Müəllimlərin maaş artımı: suallar və cavablar
Maaş nə qədər artacaq? Niyə bu fərman yalnız Bakıdakı müəllimlərə şamil ediləcək? Müəllimlər nə vaxtdan artıq maaş alacaqlar?
Prezident İlham Əliyevin müəllimlərin maaş və iş yükünün artırılması haqda sərəncamı xoş xəbər təəssüratı ilə yanaşı bəzi suallar da doğurur. Cumhuriyyet.az olaraq Azadlıq Radiosunun bu istiqamətdə apardığı araşdırmanı və ekspert rəylərini diqqətinizə çatdırırıq
Ondan başlayaq ki, fərmandakı maaş artımı bütün müəllimləri nəzərdə
tutmur. Söhbət yanlız Bakı məktəblərinin xüsusi testlərdən keçmiş
pedaqoqlarından gedir.
Özü də onların bu yoxlamada göstərdikləri nəticənin məsələyə dəxli
yoxdur – sınaq imtahanı verən bütün müəllimlərin maaşı artırılır. Sözügedən imtahanlardan yüksək nəticə ilə keçib mümkün 80 baldan
75-ni toplayan Dinarə Bünyadova deyir ki, belə bir fərmanı çoxdan
gözləyirmiş:
“Mən bu fərmanı yüksək qiymətləndirirəm. Ümid edirəm ki, sonunda müəllimlər layiq olduğu əməkhaqqını ala biləcəklər”.
MÜƏLLİMLƏR YENİ FƏRMAN HAQDA NƏ DÜŞÜNÜR?
Dinarə Bünyadova 2003-cü ildə Amerikada olub, 2009-2010-cu tədris
ilinin ən yaxşı müəllimi seçilib. Hazırda həftədə 6 saat dərs yükü var,
maaşı da125 manatdır. Ümud edir ki, fərmandan sonra məvacibi xeyli
artacaq. Nə qədər?
“Dərs yükü artırılandan sonra hardasa 500 manat ala bilərik” – Dinarə xanım deyir və izah edir ki, müəllimlərin sayı azalacaq, yerdə qalanların da dərs yükü və deməli qazancı çoxalacaq. Dinarə Bünyadovanın dediklərində bir neçə məqam diqqəti çəkir: ” Birinci, müəllimlərin sayı çox olduğundan onlara dərs saatı az düşürsə, bu fərmandan sonra dərs yükləri necə artırılacaq? İkinci, müəllimlər onların maaşlarının 2 dəfə artırılacağı haqda xəbərlərə nə dərəcədə inanırlar?”
Dinarə Bünyadova əmindir ki, əksər müəllimlərin maaşları 2 dəfə
artacaq. Sanki öz inamının təsdiqi kimi sual edir: “Məgər elə deyil? Müəllimlər məcburiyyətdən bir neçə yerdə işləməli olur. Normal
əməkhaqqı alsalar müəllimlər nə repitorluq edər, nə də müxtəlif yerlərdə
işləyərlər. Tutalım mən özüm: 125 manatla necə dolana bilərəm”.
NAZİRLƏR KABİNETİNİN TƏKLİFLƏRİ
Azərbaycandan 150 mindən çox müəllim var. Onların təxminən 35 mini
Bakının payına düşür. Yeni fərmana görə, müəllimlərin dərs yükü norması
1,5 dəfə artırılır. Əvvəllər dərs yükü 12 saat idisə, indi bu, 18 saata çatdırılır.
Prezident 1 ay vaxt verir ki, Nazirlər Kabineti fərmanın icrası ilə
bağlı təkliflərini hazırlasın.
Təhsil eskperti Məlahət Mürşüdlü deyir ki, məsələni Nazirlər kabinetinin planı açıqlandıqdan sonra şərh etmək yaxşı olardı: “Neçə nəfər müəllimin əmək haqqı artırılacaq, nə qədər artacaq, bu
biz istədiyimiz əməkhaqqıdırmı? Bu sualların indi cavablamaq mümkün
deyil. Çünki tədbirlər planı yoxdur, icra mexanizmi hazır deyil.
Tədbirlər planı hazır olandan sonra bütün açıq qalan suallara cavab
tapılacaq”.
Məlahət Mürşüdlü bildirir ki, Nazirlər Kabinetinin təklifləri
hazırlayandan sonra müəllimlərin əməkhaqqı yanvar ayından hesablanacaq.
Məsələn, mart ayının əvvəlində plan təsdiqlənərsə maaşlardakı artım
yanvardan bəri hesablanaraq ödəniləcək.
25-30 FAİZ MÜƏLLİM İXTİSAR EDİLƏ BİLƏR…
Təhsil naziri Mikayıl Cabbarovun 2014-cü il 6 may tarixli əmri ilə
Bakının orta məktəb müəllimləri arasında sınaq qiymətləndirmələri
keçirib. May-iyun aylarında təşkil olunan sınaqlarda Bakıdakı 357
məktəbin 28 min 825 müəllimi iştirak edib. İqtisadçı Rövşən Ağayevin fikrincə Azərbaycanda müəllimlərin sayı
fərmanda deyildiyi qədər – 1,5 dəfə artırılması mümkün görünmür. Çünki
müəllimlərin ən azı 65-70%-nin tam dərs yükü ilə (18 saat) işləməsi
mümkün olmayacaq. Rövşən Ağayev hesab edir ki, müəllimlərin maksimum 35
faizi bu fərmandan bəhrələnə biləcək.Məktəblərdə müəllim sayı çox olduğundan Dinarə Bünyadova kimi
dərs saatı az olan xeyli müəllim var. Rövşən Ağayev düşünür ki, dərs
yükünün artırılması üçün azı 25-30 faiz müəllim ixtisar olunmalıdır.
ARTIM İKİ DƏFƏ YOX, 30 FAİZDİR…
Rövşən Ağayev deyir ki, sərəncamda maaş artımı 2 dəfə göstərilsə də,
hər saat üçün real artım 30%-dən də az olacaq. Belə ki, qüvvədə olan
qanunvericiliyə görə hazırda ilk dəfə işə başlayan ali təhsilli
müəllimin tam stavka həftədə 12 saat, maaşı (10-cu dərəcə) 155 manatdır.
Yəni hər saat üçün 12 manat 90 qəpik. Maaşlar 2 dəfə artırılsa, müəllim
310 manat alamalıdır: “Amma hökumət təkcə maaşları artırmayacaq, dərs yükünü də artıracaq.
Yəni 1 stavka 12 saat yox, 18 saat olacaq. 12 saata görə müəllim saatda
12.90 qəpik qazanırdısa, artım baş verdiyi halda 18 saata görə 17.20
manat saathesabı qazancı olacaq. Bu isə cəmi 33 artım deməkdir”.
Rövşən Ağayev deyir ki, iş bununla da bitmir. Beləki, müəllimin əlinə
aldığı maaş (vergilər və sosail müdafiə fonduna ödəmələr çıxıldıqda)
daha az olacaq. Çünki 2015-ci ilin yanvardan ölkədə yaşayış miniminunun
dəyəri 140 manata çatdırılıb. Axı, müəllimlərin əməkhaqqından yaşayış
minimumunu çıxanda, yerdə qalan vəsait vergiyə cəlb olunurdu. 12 saat dərs üçün 155 manatdan alan müəllim 7 manat gəlir vergisi və
sosial ayırma ödəyəndən sonra 148 manat təmiz maaş alırdı. Yeni
fərmandan sonra isə 310 manat alan müəllimin məvacibindən onun netto
gəliri 277 manat olacaq – 33 manat vergisi və ödəmələrə çıxılacaq:
“Bu isə o deməkdir ki, artımdan sonra müəllimlərin maaşı ən çoxu 25 faiz olacaq” – deyir Rövşən Ağayev.
Burada daha bir ehtimal var. Bəlkə də müəllimlərin dərs yükü
çoxaldılmaqla, vergi tutmaları da artırılır. Məsələn, əvvəllər 155 manat
maaş alan müəllim vergiyə 7 manat ödəyirdisə indi 2 nəfərin maaşını 1
nəfər alanda daha 144 manat üçün də vergi ödəniləcək. Dinarə Bünyadova bu ehtimallara inanmır. Düşünür ki, bu fərmanda deyildiyi kimi onların əmək haqqı 2 dəfə artırılacaq.
Prezidentin oxşar qərarlarında olduğu kimi, real vəziyyət hökumətin
uyğun tədbilərindən sonra aydınlaşacaq. Belə qərarları isə Nazirlər
Kabineti aylar, bəzənsə illərlə uzana bilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15678