“Sevil massivi”ndən torpaq alanlar etiraza qalxdılar – 4 nəfər saxlanıldı
“Sevil massivi”ndə torpaq sahəsi almış və pulları
bu vaxta kimi qaytarılmayan bir qrup vətəndaş bu gün – yanvarın 26-da
Abşeron rayon İcra Hakimiyyətində olub. Modern.az xəbər
verir ki, artıq bir neçə aydır vətəndaşları get-gələ salan və hər dəfə
vədlər verən icra nümayəndəsinə etirazlarını bildirən vətəndaşlardan bir
neçəsini ictimai asayişi pozma adı ilə saxlanılıb.
Etirazçıların
saytımıza verdiyi məlumata görə, 4 nəfər Polis Şöbəsinə aparılıb.
Hazırda onların Abşeron rayon Məhkəməsində olduğu bildirilir.
Onlar haqqında cərimə və yaxud sutkalıq həbs tədbiri görüləcəyi gözlənilir.
Şikayətçilərin sözlərinə görə, vətəndaşlara telefon nömrəsi verib
vaxtaşırı çağırılar ki, gəlin pulunuzu aparın, sonra da deyirler gedin
filan vaxt gəlin. Bu gün də o məqsədlə İcra Hakimiyyətinə gediblər.
Xatırladaq ki, Baş Prokurorluğun bir neçə ay öncə yaydığı məlumatda
bildirilib ki, “Sevil Massivi” Mənzil Tikinti Kooperativində külli
miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması
faktına əsasən, Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə
istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində davam etdirilir.
Aparılmış istintaq zamanı
kooperativin təsisçisi Aynur Zeynalovun həmin kooperativin direktoru
Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü
illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət
büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya)
tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq
fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə
etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən
onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci
(vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə
barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
İstintaqla
həmçinin müəyyən edilib ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri
Abşeron rayon Hökməli bələdiyyəsinin sədri M.Miradiyevlə əldə etdikləri
şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30 hektar
perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin
mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar
örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların
vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar
tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan,
dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata
keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus
olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq
vətəndaşların adlarına rəsmiləşdirilib.
Bundan başqa, “Sevil
Massivi” MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan
orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə
tutulub, həmçinin müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o
cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması
barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl
qoymayaraq binaların 14-nün özülü qazılmaqla, onlardan 4-də ilkin
tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş
torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış
binalarından vətəndaşlara mənzillər satılıb.
Hazırda “Sevil
Massivi” MTK-da tikinti və satış işləri dayandırılıb, törədilmiş cinayət
nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın müəyyən edilərək
onların hüquqlarının bərpa olunması, eyni zamanda cinayətin digər
iştirakçılarının müəyyənləşdirilməklə istintaqa cəlb olunmaları
istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən davam etdirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15796