Putin Almaniyaya 6 milyard avro ziyan vurub

24.01.2015 - 21:10

Qərb mediasında yayılmış xəbərlərə görə, Davosda keçirilən
Dünya İqtisadi Forumunda Almaniya kansleri Angela Merkel Ukraynada
sülhün bərqərar edilməsi müqabilində Rusiyaya Avropa ilə azad ticarət
imkanı təklif edib.

Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yazır ki, Davos sammitindəki
çıxışında xanım Merkel “Lissabondan Vladivostokodək azad ticarət
məkanı”ndan danışıb.

Bununla belə, Angela Merkel xatırladıb ki, Rusiya Avropa İttifaqı ilə
sərfəli ticarət sazişlərinə dair danışıqlara başlamazdan əvvəl
Ukraynanın şərqində atəşkəsə dair Minsk razılaşmasındakı öhdəliklərinə
əməl etməlidir.

Mətbuat yazır ki, xanım Merkelin vitse-kansleri Sigmar Qabriel Davosdakı çıxışında daha açıq danışıb.

“Növbəti addım, azad ticarət zonasının müzakirələridir. biz Rusiyaya çıxış yolu təklif etməliyik” – deyə S.Qabriel bildirib.

Krım məsələsində Rusiyaya güzəşt?

Rusiya iqtisadiyyatı hazırda Avropa İttifaqı və ABŞ-ın Ukraynaya görə qoyduqları sanksiyalar ucbatından böhranlı vəziyyətdədir.

Angela Merkel deyib ki, Krımın ilhaqına görə sanksiyalar qaçılmaz
idisə də bu sanksiyalar Rusiya müəyyən şərtlərə əməl edərsə, qaldırıla
bilər: “Təəssüf ki, biz bu mərhələyə hələ gəlib çıxmamışıq”.

Bir çox təhlilçilər xanım Merkelin bəyanatını belə yozurlar ki,
“Krımın günahından keçilə bilər, təki Rusiya Ukraynadan əl çəksin”.

Lakin bütün hallarda bu, Qərb tərəfindən Vladimir Putinə sanksiyaların qaldırılnası üçün ilk realist təklifdir.

Analitiklər xatırladırlar ki, Rusiya Ukraynanın şərqindəki gərginliyi
Kiyevin Avropa ilə assosiasiya sazişi imzalamasına gərə başlayıb, indi
isə Rusiyanın özünə belə bir sazişdən faydalanmaq təklif edilir.

Təhlilçilər diqqəti belə bir məqama da çəkirlər ki, Rusiya və Avropa
İttifaqı arasında azad ticarət barədə hələ 2010-cu ildə Vladimir Putin
də söz açmışdı və maraqlıdır ki, “Lissabondan Vladivostoka qədər”
çoğrafiyasını ilk dəfə olaraq o səsləndirmişdi.

Angela Merkel həmçinin öz müttəfiqlərinə Rusiyanı son dərəcə küncə
sıxmamaq üçün Ukrayna ilə NATO-nun dərhal təcili qaydada yaxınlaşmasına
can atmamağı məsləhət görüb.

Burası da var ki, xanım Merkel əvvəllər Ukraynanın NATO-ya üzvlüyü məsələsində barışmaz əks mövqe tutmuşdu.

Merkel Rusiyaya yanlış mesaj vermək istəmir

Bu da qeyd olunur ki, Angela Merkelin çağırışı təkcə Ukraynadakı
münaqişəyə son qoyulması arzusundan irəli gəlmir və Almaniyanın öz
iqtisadiyyatı da Rusiya ilə münasibətlərin gərginliyi üzündən çətinlik
çəkir.

Almaniyanın “Rheinische Post” qəzeti xatırladır ki, 2014-cü ildə
Almaniyanın Rusiyaya ixracatı 14 faiz azalıb, bu isə itirilən 6 milyard
avro deməkdir.

Avropa İttifaqı Şərqi Avropa İqtisadi Əlaqələri Komitəsinin sədri
Eckhard Cordes bildirib ki, Ukraynadakı böhran tezliklə çözülməzsə,
2015-ci ildə vəziyyət daha ağır ola bilər.

Bütün bunlarla yanaşı, Angela Merkel Rusiyaya münasibətinin
yumşaldığı barədə yanlış yozulacaq mesaj verməmək üçün bir daha
vurğulayıb ki, “Rusiya Avropanın təməl prinsiplərini tapdalayıb” və
tənqidlərdən lazımi nəticə çıxarmazsa, sanksiyalar siyasətində heç bir
dəyişiklik baş verməyəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=15718

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728