“BNP Paribas”dan bədbin proqnoz: “Azərbaycan investisiya reytinqini itirə bilər”
Fransanın “BNP Paribas” bankının və “Capital Economics”in
analitikləri Azərbaycan da daxil olmaqla bəzi inkişaf etməkdə olan
ölkələrə dair bədbin proqnozla çıxış ediblər.
Virtualaz.org saytı “Röyter”ə istinadən xəbər verir
ki, analitiklərin proqnozlarına görə, 2015-ci ildə Qazaxıstan,
Azərbaycan, Rusiya, Bolqarıstan, Cənubi Afrika Respublikası və Türkiyə
suveren investisiya reytinqlərini itirə bilərlər.
“Bu yaxınlara qədər inkişaf etməkdə olan bazarlarda üfüqlər
aydın idi, yeni “ulduzların” investor portofilosunda potensiala malik
idi. İndi isə siyasi çaxnaşmalar və bazarların məhdudlaşdırılması
fonunda səma potensial olaraq düşmə riski yaşayan mələklərlə doludur”–
deyə “BNP Paribas” bankının inkişaf etməkdə olan ölkələr üzrə araşdırma
bölməsinin rəhbəri Devid Spegel vəziyyəti obrazlı şəkildə şərh edib.
Analitik “Röyter”ə müsahibəsində bu proqnozunu geosiyasi vəziyyət,
neftin və digər xammalın qiymətlərinin aşağı olması, dolların mövqeyinin
durmadan möhkəmlənməsi ilə əsaslandırıb. Onun fikrincə, bu amillər
sözügedən ölkələrdən pul axınına səbəb ola bilər.
“Capital Economics”dən Uilyam Cekson isə hesab edir
ki, artım dövründə aktivlərin qiyməti əhəmiyyətli şəkildə arta bilər,
ancaq hətta cəmi bir xarici şok nəticəsində bu bazarlardan kapitalın
qaçması riski var.
“BNP Paribas” analitiklərinin qənaətinə görə,
əgər neftin qiymətləri 50-60 dollar arasında qalarsa, Rusiyanın
investisiya reytinqi bu il Ba1/BB+, gələn il isə Ba2/BB səviyyəsinə
qədər azaldıla bilər.
Qeyd edək ki, 2014-cü ildə nüfuzlu beynəlxalq reytinq
agentliklərindən “Standard&Poor`s” Azərbaycanın suveren reytinqini
yenidən “BBB-/A-3” səviyyəsində təsdiqləyib. Ən aşağı dərəcəli
investisiya kateqoriyasına aid olan uzunmüddətli və qısamüddətli kredit
reytinqləri üzrə proqnoz “sabit” kimi göstərilib.
“Standard&Poor`s”un hesabatında qeyd olunub ki, suveren reytinqin
təsdiqlənməsi xarici kreditor kimi hökumətin mövqeyinin möhkəmləndiyini
əks etdirir. Ekspertlərin fikrincə, bu amil maliyyə çətinliyi
yaranacağı təqdirdə Azərbaycana “təhlükəsizlik yastığı” effektini təmin
edə bilər. Hesabatda xüsusilə vurğulanır ki, ölkəmizdə ÜDM artımı
2009-cu ildən ilk dəfə olaraq illik 5,8 faizə çatdırılıb.
“Standard&Poor`s”un təhlilçiləri Azərbaycanda ortamüddətli gələcəkdə
ÜDM artım göstəricisini 4 faizdən aşağı görmürlər.
Agentlik neft hasilatı həcminin hazırkı səviyyəsinin 2017-ci ilədək
sabit qalmasını və 2018-ci ildə “Şahdəniz-2” qaz-kondensat yatağında
hasilatın başlanmasını gözləyir. Bu sahədə ölkənin tədiyyə balansında
cari əməliyyat hesablarının profisiti təmin ediləcək. Reytinq agentliyi
həmin proqnozlarında neftin orta qiymətini hər barrelə görə 97 dollar
səviyyəsində nəzərə almışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=15781