Gürcüstanla dövlət sərhədinə qədər yolun genişləndirilməsi davam etdirilir
Uzunluğu 130 km olan Gəncə-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.
Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə aparılır.
Layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72,5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək. Hazırda yol boyu yeni torpaq yatağının tikintisi, qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsinə işləri də görülür. Layihə çərçivəsində 26 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 73 yeraltı keçid, 42 düzbucaqlı su keçidi, 547 dairəvisuötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 85 avtobus dayanacağı quraşdırılacaq. Artıq müxtəlif süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=155953