətlləri izah edə bilmir. Əsəb
xəstəsi olduğunu deyir. Məhkəmə bir neçə günə hökmü çıxarır və iki
həftədən sonra İonesyan güllələnir. Onun cinayət ortağı olan Alvetina
isə 15 il həbsə məhkum edilir, sonradan cəzasının yarısını çəkəndən
sonra azadlığa buraxılır.

SSRİ rəhbərliyi göstəriş verir ki, qəddar manyakın
törətdiyi cinayətlərin ölkədə əlavə xof yaratmaması üçün onun məhkəməsi
qapalı keçirilsin. KİV-lərdə isə qısa rəsmi informasiya verilsin. Bu
səbəbdən İonesyanın törətdiyi cinayətlərin motivi və manyakın işinin
digər detalları indiyə qədər də qapalı qalıb. Onun dindirilməsinə dair
istintaq protokolları yalnız 2012-ci ildə mətbuata sızıb. İonesyanın
əməlləri barədə filmlər, seriallar çəkilib.

Xocalıdakı İonesyanlar…

Bu dəhşətli seriya qatilin hekayəsini bu cür geniş verərək oxucuları
yormaqda məqsəd heç də əsgər Permyakovun Gümrüdə törətdiyi əmələ bəraət
qazandırmaq deyil. Dünyanın harasında olursa olsun, günahsız insanların,
xüsusən uşaqların, körpələrin qətli qeyri-insani əməl kimi
pislənililir.

Ancaq manyak İonesyanın əhvalatı və sıravi Permyakovun onun öldürdüyü
qohumuna görə qisas almaq üçün törətdiyi bu əməl yaxın keçmişdə, çox da
uzaq olmayan 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində
törədilmiş amansız qətliamı – yüzlərlə uşaq, qadın və qocanın
öldürüldüyü soyqırımı bir daha yada salır.

Cinayətkarın, manyakın milliyyəti olmur və biz bu fikrə şübhə
etmirik. Lakin istər-istəməz azyaşlı uşaqları baltalayıb xüsusi
amansızlıqla öldürən erməni İonesyanla Xocalıda bir neçə aylıq
körpələri, hətta doğulmamış, ana bətnindəki körpələri süngüləyib
öldürən, qadınları, qocaları, digər müdafiəsiz insanları öldürməkdən
zövq alıb sonradan bunu qəhrəmanlıq nümunəsi kimi təbliğ edən ermənilər
arasında bənzərliklər çoxdur, elə deyilmi?

Serj Sərkisyan

İndi Ermənistanda prezident kürsüsündə oturan
Serj Sərkisyan, onun müdafiə naziri Seyran Ohanyan, azərbaycanlı
körpələrin erməni döyüşçüləri tərəfindən necə amansızlıqla öldürüldüyünü
“əsərlərində” gen-bol təsvir edən bədnam yazıçı Balayan, bu soyqırımda
şəxsən iştirak edən digər erməni “xadimləri” İonesyandan nə ilə
fərqlənirlər? 
Ancaq qurbanların sayının qat-qat çox olması ilə.
Bir də onunla ki, İonesyan özünü “Mosqaz” işçisi kimi təqdim edirdi,
Xocalı qətliamını törədənlər isə özlərini “Artsaxın azadlığı uğrunda
mübarizlər” kimi daha pafoslu adla tanıdırdılar. Sanki 1992-ci ilin
fevralında Xocalıda Sərkisyanın və digərlərinin daxilində, ruhunda yatıb
qalmış İonesyanlar oyanmışdı və onlar öz qurbanlarını sadəcə
azərbaycanlı olduqları üçün İonesyan kimi xüsusi qəddarlıqla, hətta daha
da amansız formada ucdantutma öldürürdülər.

Və indi 19 yaşlı sıravi Permyakov vaxtilə qohumlarından eşitdiyi
əhvalatdan – erməni manyakın onun azyaşlı qohumunu necə öldürməsindən
sarsılaraq qisasını öz bildiyi kimi alır.

Deməli, qisas qiyamətə qalmaz və gün gələcək ki, Xocalı qətliamına
görə də ruhunda “İonesyanlar” gizlənmiş …yanlardan qisas alan
tapılacaq…

Fərhad Məmmədov, Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=15507

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728