Ailədə uşaq bol olarsa – demoqrafik durumu yüksəltmək üçün nə etməli…

03.12.2020 - 09:54

Rəqəmlər “sos” deyir, proqnozlar üz güldürmür

Azərbaycanda demoqrafik problem son illərin ən çox müzakirə olunan mövzularındandır. Bəli, hazırda ailələr 1, 2, maksimum 3 uşaq sahibi olmaqla məhdudlaşırlar. Bunun maddi əsaslandırması ilə bağlı dəfələrlə yazılıb. Amma durum dəyişmir. Rəqəmlər və reallıq nə deyir bəs?

Qəhrəman analar azalır, doğum səviyyəsi aşağı düşür

2005-ci ilin statistikasına görə, Azərbaycanda “Qəhrəman ana”ların sayı 17 min 640 nəfər olub. “Qəhrəman ana”ların uşaqlarının sayına görə Ağdaş rayonu birincidir – 2552 nəfər. Bu anaların hər birinə orta hesabla 11 uşaq düşür. 2005-ci ildə Lənkəran rayonunda 1650, Cəlilabadda 1379, Masallıda 1202, Naxçıvan Muxtar Respublikasında 887, Astarada 853, Yardımlıda 668, Bakı şəhərində 629, Sabirabadda 544 “Qəhrəman ana” olub.

Bugünkü Azərbaycan qadınlarının 57,3 faizi nəsilvermə qabiliyyətinə malikdir. Orta hesabla hər 10 qadın dünyaya 23 uşaq gətirir. Lakin bu faktları şərh edərkən nəzərə almaq vacibdir ki, bir çox anaların yalnız bir övladı var. Üstəlik, dünyaya uşaq gətirmək yaşında olan qadınların bir çoxu hələlik ana deyil. Buradan belə bir nəticə çıxır ki, Azərbaycanda üç və daha çox uşağı olan ailələr də az deyil.

VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ: "Uşaqlara çörək yedirtməyin!”

Son dövrlər Azərbaycanda doğumun səviyyəsi müəyyən dərəcədə aşağı düşüb. Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2020-ci ilin yanvar-iyul aylarında doğum ötən ilin eyni dövrünə nəzərən 12,9 faiz azalıb, ölüm halları isə 10,3 faiz artıb.  DSK-ın hesabatında Azərbaycan əhalisinin sayının avqustun 1-nə 10 milyon 100 min 622 nəfərə çatdığı bildirilib.

BMT ekspertləri 2035-ci ildən etibarən Azərbaycanda əhalinin sayının ciddi şəkildə azalmağa başlayacağı haqqında proqnoz verirlər. Azərbaycanda sosioloqların “Gələcəkdə neçə uşağınız olmasını istəyirsiniz?” sualına 5,4% bir, 45,4% iki, 30,7% üç, 11% dörd, 2,8% beş uşaq cavabını veriblər. Amma bütün optimist məqamlarla birgə problemin bizdə də təhlükəli səviyyəyə çatmamağı üçün indidən bəzi tədbirlərin həyata keçirilməsi zəruridir. Belə ki, istənilən dövlətin əhalisinin və millətin sayının azalmaması üçün bir ailədə ən az üç uşaq olmalıdır. Demoqrafiyanın əsas prinsipi bizə bunu diktə edir. Hesab sadədir: ailədə iki uşaq varsa, ata və ana dünyasını dəyişəndən sonra övladlar, sadəcə, onların yerini tutacaq. Üç uşaq isə ailədə bir nəfərin statistik artımı deməkdir. Ona görə də ilk növbədə qadınların ümumi sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər görülməli, xüsusilə işləyən anaların iş rejiminin yüngülləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Heç kimə sirr deyil ki, bu gün xüsusilə özəl müəssisələrdə çalışan ana olan qadınlarımız hətta qanunun onlara verdiyi hüquqlardan da tam olaraq yararlana bilmirlər.

Ailədə uşaq tərbiyəsi necə formalaşır? | Gənc Ailə

Ölkədə ən böyük artım 50-60-cı illərdə olub, çünki…

Dünya Bankının son hesabatında da göstərilir ki, 2025-ci ilə qədər Azərbaycanda hər 5 nəfərdən 1-nin yaşı 65-dən yuxarı olacaq. Əgər vaxtilə 6-7 uşaqlı ailə çoxuşaqlı ailə sayılırdısa, indi 3 uşağı olan ailə çoxuşaqlı sayılır. 50-60 il əvvəlki bu ailələrin uşaqları qocalma dövründədir. Doğumun səviyyəsi aşağı düşdüyündən gənclik də gözə onlar kimi dəymir.

İqtisadi araşdırmalara görə, Azərbaycanda əhalinin ən çox artımı 50-60-cı illərdə qeydə alınıb. Bu onillikdə əhali 40 faizə qədər artıb. Bu, o deməkdir ki, əhalinin orta hesabla ildə artımı 4 faiz təşkil edib. Ancaq artım 2000-ci ildən 2007-ci ilə qədər cəmi 0,7 faiz təşkil edib. Təbii artım tempi təxminən 6 dəfə aşağı düşüb. Araşdırma nəticəsində o da ortaya çıxıb ki, doğumun aşağı düşməsi indi olmasa da qarşıdakı 15-20 ildə ölkənin insan potensialının azalması baxımından böyük problemlər yarada bilər.

Dünyada ən sərfəli şərtlər Fransadadır. Burada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir.

İsveç hökuməti isə hər uşağa görə ayda 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub.

Xəbərlər.az

Böyük Britaniyada ailələri belə “həvəsləndirirlər”

Rusiyada bir uşaq üçün birdəfəlik müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir.

Belarusda birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.

Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir. Avstriyada birinci uşağa 10 yaşına qədər ayda 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda, müavinət 27 yaşa qədər ödənir.

Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollardır. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər.

İsrail dövləti isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir.

Finlandiyada hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir.

Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir. İsveçrədə isə bu göstərici 345 dollar təşkil edir. Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.

Tunisdə 400 dollardan aşağı müavinət yoxdur. Liviyada isə hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyir. Birləşmiş Ərəb Əmirliyi bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur.

Ekspertlər hesablayıblar ki, dünya üzrə ailədə uşaqların sayı çox olan ölkələrdə uşaq pulu məsələsi də fərqli tənzimlənir. Beynəlxalq təcrübədə uşaq pullarının verilməsinin üç fərqli istiqamətini görmək olar. Bir qrup ölkələr uşaq pullarını ailədəki uşaqların sayına görə müəyyənləşdirirlər. Məsələn, hansı ölkələrdə ki, demoqrafik artım müşahidə olunur, o ölkələrdə uşaqların sayı artdıqca uşaq pullarının məbləği azalır. Hansı ölkələrdə isə demoqrafik artım yoxdur, o ailələrdə isə uşaqların sayı artdıqca uşaq pullarının məbləği çoxaldılır. Məsələn, Almaniyada uşaqların sayı artdıqca uşaq pullarının məbləği azaldılır. Amma başqa bir nümunəni götürsək, Britaniyada uşaqların sayı artdıqca uşaq pullarının məbləği artırılır. O cümlədən Kanadada da belə bir nümunə var. Digər bir yanaşma ondan ibarətdir ki, uşaq pulları ailələrin gəlirliyi ilə əlaqələndirilir. Aztəminatlı ailələrə daha çox uşaqların qayğısını çəkmək üçün uşaq pulu adı ilə vəsait ödənilir. Uşaq pullarının məbləği həm də ailənin gəlirləri ilə əks mütənasiblik təşkil eləyir. Ailənin gəlirləri az olanda uşaq pullarını daha da çoxaldırlar. Belə bir yanaşma Avropa ölkələri arasında İtaliyada var. O cümlədən ABŞ-da da ailənin gəlirləri ilə uşaqlara olan qayğı arasında bir əlaqə var.

Gəlirlər az olanda uşaqlara olan qayğı daha çox olur, gəlirlər çox olanda isə uşaqlara olan qayğı nisbətən az olur. Yəni qayğı deyəndə uşaqlar üçün ödənilmiş vəsaitin məbləği nəzərdə tutulur. Azərbaycan da bu modelə istinad edə bilər. Azərbaycanda heç də mən bütövlükdə bütün ailələrə uşaq pullarının verilməsinin məqbul hesab etmirəm. Hesab edirəm ki, bu ailənin gəlirlərinə və onun təminatına, ehtiyaclarına bağlı olan bir məsələdir. Beynəlxalq təcrübədə üçüncü yanaşma uşaqların sayına görə vergi güzəştləridir. Daha doğrusu, ödənilmiş verginin bir hissəsinin geri qaytarılması praktikasıdır. Bu praktikadan həm ABŞ, həm Kanada, həm də ki, Avstraliya və Böyük Britaniya istifadə edir. Hesab edirəm ki, bu da həm də, vergi ödənişlərinin stimullaşdırılması, həm uşaqlara görə vergiyə ödənilmiş məbləğin bir hissəsinin geriyə qaytarılması nöqteyi-nəzərindən əhəmiyyət kəsb eləyə bilər.

Bir çox ölkələr, o cümlədən yalnız Avropa və ABŞ, Avstraliya deyil, qonşu Rusiyada da uşaq pullarının verilməsi praktikası var. İndiyə qədər bu davam edir və yenə qeyd etdiyim kimi, burada uşaqlara ödənilmiş məbləğ ailədə uşaqların yaşı ilə əlaqəli ola bilər. Bir çox ölkələrdə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur. Yəni ki, 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir. 6-10 yaşlı uşaqlara nisbətən çox, orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157948

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930