“Ötən il ölkənin neft sektorunda 19 ölüm hadisəsi qeydə alınıb”

21.01.2015 - 21:16

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı 2014-cü ilə bağlı ənənəvi
hesabatını açıqlayıb, Mirvari Qəhrəmanlı: “Onlardan 16 nəfəri normal iş
şəraiti yaradılmadığı üçün iş yerində həlak olub”

Neftçilərin
Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) 2014-cü ilə bağlı ənənəvi
hesabatını açıqlayıb. Təşkilatın sədri Mirvari Qəhrəmanlı bildirib ki,
hesabat ölkənin neft sektorunda əmək, iqtisadi və sosial hüquqlar üzrə
qanunvericiliyin icra  vəziyyətinin qiymətləndirilməsi məqsədilə
aparılan monitorinqin nəticəsidir. M.Qəhrəmanlı bildirib ki, neft
sektorunda əmək qanunvericiliyinin icra vəziyyəti.
Ökənin
hasilat sənayesində əmək qanunvericiliyinin pozulma halları bir çox
idarə və müəssisələrdə müşahidə olunub: “Məhz bunun nəticəsində yüzlərlə
insanın haqqı pozulub, iş yerlərini itirmiş, xəsarət alıb və ya faciəli
surətdə həlak olublar”.
Hüquq müdafiəçisinin
sözlərinə görə, əsasən Əmək Məcəlləsinin 68-79-cu maddələrinin pozulması
halı qeydə alınıb: “Əmək Müqavilələrinə qanunsuz olaraq xitam
verilməsi, ixtisar adı ilə işçilərə ərizə yazdırılma, ixtisarlar
aparılarkən qanunvericiliyin tələblərinin pozulması müşahidə edilib. Bu
da “Neftqaztikinti” tresti, Neft Daşları NQÇİ,  28 May NQÇİ, Kompleks
Qazma Tresti, “Azəriqaz” İstehsalat Birliyində müşahidə olunub”.
Hesabatda
bildirilir ki, 2012-ci ilin ikinci yarısından etibarən ARDNŞ-də
struktur islahatları aparılır. Bununla əlaqədar ixtisarların aparılması
zamanı isə qanun pozuntuları müşahidə olunur. Belə hallar daha çox
Kompleks Qazma İşləri Trestində,  Azərneftyağ  zavodunda, H. Əliyev
adına Neft Emalı zavodunda, Bahar ƏŞ, Azəriqaz İB, Greyt Wall Drilling
Company, Neftqazelmitədqiqatlayihə və sair qurumlarda müşahidə olunub.
Həmçinin şirkətdə iş yerlərinin ixtisarı zamanı kənardan işçi qəbulu da
müəyyən suallar doğurur.
Həmçinin ARDNŞ-də və
əksər xarici neft şirkətlərində (SOCAR Cape, Maersk Driling Servises
MMC, Hertel, Azəriqazixracat, Magistral Neft Kəmərləri İdarəsi,
Neftqazelmitədqiqatlayihə  İnstitutu və sair) işçilərlə qanunsuz olaraq
müddətli əmək müqaviləsi bağlanılır. Hesabatda vurğulanır ki, ARDNŞ-in
bütün müəssisələrində artıq 5 ildir ki, əməyin mühafizəsi üzrə müavin
vəzifəsi mövcud olsa da, istehsalatda xəsarət alan və ölənlərin sayı isə
azalmır: “Ötən il ərzində ölkənin neft sektorunda 19 ölüm hadisəsi
qeydə alınıb. Bu, təşkilatın ala bildiyi məlumatdır. Onlardan 16 nəfəri
normal iş şəraiti yaradılmadığı üçün iş yerində həlak olub. Bir nəfər
işdən çıxarıldığı və özünə iş tapa bilmədiyi üçün özün asıb, bir nəfər
ixtisar xəbərini eşidib ürəyi partlayıb, bir nəfər isə özünü iş yerində
traktorun altına atıb və həyatını itirib. Həlak olanlardan 
14-nəfəri
ARDNŞ-in işçisidir. Həmçinin il ərzində Azneft İctimai Birliyinin
strukturuna daxil olan idarə və müəssisələrdə 4 qəza hadisəsi müşahidə
olunub. Qəzanın əsas səbəblərindən biri də SSRİ-dən qalan
infrastrukturların tam köhnəlməsidir. Belə ki, mart ayında Neft
Daşlarında köhnə estakada uçub, 4 nəfər suya düşüb. Onlardan 3-ü çıxıb,
biri həlak olub. Oktyabrın 23-də Azneft İB-nin strukturuna daxil olan
N.Nərimanov adına NQÇİ-nin 441-ci meydançanın uçması nəticəsində orada
təmir işləri aparan Neftqaztikinti trestinin 4 işçisi dənizə düşərək
boğulub. Həmin vaxt ərazidə 30 nəfər işçi olub.
Həmçinin
oktyabrın sonunda Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına
NQÇİ-də estakada meydança uçub, xəsarət alan olmayıb. Noyabrın 7-də isə
Azneft İB-in strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də 2-ci
mədən ərazisində 310 və 312-ci meydançalar arasında 60 metr uzunluğunda
estakadanın uçması nəticəsində 5 nəfər işçi dənizə düşüb. Dənizə düşən
işçilərdən 3-ü xilas olunub, 2-si həlak olub. Əmək xəsarəti alan və
vəfat edən işçilərin 50 faizindən çoxu  Neftqaztikinti trestinə aiddir”.
Hesabatda
həmçinin vurğulanır ki, “Azneft” İstehsalat birliyində əmək xəsarəti
almış işçilərin hüquqları pozulub, kütləvi artımlar qanunvericiliklə
nəzərdə tutulan qaydada bu işçilərə şamil olunmayıb. ARDNŞ-də və xarici
müəssisələrdə işçilərin tarif maaşına edilən əlavələrin ödənilməsində də
qanunsuzluqlara yol verilir. Burada diskriminasiyanın əsas səbəblərində
biri də qohumbazlıqdır. Bunun nəticəsində də çoxlu sayda işçi
diskriminasiyaya məruz qalır. 
Bildirilir ki,
əmək qanunvericiliyində təsbit olunan hüquq normalarının pozulması
istehsalatda, əmək fəaliyyəti ilə məşğul olan yüzlərlə işçinin,  iş
yerlərində bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığının
və əmək qabiliyyətinin itirilməsi və ya həyatlarının itirilməsi ilə
nəticələnir. Həmçinin bildirilir ki, bu hadisələrin baş verməsində əsas
səbəblərdən biri və daha çox vacib olanı işçilər üçün təhlükəsiz iş
şəraitinin yaradılmaması, əmək xəsarətinin qeydə alınmaması və
sağlamlığa dəymiş ziyanın əvəzinin ödənilməməsi ilə əlaqədar cavabdeh
şəxslər maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunmur.
Hesabatda əmək qanunvericiliyində olan boşluqlar da vurğulanıb:
“Məsələn, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi imkan verir
ki, işəgötürənlər işçi ilə müvəqqəti müqavilə bağlasın”. 

Short URL: http://www.cumhuriyyet.net/?p=15580

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728