Vəzirov danışdı
Azərbaycanın keçmiş rəhbəri, hazırda Moskvada yaşayan 84
yaşlı Əbdürrəhman Vəzirov səhhətinin pisləşdiyi barədə Bakıda yayılan
xəbərləri təkzib edib. Modern.az saytı “AzerRos”un Ağsaqqallar Şurasının üzvü, Nijni
Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri, Rusiya
Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov vasitəsilə Əbdürrəhman
Vəzirovla əlaqə saxlayıb.
Azərbaycanın keçmiş rəhbəri “mənim səhhətimlə bağlı hər şey qayasındadır, hər hansı problem yoxdur” deməklə söhbətə nöqtə qoyub.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Baş Prokurorluğunun 20
yanvar faciəsində əli olmuş Əbdürrəhman Vəzirovla bağlı istintaq
hərəkətlərinin davam etdiyini və onun axtarıldığını bildirməsindən sonra
bəzi KİV-lər sabiq I katibin səhhətində ciddi problem yarandığı haqda
xəbər yayıb.
Ə.Vəzirov 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub.
Məhz bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin
separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından
qovulmasına başlanılıb. Vəzirov bütün bunların, eləcə də sovet
qoşunlarının 1990-cı il yanvar ayının 20-də Bakıya daxil olmasının və
yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib.
20 yanvar qırğınından sonra Ə.Vəzirov xalqın tələbi ilə vəzifəsini
tərk edərək Moskvaya gedib. 20 yanvar qırğının təqsirkarlarından biri
sayılan Vəzirovun barəsində Azərbaycanda cinayət işi qaldırılıb.
Bu il mayın 26-da Vəzirovun 85 yaşı tamam olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=15612