İcra hakimiyyətinin qarşısında aksiya keçirən qadın həbs edilməyib
İmişli Rayon İcra Hakimiyyətinin (RİH) binasının qarşısında
yerə yorğan-döşək salıb aksiya keçirən və intiharla hədələdiyi deyilən
qadın həbs olunmayıb.
Bu barədə virtualaz.org saytına İmişli Rayon Polis
Şöbəsindən (RPŞ) məlumat verilib. RPŞ-dən o da bildirilib ki, həmin
qadın İmişli sakini Lalə Xanbaba qızı Orucovadır.
İmişli RPŞ-dən onu da bildirdilər ki, Lalə Orucova yaşadığı mənzildən
məhkəmə icraçıları tərəfindən qanunsuz olaraq çıxarılmasına etiraz
edib, amma onun özünü yandırmağa cəhd etməsi barədə məlumatlar
həqiqətəuyğun deyil.
RPŞ-dən verilən məlumata görə, L.Orucovanın etirazına səbəb olmuş
mənzil problemi də İmişli RİH tərəfindən həll olunub, hazırda o, başqa
bir mənzildə məskunlaşdırılıb. Polisdən onu da əlavə etdilər ki, Lalə
Orucovanın guya 15 sutkalıq həbs olunması barədə məlumatlar da həqiqəti
əks etdirmir.
Qeyd edək ki, mətbuatda İmişlidə qeyri-adi aksiyanın keçirilməsinə
dair məlumat yayılmışdı. Şahidlərin bildirdiyinə görə, yanvarın 23-də
bir qadın özü ilə yorğan-döşək gətirərək İmişli RİH-in inzibati binası
qarşısında yerə döşəyib və mənzil problemi tələbi yerinə yetirilənədək
burada yatacağını bildirib. Polis əməkdaşları və icra məmurları ona
yaxınlaşanda etirazçı qadın benzinlə dolu şüşə qabı onlara göstərib və
kiminsə yaxına gələcəyi təqdirdə özünü yandıracağını deyib. İcra başçısı
ilə görüşdürüləcəyinə və tələbinin təmin olunacağına inandırılandan
sonra qadın aksiyasını dayandırıb.
O da bildirilirdi ki, şahidlərin dediyinə görə, Lalə Orucova əvvəlcə
RİH-in növbətçi otağında polis nəzarəti altında saxlanılıb, oradan da
İmişli Rayon Polis Şöbəsinə aparılaraq 15 sutkalığa həbs edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=15761