Ərdoğan-Netanyahu düşmənçiliyinin pərdəarxası

20.01.2015 - 02:09

Münasibətləri normallaşmağa başlayan Türkiyə ilə İsrail arasında
yenidən gərginlik yaşanır. İsrail XİN-in rəhbəri Aviqdor Liberman
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “xuliqan və antisemit”
adlandırdı. İsrailin Fələstinə qarşı tutduğu mövqe ilə bağlı münasibət
bildirən Liberman bu fikirləri ölkə səfirləri ilə görüşü zamanı
söyləyib. “Xuliqan Ərdoğan və onun dəstəsinin antisemit bəyanatına qarşı
Avropanın sivil və siyasi korrektə edilmiş susqunluğu bizi 1930-cu
illərə qaytarır”, deyən Libermanın sözlərini “Jerusalem Post” qəzeti
dərc edib. 

Xatırladaq ki, bir müddət əvvəl Ərdoğan Qərbi
ikili standartlarda və islamofobiyada ittiham etmişdi. Ərdoğanın bu
reaksiyası Qərbin Fransanın “Charlie Hebdo” jurnalına terrorçuların
hücumundan sonrakı reaksiyasına cavab idi. Ərdoğan konkret olaraq,
İsrailin Baş naziri Benyamin Netanyahunu ittiham edirdi. “Dövlət
terrorunun tərkib hissəsi olan, Qəzzada 25 min insanın ölümünə şərik
olan bir insanın Parisdə terrora qarşı yürüşdə iştirakı nə qədər
səmimidir? O buna necə cürət edir?”, deyən Ərdoğan İsraildən Qəzzada
öldürülən qadın və uşaqlara görə hesab verməsini istəmişdi.
Öz
növbəsində Türkiyənin Baş naziri Əhməd Davudoğlu Netanyahunun
əməllərini terrorçuların Parisdəki hücumları ilə müqayisə edib: “İsrail
hökuməti və onun rəhbəri Netanyahu Qəzzada çimərlikdə oynayan uşaqları
öldürür, minlərlə evi dağıdır və fələstinlilərin öldürülməsini təbii bir
hal kimi qəbul edirlər. Bu, normaldırmı? Bundan əlavə, onlar bizim
Qəzzaya humanitar yardım aparan gəmimizə hücum edir, günahsız insanları
öldürür, bunu beynəlxalq sularda edir. Bütün bunların Fransada
terrorçuların hücumuna məruz qalan jurnalın əməkdaşlarının öldürülməsi
ilə heç bir fərqi yoxdur. Mən əminəm ki, İsrail rəhbərliyi və konkret
olaraq, Baş nazir Benyamin Netanyahu Fələstin xalqının başına açdıqları
müsibətə, kütləvi qırğınlara görə cavab verməli olacaq”. 
Xatırladaq
ki, hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən İsrail və Türkiyənin
münasibətləri 31 may 2010-cu ildə İsrail xüsusi təyinatlılarının
humanitar yüklə Qəzzaya yollanan “Mavi Mərmərə” gəmisinə hücumundan
sonra gərginləşdi. Hücum nəticəsində 9 Türkiyə vətəndaşı öldürüldü,
Ankara Təl-Əvivlə münasibətlərə yenidən baxacağını elan etdi və
ölənlərin ailələrinə üzrxahlıq və təzminat ödənilməsini İsrail
tərəfindən tələb etdi. İsrail bildirdi ki, onlar öz təhlükəsizliklərinə
təhlükə hesab etdiyi bir əməliyyatın qarşısını alıb və bunun üçün heç
kimdən üzr istəmək fikrində deyillər. Buna cavab olaraq, Ankara İsraillə
münasibətləri ikinci sort elan etdi, hərbi əməkdaşlığı dondurdu və öz
səfirini geri çağırdı. O zaman vəziyyətin nəzarətdən çıxdığını görən ABŞ
Prezidenti Barak Obamanın İsrail baş nazirinə zəngindən sonra Təl-Əviv
Ankaradan üzr istədi. Çoxları elə hesab etdilər ki, insident bununla
başa çatır, amma deyəsən hər şey yenidən başlanır. 
Beləliklə,
“Bizim Yol” əməkdaşı rəsmi Ankara ilə Təl-Əvivin münasibətlərinin
yenidən gərginləşməsinin səbəbləri və bunun nə ilə nəticələnəcəyi barədə
bu ölkələrin politoloqları ilə həmsöhbət olub.  
“Bu siyasət Türkiyənin bölgədə lider dövlətə çevrilməsini şərtləndirir”
Türkiyənin
tanınmış siyasi şərhçisi, Beynəlxalq Strateji Baxış İnstitutunun
(Uluslararası Stratejik Bakış Enstitütü) prezidenti Yusuf Çinar:
“Fələstin məsələsi Türkiyə hakimiyyətinin və cəmiyyətinin daima maraq
dairəsində olan həssas bir məsələdir. Ədalət və İnkişaf Partiyası (AKP)
mühafizəkar bir iqtidar qüvvəsidir və Fələstində yaşanan istənilən
gərginliyə Türkiyə rəhbərliyi tərəfindən sərt təpkilər gəlir. Təbii ki,
burada daxili publikaya oynamaq meylləri də yox deyil. Ərdoğanın
liderliyində Fələstindəki müsəlman qardaşlarımızı müdafiəyə yönəlik
istənilən bəyanat və beynəlxalq arenada atılan addımlar daxildə AK
Partinin nüfuzunu xeyli dərəcədə yüksəldir. Ökə ekspertlərinin çoxu
məhz bu qənaətdədir. 
On iki illik AK Parti iqtidarı Fələstinə
qarşı bir haqsızlığın olacağı təqdirdə bunun, Türkiyənin liderliyi ilə,
bölgənin müsəlman dövlətləri tərəfindən həll ediləcəyi mümkünlüyü
imicini yarada bilib və indi də bu imicin möhkəmləndirilməsi
istiqamətində müəyyən addımlar atılmaqdadır. İndi Ərdoğanın bəhs etdiyi
liderliyin arxasında bölgə dövlətləri ilə birgə dağıdılmış Fələstini
bərpa etmək və İsraili 1967-ci il sərhədlərinə çəkmək planları durur. Bu
siyasət bu gün Türkiyənin bölgədə lider dövlətə çevrilməsini
şərtləndirən xaric siyasətin özəyini təşkil edir. 
Odur ki,
Türkiyə Fələstinin müdafiəsinə yönəlik bəyanatları tez-tez dilə
gətirməkdə davam edəcək. Türkiyənin bölgədə prestiji, ərəb dövlətləri
arasında qazandığı sevginin kökündə məhz Fələstin amili durur. Bu da
faktdır ki, bu günə qədər heç bir ərəb dövlətinin lideri ABŞ və ya
İsrailin BMT-də Fələstinin lehinə olan qərarlarını veto etməsinə Ərdoğan
qədər sərt təpgi göstərməyib. Odur ki, Ərdoğan hakimiyyəti bu siyasəti
davam etdirdikcə, yaxın müddətdə İsrail və Türkiyə arasında
yaxınlaşmanın olacağını və buzların əriməsini gözləmirəm”. 
“Ərdoğan Yaxın Şərqdəki bütün problemlərin səbəbkarı olaraq İsraili görür”
Yusuf
Çinarın fikrincə, hazırda iki ölkə arasında münasibətlər sıfıra yaxın
bir dərəcədədir: “2008-2012-ci illərdə Türkiyənin İsraildəki səfirinin
mətbuat attaşesi, Qafqaz üzrə mütəxəssis Arye Qutun da qeyd etdiyi kimi,
Ərdoğanın müsəlman-ərəb dünyasına liderlik etmək istəyi Ankara –
Təl-Əviv münasibətlərinin strateji əməkdaşlıq xarakterinə son verdi.
Ərdoğanın İsrailə qarşı olan münasibəti və sözləri Türkiyə dövlətinin
deyil, məhz Prezidentin şəxsi maraqlarına xidmət etməkdədir. Ərdoğanın
siyasi oyunlarının nəticəsi olaraq iki ölkə arasında ticarət
dövriyyəsinin həcminin dəfələrlə azalması da dediklərimizin sübutudur. 
Bu
gün Ərdoğan bütün ölümcül günahların səbəbini İsraildə görür, məhz onu
Yaxın Şərqdəki bütün problemlərin səbəbkarı sayır, amma nədənsə
Türkiyənin bu gün də Suriyaya gedən terrorçular üçün tranzit ölkə olaraq
qalmasını unudur. Türkiyənin göz yumması ilə islamçılar və Əsəd
qüvvələri arasında başlayan savaş “İslam dövləti” kimi təhlükəli bir
terror qüvvəsinin ortaya çıxması üçün münbit şərait yaratdı. Unutmayaq
ki, bir zamanlar Ərdoğan Bəşər Əsədi “qardaşım” deyə çağırardı. Sonda
oynanan oyun nəticəsində bu qanlı coğrafiyada 80-100 min arası insan
öldü, “Həmas”ın qərargahı Qətərdən Türkiyəyə köçürüldü. Ərdoğanın
hakimiyyəti dövründə Türkiyə radikal İslam tərəfdarlarına doğru bir
dönüş etdi. Maraqlıdır ki, bu gün Türkiyənin İsrailə qarşı tutduğu
mövqe, hətta İranın tutduğu mövqedən daha radikal görünür”.
“Biz neyləyək ki, Türkiyəyə bütün əzaları ilə İsrailə nifrət edən bir insan rəhbərlik edir?”
İsrailli
publisist və ictimai xadim Aviqdor Eskin: “İsrail bu gün konstruktiv
siyasət həyata keçirir. Bu siyasət çərçivəsində İsrail Türkiyə ilə
münasibətlərin düzəldilməsi üçün çox addımlar atıb. Amma biz neyləyək
ki, bu gün qonşu dövlətin başında bütün əzaları ilə İsrailə nifrət edən
bir insan dayanıb? Odur ki, mən hesab edirəm ki, Ərdoğanın bu qədər
təhqirləri və iddiaları qarşısında İsrail rəhbərliyinin cavabı olduqca
zəif və yumşaqdır. Belə zəif cavabları “Mavi Marmara” insidentinə qədər
vermək olardı. İndi daha sərt reaksiya vermək lazımdır. 
Türkiyənin
xeyir-duası ilə Qəzzaya 5 gəmi göndərilməsi birbaşa aqressiya aktı idi.
Bu gəmilərdən birini saxlamaq istəyən israilli əsgərlərə hücum edilib
və onlar öz həyatlarını qurtarmaq üçün atəş açıblar. Məncə, bu baş
verənlərdən sonra İsrail Türkiyədən üzrxahlıq tələb etməli və
kompensasiya tələb etməliydi. Lakin bunun əksi baş verdi ki, bu da
olduqca absurd vəziyyətdir. Məni birtərəfli mövqe tutmaqda ittiham
edənlərə konkret misal çəkim: təsəvvür edin ki, sabah biz Türkiyə ilə
savaşan terrorçu PKK-ya kömək gəmisi göndəririk. Maraqlıdır, o zaman da
Ərdoğan bu yardımı humanitar missiya sayacaqmı? Təbii ki, yox. Odur ki,
baş verənlərə türk və yəhudi gözü ilə deyil, obyektiv baxmaq lazımdır”. 
“Sabahdan biz də başlayırıq PKK-nı dəstəkləməyə…”
Türkiyə
ilə münasibətlərin korlanmasından İsrailin nələr itirməsinə gəldikdə,
Aviqdor Eskin hesab edir ki, bu gün bu iki dövlətin münasibətinin
pisləşməsinə yalnız hər iki dövlətin düşmənləri sevinə bilər: “Ankara və
Təl-Əvivin münasibətlərinin bu həddə qədər gərilməsi xoşagəlməz
reallıqdır. İtirən təkcə biz deyil, həm də Türkiyədir. Amma yenə
deyirəm, bu gün Ərdoğan “Həmas”ı dəstəkləyir. İndi təsəvvür edin ki, biz
də başlayırıq sabahdan kürd terrorçularını dəstəkləməyə. Bu halda
regionda nələrin baş verəcəyini proqnozlaşdırmaq belə çətindir. Yeni
qanlar və yeni qurbanlar Ərdoğana lazımdırmı? Bunun əvəzində o, nə
qazanır ki? Məncə Türkiyənin sağlam qüvvələri bu suallar ətrafında ciddi
düşünməlidirlər”. (bizimyol.info)
İsmayıl MƏMMƏDLİ

Short URL: http://www.cumhuriyyet.net/?p=15514

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728