Ofsaytda saxlanan nazir
Mikayıl Cabbarovun tələsik və uğursuz siyasətinin zərbəsi kimə dəyir?
Uzun illərdən bəri müəllimlərin böyük səbirsizliklə gözlədiyi maaş
artımı intizarına nəhayət son qoyuldu. (əgər buna son qoymaq demək
olarsa). Bununla belə bu artım heç də hamı tərəfindən bir mənalı
qarşılanmadı. Çünki bu artım sevincini yaşamaq heç də bütün müəllimlərə
deyil, yalnız dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan bir qrup müəllimə
nəsib olacaq, özü də həftəlik dərs yükünün optimallaşdırılması
hesabına.Yəni “stavka” sovet dönəmində olduğu kimi, yenidən 12 saatdan
18 saata qaldırılacaq. Diaqnostik qiymətləndirmə dedikdə isə ötən ilin
yayında paytaxt müəllimlərinin cəlb olunduqları ikimərhələli sınaq
imtahanları nəzərdə tutulur.
Kimisə 2 dəfəlik artımın o qədər
də real görünmədiyini, bunun 30 faizdən də az olacağını, kimisə
müəllim-şagird nisbətinin buna imkan verməyəcəyini, kimisə də digər bir
çox dolaşıqlıqları əsas gətirməklə, məsələyə öz münasibətini bildirdi.
Bu da gözlənilən idi. Çünki Təhsil Nazirliyinin problemə münasibəti və
məsələnin həllində tutdugu mövqe elə əvvəldən optimallıq baxımından o
qədər də uğurlu deyildi. Qərar isə məhz bu ali təhsil qurumunun hökumətə
təqdim etdiyi təkliflər əsasında verilib və göründüyü kimi, heç də
ümumilikdə müəllim zümrəsinin maaş artımı olmayıb, yalnız paytaxtın
müəllimlərı üçün stimullaşdırıcı artım xarakteri daşıyır.
Məlum
olduğu kimi, hələ 1999-cu ildə qəbul olunmuş Azərbaycan Respublikasının
təhsil sahəsində islahat Proqramında pedaqoji kadrların attestasiya
sisteminin yaradılmasına, onların əməyinin obyektiv
qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və
tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, onların əmək
haqqının ödənilməsinə diferensial yanaşmanın tətbiqinə lazımi diqqət
yetirilməməsi xüsusi olaraq vurğulanmış, bu məqsədlə rəhbər və pedaqoji
kadrların attestasiyasının 2004-cü ilə qədər başa çatdırılması nəzərdə
tutulmuşdu.
On illik bir dövr ərzində qəti mövqe ortalığa
qoymaq, illərdən bəri biganəlik göstərilən məsələni həll etmək əvəzinə,
Təhsil Nazirliyi müəllimlərə lisenziya, bir müddət sonra sertifikat
verilməsi, daha sonra könüllü attestasiya keçirilməsi barədə müxtəlif
versiyalar irəli sürməklə məşğul oldu.
Nəhayət, son olaraq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xidməti məktubunu əsas götürərək,
ötən ilin mayında “Müəllimlərin bilik və səriştəsinin sınaq
qiymətləndirilməsi barədə” (06 may,2014-cü il, в„– – 526) əmr verdi ki, bu
da öz növbəsində bir çox ekspertlər tərəfindən monipulyasiya kimi
qiymətləndirilərək, səs-küysüz ötüşmədi. Həmin əmrə əsasən, Bakı şəhəri
üzrə Təhsil İdarəsinə tapşırılırdı ki, sınaq qiymətləndirməsinin
nəticələri əsasında, ümumi təhsil üzrə fənn kurikulumlarının və
ixtisasartırma təhsil proqramlarının təkmilləşdirilməsi, müəllim
hazırlığı proqramlarının yeniləşdirilməsi üzrə təkliflər hazırlayıb,
təqdim etsinlər.
Təhsil Nazirliyinin yüksək çinli məmurları
isə, əmrin təbliği istiqamətində müəllimləri əmin etməyə çalışırdılar
ki, “sınaq qiymətləndirilməsi müəllimə öz bilik və bacarığını obyektiv
dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan, zəif və güclü cəhətlərini
müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirilməsi diaqnostik
xarakter daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədi ilə
keçirilir.
Əmrdən və açıqlamalardan göründüyü kimi, əmək
haqqı məsələsi nazir əmrinin predmeti olmayıb. Lakin bir müddət
keçdikdən sonra isə, müəllimlərin ənənəvi sentyabr müşavirəsində nazir
səviyyəsində rəsmən bəyan edildi ki, attestasiyadan keçməyən
müəllimlərin əmək haqqı artırılmayacaq. Nə baş verdi?
Əvvəla,
dilimizdə sınaq anlayışının özü elə sınaq xarakteri daşıyıb, bir növ
“məşq” anlamına gəlir və yalnız Bakının 300 məktəbindən 28 mindən bir
az artıq olan müəllim kontingentini əhatə edir. İkincisi, regionlarda
çalışan on minlərlə müəllim nə günah sahibidir ki, ayrı seçkilik aparıb,
onları bu sınaqlara cəlb etməyiblər? Ümumiyyətlə, müəllimləri
şəhər-kənd kateqoriyasına bölmək hansı məntiqdən irəli gəlir? Üçüncüsü,
yalnız ikinci mərhələyə ehtiyac yarandıqdan sonra “yekunlaşan”
imtahanlardan bütün müəllimlərin keçib- keçməməsinə, habelə bu
imtahanların nə dərəcədə obyektiv və şəffaf olmasına da tam təminat
yoxdur.
Nəhayət, heç də bütün müəllimlər gözlənildiyi kimi,
tələb olunan nəticələrə nail ola bilməyiblər. Bu mənada, maaş artımının
sınaq qiymətləndirmədə zəif və yüksək nəticə göstərmələrindən asılı
olmayaraq, hər kəsə şamil edilməsi, istər Təhsil sahəsində islahat
Proqramının, istərsə də Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyasının müddəaları ilə uzlaşmır. Strategiya
müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılmasını önə çəkərkən
səriştə və nəticə əsaslı diferensiallaşmış, əmək bazarında rəqabət
qabiliyyətli əmək haqqı sisteminin yaradılmasını nəzərdə tutur. Hazırkı
məqamda isə səriştə və nəticə nəzərə alınmamış olur.
Digər
bir məsələ. Təhsil Nazirliyi “Müəllimlərin bilik və səriştəsinin sınaq
qiymətləndirilməsi barədə” verdiyi əmrə birmənalı münasibət bildirmədiyi
kimi, maaş artımı ilə bağlı verilən qərara da ikili münasibət
sərgiləyir. Nazirlikdən verilən ilkin açıqlamaya görə, maaş artımı sınaq
qiymətləndirmədə zəif və yüksək nəticə göstərmələrindən asılı olmayaraq
hər kəsə şamil ediləcək. Növbəti gün isə nazir bəyan edir ki, “bizim
məqsədimiz ondan ibarətdir ki, yüksək nəticə göstərmiş müəllimlərın əmək
haqqı ilə o qədər də yüksək nəticə göstərməyən müəllimin əmək haqqında
fərq olmalıdır”. Sınaq qiymətləndirilməsi nəticəsində yüksək nəticə əldə
etmiş müəllimlərlə zəif nəticə əldə etmiş müəllimlərin dərs yükünün
miqdarı direktorlar tərəfindən tətbiq olunacaq.
İstər-istəməz
müəyyən suallar meydana çıxır. Əgər qiymətləndirmənin nəticələri nəzərə
alınmayacaqdısa, yayın qızmarında kimlərisə iş-gücündən, kimlərisə
istirahətindən və məişət qayğılarından ayırıb, sınaq imtahanlarına cəlb
etməklə ajiotaj yaratmağa nə ehtiyac var idi? Elə isə, bu halda nəyə
görə maaş artımı bütün müəllimlərə deyil, yalnız qiymətləndirmədən
keçənlərə aid edilir? Rəhbərlik etdiyi məktəbə müəllim götürməkdə belə
etibar edilməyən direktora yüksək və zəif müəllimi dəyərləndirmək
müəyyən problem yaratmayacaqmı?
Başqa bir mühüm məsələ.
Mərhələlər üzrə həyata keçirilməli olan bu prosesdə, ilkin olaraq
müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması ilə bağlı
məsələlər öz həllini tapmalı idi. Dərs yükü normasını 1,5 dəfə artırıb,
12 saatdan 18 saata çatdırarkən, 6 saat dərs yükü kimdən alınıb, kimə
veriləcək? Axı bir çox müəllimlərin heç 12 saat da dərsi yoxdur. Bu,
ixtisarlar etmək hesabınamı reallaşacaq? 18 saatdan artıq dərs yükü
olanların əmək haqqına təsiri hansı səviyyə ilə ölçüləcək? Müəllim
artıqlığı və çatışmazlığı olan regional məsələlər necə həll olunacaq və
s.
Bir qrup müəllimin maaşını “2 dəfə” artırmaqdansa (əgər bu
reallığı əks etdirirsə), cüzi olsa belə, bütün müəllimlərin əmək haqqını
qaldırıb, onları da sevindirmək, daha ədalətli və humanist addım
olardı. Çünki harda çalışmasından asılı olmayaraq, paytaxtdakılar da,
regiondakılar da, diaqnostikadan keçib keçməməsindən asılı olmayaraq,
şərəfli müəllim adı daşıyır və onların hər birinin maddi və mənəvi
cəhətdən dövlət dəstəyinə böyük ehtiyacları var.
Bütün
müəllimlər eyni əmək haqqı ala bilməz, məntiq də, dünya təcrübəsi də
bunu deyir. Bunun üçün isə, normal attestasiya keçirib müəllimlərin
ixtisas və peşə səviyyəsinə obyektiv qiymət verib dərəcələndirməklə
fərqi aradan qaldırmaq olar. Bu isə ciddi hazırlıq işlərinin
aparılmasını tələb edir, yəni proses tam başa çatdıqdan sonra,
strategiyada nəzərdə tutulduğu kimi mərhələlər üzrə, səriştə və nəticə
əsasında, diferensiallaşdırılmış qayda stimullaşdırma mexanizmlərini
tətbiq etmək, özünə güvənənlər üçünsə ilkin olaraq könüllü attestasiya
keçirmək olardı. Hər halda kimlərinsə təəccübündən, kimlərinsə
təəssüfündən asılı olmayaraq hamını əhatə etməsə belə, müəllimlərin əmək
haqqının hər hansı bir formada artması təqdirəlayiq haldır. Ümid edək
ki, çox keçməz, digərləri də sevinər.
Bir məqamı da qeyd etmək yerinə düşərdi ki, bu Təhsil Nazirliyinin tələskənliyə yol verdiyi birinci hal deyil. Regional Təhsil İdarələrinin yaranmasının
təxirə salınması da var. Böyük canfəşanlıqla cəmiyyətə təbliğ etdiyi bir
islahatın dayanmasını təhsil nazirliyi elə tətəqdim etdi ki, sanki hansısa
telekanalın proqramında dəyişiklik baş verib və məhşur bir müğənninin
konsertinin videoyazısının göstərilməsi təxirə salınıb. Bəli bu qədər
qeyri-ciddi və məsuliyyətsizcəsinə… Əslində isə, Söhbət prezidentin imzasından gedirdi. Təhsil naziri Mikayıl Cabbarovun Regional
Təhsil İdarələrinin yaradılmasında nə qədər ciddi və məsuliyyətli olduğunu deyə
bilmərik, amma ortada olan fakt budur ki, bu məsələ ilə bağlı prezidentin
sərəncamı var idi. Axı nə baş verdi ki, “korrupsioner və mühafizəkar” Misir Mərdanovu
əvəzləyən “gənc islahatçı” Mikayıl Cabbarov sözünün üstündə dura bilmədi? Bu
bir yana prezidentin iradəsinə qarşı duran və qalib çıxan hansı qüvvədir? Normal
ölkələrdə bu sualların cavabını islahatlar paketini prezidentə təqdim edən
qurum-indiki halda təhsil nazirliyi verməli idi. Amma hadisələrin gedişi onu
göstərir ki, Mikayıl Cabbarov və təhsil nazirliyi
“ofsayt”da saxlanılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15540