Əli Kərimlidən Arif Hacılıya şok təklif
Kərimli ilə Müsavatın yeni başqanı Arif Hacılı arasında görüş keçirilib.
Arif Hacılının təşəbbüsü ilə baş tutan görüş 2 saatdan artıq davam
edib.
Görüşdən sonra Arif Hacılı bildirib ki, AXCP sədri ilə iki partiya
arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Sitat: “Görüş
mənim təşəbbüsümlə baş tutdu, təqribən iki saata yaxın müzakirə apardıq.
Mən fikirlərimi və Müsavat Partiyasının mövqeyini AXCP sədrinin
diqqətinə çatdırdım. Yəqin ki, bu məsələlər AXCP rəhbərliyində müzakirə
olunduqdan sonra fikir bildirmək olar”.
AXCP sədrinin müavini Əbülfəz Qurbanlı isə bildirmişdi ki, belə bir görüşün olacağı partiyanın Rəyasət Heyətinə bəlli idi: “Əli
bəy partiyanın Rəyasət Heyətinə məlumat vermişdi ki, Arif bəy məktub
yazıb, görüşmək istəyir. Əli bəy mədəni adamdır, çoxdan tanıdığı bir
adam onunla görüşmək istəyib, o da imtina etməyib. Görüşüb, dinləyib.
Sadəcə bu qədər. Heç kim uzağa gedən nəticələr çıxarmasın”.
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov da bu görüşdən uzaqgedən nəticələr çıxarmağın yanlış olduğunu demişdi:
“Bir daha bildirirəm ki, görüş faktından başqa nəticələr
çıxarmaq lazım deyil. Arif Hacılı görüş üçün müraciət edib, Əli bəy də
mədəni insan kimi siyasi etikaya uyğun olaraq onunla görüşüb. Amma bizim
partiya olaraq Müsavat partiyası ilə hər hansı birlik, ittifaq yaratmaq
kimi planlarımız yoxdur və məncə, bu barədə Arif bəyin özünə də
deyilib. Müsavat rəhbərliyi gərək birlik haqda Milli Şuranı tərk
etməzdən qabaq düşünəydi”.
AzPolitika.info-ya Əli Kərimli ilə Arif Hacılı arasında
danışıqların bir detalı haqda maraqlı informasiya daxil olub. Bizə
verilən məlumata görə, 2 saatlıq görüşdə Arif Hacılı Əli Kərimlini əmin
etmək istəyib ki, Müsavat partiyası bütün gücü ilə real müxalifət
mövqeyində duracaq və AXCP ilə əməkdaşlıqda maraqlıdır. O, Müsavatla
AXCP arasında yeni əməkdaşlıq formatının tapılması üçün müzakirələrə
başlamağı təklif edib.
Əli
Kərimlinin reaksiya maraqlı olub. AXCP sədri bildirib ki, prinsipcə,
AXCP ilə Müsavatın müttəfiqliyi haqda yenə də düşünmək olar, lakin bir
şərtlə ki, Rauf Arifoğlu Müsavat partiyasından uzaqlaşdırılsın. “Yalnız
bundan sonra sizin səmimiyyətinizə inanmaq olar və AXCP ilə Müsavatın
müttəfiqliyindən danışa bilərik. Gedin Rauf Arifoğlunu partiyadan
uzaqlaşdırın, sonra gəlin”, deyə Əli Kərimli Arif Hacılının
qarşısında konkret şərt qoyub. Beləliklə də, AXCP sədri ilə Müsavatın
yeni başqanının görüşü nəticəsiz başa çatıb. Hər halda Arif Hacılının
Rauf Arifoğlunu Müsavatdan uzaqlaşdırmağa cəhd edəcəyi inandırıcı
görünmür. Hətta onun istəsə belə bunu edə biləcəyi şübhəlidir – İsa
Qəmbər imkan verməz.
Deməli, qarşıdakı illərdə AXCP ilə Müsavatın müttəfiqliyi gözlənilmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15625