Keçmiş NAZİRlər hazırda nə işlə məşğuldur?
Bir zamanlar nazir postunda olmuş
şəxslərin hazırda nə işlə məşğul olmaları bir çoxlarımız tərəfindən
maraq doğurur. Onların arasında cəmiyyət tərəfindən tanınanlar da olub,
həmçinin, elə tanınmayanlar da. Sabiq nazirlərimiz indi haradadırlar, nə
işlə məşğuldurlar? Bu istiqamətdə araşdırma apararaq, sabiq nazirlər
barəsində bəzi məlumatlar topladıq.
İlk olaraq başlayaq son zamanlar
gündəmdə öz iqtisadi açıqlamaları ilə aktiv olan keçmiş maliyyə naziri
Fikrət Yusifovdan. Qeyd edək ki, F.Yusifov 1994-1999-cu ilin iyul ayına
kimi maliyyə naziri vəzifəsində çalışıb. Hazırda isə özünün təsis etdiyi
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri
vəzifəsində çalışır.
Keçmiş təhsil naziri Misir Mərdanov da
tanınan nazirlərdəndir. O 1998-2013-cü illərdə təhsil naziri vəzifəsində
çalışıb. Hazırda isə AMEA Riyaziyyat və Mexanika İnstitutunun
direktorudur.
Sabiq iqtisadi inkişaf naziri Fərhad
Əliyevin isə hazırda bizneslə məşğul olduğu bildirilir. Hətta qeyd
olunur ki, F.Əliyev uzaq Avropa ölkələrində qurduğu biznesini hazıra
yaxın Türkiyəyə köçürməklə məşğuldur.
Qeyd edək ki, o 1999-2001-ci illərdə
dövlət əmlak naziri, 2001-2005-ci illərdə isə iqtisadi inkişaf naziri
vəzifəsində çalışıb. Lakin 2005-ci il oktyabrın 19-da parlament
seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilib. 14 oktyabr
2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə
cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Keçmiş kənd təsərrüfatı naziri İsmət
Abbasov da cəmiyyətdə öz adı ilə tanınan şəxslərdəndir. O 2004-2013-cü
illərdə respublikanın kənd təsərrüfatı naziri olub. Hazırda isə
Azərbaycan Respublikası Baş nazirinin müavinidir.
Sabiq səhiyyə naziri Əli İnsanov isə
1993-2005-ci illərdə səhiyyə naziri postunda çalışıb. Daha sonra isə
2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs
ediləndən sonra sadalanan bir çox titulları, o cümlədən akademik fəxri
adı ondan alınıb və hazırda həbsdədir.
Sabiq nazir xarici işlər naziri Vilayət
Quliyev hazırda aktiv işi ilə seçilən şəxslərdəndir. O 1999-2004-cü
illərdə xarici işlər naziri vəzifəsində çalışıb. Hazırda isə
Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiridir.
Keçmiş müdafiə naziri Səfər Əbiyev isə
gündəmdən uzaqlaşması ilə bir çoxlarının diqqətindədir. O 1995-2013-cü
ildə müdafiə naziri vəzifəsində çalışıb. Hazırda isə nə işlə məşğul
olduğu bəlli deyil.
Sabiq maliyyə naziri Əvəz Ələkbərov və iqtisadi inkişaf naziri Heydər Babayevin də bizneslə məşğul olduğu bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15589