Vəhhabi kralı öldü, neft bahalaşdı
Yanvarın 23-nə keçən gecə beynəlxalq informasiya
agentlikləri vəhhabi krallığı taxt-tacının sahibi-Səudiyyə Ərəbistanı
kralı Abdulla ben Əziz əl-Səud 91 yaşında vəfat etdiyinə xəbər verib. Səudiyyə Ərəbistanının kral sarayında baş verənlərin dünya
bazarlarında neftin qiymətinə və Yaxın Şərqdəki vəziyyətə təsiri nəzərə
alınaraq kralın ölümü beynəlxalq gündəmin əsas müzakirə olunan
hadisəsinə çevrilib. Çünki dünyanın neft ixrac edən ən iri ölkəsinin
rəhbərinin səhhətinə dair xəbərləri fond birjaları həmişə xüsusi
həssaslıqla qarşılayırdı. Təsadüfi eyil ki, kralın ölümü haqda xəbər
təsdiqlənəndən sonra dünya birjalarında neft 2 faiz bahalaşıb. Kral ötən il dekabrın 31-də pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Xəbərlərə görə, Səudiyyə telekanalları monarxın xəstəxana palatasında
uzandığını əks etdirən kadrları yayır. Fonda isə Quran ayələri oxunur.
Bu isə o deməkdir ki, Abdulla ben Abdel Əziz əl-Səud vəfat edib. Bu
günlərdə KİV-lər onun öldüyünü xəbər versələr də şayiələr təkzib
edilmişdi.
“Saudi Press Agency”nin xəbərində deyilir ki, Səudiyyə Ərəbistanın
yeni kralı müdafiə naziri, 79 yaşlı Salman ben Abdel Əziz əl-Səud olub.
Şahzadə Salman 2012-ci ildə taxt-tacın varisi seçilmişdi. Onun varisi
isə öz növbəsində 69 yaşlı şahzadə Makrin ibn Abdel Əziz olub.
Son illər kral Abdulla onsuz da hakimiyyətin idarə edilməsində çox az
iştirak edirdi və bir neçə dəfə onurğasında cərrahiyyə əməliyyatı
keçirmişdi. Kral Abdulla 2005-ci ildə kral Fəhdin 85 yaşında vəfat
etməsindən sonra taxt-taca sahiblənib. Əslində isə kral Fəhd hələ
1995-ci ildən ağır xəstə olduğundan Abdulla krallığı idarə edirdi.
Monarx – Səudiyyə Ərəbistanının siyasi hakimiyyətində
mərkəzi fiqurdur. O, eyni zamanda həm ali dini rəhbər, həm də silahlı
qüvvələrin baş komandanı və baş hakimdir. Hərçənd ki, formal olaraq kral
qanunverici orqan deyil. Çünki Səudiyyə Ərəbistanı qatı şəriət
qanunları ilə idarə olunur, bu qanunlar isə yüz illərlə əvvəldən yazılıb
və dəyişə bilməz.
Kral Abdullanın vəfatı ilə bağlı xarici ölkə liderlərindən ilk başsağlığı mesajını ABŞ prezidenti Barak Obama verib.
“Əsl lider kimi o, fikirlərini açıq bəyan etməkdən və öz inanclarına malik olmaqdan çəkinmirdi”- deyə Obama bildirib.
ABŞ prezidenti deyib ki, belə inanclardan biri Amerika ilə Səudiyyə
arasında münasibətlərin mühümlüyü olub: “Bizim ölkələrimiz arasında
yaxınlıq və tərəfdaşlıq münasibətləri kralın irsinin bir hissəsi olaraq
qalır”.
B.Obama əlavə edib ki, onun kralla yaxın dostluq münasibətləri var idi.
Kralın vəfatı xəbərini eşidən Misir prezidenti Abdel Fəttah əl-Sisi Davos İqtisadi Forumunda iştirakını yarımçıq kəsərək İsveçrədən vətəninə
dönüb. Onun tezliklə Səudiyyə Ərəbistanına yola düşəcəyi bildirilir.
Orada Misir rəhbəri kralın dəfn mərasimlərinə qatılacaq. Misir
prezidenti hakimiyyətə gələndən sonra onun kralla isti münasibətlərinin
formalaşdığı da bildirilir. Ötən ilin iyun ayında monarx Qahirəyə səfər
edərək əl-Sisiyə dəstəyini şəxsən ifadə edib.
Yaxın Şərq üzrə analitiklər deyir ki, kralın
ölümündən sonra taxt-taca şahzadə Salmanın yiyələnməsi vəhhabi
krallığında hakimiyyət uğrunda mübarizənin bitdiyini göstərmir. Çünki
şahzadə Salman özü də xeyli yaşlıdır, üstəlik xəstədir. İnsult keçirib
və başqa digər xəstəlikləri də var. Buna görə də Salman hakimiyyətdə
çətin ki, uzun müddət qala bilsin.
Analitiklər hesab edir ki, kral Abdullanın ölümündən sonra
hakimiyyətin Salmana keçməsi, Salmanın varisinin isə artıq müəyyən
edilmiş olması hələ hakimiyyətin ötürülməsinin gələcəkdə rəvan
keçəcəyini göstərmir. Çünki Səudiyyə krallığının siyasi elitası yol
ayrıcındadır və iki əsas fraksiyaya bölünüb.
Bu ölkədə hakimiyyət uğrunda mübarizə Abdel Əzizin doğma
qardaşlarından formalaşan “Sudayri klanı” ilə onun digər törəmələri
arasında gedir. “Sudayri klanı” sülalənin əsasını qoyan əl-Səudun sayca
altıncı, ancaq ən sevimli arvadı olan Hassa bint Əhməd əl-Sudayridən
olan oğlanlarından ibarətdir. Qardaşların sayı yeddi olub, ona görə də
onları “Sudayri yeddiliyi” adlandırdılar.
Ancaq qardaşlardan əvvəlcə kral Fəhd, daha sonra şahzadə Sultan və
Nayef öldüyündən bu ad aktuallığını itirdi. İndi bu qruplaşmaya hazırda
taxt-taca yiyələnmiş Salman və şahzadə Mukrin, keçmiş müdafiə naziri
şahzadə Abdulrəhman, şahzadə Turki və keçmiş daxili işlər naziri şahzadə
Əhməd daxildir.
Kral Abdulla “Sudayri klanı”nın müqavimətinə baxmayaraq hakimiyyətə
gəlmişdi. Bu, Abdullanın qardaşlarının və onun uzun müddət başçılıq
etdiyi Milli Qvardiyanın dəstəyi sayəsində baş vermişdi. Buna baxmayaraq
Abdulla tacı alandan sonra güclü “Sudayri klanı” ilə münaqişəyə
girməməyi qərara almışdı.
Buna baxmayaraq kral Abdulla şahzadə Salmana öz müttəfiqini – şahzadə
Mukrini müavin, yaxud varis təyin etdi. Bu da çoxlarını
təəccübləndirdi. Əvvəla, Mukrin ümumiyyətlə şahzadə deyil, çünki o,
əl-Səudun sarayda xidmətçi işləmiş yəmənli qul qadından olan oğludur. Bu
yəmənli qul qadın rəsmi olaraq əl-Səudun 18-ci arvadı hesab olunsa da
hesab edilir ki, onların arasında evlilik rəsmi olmayıb.
İkincisi, Mukrini Salmana varis təyin etməklə kral Abdulla varisin
yaşa görə təyin edilməsi prinsipini pozub. Çünki Mukrindən əvvəl
Abdulrəhman, Turki və Əhməd gəlirdilər. İndi analitiklər kral taxtına
oturmuş Salmanın hakimiyyətə digər iddiaçılarla münasibətlərinin necə
olacağını gözləyirlər…(virtualaz.org)
F.Məmmədov
Short URL: http://www.cumhuriyyet.net/?p=15662