Elxan Süleymanov: “Hüquq, ədalət Azərbaycanın tərəfindədir, qələbə bizimdir!”

05.10.2020 - 15:38

AVCİYA prezidenti Elxan Süleymanov Ermənistanın son təxribatları və cəbhədəki proseslərə dair açıqlama verib. Musavat.com onun şərhini təqdim edir:

– Artıq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonları da daxil olmaqla 20 faiz ərazisi Ermənistan tərəfindən işğal edilib və indiyə qədər bu işğal davam edir. Bu müddət ərzində BMT Təhlükəsizlik Şurası, AŞPA, Avropa Parlamenti, ATƏT PA və digər beynəlxalq qurumlar tərəfindən çoxsaylı qətnamələr qəbul edilmişdir. Bu sənədlərdə Azərbaycan ərazilərinin işğalı faktı təsbit edilmiş və işğalçı silahlı qüvvələrin qeyd-şərtsiz həmin əraziləri tərk etməsi tələb edilmişdir. Lakin bu qərarlar hamısı kağız üzərində qalmış və əhəmiyyətsiz kağız parçasına çevrilmişdir.

Qeyd edilən müddət ərzində işğalın aradan qaldırılması və bölgədə sülhün bərqərar olması ilə bağlı ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında danışıqlar aparılmış, tərəflər bir neçə dəfə razılaşmaya yaxın olmuşlar. Lakin hər dəfə Ermənistan tərəfi müxtəlif bəhanələrlə təxribatlar törədərək əldə edilmiş razılaşmaları pozmuşdur. Azərbaycan tərəfi danışıqlarda daim konstruktivlik nümayiş etdirmiş, problemin sülh yolu ilə nizamlanmasının tərəfdarı olmuşdur.

Son bir neçə il ərzində Ermənistan tərəfi silahlı qüvvələrin təmas xəttində və işğal edilmiş ərazilərdən xeyli uzaqlarda Ermənistan-Azərbaycan sərhəddi boyunca yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutmaqda davam etmişdir. Bununla yanaşı Ermənistan rəhbərliyi məqsədyönlü şəkildə təxribat xarakterli bəyanatlar səsləndirmiş, işğal altında olan ərazilərdə beynəlxalq hüquqa zidd olaraq qeyri-qanuni fəaliyyəti genişləndirməklə gərginliyi pik həddə çatdırmışlar:

– Baş nazir Paşinyan açıq-aşkar bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”;

– işğalçı dövlətin Xarici işlər naziri bildirmişdir ki, Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmasından söhbət gedə bilməz;

– Ermənistan dövlətinin işğal etdiyi ərazilərdə yaratdığı marionet separatçı DQR “prezidentinin” inauqurasiyası Azərbaycan xalqının tarixi-mədəniyyət irsində xüsusi yeri olan Şuşa şəhərində keçirilmiş və yaxın gələcəkdə qondarma DQR-in paytaxtının Şuşaya köçürüləcəyi bəyan edilmişdir;

– 2020-ci ilin iyul ayında işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlardan xeyli aralı olan Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu istiqamətində Azərbaycanın dövlət sərhəddini pozmağa cəhd göstərilmiş, sərhədyanı yaşayış məntəqələrini atəşə tutmuş, bu silahlı təxribat nəticəsində Azərbaycanın 12 hərbçisi və 1 mülki vətəndaşı həlak olmuşdur;

– Beyrut dəniz limanında 4 avqustda baş vermiş partlayışdan sonra Livan ermənilərinin Azərbaycanın işğal altında olan ərazilərinə köçürülməsinə başlanılmış və bununla da beynəlxalq humanitar hüquq normalarını kobud şəklidə pozmuşdur.

Azərbaycanın xəbərdarlığına baxmayaraq Ermənistan tərəfi təxribatlarını zəncirvari olaraq davam etdirmiş və gərginliyi ən yüksək həddə çatdırmışdır. Nəhayət, Ermənistan silahlı qüvvələrinin cari ilin 27 sentyabrında səhər tezdən Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli atəşə tutmasına cavab olaraq Azərbaycan özünü müdafiə hüququ çərçivəsində hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalmışdır. Ermənistanın bu təcavüzü nəticəsində 5 oktyabr tarixinədək Azərbaycanın 25-ə qədər dinc sakini, o cümlədən 2 uşaq həlak olub, 100-dən artıq mülki vətəndaş yaralanıb hərbi qulluqçular arasında da həlak olanlar və yaralananlar var. Bu müddət ərzində Azərbaycan Ordusu bir rayon mərkəzini və 25-dən artıq kəndi işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri işğalçı qüvvələrdən təmizləyib. Ermənistan tərəfi isə Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini, Tərtər, Ağcabədi, Bərdə, Daşkəsən, Goranboy, Xızı rayonlarının yaşayış məntəqələrinə raket zərbələri endirmiş, yüzlərlə mülki evə, təsərrüfata, sosial obyektlərə, o cümlədən məktəb binalarına ciddi zərər vurulmuşdur.

Bununla yanaşı ATƏT-in Minsk Qrupu həmsədr ölkələrindən biri olan Fransanın prezidenti İmanuel Makron açıq-aşkar qərəzli mövqe nümayiş etdirərək Ermənistanın yanında olduğunu, Azərbaycanın Dağlıq Qarabağı fəth etməsinə yol verməyəcəyini bəyan etmişdir. Makron öz bəyanatı və Azərbaycana ünvanlanmış digər əsassız məqsədyönlü böhtanları ilə dünyanın aparıcı dövlətlərindən birinin lideri kimi Emənistanın silahlı təcavüzünü və işğalını açıq-aşkar dəstəklədiyini nümayiş etdirmişdir.

Maraqlıdır ki, bir çox ölkənin rəhbərləri, beynəlxalq qurumlar müharibə tərəflərindən dərhal hərbi əməliyyatları dayandırmağı və danışıqları bərpa etməyi tələb etmişlər. BMT Təhlükəsizlik Şurası da qapalı dinləmələr keçirmiş və yenə də analoji bəyanatla çıxış etmişdir.

Diqqəti çəkən məqam ondan ibarətdir ki, bu tələb və bəyanatların heç birində beynəlxalq hüquq normalarının bərpa edilməsinə və işğal edilmiş ərazilərin azad edilməsinə dair heç bir mövqe sərgilənməmişdir. Bu tələblər və bəyənatlarda işğalçı dövlət Ermənistan və işğala məruz qalmış Azərbaycan arasında heç bir fərq qoyulmamış, işğalçı dövlətin beynəlxalq məsuliyyəti ilə bağlı heç bir fikir söylənməmiş, imitasiya xarakterli “barışdırıcı” mövqe nümayiş etdirilmişdir. Bu isə faktiki olaraq işğala göz yummaq, “sülhün bərpa edilməsi” adı altında işğalçı Ermənistanın yanında olmaq və ona dəstək verməkdir.

Əlbəttə, məntiqi sual ortaya çıxır. Nə üçün beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi bütün dünya dövlətlərinə şamil edildiyi və yerinə yetirildiyi halda, Azərbaycanın ərazi bütövlüyünün silahlı təcavüz nəticəsində pozulmasına müxtəlif dövlətlərin liderləri, beynəlxalq qurumlar biganəlik nümayiş etdirirlər?

Görəsən, nə üçün Ermənistan tərəfindən 90-cı illərdə Azərbaycan əraziləri işğal ediləndə, azərbaycanlılara qarşı 1992-ci ilin fevralında Xocalıda soyqırım cinayətləri törədiləndə, işğal edilmiş ərazilərdə mülki əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçiriləndə və bölgədə humanitar böhran vəziyyəti yarananda, beynəlxalq humanitar hüquqa zidd olaraq uşaqlara, qadınlara və yaşlı əhaliyə qarşı cinayərlər törədiləndə müxtəlif dövlətlərin rəhbərləri, beynəlxalq qurumlar öz “sülhsevər” səslərini qaldırmırdılar? Nə üçün bu yüksək səviyyəli siyasətçilər həmin vaxt dərhal işğala son qoyulmasını, mülki əhaliyə divan tutulmasının qarşısının alınmasını tələb etmədilər?

Mən özüm AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi bu məsələləri gündəmə gətirərkən, adı çəkilən qurumda “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”, “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” və “Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsi” adlı qətnamə layihələri irəli sürdükdən sonra müxtəlif anti-Azərbaycan qrupların güclü müqaviməti və təhdidləri ilə qarşılaşdım. Apardığımız güclü mübarizəyə baxmayaraq, qeyd edilən sənəd layihələrindən yalnız “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnaməsi qəbul edildi. Bu qətnamə də sonradan yalnız kağız üzərində qaldı. Anti-Azərbaycan qüvvələr bu qətnamənin qəbul edilməsindən qəzəblənərək mənə, AŞPA-da bu qətnaməni dəstəkləyən bir sıra deputatlara qarşı qarayaxma kampaniyası apardılar, hətta AŞPA prezidentinin istefaya getməsinə nail oldular. Mənim və qeyd etdiyim qətnaməni dəstəkləyən AŞPA üzvlərinin günahı yalnız ondan ibarət idi ki, biz Ermənistanın işğalına son qoyulmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, məcburi köçkünlərə çevrilmiş Azərbaycan vətəndaşlarının öz ata-baba yurdlarına qayıtmaq, təhlükəsiz, sərbəst və azad yaşamaq hüquqlarının təmin edilməsini AŞPA-nın gündəminə gətirmişdik.

Nəhayət, bu gün görünən odur ki, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumlar, aparıcı güc mərkəzlərinin rəhbərləri Azərbaycan ərazilərinin işğaldan azad olunmasına biganədirlər. İşğal 30 ilə yaxındır davam edir, beynəlxalq qurumların və güc mərkəzlərinin biganəliyi işğalçı Ermənistanı daha da “iştaha” gətirir, onu yeni təxribatlara şirnikləşdirir. Belə bir vəziyyətdə Azərbaycan özünü müdafiə hüququ çərçivəsində güc tətbiq etməklə öz ərazilərini işğaldan azad etmək və həmin ərazilərdə öz dövlət suverenliyini bərpa etmək məcburiyyətindədir.

Sonda qeyd etmək istərdim ki, tarixi həqiqətlər, beynəlxalq hüquq, ədalət Azərbaycanın tərəfindədir. Azərbaycan öz ərazisində işğalçı qüvvələrə qarşı müharibə aparır.

Qarabağ Azərbaycandır! Qələbə bizimdir!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155439

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031