“Zon”dakı doğum qalmaqlı bitmir: Aslanov Mədət Quliyevi hədəfə gətirdi

24.01.2015 - 01:10

 

Kənd Təsərrüfatı Nazirinin keçmiş müavini Aslan Aslanovun oğlunu
öldürən məhkum Lamiyə Quliyevanın ana olması ilə bağlı qalmaqal böyüyür.

Həbsxanada uşağın dünyaya gəlməsi barədə əsas fikir onu Aslan Aslanovun
qisasçılıq məqsədi ilə zorlatdırması idisə, bu gün məhkumun ötən qış
Kürdəxanı təcridxanasında təcridxana nəzarətçilərlə intim münasibətdə
olması barədə məlumatlar yayılıb. İnformasiyalarda deyilir ki, guya, bu,
məhkumun öz istəyi ilə baş tutub və təcridxananın rəhbərliyinin də
bundan xəbərdar olub.

Penitensiar Xidmət isə 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lamiyə
Quliyevanın yaxın qohumları ilə qısa və uzunmüddətli görüşlərdə olduğu
ilə bağlı açıqlama yayıb. Açıqlamanın məğzi budur ki, Lamiyə öz yaxın qohumlarından da hamilə qalmış ola bilər.

Məsələ ilə bağlı İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin
Behbudov AzNews.az-a bildirib ki, uzunmüddətli görüşlərə məhkumun
valideynləri və əri buraxıla bilər, Lamiyənin də əri olmadığına görə
məsələnin bu hissəsi qaranlıq qalır:

“Uşaq dünyaya gətirmək Lamiyənin də haqqıdır. Amma bizi maraqlandıran
tək şey onun təcavüzə məruz qalıb-qalmamasıdır. Bunu da aydınlaşdırmaq
üçün Lamiyənin özünə müsahibə vermək üçün şərait yaratmalıdırlar”.

Komitə rəhbəri bir ildən çoxdur ki, aparılan araşdırmanın hələ də bir
nəticə verməməsinin məsələnin qaranlıq tərəflərindən biri olduğunu qeyd
edib.

Məlumdur ki, uşağın atasının kimliyi barədə şübhələr varsa, uşağın
analizləri ilə atası olma ehtimalı olan şəxslərin analizləri
tutuşdurulur, DNK analizi verilir və 2 ay yarım müddətində dəqiq cavab
deyilir. Əgər həqiqətən də Lamiyə öz yaxın qohumları ilə uzunmüddətli
görüşlərdə olubsa, cəzaçəkmə müəssisəsində və İstintaq təcridxanasında
həmin şəxslərin kimliyi ilə bağlı məlumatlar var. Yayılan məlumatlardakı
kimi Lamiyə öz istəyi ilə kişi nəzarətçilərlə intim münasibətdə olubsa,
həmin şəxslərin kim olduğunu da bilir. Belə olduğu halda uşağın 3 aydır
ki, dünyaya gəlməsinə baxmayaraq niyə DNK analizləri çıxarılmır?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da qalmaqallı məsəlı ilə bağlı
mətbuatda yayılan iddialara münasibət bildirib. O, Aznews.az-a
açıqlamasında bildirib ki, hər şeydən əvvəl, nəzarətçilərin məhkumlarla
intim münasibətdə olması qanunla qadağandır: “Əgər hətta Lamiyə öz
istəyi ilə olsa belə onlarla münasibətdə olubsa, yenə də nəzarətçilərin
kimliyi müəyyənləşdirilməli, işdən azad olunmalı və məsuliyyətə cəlb
olunmalıdır”.

Penitensiar Xidmət isə suallara hələ ki, aydın şəkildə cavab vermir.

Çünki bütün hallarda günahın mərkəzində general Mədət Quliyevin
rəhbərlik etdiyi qurum dayanır. Əgər Lamiyə doğrudan da zorlanıbsa, –
hansı ki, daha çox bu versiya həqiqətə uyğun hesab edilir, onda Aslan
Aslanovun əlinin bura necə uzanması sualına cavab tapılmalıdır. Yox
əgər, bu gün yayılan məlumatlar doğrudursa, onda Penitensiar Xidmət
əməkdaşlarının niyə indiyə kimi cəzalanmaması sualı doğur.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs
edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə
əsasən təqsirləndirilən L. Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü
ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu
Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır
Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük,
Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2 il əvvəl
isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya
istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət
işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay
artırılıb.

Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.

Onu da xatırladaq ki, Aslanovun oğlunun qatili kimi həbs olunan şəxslərə
həbsxanada mənəvi və fiziki işgəncələr verdirməsi ilə bağlı mətbuatda
dəfələrlə məlumatlar yayılıb. Azərbaycanda bir nəfəri qətlə yetirməyə
görə ömürlük həbs cəzası tətbiq olunmadığı halda Vüqar İsmayılovun
ömürlük həbsinə nail olub. Eyni zamanda 10 il müddətinə azadlıqdan
məhrum edilmiş Lamiyə Quliyevanı müxtəlif ittihamlarla yenidən mühakimə
edilib, ona əlavə olaraq 3 il də iş kəsdirib. (AzNews.az)

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15681

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728