“Avronun ucuzlaşması Azərbaycan iqtisadiyyatını təhlükə altına salır”
Dünya bazarında avronun məzənnəsinin ucuzlaşması ciddi
müzakirə edilən məsələlərdəndir. Əksər ekspertlər məzənnə düşməsinin
Azərbaycana ciddi təsir göstərəcəyi qənaətindədirlər.
Qeyd edək ki, Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin kəmiyyət
yumşadılması proqramını (QE) işə salmaqla bağlı çıxışı dünya valyuta
bazarlarında avronu ucuzlaşdırıb. Bu çıxış avroya öldürücü təsir
göstərdi və valyuta bazarında avronun məzənnəsi son 11 ildə ən aşağı
həddə düşdü.
Ekspert
Vüqar Bayramov bu məsələ ilə bağlı musavat.com-a bildirib ki,
ucuzlaşmanın əsas təsiri Avropadan Azərbaycana gələn malların
qiymətlərində olacaq: “Bu, artıq Avropadan daha çox məhsulun
Azərbaycana gətirilməsi deməkdir. Əvvəllər 10 min avroya olan məhsulun
ölkəyə gətirilməsi nəticəsində 4 min manat ucuzlaşma fərqi olacaq.
Əslində problem ondan ibarətdir ki, Avropadan gələn məhsulların manat
ifadəsində ucuzlaşmasına baxmayaraq, Azərbaycanda qiymətlərin aşağı
düşməsini müşahidə etmək olmur. Əslində bu, məhsulların qiymətinin süni
şəkildə yüksək saxlanması ilə bağlıdır. Həmçinin idxal artacaq. Avropa
Birliyinin ixracatında Azərbaycan məhsullarının bahalaşması səbəbindən
müəyyən çətinliklər olacaq.
Nəzərə alaq ki, Azərbaycanın Avrozonaya göndərdiyi
məhsulların əhəmiyyətli hissəsi neft və neft məhsullarıdır. Eyni
zamanda, Azərbaycanın Avropa ilə ixracatı, avronun ucuzlaşması dövlət
rezervlərinə də təsir göstərir. Dövlət rezervlərinin təxminən 30 faizi
avroda saxlanır. Onu da nəzərə alaq ki, Dövlət Neft Fondunun malik
olduğu qiymətli kağızların 40 faizdən artığı Avrozonanın payına düşür.
Neft Fondu riskləri sığortalamaq üçün vəsaitlərin bir qismini dollarda
saxlayır və dolların səbətdə payı avro ilə müqayisədə daha çoxdur.
Bundan əlavə, avronun bütövlükdə valyuta səbətində payının 30 faizə
yaxın olması, avro ilə saxlanan vəsaitlərin dəyərinin aşağı düşməsinə
gətirib, çıxaracaq. Avro nə qədər məzənnə itirəcəksə, dövlət
rezervlərinin avroda saxlanan hissəsi praktik olaraq, o qədər azalacaq.
Ona görə də, avronun məzənnəsinin aşağı düşməsi birmənalı şəkildə
Azərbaycan iqtisadiyyatı üçün əlverişli deyil. Həm dövlət rezervlərinin
azalması, həm də Avropaya ixracın artması fonunda Azərbaycan
istisadiyyatına neqativ təsir göstərir”.
Qeyd edək ki, ekspertlər bildirirlər ki, avronun ucuzlaşması uzun
müddət davam edə bilər. Çünki məlum proqram çərçivəsində hər ay
dövriyyəyə 60 milyard avro buraxılacaq və həmin pula dövlət və özəl
qiymətli kağızların alınması nəzərdə tutulur.
Məqsəd Avrozonada illik inflyasiya səviyyəsini 2 faizə yaxın
həddə saxlamaqdır. Proqram 2016-cı ilin sentyabr ayına qədər davam
edəcək və vəziyyətdən asılı olaraq, uzadıla da bilər. Bu müddətdə Avropa
iqtisadiyyatına yönəldilən vəsaitin həcmi 1,1 trilyon avro olacaq.
Ekspertlərə görə, dünya bazarlarında avronun ucuzlaşmasının
Azərbaycanda təsiri təbiidir. Manat ABŞ valyutasına bağlı olduğundan
dolların avroya qarşı dəyişmə dinamikası manatda da öz əksini tapır.
Həmçinin bildirilir ki, avronun ucuzlaşması səbəbindən ölkədə
valyutadəyişmə məntəqələrində spekulyasiya hallarının artması baş
verəcək.
Eyni zamanda, Avropa malları ucuzlaşa bilər. Əksər ekspertlərə görə
isə, Avropa valyutasının ucuzlaşmasının Azərbaycana zərəri daha çox
olacaq.
Ekspert Samir Əliyevin sözlərinə görə, avronun ucuzlaşması manata təzyiqi artıracaq: “Yəni
əhali pulunu dollara çevirəcək ki, bu da bazarda dollar qıtlığı
yaradacaq. Digər tərəfdən, bu valyutanın ucuzlaşması Avropada daşınmaz
əmlak bazarının cəlbediciliyini artıracaq. Pullu vətəndaşlarımız, o
cümlədən, oliqarxlarımız Rusiyadan sonra köhnə qitənin də daşınmaz
əmlakına yatırım edə bilərlər ki, bu da investisiya axınına gətirib,
çıxara bilər”.
Ekspert bildirib ki, bu fakt ixracımız üçün çətinlik yaradacaq.
Üstəlik, Avropadan idxalımız artacaq. Valyuta ehtiyatlarımızdakı həm
depozit, həm də qiymətli kağız şəklində yerləşdirilmiş avro aktivləri
isə dəyərini xeyli itirəcək. O cümlədən, avro ilə yerləşdirilən
əmanətlər dəyərdən düşə, avro isə ilin sonuna qədər dollarla bərabərləşə
bilər.
Ekspertlərə görə, avronun ucuzlaşmasından ən çox itirən Azərbaycan
Dövlət Neft Fondu və avro ilə aktivlərə malik olan yerli banklar olacaq.
Avronun məzənnəsinin ucuzlaşmasından yaranan fərq üzrə Neft Fondunun
büdcədənkənar xərcləri artacaq. Qazanan isə Avropa Birliyi ölkələrindən
Azərbaycana mal idxal edən sahibkarlar olacaq. Avronun antirekordları
yeniləməsinin əsas səbəblərindən biri kimi, yanvarın 25-də Yunanıstanda
keçirilən parlament seçkiləri göstərilir.
Belə ki, seçkilərdə radikal solçu SİRİZA partiyasının qalib gələrək,
onun lideri Aleksis Siprasın baş nazir olacağı halda, siyasətçi
Yunanıstanı Avrozonadan çıxaracağına söz verib.
Qeyd edək ki, A.Sipras Yunanıstanın 322 milyard avroya çatan dövlət
borcunun bir hissəsinin silinməsini tələb edir. Çünki Yunanıstan dövlət
büdcəsinin kifayət qədər böyük hissəsini xarici borclarının
qaytarılmasına sərf edir.
Bazarda avronun dəyərini itirməsi qızılı da bahalaşdırıb. Ekspertlər
bildirirlər ki, qızıl bu il 9 faiz dəyər qazanıb. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=15793