Koçaryanlar, sarqsyanlar və qukasyanlar niyə tələsmirlər?

24.10.2020 - 10:51

“Biz daim Ermənistan Respublikasının və erməni xalqının strateji müttəfiqi kimi Rusiyanın hərtərəfli dəstəyini hiss edirik” – özünün ən son müsahibələrindən birində erməni baş naziri Nikol Paşinyan məhz belə demişdi.

Amma bizim şərhlərimizi -yozumlarımızı gözləmədən hər bir diqqətli oxucu deyərdi ki, Paşinyan yenə də yalan danışır və həmişə olduğu kimi, ikiüzlülük edir. Əlbəttə ki, həmin oxucu haqlı olacaq –Moskva ilə İrəvan arasında hazırda çox gərgin münasibətlər hökm sürür, hətta humanitar atəşkəs razılaşmasına qədər Rusiya prezidenti Vladimir Putin Paşinyanın zənglərinə belə cavab vermirdi.

Eləcə də erməni politoloqlarının və ictimai xadimlərinin çıxışlarında və bəyanatlarında da Rusiyadan açıq-aşkar narazılıq duyulmaqdadır.

Ən əsası isə, bu günlərdə, oktyabrın 21-də prezident Armen Sarkisyan, nəhayət, Nikolun kölgəsindən çıxaraq Avropaya üz tutdu və Brüsseldə Avropa İttifaqı və NATO təmsilçilərilə bir sıra görüşlər keçirdi.

Bəzi politoloqların fikrincə, Armen Sarkisyanın Avropanın bütün ölkələrində geniş əlaqələri var, çünki o, uzun müddət diplomatik xidmətdə olub və səhv etmiriksə, hətta bu günə qədər özünün Britaniya vətəndaşlığını saxlayır. Bu illər ərzində o, özünü həm də uğurlu biznes adamı kimi də təqdim edə bilib.

Ola bilsin, həqiqətən də belədir. Bizə elə gəlir ki, erməni prezidenti müəyyən məqamları nəzərə almayıb. Birincisi, Azərbaycanın Dağlıq Qarabağ siyasətinə təsir etmək üçün Avropa strukturlarının xüsusi mandatı yoxdur.

Daha doğrusu, bu mandat ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunda əks olunub və rəsmi Bakı bu institutla daim, düz 28 il sıx əməkdaşlıq edib, bu strukturla məsləhətləşmələrdən bu gün də nəinki imtina etmir, əksinə, indi də onunla konstruktiv, predmetli və substantiv danışıqları, əməkdaşlığı davam etdirməyə hazırdır.

İkincisi, müxtəlif vaxtlarda bu strukturlar Azərbaycanla müəyyən sənədlər imzaladılar və həmin sənədlərdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüynə dəstək ifadə olundu. Bizim ATƏT-lə, Avropa İttifaqı, Avropa Şurası və s. ilə belə razılaşmalarımız var.

NATO-ya gəldikdə isə, gülməlidir ki, Ermənistan KTMT-nın üzvü olduğu halda ona rəqib olan hərbi blokda dəstək axtarır.
Armen Sarkisyan NATO generallarını inandıra bildimi ki, Azərbaycanın “başına ağıl qoymağın” vaxtı yetişib? İnanın, bu, o qədər gülməli bir detaldır ki, adam heç onun üzərində dayanmaq belə istəmir, çünki NATO generalları Azərbaycanı erməni siyasətçilərindən və yaxud da diplomatlarından heç də pis tanırmır, ona görə ki, dəfələrlə məhz Bakıda rus generalları ilə görüşlər keçiriblər.

Bundan başqa, hazırki müharibə dövründə NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər etmişdi. Bu səfər zamanı qardaş Türkiyənin prezidenti və xarici işlər naziri birmənalı şəkildə bildirdilər ki, Bakıya hər cür kömək göstərməyə hazırdırlar.

Ona görə də ABŞ-ın NATO-dakı təmsilçisi K.B.Xatçisonun Dağlıq Qarabağ problemini Azərbaycan sərhədlərində və onun suverenliyi çərçivəsində həll etmək lazım olduğunu deməsi qətiyyən təəccüblü olmadı. Elə NATO-nun Baş katibi də bu günlər ərzində hər hansı bir kəskin kontur-bəynatla çıxış etməyib.

Beləliklə, artıq indidən demək olar ki, Sarkisyanın “Avropa turnesi” fiaskoya uğrayıb. Hələ onu demirik ki, ermənilərin növbəti Avropa canatımları və ehtirasları Kremlin də diqqətindən yayınmayacaq, çünki burada Kremlin siyasi reputasiyası məsələsi var: belə alınır ki, Moskva problemi həll edə, heç olmasa, humanitar atəşkəsi təmin edə bilmir…

Bəli, ermənilər deyə bilər ki, guya Brüsselə, NATO-ya Türkiyədən şikayət etmək üçün gediblər. amma onlar bir məsələni qəti bilməlidirlər ki, hara gedirlər, getsinlər, hər yerdə onlardan bircə şeyi soruşacaqlar: “Sizin əsgərlərin Azərbaycanda nə işi var? Nəyə görə Ermənistan Azərbaycanın təkcə dağlıq yox, hətta aran Qarabağdan da yüz kilometrlərlə uzaqlıqda olan şəhərlərini raket atəşinə tutur?”.

Bir sözlə, erməniləri hər yanda məyusluq gözləyir. Amma bunlar sakitləşə, ağıllarını başlarına yığa bilmirlər. Bu günlərdə Paşinyan, necə deyərlər, “keçmişlər”lə, Ter-Petrosyanla, Koçaryanla, Sarqsyanla, Qukasyanla və Saakyanla görüş keçirdi. Belə təəssürat yaranır ki, bu adam təkcə Avropa strukturlarında yox, hətta özünün keçmiş rəqibləri arasında da dayaq-dəstək axtarır. Xeyri olacaqmı? İnandırıcı deyil.

Yadımıza gəlir ki, istefası ərəfəsində Sarqsyan tərəfdarlarına deyirdi ki, Paşinyanın hakimiyyəti çox çəkməyəcək və onlar yenidən hakimiyyətə qayıdacaqlar.

Bizə belə gəlir ki, bunun vaxtı artıq çatıb, amma Sarqsyanlar, Koçaryanlar hələ tələsmirlər, çünki Ermənistan indi batan gəmiyə bənzəyir və onsuz da Paşinyan həzrətlərinin başqa çıxış yolu yoxdur: keçmişdə gəmilər batan zaman kapitanlar da onlarla birlikdə dənizin və ya okeanın dibinə gedirdilər…

O ki qaldı bizə, ordumuz şanlı səhifələr yazmaqdadır. Bu günlərdə İranla sərhədimizin ermənilərin nəzarətinə keçən hissəsi özümüza qayıtdı – bu çox böyük qələbədir. Hərbçilərimiz böyük qələbələr əldə etməkdə ikən diplomatiyamız da bir an belə sakit durmamalı, arxayınlaşmamalıdır, ona görə ki, hərbi qələbələrimizin dayanıqlığını təmin etmək həm də bizim diplomatiyamızın işidir.

Bu həftə Moskva və Vaşinqton görüşləri oldu. Biz buna “Dağlıq Qarabağ partiyasında ABŞ debütü və Rusiya endşipli” deyərdik. Amma tələsmirik, çünki ABŞ təşəbbüsü götürmək məqamında deyil, ən azı ona görə ki, bu ölkə seçki ərəfəsindədir.

Proseslər göstərir ki, zaman keçdikcə (bu xüsusda V.Putinin son açıqlamalarında bir sıra maraqlı detallar vardı!) Rusiya da özünün əvvəlki sərt mövqelərindən çəkilir və burada da anlamağa başlayırlar ki, Azərbaycanın haqlarını tanımaq, onunla dostluq və əməkdaşlıq etmək lazımdır, çünki Bakı həqiqətən də etibarlı və dəyərli tərəfdaşdır.

Elə Sarqsyanların, Koçaryanların, Qukasyanların, Saakyanların da hələ də gözləməsi və hərəkətə keçməməsi həm də Kremldən asılıdır. Amma deyəsən, bu dəfə Kremldən işarə olmayacaq…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156538

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930