Elşad Abdullayevin həbsxana qorxusu
Keçmiş rektor Azərbaycandakı bütün KİV-ləri, hətta vaxtilə onu
dəstəkləyən və tərifləyənləri “KQB”nin və hakimiyyətin tribunası
adlandırdı…
Məlum olduğu kimi, fəaliyyəti dayandırılmış Azərbaycan
Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev və həmin
universitetin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanunsuzluqlarla
bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Baş
Prokurorluğun Mətbuat Xidmətindən “Təzadlar”a verilən məlumata görə,
istintaq zamanı E.Abdullayevin qulluq mövqeyindən sui-istifadə edərək
qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz hərəkətlərə görə
ayrı-ayrı şəxslərdən 370 min 586 manat məbləğində pulu rüşvət almaqla
fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin
qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında, həmçinin təkrarən
külli miqdarda rüşvət verməyə cəhd etməsində və külli miqdarda vergiləri
ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan 25 iyun 2014-cü
il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma),
308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma),
311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul
edilmişdir.
Hazırda cinayət işi üzrə universitetin ayrı-ayrı
fakültələrinə qanunsuz olaraq tələbələrin köçürülməsi, təhsil aldıqları
müddətdə sessiya və yekun dövlət buraxılış imtahanlarından müvəffəqiyyət
qiymətlərinin yazılması və onlara ali təhsil haqqında diplomların
verilməsində həmin universitetin vəzifəli şəxsləri tərəfindən törədilmiş
korrupsiya faktlarının araşdırılması ilə bağlı müvafiq
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bundan başqa,
E.Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək
universitetin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli
şəxslərinə həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının
transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə
dair xüsusi razılıq (lisenziya) olmadığı halda qanunsuz göstəriş
verməklə İsrail vətəndaşları ilə əlbir olub cinayət əlaqəsinə girərək
“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”
Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozaraq,
donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar
olan resipiyentlərə köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının
keçirilməsinə şərait yaradılmaqla hər bir əməliyyata görə heç bir
sənədləşdirmə aparılmadan nağd qaydada külli miqdarda pulun alınıb
dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər
vurulması faktları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair
işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə
səlahiyyətlərdən sui-istifadə) maddəsi ilə başlanmış cinayət işi üzrə
istintaq-əməliyyat tədbirləri davam etdirilir. İş üzrə universitetin və
Tibb Mərkəzinin əməkdaşları, cərrahiyyə əməliyyatlarında iştirak etmiş
tibb personalı şahid qismində dindirilmiş, həkim fəaliyyəti ilə bağlı
məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, sənədlərin texniki-kriminalistik
ekspertizaları təyin olunaraq rəylər alınmış, E.Abdullayevlə cinayət
əlaqəsinə girmiş İsrail və Ukrayna vətəndaşları barəsində eyni cinayət
əməllərinə dair Ukraynada həyata keçirilən cinayət təqibi üzrə
məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əldə olunaraq iş üzrə toplanmış
digər sübutlarla birgə qiymətləndirilməklə ittiham üçün əsas verən
kifayət qədər sübutlar toplanıldığından 20 avqust 2013-cü il tarixdə
E.Abdullayevin Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya
toxumalarının qanunsuz alqı-satqısı) və 308.2-ci maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul
edilmişdir. E.Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi
üçün barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək
axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış
tədbirləri həyata keçirilir…
“Baş
Prokurorluğun indiyədək ABU və onun rektoru haqqında yaydığı rəsmi
açıqlamalardan, məhkəmələrin çıxardığı hökmlərdən məlum olur ki,
E.Abdullayevin Azərbaycanda siyasi yox, korrupsiya fəaliyyəti olmuşdur!”
Xatırladaq ki, bir müddət öncə E.Abdullayevin Fransada siyasi sığınacaq alması barədə
məsələ ətrafında kiçik bir araqşdırmamızın nəticəsini təqdim etmişdik.
Fransada yaşayan, MTN-nin keçmiş mühüm işlər müstəntiqi Ramin Nağıyevin
açıqlamasından məlum olurdu ki, E.Abdullayev, sən
demə, bu ölkədə indiyədək hamının güman etdiyi siyasi sığınacaq
statusunu almayıb. Elə dünən redaksiyanın elektron poçtuna hüquqşünas
Adil Mirzəyevin imzası ilə bir məktub daxil olub. Müəllif məhz həmin
məqama toxunaraq yazır: “E.Abdullayevin kimliyi mənim üçün maraqlı
deyil… Amma bir şey maraqlıdır ki, adətən, o şəxslərə siyasi sığınacaq
statusu verirlər ki, ona əvvəl yaşadığı ölkədə siyasi fəaliyyətinə görə
hakimiyyət tərəfindən siyasi təzyiqlər edilib, onun fikir və ifadə
azadlığı kobud surətdə pozulub, sərbəst fəaliyyət və toplaşma azadlığına
məhdudiyyətlər qoyulub və s. Güman etmirəm ki, E.Abdullayev bunları
bilməmiş olsun. İnternetdən siyasi statusun alınması qayda və şərtlərini
öyrənmək bir o qədər də çətin deyil… Amma sual yaranır: Elşad
Abdullayevin bu hüquqlarından hansı hakimiyyət tərəfindən pozulmuşdur?
Bəri başdan xüsusi olaraq bildirirəm ki, məqsədim məsələyə hüquqi
aydınlıq gətirməkdir, hakimiyyətin hansısa hərəkətinə bəraət qazandırmaq
yox. Əksinə, bilməyənlər üçün qeyd edirəm ki, dövlət strukturlarından
birindəki iş yerimi məhz başqa siyasi partiyanın üzvü olmağıma görə
itirmişəm… Yəni, YAP-ın üzvü deyiləm… Qayıdaq sualların cavabına:
Birincisi, E.Abdullayevdə hansı siyasi fəaliyyət olmuşdur? Cavab
birmənalıdır, əksinə, Baş Prokurorluğun indiyədək ABU və onun rektoru
haqqında yaydığı rəsmi açıqlamalardan, məhkəmələrin çıxardığı hökmlərdən
məlum olur ki, E.Abdullayevin Azərbaycanda siyasi yox, korrupsiya
fəaliyyəti olmuşdur! İkincisi, sual olunur, E.Abdullayevin Azərbaycanda
olduğu və fəaliyyət göstərdiyi illərdə hansı fikir və ifadə azadlığı
pozulub? Cavab yenə də birmənalıdır: heç bir! Kiçik bir araşdırma
apardım, təkcə sosial şəbəkələrdən və digər mənbələrdən aldığım
bilgilərdən məlum oldu ki, E.Abdullayev ABU-nun rektoru və professoru,
müəllimi kimi sərbəst elmi fəaliyyətlə məşğul olub, paralel olaraq Bakı
Dövlət Universitetinin müəllimi olub və auditoriyalarda illər boyunca
dərs deyib… Həmçinin o, Azərbaycan Prezidenti Yanında Ali Attestasiya
Komissiyasının ekspert şurasının üzvü, sektor müdiri olub. Özü də
Azərbaycanı tərk etdiyi son ana qədər-2011-ci ilin sonlarınadək… Elə
isə bu insana hakimiyyətin hansı təzyiqi olub, hansı sərbəst hərəkətinə
məhdudiyyət qoyulub?
İfadə azadlığına gəlincə, E.Abdullayevin onlarla
dərsliyi, siyasi məzmunlu kitabları nəşr olunub… Məsələn, onun
sonuncu 680 səhifəlik “Dağlıq Qarabağ və Beynəlxalq təşkilatlar” kitabı
başdan ayağa Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin və hazırkı
Prezident İlham Əliyevin dəstəklənməsinə, təriflənməsinə… həsr olunub,
hər iki dövlət başçısının Dağlıq Qarabağ probleminin həlli ilə bağlı
ayrı-ayrı illərdəki rəsmi görüşləri və çıxışları kitabda gen-bol
işıqlandırılıb.
İndi təkrarən sual yaranır: Azərbaycanda
E.Abdullayevin hansı fikir və ifadə azadlığına maneçilik, yaxud təzyiq
edilib? Əksinə, onun bütün yazılı fəaliyyəti, elmi işi hakimiyyətin
tərifinə hesablanıb və bu istiqamətdə olub. Beləliklə, mən də əvvəldən
inanmırdım və inanmağa əsas da yox idi ki, Fransa kimi bir ölkə adı
ictimaiyyət arasında belə saxta diplom istehsalı ilə məşhur olan bir
adama siyasi sığınacaq statusu versin. Varsa, qoy siyasi mühacirlər üçün
verilən pasportun iç səhifəsini KİV-lərə ötürsün, hamı da bilsin…
Amma əksinə, neçə gün əvvəl onun sosial şəbəkələrdə yayılmış bir
açıqlamasını oxudum. E.Abdullayev bütün KİV-ləri hakimiyyətin tribunası,
iqtidara işləyən satılmışlar kimi təqdim edir. Yenə də sual olunur: özü
on illər hakmiyyətə qulluq edəndə, hakimiyyəti tərifləyəndə… yaxşı
idi, indi Azərbaycandan uzaqlaşdığı üçün bu hakimiyyət düşməndir? Yaxud,
özünü gen-bol tərifləyəndə KİV-lər yaxşı idi, amma indi hamısı olub
“xalq düşməni “?”.
Baş
Prokurorluğun sonuncu rəsmi açıqlamasına E.Abdullayev əvvəlcə “Yeni
Müsavat”a, ardınca isə özünün facebook səhifəsində əsəbi cavab verib…
O, “YM”na göndərdiyi cavabında bildirir ki, prokurorluğun onun əleyhinə
vermiş oldugu açıqlamaları qanunsuz və siyasi sifarişdir:
“Prokurorluğun həftədə bir dəfə verdiyi təhdidedici bəyanatlarını siyasi
sifariş hesab edirəm. Onların mənim əleyhimə qaldırdığı cinayət işləri
saxta “fabrikovat” olunmuş işlərdir, daxili auditoriya üçün hesablanıb,
tələbələrin və müəllimlərin qorxu altında saxlanmasına xidmət edir. Əgər
həqiqətən də belə faktlar vardısa, nə üçün 5 il bundan əvvəl bu cinayət
işlərini qaldırmırdınız!? Mən Avropa Məhkəməsinə şikayət edənə qədər
mənim adım heç bir cinayət işində hallanmayıb. Strasburq Məhkəməsinə
şikayət etdikdən sonra diktatura rejimi həmin şəxsi susdurmaq məqsədilə
onun əleyhinə həqiqətə uyğun olmayan saxta cinayət işləri açır. Bu günə
qədər kimlər şikayət edibsə, onun əleyhinə həmən saxta cinayət işləri
acılıbdır”.
Bu
ifadə sabiq rektorun ən sevimli atalar sözündəndir. Amma həm də onun
özünə aiddir. Çünki E.Abdullayev açıqlamasında bildirir ki, qətlləri
açmaq əvəzinə, onu qorxu altında saxlayırlar: “Oğurlanmış qardaşımı geri
qaytarmaq, cinayətkarları cəzalandırmaq əvəzinə, məni təhdid etməklə
məşğuldurlar. Oğru elə bağırdı ki, doğrunun bağrı çatlayır…”.
“Kimdir
doğru? Elşad Abdullayevmi???”, -deyə sual edir oxucumuz Həsən
Mikayılov. Onun qəzetin elektron poçtuna göndərdiyi məktubu
düşündürücüdür: “…Mən ABU-ya sənəd verəndə əvvəlcə 5 min manat, sonra
isə iki il oxuduğum müddətdə yenə də bu qədər pulumu aldılar… Mən hələ
təhsil haqqını demirəm. Şəxsən atama dedilər ki, oğlunun adı ABU-nun
Moskva filialındadır, bir ildən sonra Bakıya “perevod” ediləcək… Amma
həmin vaxtdan bunun frıldaq olduğunu bilirdik, amma artıq gec idi…
İndi nə sənədlərimi tapa bilirik ki, başqa ali məktəbə sənəd verim, nə
də Elşad Abdullayev üzə çıxır ki, pulumuzu alaq. Pulu onun qardaşı
Eldənizə vermişdik… O, isə hamını cinayətdə suçlayır, internetdəki
statusunda yazdıqlarından məlum olur ki, Azərbaycanda hamı
cinayətkardır, təkcə ondan başqa… Qardaşının itkin düşməsi pərdəsi
altında isə özünün müdafiəsini qurur. Halbuki uşaq da anlayır ki, bunlar
söz oyunu, manevr üsullarıdır. Bəlkədə onun Mahir Abdullayevin
ailəsinin maddi durumundan xəbəri yoxdur… Belə söz davasına son qoymaq
üçün isə o Bakıya gətirilməli, minlərlə mənim kimi banka, qonşuya…
borclu olanların pulunu qaytarmalıdır!”.
Oxucumuz H.Mikayılov
E.Abdullayevin facebook səhifəsindəki açıqlamalarını da redaksiyamıza
göndərib. Oxuyanda dəhşətə gəldik. Azərbaycan Prezidentini, onun ailə
üzvlərini, bütün hüquq mühafizə orqanı rəhbərlərini dilə gətirilməsi
mümkün olmayan ifadələrlə təhqir edir, şər və böhtan dolu ifadələr
işlədilir. Bilə-bilə ki, bu cür açıqlamalar Azərbaycandakı qohum-əqraba
üçün nə qədər problemlər yaradandır, onları həyəcan içində saxlamağa
xidmət edir.
“Azərbaycanda azad mətbuat və müstəqil məhkəmə hakimiyyəti olmadığı üçün günahsız adamlar haqqında necə gəldi qeyri-legitim
rejimin yalan məlumatlarını tirajlayırlar”
Bu
sözlər E.Abdullayevin Azərbaycan KİV-ləri barədə böhtan dolu
açıqlamasındandır. Və çox maraqlıdır ki, o, bu siyahıya daim onun
açıqlamalarına əvvəldən geniş meydan vermiş “Azadlıq”, “Yeni Müsavat”…
qəzetlərini, !Qafqazinfo” saytını… da daxil edib. “Azərbaycanda azad
mətbuat və müstəqil məhkəmə hakimiyyəti olmadığı üçün günahsız adamlar
haqqında necə gəldi qeyri-legitim rejimin yalan məlumatlarını
tirajlayırlar. Müntəzəm olaraq yalan məlumatlara münasibətimi
bildirirəm, lakin diktator rejimlə iş birliyində olan bəzi jurnalistlər
guya məni axtarırlar, tapa bilmirlər, əslində qanlı monarxiya rejiminin
yalanlarını bəzəyib tirajlayırlar…”.
Təsəvvür edirsinizmi, uzun
illər vəzifəsini tutub çörəyini yediyi bir hakimiyyət barədə indi
E.Abdullayev nələri deyir… Özü də bütün dünyaya yayılan bir
tribunadan… Bununla da sakitləşməyən E.Abdullayev özünün facebook
səhifəsində yazır: “…Dünən başda “Yeni Müsavat” və “Azadlıq” qəzetləri
olmaqla saysız hesabsız cinayətkar və mafioz… Rejimə nökərçilik edən
reket qəzetlər və Saytlar Beynəlxalq Universitetin keçmiş Rektoru, Hüquq
Professoru Elşad Abdullayevin AZ. Respublikası Prokurorluğunun növbəti
dəfə beynəlxalq axtarışa verildiyinə dair Bəyanatını yayımladılar. Mən
şəxsən özüm saydım, E.Abdullayevi Respublika Prokurorluğu son bir iki
ildə 12 dəfə beynəlxalq axtarışa verib və hər dəfəsində adlarını
yuxarıda qeyd etdiyim reket qəzetlər bu Bəyanatları sevə-sevə
manşetlərdə yayımlayıblar…”.
Oxucumuz daha sonra yazır:
“Təəccüblənirəm, Elşhad Abdullayev təkrar olaraq özünün tamamilə
günahsız, mələk kimi olduğunu bildirərək, Prezidenti və onun ətrafının,
yaxın qohumlarının ABU-nu ələ keçirmək üçün guya ona təzyiqlər ediblər,
hətta qardaşını oğurlatdırıblar… Baş Prokurorluğun yayımladığı rəsmi
açıqlamanı “avantürist, boş, yalan və iftiralarla dolu Bəyanat”
adlandıran E.Abdullayevə bir sual vermək yerinə düşər: əvvəla,
Prezidentin ailəsinə, ətrafına, qohumlarına… ABU-nu ələ keçirmək
nəyinə lazım idi? Prezidentin ətrafı istəsə on ABU boyda universitet
açardı… Son 4-5 ildə Azərbaycanda onlarla özəl təhsil ocaqları,
Müəllimlər İnstitutunun filialları bağlanıb… Çünki onların verdiyi
diplomlar olmalı təhsilə və savada qətiyyən uyğun gəlmirdi. İkincisi,
E.Abdullayev doğrudanmı düşünür ki, Prezidentə və ya onun ətrafına ABU
kimi imici korlanmış, korrupsiya yuvası, kolxoz bazarı üsul-idarəli bir
universiteti ələ keçirmək lazım imiş? Nəhayət, tutalım
hakimiyyətdəkilərdən kimlərəsə ABU-nu ələ keçirmək lazım idi. Bunun
üçün E.Abdullayevə təzyiq etmək, qardaşını oğurlamaq çoxmu vacib idi?
Hakimiyyət bircə vergi əməkdaşını bu bazar universitetinə göndərib,
Təhsil Nazirliyi buradakı təhsilin səviyyəsini yoxlatdırsaydı, kifayət
idi ki, ABU bağlanıb arxivə verilsin… Bunu qoya-qoya, rektorun
qardaşını oğurlamaq hansı ağılsızın işi ola bilərdi görəsən?”.
Əlavə şərhə ehtiyac varmı?(tezadlar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15727