Azərbaycan vətəndaşları kreditlərin girovuna çevriliblər

21.01.2015 - 21:10

Əhalinin banklara 18 milyard manat kredit borcu var

2014-cü ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 4,8 faiz artaraq, 39,4 milyard manata çatıb. 
Dövlət Statistika Komitəsinin 2014-cü ildə ölkənin iqtisadi və
sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı xülasəsində
bildirilir ki, əhalinin hər nəfərinə düşən məbləği isə, 3,5 faiz
artaraq, 4180,5 manata çatıb. Gəlirlərin 68,8 faizi son istehlaka, 8,7
faizi vergilərə, sosial sığorta və könüllü üzvlük haqlarının
ödənilməsinə, 20,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf
olunub. 
Əhalinin banklardakı əmanətləri 2014-cü ilin on bir ayının
göstəriciləri ilə müqayisədə 10,4 faiz artaraq, 7,1 milyard manata
çatıb. Əmanətlərin 4,5 milyard manatını və ya 63,2 faizini milli
valyuta, 2,6 milyard manatını isə xarici valyuta təşkil edib və
vəsaitlərin 5,4 milyard manatı özəl banklara qoyulub.
 
Xülasədə diqqət çəkən maraqlı məqam yanvar-noyabr aylarında
maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki
şəxslərinə verilmiş kreditlərin məbləği ilə bağlıdır. Bu məbləğ 19,1
faiz artaraq, əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla,
18,2 milyard manata çatıb. Kreditlərin 79,5 faizi uzun müddətə verilib,
5,4 faizinin isə ödəmə vaxtı keçib. 
Ekspert Samir Əliyevin sözlərinə görə, əhalinin gəlirlərinin
ilbəil artmasına rəğmən, artım tempinin getdikcə azalması, xərclərin isə
artması müşahidə edilir:
“2012-ci ildə gəlirlərin artımı 13,8 faiz
olduğu halda, sonrakı illərdə azalaraq, 2013-cü ildə 8 faiz, 2014-cü
ildə isə 4,8 faiz təşkil edib. Gəlirlərin strukturuna diqqət yetirdikdə
məlum olur ki, son istehlak xərclərinin artımı, yığım imkanlarının isə
məhdudlaşması baş verir. 3 il öncə gəlirlərdə son istehlakın payı 61
faiz olduğu halda, ötən il onun payı artaraq, 68,8 faizə yüksəlib.
Əmanətlərin və kapitalın artırılmasına yönəldilən gəlirlər isə
azalaraq, 2012-ci ildəki 29,3 faizdən 20 faizə düşüb. Bütün bunlar
xərclərin sürətlə artmasını göstərir. 
Bəs, bu xərclər nəyin hesabına artır? 
Əlbəttə, ilk növbədə malların və xidmətlərin bahalaşmasını
göstərmək olar. İkinci səbəb kimi isə, əhalinin kütləvi şəkildə
kreditləşməyə üz tutmasıdır. 
Hətta Mərkəzi Bankın istehlak kreditinə tətbiq etdiyi
məhdudlaşdırıcı tədbirlər onun sürətlə artmasının qarşısını ala bilmir.
İstehlak kreditlərinin artım tempinin, əhalinin gəlir tempini üstələməsi
narahatçılıq doğurur”.
Ekspertin sözlərinə görə, əhalinin gəlirləri ötən il cəmisi 4,8
faiz artdığı halda, istehlak kreditlərinin artımı 23-24 faizə yaxın
olub:
“İnsanlar istehlak tələbatını faktiki olaraq, kreditlər
hesabına ödəyirlər. Ötən il əhali öz gəlirlərinin təxminən 20 faizi
məbləğində borclanmaya gedib. Halbuki 2010-cu ildə borclanmanın həddi 10
faizdən bir qədər çox olmuşdu. Artıq bu hədd ciddi siqnaldır. Getdikcə
kreditlər insanların gəlir mənbəyinə çevrilir. Bu kreditləri isə, gəlir
olmadan qaytarmaq mümkün olmur. Beləliklə də insanlar kreditlərin
girovuna çevrilirlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15578

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728