Qum adasını “Hafka”dan aldılar
Oliqarxların “uzaq, yaşıl ada”
oyunu; Ziya Məmmədovun keçmiş dostu və ortağı Hafiz Məmmədovu tam
bitirirlər; bir vaxtlar onun nəzarətində olan Qum adası iş adamından
alınaraq AZAL prezidenti Cahangir Əsgərovun nəzarətinə verilir; bankı,
futbol klubu əlindən çıxan “Hafka” neft biznesindən kənarlaşdırılır
Azərbaycanda
mülkiyyətin yenidən bölüşdürülməsi prosesi davam edir. Söhbət hansısa
hüquqi prosedurdan getmir. Sadəcə, vurulan, çıxdaş edilən məmurun, iş
adamının vaxtilə malik olduğu mal varlığı digər oliqarxa transfer
etdirilir. Bu yazıda növbəti belə bir proses haqda söhbət açacağıq.
***
Xəzər sahilindəki torpaq sahələri kimi dənizin içindəki adalar da
məmur-oliqarxlar arasında bölünüb. Qum adası illərdir ki, nəqliyyat
naziri Ziya Məmmədovun şəriki, adı az qala tanınmış müğənni qədər
populyar olan iş adamı, “Baglan Group”un sahibi, “Hafka” ləqəbli Hafiz Məmmədovun
nəzarətində idi. Redaksiyaya etibarlılığı şübhə doğurmayan mənbənin
verdiyi məlumata görə, indi Hafiz Məmmədov “vurulmuş”lar sırasına
qoşulduğu üçün onun varidatı da bölüşdürülməyə başlayıb. Aldığımız
məlumatda deyilir ki, bir vaxtlar “Hafka”nın istifadəsinə verilmiş Qum
adası AZAL prezidenti Cahangir Əsgərovun nəzarətinə keçib.
C.Əsgərov adada hökumətin xüsusi iqtisadi zonaların yaradılması
planlarını gerçəkləşdirmək öhdəliyi götürüb. Bu proyektin gerçəkləşməsi
üçün niyə məhz C.Əsgərovun seçilməsi də onun biznes aparmaq maneralarına
bağlı məsələdir.
***
Ötən ilin ortalarından Hafiz Məmmədov biznes və siyasət olimpində
mövqelərini itirməyə başlayıb. “Bank of Azərbaijan”ın əlindən alınması
ilə başlanan proses bu gün də davam edir. Belə məlumat da var ki, iş
adamı neft biznesindəki payından da məhrum olmaq üzrədir. Xatırladaq ki,
bir neçə ay əvvəl elə Qum adasında yerləşən və H.Məmmədova məxsus olan
“Bahar Enerji Əməliyyat Şirkəti”nin əməkdaşları əməkhaqlarının
yubadılması və kütləvi ixtisarlar səbəbindən etiraz aksiyası
keçirmişdilər. Həmin vaxt “Yeni Müsavat”ın reportyoru aksiya keçirilən ərazidən reportaj hazırlamışdı.
İşçilər onda əməkdaşımıza bildirmişdilər ki, əməkhaqları neçə aydır
verilmir, üstəlik də xəbərdarlıq edilmədən ixtisarlar aparılır.
Bunun ardınca mediada “Hafka” ilə bağlı bədbin məlumatlar ard-arda
yayılmağa başladı. Onun sahibi olduğu Fransanın “Lans” futbol klubu
ətrafında da ciddi qalmaqallar başladı. Hətta bir müddət Fransa
mətbuatında Hafiz Məmmədov manşetlərdən düşmürdü. “Lans”la bağlı
qalmaqal bu futbol klubunun Ziya Məmmədovun oğlu Anar Məmmədov
tərəfindən alınması ilə özünün pik nöqtəsinə çatdı. A.Məmmədov
“Hafka”dan xəbərsiz onun sahib olduğu əcnəbi futbol komandasını ələ
keçirdi. Bundan sonra Məmmədovların keçmiş ortağının adından kifayət
qədər sərt tonda bəyanat yayıldı.
Hafiz Məmmədov Ziya və Anar Məmmədovları həmin bəyanatda hədələyərək “onlar bu hərəkətlərinə görə cavab verəcəklər” cümləsi
işlətdi. Hadisələrin sonrakı inkişafı haqda oxucuların məlumatı
olduğundan bu mövzunun üzərində çox dayanmağı lazım bilmirik. Təkcə onu
xatırladaq ki, 2015-ci ilin ilk günlərində “Hafka” haqda yayılan xəbər
bu oldu ki, o, biznesini Türkiyəyə köçürüb, iş adamı qardaş ölkədə yeni
şirkət qurub.
Beləliklə, barəsində əfsanələr dolaşan Hafiz Məmmədov hazırda
karyerasının qürub dövrünü yaşayır. Futbol klubu, bankı əlindən
çıxdıqdan sonra indi də neft biznesini onun əlindən tamamən alırlar.
Mənbəmiz bildirib ki, “Hafka” neftlə əlaqəli kontraktlarını da Cahangir
Əsgərova satmalı olub. Artıq Qum adasındaN “Hafka”ya məxsus neft
hasilatında istifadə olunan ağır texnikalar da çıxarılıb. Bu,
H.Məmmədovun Azərbaycandan tamamilə qovulması anlamına gəliRmi?
Məlumatlı mənbə bu suala “bəli” cavabını verdi.
Onun əmlaklarını, biznes payını alan Cahangir Əsgərov təkcə
Azərbaycanın hava məkanına ağalıq etmir. Bakı Hava Limanının yerləşdiyi
Binə və bu qəsəbəyə bitişik Şüvəlan zonası da çoxdandır AZAL
prezidentinin tam nəzarətindədir. O, vaxtilə Bakı milyonçularından olan
Hacınskinin bağ evini də alıb. Sahəsi cəmi 20 sot olan bu bağın ərazisi
hazırda genişləndirilib və 2 hektar yarımdır. Cahangir Əsgərovun həmin
ərazidə atçılıq stadionu, administrativ bina, şəxsi vertolyot
meydançası, həyat yoldaşının parfümeriya istehsalı müəssisəsi, hazır mal
anbarı və s. yerləşir.
Burada tennis kortunun, üzən yay və qış hovuzlarının, futbol
meydançasının, yüz nəfərlik qonaq evinin olduğu da bildirilir. Cahangir
Əsgərov havadan yerə enəndə bu ərazini elektromobillə gəzir, bunun üçün
bir neçə elektromobilə də sahibdir. Yəni AZAL prezidentinin keçmiş
milyonçuların mülklərini alıb özünə şəxsi xüsusi iqtisadi zona yaratması
praktikası var. Ona “Hafka”nın əmlaklarının verilməsi də bu baxımdan
başa düşüləndir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15604