Cahangir Əsgərov, Mübariz Mənsimov və “Hafka”nın pullarının müəmmalı taleyi
Üç oliqarxın futbol klublarına ayırdıqları vəsaitlər barədə ilginc iddialar
Azərbaycandakı
futbol klublarına sponsorlar tərəfindən ayrılan pulların taleyi ilə
bağlı ilginc iddialar səsləndirilib. Üstəlik, bu iddiaların müəllifi
hansısa naməlum “etibarlı mənbə”, yaxud KİV orqanı deyil.
İddia
kifayət qədər önəmli şəxsin – ölkənin futbol təsərrüfatının aparıcı
simalarından biri, milli çempionatın təşkilatçısı və idarəçisi olan
Professional Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevdir.
PFL
prezidenti son açıqlamasında bəzi klublar haqda sərt fikirlər
səsləndirib. Qurum rəhbəri Antalyada jurnalistlərlə söhbətində bir sıra
klubların işi onu qane etmədiyini bildirib: “Klublarımızın işi məni
keçmiş klub rəhbəri kimi qane etmir. Bilirsiniz ki, transferlərin hamısı
bizim imzamızın altından keçir. Əfsuslar olsun ki, klublara maliyyə
buraxanlar komandada çalışan bəzi insanlara çox inanırlar. Həmin
insanlar da bu inamdan istifadə edərək, böyük alverə keçib. Bunu
çəkinmədən deyirəm ki, klublarımızın əksəriyyətində işlər düzgün getmir.
Mən özümü tərifləmirəm. Klubda çalışdığım vaxt belə bir şey görmədim
ki, hansısa futbolçu gəlib, 6 aydan sonra getsin. Bəs klubda çalışan
məşqçi və ya klub rəhbəri hara baxır? Niyə məşqçidən soruşmur ki, sənin
futbolçun 6 ay oynayıb, niyə getdi? Bir sıra klublarımızın daxilində
alver gedir. Məşqçi kənarda qalıb, sıravi işçi komandaya futbolçu
gətirir.
“Neftçi”də çalışanda məşqçi mənə deyirdi ki, filan oyunçu
lazımdı. Mənim onu hansı qiymətə almağımın isə məşqçiyə aidiyyatı yox
idi. Sözsüz ki, büdcəmizə uyğun davranırdıq. O vaxt oynayan futbolçular
indi mənə deyir ki, Ramin müəllim, siz bizə qarşı xəsislik etmisiz. Onda
pul olmasa da, mehribanlıq var idi. Hər şey pulla ölçülmür. Bütün
sadaladıqlarıma görə həqiqətən də şokdayam. Klubların sponsorlarına
səslənirəm ki, komandalarda pullar düzgün xərclənilmir. Vəssalam!”
Antalyada
təlim-məşq toplanışında olan klublarımızın yoxlama oyunlarını izləyən
Ramin Musayev həmin vaxt bir epizodun ona çox pis təsir etdiyini deyib:
“Burada izlədiyim oyunlarda bir epizod mənə çox pis təsir etdi. Ancaq
xahiş edirəm ki, dırnaq arasında heç kimin adını hallandırmayasız. Necə
deyirəm, elə də yazın. Ağasəlim Mircavadov, Şahin Diniyev, Vaqif
Sadıqov, Şakir Qəribov, Yaşar Vahabzadə və başqaları, yəni ölkə
futbolunda əziyyət çəkmiş insanlar klubun oyununu izləyir. Komandanın
bir işçisi, rəhbəri ayağını ayağının üstünə qoyub, oyuna baxır.
Qonaqlara yaxınlaşıb, “xoş gəlmisən” də demədi. Belə klub rəhbəri olar?
Belə hörmətsizlik olmaz. And olsun, özüm-özümə nifrət etdim ki, gör
kimlərlə… Bu, bizim mentalitetə uyğun deyil. Mən özüm bir kənara,
bizim ağsaqqalara niyə hörmət etmirsən? Bəs o klubda çalışan məşqçi
bizim mütəxəssisə hörmət qoyarmı? Elə bir insandan necə dərs alacaqlar?”
Qeyd
edək ki, PFL prezidentinin xüsusilə klublara sponsorlar tərəfindən
ayrılan pulların taleyi ilə bağlı dedikləri maraq doğurur. Əslində
sponsorların klublara ayırdıqları vəsaitin təyinatsız xərclənməsi barədə
indiyədək də müəyyən fikirlər səsləndirilirdi. Amma indi bunun ölkə
çempionatını təşkil və idarə edən, futbol təsərrüfatımız barədə
yetərincə bilgili olan şəxs tərəfindən dilə gətirilməsi vəziyyətin nə
qədər acınacaqlı olduğunu göstərir.
Xatırladaq ki, hazırda bir çox
tanınmış oliqarxlarımız ayrı-ayrı futbol klublarını himayə edirlər.
Məsələn, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL)
prezidenti Cahangir Əsgərov “AZAL”, Türkiyədə yaşayan və çalışan
azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz
Mənsimov “Xəzər-Lənkəran”, qalmaqallı biznesmen, “Baghlan Group”un
prezidenti, “Hafka” ləqəbli Hafiz Məmmədov “Bakı” futbol klublarını
himayə edirlər. Ramin Musayev açıqlamasında konkret futbol klublarının
adını çəkmədiyindən onun nəzərdə tutduğu komandalar arasında yuxarıda
adlarını sadaladıqlarımızın olub-olmadığını bilmirik.
Amma reallıq
ondan ibarətdir ki, sözügedən sponsorların ayırdıqları pullar
müqabilində onların himayəsindəki futbol klublarının durumu heç də
ürəkaçan deyil. Xüsusilə Mübariz Mənsimov Lənkəran klubuna yetərincə
səxavət nümayiş etdirsə də, cənub təmsilçisi nəinki Avrokuboklarda
hansısa uğurla yadda qalıb, heç daxili çempionatda belə son illərdə
azarkeşlərini sevindirə bilmir. Elə buna görə də bir müddət əvvəl
Mənsimovun “Xəzər-Lənkəran”a ayırdığı vəsaiti kəskin azaltdığı xəbəri
yayıldı.
“Hafka”nın klubu da öz maddi imkanlarından qat-qat aşağı
çıxış edir. Hazırda “Bakı” mili çempionatda sonuncu yeri tutur. Düzdür,
Hafiz Məmmədovun son vaxtlarkı maddi böhranı klubun maliyyələşməsinə də
təsir edib və müəyyən maddi çətinliklər yaradıb, amma reallıq ondadır
ki, heç iş adamı “Bakı”ya kifayət qədər səxavət nümayiş etdirəndə də
paytaxtın eyni adlı komandası ürəkaçan uğurlara imza ata bilmirdi.
Elə
AZAL-ın sponsoru olduğu eyni adlı komandanın durumu da ürəkaçan deyil.
Hazırda Əsgərovun klubu 9 komandanın mübarizə apardığı Premyer Liqamızda
7-ci yerdə qərarlaşıb.
Bir sözlə, PFL prezidenti olduqca ilginc
məqama toxunub. Yaxşı olardı ki, futbol klublarına sponsorların
ayırdıqları pulların qaranlıq taleyi ilə bağlı gələcəkdə daha konkret
faktlar ortaya qoyulsun, vəziyyətin müsbətə doğru dəyişdirilməsi
istiqamətində qanunvericiliyin tələbləri çərçivəsində əməli addımlar
atılsın. Bəlkə bundan sonra oliqarxlarımızın futbola ayırdıqları
pullardan kimlərsə yox, futbolumuz özü qazandı.
Short URL: http://www.cumhuriyyet.net/?p=15726