Rusiya Ermənistanı… Azərbaycanla qorxudur

20.01.2015 - 10:26

 

 

Vəfa Quluzadə: “Əgər bizim
aramızda bugünkü düşmənçilik olmasaydı, Azərbaycan və Ermənistan
postsovet məkanında Avropa İttifaqına daxil olan ilk iki dövlət
olacaqdı, hələ də gec deyil…”

Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay
Bordyujanın İrəvandan Azərbaycanı təhdid etməsi son günlərin ən ciddi
hadisələrindən sayıla bilər. Azərbaycan-Rusiya münasibətlərinin soyuması
fonunda 40-dək Rusiya hərbçisinin Ermənistana səfər edərək bir sıra
hərbi müqavilələrə imza atması, ardınca Rusiya müdafiə nazirinin
Xankəndinə qanunsuz uçuşların həyata keçiriləcəyi halda təyyarələrin
vurulacağını bəyan edən Bakıya təhdid dolu açıqlamalarla çıxış etməsi
ölkəmizə qarşı açıq təhdiddir.

Onsuz da
Ukrayna böhranından sonra gərgin aylarını yaşayan Rusiya öz əsgərinin
Ermənistanda törətdiyi qətliamdan sonra Qafqazdakı yeganə dayağından da
məhrum olmaq dərəcəsinə çatıb. Ermənistan cəmiyyətini sakitləşdirmək
üçün Moskva ən çeşidli vasitələrə əl atsa da, hələlik istəyinə çata
bilməyib. 

Yayılan məlumata görə, Rusiyanın
Ermənistandakı hərbi bazasında Gümrüdə həlak olmuş erməni ailəsi üçün
pul yığılmağa başlanıb. Bu barədə Gümrüdəki 102 saylı rus hərbi
bazasının komandiri Andrey Ruzinski Ermənistanın Şirak vilayətinin
qubernatoru Feliks Çolakyanla telefon söhbəti zamanı bildirib. Bu yolla
ruslar ermənilərin könlünü alıb onları sakitləşdirmək istəyir. Ancaq
Rusiyadan son günlərdə səslənən aşağılayıcı bəyanatlar, hətta
Ermənistanın “itin quyruğu”na bənzədilməsi kimi sərt ifadələr çətin ki,
ermənilərin yaddaşından belə tez silinsin. 

Qeyd
edək ki, Ermənistan İstintaq Komitəsi qatil əsgər Valeri Permyakova
qarşı cinayət işi qaldırıb. Ermənilər Permyakov Ermənistanda mühakimə
etmək istəyir, amma Moskva buna razılıq vermir. 

Bu
arada Rusiya İstintaq Komitəsinin rəhbəri, general-polkovnik Aleksandr
Bastırkin də İrəvana gəlib. Məlumata görə, Bastırkinin Ermənistan
İstintaq Komitəsinin rəhbəri Ağvan Ovepyan ilə söhbətinin əsas müzakirə
mövzusu Permyakovun istintaqı olub. Erməni mətbuatından belə görünür ki,
Rusiya tərəfi rus əsgərin İrəvanda mühakimə edilməsinə razılıq
verməyib. 

Belə bir ərəfədə diqqət çəkən odur
ki, Kreml növbəti dəfə diqqəti özündən yayındırmaq üçün gərginliyi
Azərbaycan-Ermənistan müstəvisinə daşımağa çalışır. Cəbhədə son günlər
atəşkəsin daha çox pozulması, hətta qumbaraatanlardan istifadə
edilməsinin arxasında da Gümrüdəki rus əsgərlərinin dayandığı şübhə
doğurmur. İndiki situasiyada Ermənistanın müharibəyə cəlb edilməsi
işğalçı ölkənin intiharı demək olardı. Ancaq Rusiya üçün bunun önəmi
yoxdur. Belə ki, Moskva sadəcə erməni ailəsinin məhvi hadisəsini arxa
plana daşımaq üçün gərginliyi müəyyən müddət üçün olsa belə, artırmaqda
israrlı görünür. 

Bu ərəfədə maraqlı ehtimallar da dövriyyəyə buraxılıb. Rusiya böhran içində yaşayan erməniləri Azərbaycanla hədələyir. 

Maraqlısı
odur ki, bu kimi təxribat xarakterli məlumatlar ermənilərin özlərinin
vasitəsilə dövriyyəyə buraxılır ki, çox da şübhə doğurmasın. Xəbərlərin
birində deyilir ki, Naxçıvan ərazisindən İrəvanı cəzalandırmaq üçün
1989-cu ildə edilən hərbi hücum yenidən təkrarlana bilər. ANS-in
məlumatına görə, bu ehtimal Gümrüdə rus əsgər Valeri Permyakov
tərəfindən bir erməni ailəsinin qətl edilməsi ilə bağlı gedən istintaq
prosesini şərh edən erməni KİV-ləri tərəfindən yayılıb. “Rusiya
ekspertləri hətta 1989-cu ildə İrəvanda baş verən hadisələri yada
saldılar. Onda Rusiyanın xüsusi bölmələri Azərbaycan ərazisindən İrəvana
hücum etdilər və ermənilərin aksiyasını sərt şəkildə yatırdılar. Əgər
Gümrüdəki aksiyalar davam edərsə, bu hədələr təkrarlana bilər”, – deyə
bildirən erməni portalı “Lragir” Rusiyanın dəstəyi ilə Azərbaycan
tanklarının Naxçıvandan İrəvana hücum edəcəyini iddia edir. 

Sabiq
dövlət müşaviri, politoloq Vəfa Quluzadə vəziyyəti şərh
edərkən dedi ki, Rusiya müxtəlif yollarla Ermənistandakı mövcud
situasiyaya görə bərk nigarandır: “Ona görə ki, Ermənistan cəmiyyətində
 Rusiya siyasəti əleyhinə qəzəb toplanıb. Ermənistan görür ki, Rusiya
ilə müttəfiqlik bu illərdə ona heç bir xeyir verməyib. Hətta 20 faiz
Azərbaycan torpağını işğal etsə belə, heç olmasa Dağlıq Qarabağı
özününkü adlandıra bilməyib, onu nə Rusiya tanıyıb, nə də İrəvanın özü
tanımaq cəsarətində olub. Digər tərəfdən, Ermənistan Rusiyanın siyasəti
nəticəsində bütün dünyada çıxdaş olunmuş ölkə halına düşüb, təcrid
olunub. Ermənistan Rusiyaya görə Gürcüstan, Türkiyə və Azərbaycanla
düşməndir, bir dənə İranın ermənilərə loyal münasibəti var, o da
Ermənistanı yalnız ərzaqla təmin edə bilər”. 

Quluzadə erməniləri fürsətdən yararlanmağa çağırır: “Ermənistanı
normal dövlət etmək üçün hələ də gec deyil. Ermənistan artıq Rusiyadan
canını qurtarmaq barədə düşünür. Qatil rus əsgərinin törətdiyi olay
artıq qığılcım rolunu oynayıb. Bu, partlayışa gətirib çıxara, ermənilər
Gümrüdəki hərbi bazanın çıxarılmasını tələb edə, Azərbaycanla sülhə gedə
bilər. Ona görə Ermənistanda bu əhvalat olan kimi Putinin sağ əli olan
Duqin Ermənistanı hədələdi, yəni ilk hədə Kremldən gəldi”. 

Sabiq
müşavir indiki situasiyanı həm Ermənistan, həm də Azərbaycan üçün
faydalı sayır: “Görəsən, ermənilər başa düşürmü ki, nə qədər gülünc
vəziyyətdədirlər? Bu gün Rusiya həm Azərbaycan, həm də Ermənistanı
silahlandırır. Silahlanma prosesində isə nə biz qazanırıq, nə də
Ermənistan, qazanan yalnız Rusiyadır. Bizimçün çox əlverişli olardı ki,
Ermənistan Rusiyadan canını qurtarsın, torpaqlarımızdan çıxsın, bizimlə
sülhə gəlsin. Bu ehtimal güclü olduğu üçün Rusiya Ermənistanı
qorxutmaqla məşğul olacaq ki, “səsinizi çıxartmayın, yoxsa biz gedərik,
Azərbaycan sizi məhv edər. 

Bu  günlərdə
Rusiyanın Ermənistandakı “5-ci kolon”u xüsusilə canfəşanlıq edir. Amma
Levon-ter Petrosyan səviyyəsində savadlı adamlar da başa düşür ki,
Ermənistan Rusiyadan qopan kimi Qərb tərəfindən dəstəklənəcək. O
cümlədən Azərbaycan və Türkiyə normal inkişaf yolunu tutan Ermənistana
“yaşıl işıq” yandıra bilər, təbii ki, torpaqların işğaldan azad olunması
şərtilə. Rusiya isə Qərblə qarşıdurma zamanı Cənubi Qafqazdakı yeganə
dayağını itirməkdən qorxur. Moskva bütün Qafqazı itirmək təhlükəsi
qarşısındadır. Şimali Qafqaz artıq Rusiyanın deyil. Qroznıda 800 min
adam İslamı müdafiə üçün meydana çıxırsa, bu, ciddi hadisədir. Bu mənada
Rusiyanın vəziyyəti Qafqazda da çox acınacaqlıdır. Ermənistan bu dəqiqə
düzgün seçim etsə, özünü xilas edə bilər. Əgər bizim aramızda bugünkü
düşmənçilik olmasaydı, Azərbaycan və Ermənistan postsovet məkanında
Avropa İttifaqına daxil olan ilk iki dövlət olacaqdı. Çar imperiyasının
varisi olan Rusiya da bu təhlükəni əvvəlcədən duyduğu üçün 25 il öncə 20
Yanvar qırğınını törətdi, Qarabağda münaqişəni alovlandırdı. Amma mən
Ermənistandakı ağıllı adamlara üz tutub deyirəm ki, hələ də gec deyil”. 

***

Ermənistan
parlamenti isə yaxın vaxtlarda Gümrüdəki faciə ilə əlaqədar yüksək
səviyyədə qapalı iclas keçirəcək. Azvision.az erməni KİV-nə istinadən
xəbər verir ki, iclas zamanı Gümrüdəki son hadisələr və Valeri
Permyakovun istintaqının erməni tərəfinə verilməsi məsələləri müzakirə
ediləcək. Yayılan məlumata əsasən, deputatlarla yanaşı, iclasda
Ermənistan İstintaq Komitəsinin rəhbəri Aqvan Ovsepyan, baş prokuror
Qevorq Kostanyan, Ermənistan XİN-in nümayəndələri və həmçinin yüksək
rütbəli məmurlar iştirak edəcək. Aqvan Ovsepyanın mətbuat katibi Sona
Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi
qulluqçusu Valeri Pavloviç Permyakovdur. Onun sözlərinə görə, cinayət
yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində
güllə olan daraq tapılıb. 

Bu arada erməni
polisinin Gümrüdə iki sərxoş rus hərbçisini saxladığı haqda məlumat
yayılıb. Ermənistanın “Qala” telekanalı əməkdaşı iki sərxoş rus
hərbçisinin bir-biri ilə dava etdiyini və mülki geyimdəki erməni polisin
onları saxlayaraq polis bölməsinə apardığı məlumatını verib. Sonradan
polis bölməsi xəbəri təkzib edərək rus hərbçilərin 102-ci bazada
olduqlarını bildirsə də Ermənistanın “Aykakan Jamanak” qəzeti hadisənin
həqiqətən baş verdiyini və şəhərdə yerli sakinlərlə rus hərbçilər
arasında narazılığın getdikcə artdığını yazıb. 

Gümrü
şəhərinin meri Samvel Balasanyan da 102-ci hərbi bazanın komandanlığına
müraciət edərək hərbi hissədə daxili nizam-intizamı möhkəmləndirməyə
çağırıb. Onun müraciəti Gümrüdə yerli sakinlərlə rus hərbçilər arasında
münasibətin heç də ürəkaçan olmadığının göstəricisidir. 

Putinin
boyunduruğuna qoşulduğu ilk aydaca müşkülə düşən Serj Sərkisyan rejimi
də indiki durumda çətin sınaq dövrünü yaşayır. Ona görə də müxtəlif
toplantılar və müzakirələrlə xalqın yanında olduğunu isbatlamağa cəhd
edir. Ancaq qəzəbli erməni cəmiyyətindən xilas yollarından biri kimi
Ermənistan hakimiyyətindəki “Qarabağ klanı”nın hətta son anda Xankəndinə
qaçacağı və Moskvanın dəstəyi altında burdakı separatçı rejimə
rəhbərlik edəcəyi də yayılan xəbərlər arasındadır. 

Kəlbəcərli girovların məsələsi Türkiyə və Strasburqda

Avropa
Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında separatçı
Dağlıq Qarabağ rejiminin təşkil etdiyi “məhkəmə”nin azərbaycanlı
girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə çıxardığı “hökm”lə
bağlı məsələ qaldırılacaq. Bunu açıqlamasında Azərbaycanın AŞ PA-dakı
nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.  

Avropa
Şurasına etiraz məktubunun göndərildiyini deyən S.Seyidov qeyd edib ki,
ümumiyyətlə, Dağlıq Qarabağ məsələsi ilə bağlı sessiya çərçivəsində
komitələrin iclası zamanı qaldırılacaq müzakirə zamanı azərbaycanlı
girovlara çıxarılan “hökm” də müzakirə olunacaq. Onun sözlərinə görə,
separatçı rejimin beynəlxalq ictimaiyyətin gözü qarşısında oynadığı bu
“məhkəmə” şousuna və onun çıxardığı “hökm”ə üzv ölkələrin iradlarının
bildirilməsi, buna buna ciddi reaksiya verilməsi tələb olunacaq: “Biz
həmişə olduğu kimi, tam ciddiyyətlə bu məsələ ilə də bağlı konkret
faktlar əsasında tələbimizi ortaya qoyacağıq. Amma əsas odur ki, görək
əməkdaşlıq etdiyimiz bu beynəlxalq təşkilat buna ikili standartla yox,
həqiqi gözlə baxsın”. Qeyd edək ki, separatçı rejimin “birinci
instansiya məhkəməsi” dekabrın 19-da keçirilən prosesdə D.Əsgərova
ömürlük həbs verib, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum
edib.

Türkiyənin İğdır şəhərində fəaliyyət
göstərən İğdır Azərbaycan Evi Dərnəyi işğal altındakı Kəlbəcər rayonu
ərazisində Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və
Şahbaz Quliyev barəsində 27 oktyabr 2014-cü ildən hüquqi əsası olmadan
aparılan “məhkəmə” prosesinin dayandırılması və onların dərhal azadlığa
buraxılması üçün imzatoplama kampaniyasına başlayıb. Bu barədə Diasporla
İş üzrə Dövlət Komitəsi məlumat yayıb. S. Ünsal soydaşlarımızın
qanunsuz həbsini Ermənistanın heç vaxt sülh tərəfdarı olmamasının bariz
nümunəsi kimi qiymətləndirib: “Ermənistan həm Azərbaycan torpaqlarını
işğal edir, həm də günahsız insanları qanunsuz həbs etdirir. Biz bu gün
buna etirazımızı bildirmək üçün toplanmışıq. Azərbaycanlı girovlar ən
qısa müddətdə azadlığa buraxılmalıdır”.

“Mənim
bir deputat kimi, gücüm ona çata bilər ki, gedib iki erməni oğurlayım.
Amma yaşım bir az keçib, oğurlaya bilmərəm”. Bunu isə azvision.az-a
açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. O  deyib ki,
D.Əsgərov və Ş.Quliyevi erməni girovlarla dəyişdirmək ən münasib
yoldur. 

Deputat həmçinin qeyd edib ki, iki
ermənini oğurlayıb, girovlarımızla dəyişdirə bilərik: “Nə çətin
məsələdir ki, gedib iki erməni götürürsən, sonra da dəyişdirirsən. Bunun
ayrı yolu yoxdur. Beynəlxalq məhkəmə var ki? Onlar hamısı ikiüzlü
məhkəmələrdir. Girovlarımızın biri Rusiya vətəndaşıdır. Rusiya isə onun
geri verilməsini tələb etmir. Qanunda var ki, həmin girov Rusiyaya
ekstradisiya edilsin. Girovlarımızı geri qaytarmağın çox asan yolu
girovu girovla dəyişdirməkdir”.

 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=15518

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728