Şok təyinat: azərbaycanlını erməni rəisə müavin göndərdilər
Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev vilayəti üzrə
maddi-texniki təchizat və resurs təminatı üzrə idarəsinin rəisi, vilayət
milisinin rəis müavini vəzifəsinə azərbaycanlı təyin olunub.
Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, bu, milis polkovniki Qarayev Elbrus Qələndər oğludur.
E.Qarayev açıqlamasında 1968-ci ildə Azərbaycanın Tovuz rayonunun
Qaraxanlı kəndində anadan olduğunu deyib: “1986-88-ci illərdə sovet
ordusunun Kiyevdə yerləşən hərbi hissəsində xidmət keçdikdən sonra
burada İnşaat Mühəndisləri İnstitutunu, daha sonra isə Ukrayna Milis
Akademiyasını bitirmişəm. Uzun müddət “Berkut” xüsusi təyinatlı milis
dəstəsində, sonra mühafizə milisində rəhbər vəzifələrdə çalışmışam.
Hazırkı vəzifəm vilayət milis rəisinin müavini səviyyəsində olsa da
birbaşa idarəmizin tabe olduğu nazirliyin baş idarə rəisinə məruzə
edirəm. Vəzifəm Kiyev vilayəti üzrə bütün milis orqanlarının
maddi-texniki təchizatını əhatə edir”.
Kiyev vilayətinin milis rəisinin milliyətcə erməni
(polkovnik-leytenant Vadim Troyan) olmasına münasibət bildirən E.Qarayev
qeyd edib ki, onunla münasibətlərində heç bir problem yoxdur: “Onun erməni olması heç yada da düşmür”.
Azərbaycanlı polkovnik Ukraynadakı Azərbaycan diasporu ilə sıx əlaqəsi olduğunu da əlavə edib.
Xatırladaq ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov da Bakı ermənilərindəndir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15571