İŞİD-in Qafqaz və Orta Asiya döyüşçüləri

22.01.2015 - 17:09

İngiltərənin
Exeter Universitetinin doktoru Edvard Lemon Orta Asiya, Qafqaz,
ümumiyyətlə post-sovet məkanından Suriya və İraqa döyüşə gedənlərlə
bağlı araşdırma aparıb. Orta Asiyanı Tacikistandan başlayaraq təftiş edən
ingilis mütəxəssis bildirir ki, 1990-cı illərin əvvəllərində bu ölkə
Xəttab, Əbu Vəlid kimi ərəb döyüşçülərinin savaşdığı yer olub: “İndi isə
vəziyyət dəyişib. Tacikistanlı gənclər Orta Asiya dağları boyunca
uzanan ölkələrdən keçərək İraq və Suriyaya döyüşməyə gedirlər. Əvvəllər
daha çox “Əl-Nusra” cəbhəsinə qatılan tacik gənclər sonradan İŞİD-ə
meylləndi. Tacikistan hökuməti 2009-cu ildə ölkə üçün qeyri-ənənəvi
hesab olunan sələfiliyi qadağan etdi. 2011-ci ildə dini tədris verən
xarici mədrəsələrə getməyə görə cinayət məsuliyyəti müəyyənləşdirildi.
2012-ci ildən bu günə kimi isə imamlar tədris edəcəyi dini bilikləri
öncə hökumətə təqdim etməlidirlər”. 

Edvard Lemonun fikrincə, Orta Asiya, Qafqaz ölkələri və Rusiya İŞİD-ə
qoşulan döyüşçülərin gələcəkdə təhlükə olduğuna dair ortaq
fikirdədirlər: “Rusiyalı mütəxəssislər İŞİD-in post-sovet məkanından
olan döyüşçülərinin bölgəyə böyük təhdid olduğunu düşünürlər. Rusiya
Yaxın Şərq Araşdırmalar İnstitutunun rəhbəri Yevgeni Satanoviskiyə görə,
İŞİD təsir dairəsini Əfqanıstandan sonra Orta Asiyaya qədər
genişləndirə bilər. Onun sözlərinə görə, Orta Asiyadan olan 5 minə yaxın
döyüşçü Suriya və İraqdadır. Kanadalı terror mütəxəssisi Rafal Rohozyus
da Astanada keçirilən konfransda bu ehtimalı irəli sürdü. O, apardığı
araşdırmalar nəticəsində Orta Asiyadan İŞİD tərkibində döyüşən 4 mindən
yuxarı döyüşçü olduğunu bildirib. Kanadalı araşdırmaçı Qafqazı da
unutmayıb. Azərbaycanlıların da İŞİD tərkibində döyüşdüyünü diqqətə
çatdıran mütəxəssis bu döyüşçülərin birlikdə MDB məkanına ciddi təhlükə
olduğunu qeyd edib”.
E. Lemon post-sovet məkanından İŞİD-ə qoşulanları sayına görə sıralayıb. 
“Taciklər, özbəklər, qazaxlar, qırğızlar – onların sayı 5 minə qədərdir.
Orta Asiya döyüşçüləri İŞİD tərkibində eyni qruplaşmada yer alır.
Qafqaz döyüşçüləri də kifayət qədərdir. Bu bölgədən əsasən Azərbaycan və
Şimali Qafqazdan gedənlər var. Azərbaycanlıların sayı yüzlərlədir.
Şimali Qafqaz döyüşçüləri isə çoxluq təşkil edir. Suriya və İraqa gedən
yol Türkiyədən keçir. Orta Asiya döyüşçüləri əvvəlcə Rusiyaya gedir.
Rusiyada çətin iş şəraiti onların radikallaşmasında mühüm rol oynayır.
Misal üçün, Rusiyada bir milyondan çox tacik var və onlar çox aşağı
maaşa işləyirlər. Belə insanlar arasında dini inamın gücləndirilməsi
daha asandır. Onların bir çoxu öz ölkələrində dini inanclarını açıq
şəkildə ifadə etmirlər. Misal üçün, İŞİD döyüşçüsü Akhtam Olimovun ötən
ilin sentyabr ayında videogörüntüsü yayıldı. Qonşuları Olimovun
yetkinlik dövründə dinə meylli olmadığının deyirlər. Anasının sözlərinə
görə, Rusiyaya getməmişdən əvvəl Olimov saqqal da saxlamırdı. Qardaşı
isə Olimovun Suriyaya necə getdiyindən təəccüblənir: “O dindar deyildi,
Suriyaya nə üçün getdi axı”. İŞİD-ə qatılanların əksəriyyəti kimi
taciklər də İslamla bağlı zəif bilgilərə sahibdirlər. 26 yaşlı Bəxtiyar
Şerov da Rusiyaya gedəndən sonra radikallara qoşuldu. 2011-ci ildə
Rusiyaya gedən Bəxtiyar bir neçə ay ailəsinə pul göndərdi və sonra
sorağı Suriyadan gəldi. Əbu Əhməd Taciki olaraq tanınan Bəxtiyar 2014-cü
ilin mart ayında öldürüldü.

Eyni misalları Orta Asiyanın digər ölkələrindən gedənlərə, eləcə də
Qafqaz döyüşçülərinə aid etmək olar. Onlar da ölkələrini müxtəlif
səbəblərdən tərk edir və səsləri Suriyadan gəlir. Qafqaz döyüşçüləri də
marşrut olaraq Türkiyəni seçirlər. Bu döyüşçülər əsasən 23-41 yaş
arasında olurlar”, – deyə ingiltərəli mütəxəssis deyir.
E. Lemon bu döyüşçülərin post-sovet məkanı üçün ciddi təhlükə olduğunu
bildirir. Onun fikrincə, ölkələr bu təhlükəyə qarşı ayrılıqda və birgə
olaraq hazır olmalıdır.(publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=15621

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728