Bizi təkləmək istəyənlər…

15.10.2020 - 10:20

Avropalı siyasətçilər və politoloqlar Qarabağ münaqişəsinin həllinin, daha dəqiqi, yeni hərbi eskalasiyada Azərbaycanın dayanmasının və öz iddialarından vaz keçməsinin yolunu Türkiyəyə təzyiq etməkdə, onu prosesdən sıxışdırıb çıxararaq 25-30 il əvvəlki mövqeyinə qaytarmaqda görürlər.

Onlara elə gəlir ki, Türkiyə bu müharibənin əsas yükünü öz üzərinə götürüb və Suriyada, Liviyada olduğu kimi, uğurlu hərbi əməliyyatlar məhz bu dövlətin ordusunun gücü ilə aparılır.

Bu, əlbəttə, yanlış düşüncədir və köhnə stereotiplərə əsaslanır. Bu mövzuda rəy bildirən şəxslər ya Azərbaycan ordusunun son illərdə intensiv və yüksələn xətt üzrə modernləşməsindən, arsenalını ən müasir silahlarla təchiz etməsindən, Azərbaycan cəmiyyətinin və əsgərinin döyüş ruhundan, itirilmiş torpaqları geri qaytarmaq əzmindən xəbərləri yoxdur, ya da hər şeyi bilə-bilə Türkiyə ilə öz köhnə intriqalarını sürdürürlər.

Daha çox ikinciyə oxşayır. Çünki proses bütün dünyanın gözü qarşısında gedir. Oturub-durub “suriyalı mücahidlər”dən danışan adamlar ortaya heç bir dəlil-sübut (şəkil, video, telefon danışığı, rəsmi təsdiq, etiraf-filan) qoya bilmir, eləcə, gümanlar əsasında danışırlar.

Əslində isə onlar bu cür şərləmələrlə, şantajla Türkiyənin Azərbaycana verdiyi siyasi dəstəyi kəsmək, perspektiv planda ölkəmizi təkləmək istəyirlər. Belə çıxır ki, hamı Ermənistana hər cür (maddi, siyasi, hərbi, mənəvi) dəstək verə bilər, bu qayət legitimdir, amma heç bir dövlət Azərbaycana silah verməməlidir. Ermənilər silahlarını başqa ölkələrdən ya kreditlə, ya da hədiyyə olaraq ala bilərlər, amma biz öz pulumuzla silah-sursat almamalıyıq.

Bu cür düşünən adamların ağlı ötən əsrin 90-94-cü illərinə gedir. O zaman Ermənistanın uzun illərin çoxşaxəli hazırlığı qarşısında Azərbaycan bütün parametrlər üzrə hazırlıqsız yaxalanmışdı və öz güclü havadarlarına arxalanan Ermənistan öz aqressiv ambisiyaları və hərbi üstünlüyü ilə cəbhədə yenicə formalaşan Azərbaycan ordusunu sıxışdıra bilirdi.

Biz də o zaman bir çox dövlətlərin və ekstremist təşkilatların Ermənistana hər cür dəstək verməsindən danışır, yazırdıq və bu həqiqət idi. Təkbətək mübarizəyə qalsa, biz nə qədər əliyalın, primitiv silahlanmış olsaq da, əsgərimizin misilsiz şücaəti və fədakarlığı ilə düşməni yerində oturda bilərdik. Fəqət bizə qarşı birləşənlər çox idilər, bizdə pərakəndəlik hökm sürürdü, bütün ölkənin müharibəyə cəlb olunması 1993-cü ilin ikinci yarısında baş verdi, onda da gec oldu.

İndi vəziyyət dəyişib. Aradan keçən illərdə Azərbaycan cəmiyyəti toparlanıb, dövlət strukturları, ayrı-ayrı sahələr üzrə peşəkar xidmətlər yaradılıb, onların funksionallığı artırılıb. Dövlət, ordu güclənib, xalq uzun illər əziyyət çəkdiyi məğlubiyyət sindromundan qurtulub, əzmkar və qələbəyə təşnə gənc nəsil yetişib, vətənə xəyanətə meylli qüvvələr böyük ölçüdə zərərsizləşdirilib və s.

Bütün bunları nəzərə almayan avropalı dövlət adamları və siyasi ekspertlər isə Türkiyənin maliyyə sisteminə zərbə vurmaqla, prezident Ərdoğanı növbəti seçkilərdə məğlubiyyətə uğratmaqla həm Türkiyəni, həm də Azərbaycanı zəiflətməyi düşünürlər.
Onlara belə sərf edir. Bu cənabların gözündə bir dövlətin ərazisinin 20 faizinin 30 ilə yaxın bir müddətdə işğal altında olması, 1 milyon qaçqın-köçkünün evlərinin darmadağın edilməsi heç nədir, onlar üçün əsas məsələ doğma saydıqları azsaylı toplumun bir bölgədə dominant mövqedə, asudə və firavan yaşamasıdır.

100 il əvvəl böyük Atatürkün dediyi məşhur (çox vaxt da qəsdən təhrif edilən) ifadə hələ də aktualdır. Biz Amerikadan, Avropadan, şimaldan, cənubdan imdad diləməli, nicat gözləməli deyilik, bizim bizimkilərdən (Azərbaycan vətəndaşlarından, Anadolu, Borçalı, Dərbənd, Axıska türklərindən, dindaşlarımızdan) başqa dostumuz yoxdur, Ərdoğan demişkən, öz göbəyimizin bağını özümüz kəsməliyik, baş komandan İlham Əliyevin sözü olmasın, işğala son qoymalıyıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156078

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930