Hökumətdə dövr edən qara pullar: “Paket” sisteminin detalları
Xeyli müddətdir hökumət daxilində “paket maaş” sisteminin ləğvi
ilə bağlı müzakirələr getsə də, müəyyən qərara gəlmək mümkün olmur;
Qarşıdan parlament şeçkilərinin gəldiyini nəzərə alsaq, yaxın aylarda
belə bir qərarın qəbul olunması da inandırıcı görünmür...
Komitəsində işçilərə maaşlardan əlavə verilən “paket sistemi” ləğv
olunub. Məlumatda bildirilir ki, “paket sistemi”nin ləğvi, əsasən aşağı
ranqlı işçilərə tətbiq olunub. Bundan sonra işçilər arasında narazılıq
yarandığı da verilən məlumatlar sırasıdadır.
Bu məlumatın nə qədər dəqiq olduğunu söyləyə bilməsək də, artıq bir
müddətdir ki, hökumət dəhlizlərində Azərbaycanda əmək haqqı sahəsində
uzun illərdir tətbiq olunan “paket sistemi”nin ləğvinə dair
müzakirələrin aparıldığı məlumdur. Xüsusən, dünya birjalarında neftin
qiymətinin aşağı düşməsi bu məsələni bir qədər də aktuallaşdırıb. Neftin
qiymətinin kəskin ucuzlaşması ölkənin maliyyə vəziyyətinə ciddi təsir
göstərdiyindən, bu “enişin” davam edəcəyi təqdirdə hökumətin bir sıra
əlavə xərcləri “qayçılaması”, bəzilərini isə ümmiyyətlə ləğv etməsi
qaçınılmazdır.
Bu il ölkədə Avropa Yay Oyunları keçiriləcəyindən, tikinti və
abadlaşdırma istiqamətinə ayrılmış xərclərə ciddi şəkildə qənaət
edilməsi mümkünsüz görünür. Elə bəlli səbəblərdən regional layihələrin
reallaşdırılması üçün nəzərdə tutulmuş vəsaitlərin də tam şəkildə
ödəniləcəyi şübhə doğurmur. Bütün bunların həyata keçirilməsi isə böyük
vəsaitlər tələb edir. Bu da indiki şərtlərlə büdcə xərclərinin tam
həyata keçirilməsində müəyyən problemlərin yarana biləcəyini söyləməyə
əsas verir.
Milyardlarla dollar itirən Neft Fondu büdcəni xilas edə biləcəkmi?
Məsələ
ondadır ki, Azərbaycan büdcəsinin böyük hissəsinı – təxminən 65% -ni
neft setorundan daxilolmalar təşkil edir. Büdcə gəlirlərinin yarıdan
çoxu isə birbaşa Neft Fondundan transfertlərdir.
Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı “Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında” Fərmana
əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il
büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2
min manat məbləğində təsdiq edilib. Yəni, Neft Fondunun büdcəsi neftin
qiymətinin hər barrel üçün 90 dollardan hesablanmasına baxmayaraq, 1
milyard 567 milyon manat kəsirlə təsdiqlənib. Bu o deməkdir ki, Fondun
xərcləri gəlirlərindən artıq olacaq.
Həmçinin 2015-ci ildə Neft Fondunun xam neft satışından əldə etdiyi
vəsait (hər barrel 90 dollara hesablanıb) 9,741 milyard manat olacaq.
Fondun gəlirlərinin digər hissəsi ehtiyat vəsaitlərin idarə olunması
hesabına əldə ediləcək.
Fondun 2015-ci ildə yalnız dövlət büdcəsinə transferti isə 10,388
milyard manat təşkil edəcək. Yəni büdcəyə transfert satdığımız neftin
dəyərindən 647 milyon manat çox olacaq. Əlbəttə, əgər neftin barelinin
illik orta qiyməti 90 dollar olarsa….
Ancaq ekspertlərin hesablamaları göstərir ki, neft-qaz hasilatı
indiki səviyyədə qalacağı halda, neftin orta illik qiyməti 50-55 dollar
intervalında dəyişsə, Fondun gəlirləri 5,5-6 milyard manat, 70 dollar
ərafında olsa 7,5- 8 milyard manat olacaq. Bu halda isə dövlət büdcəsinə
10,388 milyard manat transfert etmək üçün Neft Fondu ehtiyatlarından
3-5 milyard manat arası vəsait götürmək məcburiyyətində qalacaq.
Lakin Neft Fondunuun ehtiyat vəsaitlərinin böyük hissəsi xarici banklara
depozit kimi yerləşdirildiyindən, bir hissəsinə qiymətli kağızlar,
səhmlər alındığından, bir hissəsi isə investisiya portfelinə
yönəldiyindən, hökumətin istədiyi vaxt onlardan istifadə edə bilməsi də
sual doğurur. Yəni, Fondun ehtiyatları hesabına büdcə xərclərinin yerinə yetirilməsində problemlər meydana çıxa bilər.
ARDNŞ və xarici neft şirkətlərinin büdcəyə ödədiyi vergilər 2 dəfə azala bilər
Ancaq
problem yalnız Neft Fondu ilə bağlı deyil. Neftin qiymətinin təxminən 2
dəfə düşməsi ARDNŞ və ölkədə neft hasilati ilə məşğul olan xarici
şirkətlər konsorsiumunun büdcəyə ödəməsi nəzərdə tutulan vəsaitlərin ən
azə 2 dəfə azalması deməkdir. Bu isə heç də az vəsait deyil.
Belə ki, 2014-cü ildə rəsmi rəqəmlərdən çıxış etsək, dövlət büdcəsinə
Vergilər Nazirliyinin xətti ilə toplanan 7 milyard 114 milyon manat
vəsaitin 2,807 milyard manatı (39.45%) neft sektorunun hesabına
formalaşıb. Bunun 1,855 milyard manatını Dövlət Neft Şirkəti (SOCAR)
ödəyib. Qalan 951.9 milyon manatını isə Hasilatın Pay Bölgüsü sazişləri
çərçivəsində fəaliyyət göstərən xarici neft şirkətləri konsorsiumu
ödəyib.
Qeyd edək ki, bura fiziki şəxslərin ödədiyi gəlir vergisi daxil
edilməyib. 2014-cü ildə gəlir vergisi və mənfəət vergisi kimi Hasilatın
Pay Bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı və xarici
subpodratçı şirkətlər təxminən 430 milyon manat, SOCAR isə təxminən 80
milyon manat vəsait ödəyib. Yəni, ötən il “qeyri-neft sektoru”ndan
daxilolmalar kateqoriyasına aid ediən 510 milyon manat vəsait də birbaşa
neft sektoru hesabına formalaşıb.
Bu vəsaitləri nəzərə alsaq, ötən il Vergilər Nazirliyinin xətti
ilə toplanan 7 milyard 114 milyon manat vəsaitin 46,6%-nin – 3,317
milyard manatının birbaşa neft sektorundan daxil olduğu, qeyri-neft
sektorundan xalis daxilolmaların isə 3.796 milyard manat (vergi
gəlirlərinin 53%-i) təşkil etdiyi aydınlaşır.
Qeyd
olunanlara əsasən deyə bilərik ki, neftin qiymətinin proqnozlardan
təxminən 2 dəfə aşağı olması büdcənin ARDNŞ və xarici şirkətlər
konsorsiumunun ödədiyi 100 milyonlarla manat vergidən məhrum olmasına
gətirib çıxaracaq. Dəqiq rəqəm söyləmək çətin olsa da, indiki
qiymətlərlə büdcəyə neft-qaz sektorundan vergi kimi təxminən 1,3-1,5
milyard manat az vəsait daxil olacağını gözləmək olar. Ancaq
qiymətlərin aşağı olduğunu əsas gətirərək, xarici neft şirkətləri
konsorsiumu hasilatı azaldarsa, ixtisarlar apararsa (artıq belə
ixtisarların başladığına dair məlumatlar yayılıb), podratçı və xarici
subpodratçı şirkətlər işləri dayandırarsa, bu rəqəm 2 milyard manata
qədər yüksələ bilər.
Razılaşaq ki, büdcə gəlirləri cəmi 19,4 milyard manat proqnozlaşdırılan bir ölkə üçün bu, ciddi bir rəqəmdir.
Hökumətdə arxayınçılıq yaradan “ehtiyat mənbələr”…
Belə
bir şəraitdə təbii ki, hökumət büdcə xərclərinin yerinə yetirilməsində
problemlərin yaranmaması üçün indidən alternativ mənbələr barədə
fikirləşmək məcburiyyətindədir. Belə bir mənbə kimi ilk növbədə müxtəlif
dövlət strukturları tərəfindən yığılan, ancaq rəsmiləşdirilməyən
gəlirlərin çıxış etdiyini söyləyə bilərik. Bura Dövlət Gömrük
Komitəsi, Vergilər Nazirliyi, Nəqliyyat Nazirliyi, Əmlak Komitəsi,
Dövlət Sosial Müdafiə Fondu, həmçinin digər bir sıra qurumlar tərəfindən
rüsum, vergi, lisenziya haqqı və sair adlarla yığılan, ancaq
əhəmiyyətli hissəsi rəsmiləşdirilməyən vəsaitlər daxildir.
Hansı ki, bu vəsaitlərin müəyyən bir hissəsi “paket” kimi müxtəlif
dövlət qurumlarında çalışanlar arasında bölüşdürülür, xaricdə diaspora
və lobbiçilik fəaliyyətinə xərclənir. Böyük bir hissəsi isə ayrı-ayrı
iri tikintilərə, paytaxt və regionlardakı meqalayihələrə, abadlıq
işlərinə yönəldilir.
Aparılan təqribi hesablamalar göstərir ki, bu pulların müəyyən
hissəsini rəsmiləşdirməklə, neftin qiymətinin düşməsindən itirilən
vəsaitləri bərpa etmək mümkündür. Məsələn, Dövlət Gömrük Komitəsi
büdcəyə ötən il təxminən 1,6 milyard vəsait ödəyib. Ekspertlərin
hesablamalarına görə isə, gömrükdən keçən bütün mallar qeydiyyata alınar
və qiymətləri süni şəkildə aşağı salınmazsa, bu rəqəmi 5 milyard manata
qədər artırmaq olar.
Və
yaxud Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 1,1 milyard manatını
dövlət büdcəsindən ayırmalar təşkil edir. Halbuki, sahibkarlarla
“sövdələşmələri” aradan qaldırmaqla, Sosial Müdafiə Fondunun büdcədən
asılılığını tamamilə aradan qaldırmaq olar. Bu isə 1,1 milyard manatın büdcədə qalması deməkdir.
Eynilə digər dövlət qurumlarında yığılan vəsaitləri rəsmiləşdirməklə, büdcəyə əlavə milyardlarla manat vəsait cəlb etmək olar. Və
elə yəqin ki, hökumətin neftin qiymətinin kəskin düşməsindən elə də
ciddi narahatlıq keçirməməsinin bir səbəbi də bu çür “ehtiyat
mənbələrin” olmasıdır.
“Paket maaş” sisteminin tətbiqinin şərtləri və səbəbləri…
Ancaq
bu “ehtiyat mənbələrin” rəsmiləşdirilməsi yuxarıda qeyd etdiyimiz kimi
hökumətin qeyri-rəsmi xərclərini azaltması və ya ümumiyyətlə ləğv
etməsinə gətirib çıxaracaq. Bu qeyri-rəsmi xərclərdən biri də dövlət
qurumlarında çalışanlara verilən “paket” maaşlardır.
Qeyd edək ki, В«paketВ» maaşın verilməsinə elə ilk olaraq Gömrük
Komitəsində başlanılıb, ondan sonra digər nazirliklərə yayılıb. Hazırda
isə bu sistemdən demək olar ki, bütün nazirliklərdə, dövlət komitə və
şirkətlərində istifadə edilir.
Bu sistemin mahiyyəti ondan ibarətdr ki, nazirliklərdə, komitə
və şirkətlərdə qeyri-rəsmi gəlirlər bir mərkəzə toplanır və ordan əlavə
əmək haqqı adı ilə bölüşdürülür. Bu zaman vəzifəsindən, gördüyü işin
“çəkisindən” asılı olaraq “paket” şəkilində verilən vəsaitin həcmi də
dəyişir. Yuxarı vəzifədə olanlar daha böyük həcmdə “paket” alırlar.
Əlbəttə, müxtəlif dövlət orqanlarında “paket” sisteminin tətbiqinin
səbəbləri eyni deyil. Bir qurumda bunun səbəbi əməkdaşın onun vəsitəsilə
əldə olunan böyük miqdarda qeyri-rəsmi gəlirdən özbaşına pay
götürməsinin qarşısını almaqdırsa, bir başqasında işçinin yuxarıdan
gələn tapşırıqları sözsüz yerinə yetirməsini təmin etməkdir.
Ümumiyyətlə isə, Azərbaycanın dövlət qurumlarında çalışanlara “paket” verilməsinin əsas səbəblərindən biri məmurların maaşlarının o qədər də yüksək olmaması ilə bağlıdır.
Nazirlik və komitələrdə şöbə müdirləri 700-800 manat, şöbə müdirinin
müavinləri 500- 600 manat, məsləhətçilər 450-550 manat və sair maaş
alırlar.
Nazirliklərin, komitələrin rayon və şəhərlərdəki yerli strukturlarında
isə vəzifə maaşları bir qədər də aşağıdır – 200-300 manat. Buna görə də,
məmurlara maaşlarından əlavə “paket” də verilir ki, onlar dövlət
orqanlarında qalib işləməyə maraqlı olsunlar.
İkinci bir səbəb: “Paket” sistemi vasitəsilə dövlət qurumlarında çalışanların hakimiyyətə bağlılığı təmin olunur.
Yəni, onlar hər dəfə “paket” alanda yalnız dövlətdən deyil, həm də
hakimiyyətdən maaş aldıqlarını xatırlayırlar. Elə “paket”lə verilən
maaşların rəsmiləşdirilməməsinin, yəni dövlət qurumlarında çalışanların
rəsmi maaşlarına əlavə edilməməsinin bir səbəbinin də bununla bağlı
olduğu şübhə doğurmur.
Üçüncü bir səbəb: “Paket
maaş” sisteminin tətbiqinin hökumətə verdiyi bəzi üstünlükləri rəsmi
maaş sistemilə əldə etməyin qeyir-mümkünlüyüdür. Belə ki, rəsmi maaş
sistemi ilə kimələrəsə 500-600 min, kimlərəsə 50-60 min, kiməsə də 500-
1000 manat vermək mümkün deyil. Ancaq”paket maaş” sistemi ilə bu tətbiq
oluna bilir.
Digər bir tərəfdən, “paket” maaşları vəzifəyə, işə görə deyil, şəxsə
görə də tətbiq etmək mümkündür. Yəni aşağı vəzifədə olub, daha yüksək
“paket” almaq mümkündür.
Eyni zamanda “paket” maaşların rəsmiləşdirilməsi hökuməti böhranlı
vəziyyətlərdə çətin durumda qoya bilər. Belə ki, böhranlı vəziyyətlərdə
hökumət “paket”ləri kəsə bilir və bu heç bir ciddi sosial gərginlik
yaratmır. Ancaq rəsmi maaşların kəsilməsi böyük sosial gərginliyə yol
açar.
Bura “paket” maaşların rəsmiləşdirilməsinin psixoloji baxımdan
inflyasiyaya səbəb ola biləcəyini də əlavə etsək, hökumətin bu cür
sistemi saxlamaq üçün ciddi əsaslarının olduğunu söyləyə bilərik.
“Paket maaş” sistemi iqtisadi deyil, həm də siyasi bir aksiyadır
Bu
baxımdan “paket” sisteminin ləğv olunması siyasi hakimiyyətin dövlət
qurumlarında çalışanları üzərində önəmli təsir vasitələrindən birini
itirməsinə gətirib çıxara bilər. Elə buna gərə də, bir-neçə dəfə “paket”
sisteminin ləğvi gündəmə gəlsə də, reallaşmayıb. Bir neçə il
öncə ölkədə başlayan anti-korrupsiya tədbirləri çərçivəsində bir çox
dövlət orqanlarında “paket” sisteminin ləğvi cəhdinin uğursuzluqla
yekunlaşması buna əyani sübutdur. Xatırladaq ki, həmin vaxt bu qərar çox
böyük narazılıqlara gətirib şıxardı. Hətta “quru maaşa” işləmək
istəməyib, işlərindən istefa verənlər, işə çıxmaqdan imtina edənlərin də
sayı kifayət qədər çox oldu.
Bu narazılıqlardan xəbərdar olan hökumət etirazların böyüməməsi və sayı
kifayət qədər çox olan bu cür vətəndaşların seçki öncəsi başqa
istiqamətlərə meyllənməsinin qarşısının almaq üçün “paket maaş”
sistemini bərpa etmək məcburiyyətində qaldı…
Yəni, “paket maaş” sisteminin ləğvi o qədər asan görünən məsələ
deyil. Bu yalnız iqtisadi deyil, həm də siyasi bir aksiyadır. Ona görə
də, xeyli müddətdir hökumət daxilində “paket maaş” sisteminin ləğvi ilə
bağlı müzakirələr getsə də, müəyyən qərara gəlmək mümkün olmur. Qarşıdan
parlament şeçkilərinin gəldiyini nəzərə alsaq, yaxın aylarda belə bir
qərarın qəbul olunması da inandırıcı görünmür…
Ancaq neftin qiyməti indiki səviyyədə qaldığı və daha da aşağı düşdüyü
halda, seçkdən sonra “paket maaş”ların ciddi şəkildə “qayçılanacağını”
da istisna etmək olmaz. O da mümkündür ki, hökumət seçki ərəfəsi rəsmi
maaşlarda ciddi artım edərək, seçkidən sonra “paket sistemini” böyük
ölçüdə ləğv etsin.
Məlumatlı mənbələrdən “AzPolitika.info”ya verilən məlumatda da
hökumət daxilindəki müzakirələrdə yalnız rəhbər işlərdə çalışanların
“paket”inin saxlanması, sıravi işçilərin isə maaşlarını artırmaqla,
“paketlərinin” ləğv olunması fikrinin daha üstün mövqeyə malik olduğu
bildirilir.
Ancaq hansı qərarın qəbul olunacağını zaman göstərəcək. Neftin
qiymətinin əvvəki səviyyəsinə qayıtması ümumiyyətlə bu cür müzakirələrə
son qoyar.
İ. İsmayılbəyli, AzPolitika.info
Short URL: http://www.cumhuriyyet.net/?p=15803