Azərbaycanda ölümün şok qiyməti

27.01.2015 - 00:10

El arasında deyirlər ki, bu dünyada insana beş metr kəfən və bir
qarış da torpaq qalır. Amma reallıq budur ki, həmin o bir qarış torpaq
da ölü sahibinə heç də ucuz başa gəlmir. Azərbaycanda ölmək çox
bahalaşıb. Deyirlər, “ölən canını götürüb gedir”, onun yaxınları isə
itkinin acısı ilə yanaşı qəbir almaq dərdini də çəkirlər. Statistikaya
görə ölkəmizdə hər il orta hesabla 50 min adam vəfat edir. Bu, həm də 50
min ailə büdcəsinin “dəfn xərci”ndən silkələnməsi deməkdir. Təbii ki,
xərclər hər ailəyə və onun çevrəsinə görə dəyişir. Beləcə, bir dəfn və
onunla bağlı mərasim 2-3 mindən 50-60 min manatadək vəsait aparır.
Analitik.az öülümün neçəyə başa gəlməsinə dair araşdırmanı təqdim edir.
Dövlət
Sosial Müdafiə Fondu mərhum təqaüdçülər və işləyənlər üçün birdəfəlik
müavinət müəyyənləşdirib. Təqaüdçünün ailəsinə 300, işləyən şəxsin
doğmalarına 120 manat müavinət ödənir. Düzdür, bunun bir “əmması” da
var: ölü yiyəsi həmin məbləği almaqdan ötrü mərhumun ölüm kağızı ilə
yanaşı, dəfnin təşkilini təsdiqləyən arayış da təqdim etməlidir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov
Analitik.az-a bildirir ki, sosial-sığorta üzrə ödəmələrin bir növü kimi
müəyyənləşdirilən dəfn xərci əslində reallığa uyğun gəlmir:
“Düzdür, hökumət borclu deyil ki, təmtəraqlı yas mərasimi keçirən şəxsin
xərclərini ödəsin, amma hökumət aztəminatlı ailələrin bu yükünü hiss
olunacaq dərəcədə azaltmalıdır. Ən yoxsul vətəndaş üçün bu məbləğ
1500-2000 manata başa gələcək. Bunun qarşılığında ödənilən birdəfəlik
müavinət bundan 7-8 dəfə azdır.”
Rəşad Həsənovun fikrincə, dəfn xərclərinin önlənməsi üçün ölkədə ölüm
sığortası proqramları işləməlidir. Müsahibimiz hesab edir ki, bu sığorta
növü ilə, “dəfn xərci” adı altında insanları borca salan dəllalların
əlindən qurtarmaq olar.

Öüyə vurulan iynə…

Yas mərasimləri ilə bağlı ilkin mərhələdə dəfn mərasiminin təşkili
vacibdir. “Təzə Pir” məscidinin nəzdində fəaliyyət göstərən xidmətdə
meyitin yuyulub, dəfn üçün hazırlanması 50 manatdır. Məsciddən
Analitik.az-a bildirilib ki, bu, kommunal xidmətlərin xərclərinə əsasən
müəyyən olunur. Bundan əlavə yas sahibi meyit yuyana özü əlavə ödəniş
edirsə, bu, artıq onun öz işidir. Bu məsciddə geri qaytarılan tabutlar
pulsuzdur. Geri qaytarılmayan tabutun qiyməti isə 10-15 manat arasında
dəyişir.
“Əjdərbəy” məscidində isə meyitin yuyulub hazırlanması üçün 70 manat
tələb olunur. Bunun 50 manatı rüsum, 20 manatı isə meyit yuyanın əmək
haqqıdır. Tabutların kirayə haqqı 10-15 manatdır, 2-3 manata isə gülab
suyu satılır. Meyitin bir gün saxlanılması üçün vurulan iynənin qiyməti
isə 70 manatdır. Məscidlərdəki bu xidmətlərdə meyitin saxlanılması üçün
kamera xərci olaraq əlavə 20 manat da tələb olunur.
Cənazənin daşınması üçün avtomobil xidməti məsafəyə görə müəyyənləşir.
Məsələn, Bakı kəndlərindən “Əjdərbəy” məscidinin cənazənin
gətirilib-aparılmasının ümumi xərci 120-150 manat arasında dəyişir.

4 min manata qəbir daşları

Dünyanın bir çox ölkələrindən fərqli olaraq, Azərbaycan
qəbiristanlıqlarında da vahid qəbir daşları mövcud deyil. Hazırda bu
məsələ qanunvericiliklə tənzimlənmir. Ona görə də kim necə istəyirsə,
eləcə də baş daşı, yaxud heykəl qoydurur.

Qəbir daşlarının qiyməti istehsalçı sexlər tərəfindən müəyyən olunur.
Yasamal rayonunda olduğumuz bir neçə sexdə qiymətlər təxminən belədir:
Baş daşının hündürlüyü normal 1,5 metr olmaqla sinə daşı ilə birgə sadə
formada, qara mərmərdən 1500 – 1800 manat, eyni ölçüdə ağ mərmər 700-800
manat, sadə daş isə 250-300 manatdır. Əgər xüsusi sifariş və əlavə
aksessuarlar tələb olunarsa, qara mərmərdən hazırlanan qəbir daşlarında
qiymətlər 3500-4000 manata, bəzən isə daha yüksək məbləğə qədər dəyişə
bilər. Əgər məzarın üstündə büst hazırlanması sifariş olunursa, o zaman
heykəltəraş işinə ehtiyac olur ki, bunun da qiyməti ayrıca hesablanır.

VİP çadırlar

Sonrakı əsas məsələlərdən biri mərasimlərin keçirildiyi yerdir. Bu
sahədə də xidmətlər müxtəlifdir. Belə ki, əgər ev yiyəsi kirayə VİP
çadır sifariş verirsə, bunun bir günlük xərci təxminən 300 manatdan baha
başa gəlir. Çadırın özü (içərisində qab-qacaq, mətbəx əşyaları,
stol-stul və s.) 100 nəfərlik 200 manata verilir, bir nəfər ofisiant –
15 manata, qabyuyan – 20, aşpaz – 50, çay paylayan – 20, molla da
sifariş edərsənsə, 50 manata başa gəlir. Təzə Pir məscidindən də çadır
kirayə etmək təxminən eyni qiymətədir. 100 nəfəlik çadır 300 manata
verilir. Ona ofisiant, çay paylayan, aşpaz, qabyuyan daxilir. Əgər
kondisioner sifariş olunarsa, əlavə 100 manat da ödənməlidir. Çadır
istəməyəndə, Təzə Pir məscidinin mərasim zallarından da yararlanmaq
olar. Belə ki, burada 100 nəfərdən az olmamaq şərti ilə adambaşına 12
manat pul ödənilir. Menyunun tərkibində isə xurma, halva, şərbət, meyvə,
şokolad, dovğa, isti xörəklərdən isə aş və s. daxil edilir. Əgər yas
məclisinə gələnlərin sayı 100 nəfərdən az olarsa, menyunun qiyməti 13
manata qalxır. Təzə Pir məscidindən molla çağırmaq istəyənlər bir gün
üçün 30 manat da verir. Hüzr sahibinin şəxsi mağarda, xüsusi xidmətlə
təşkil etdiyi xərclər isə daha çox onun süfrəyə verdiyi nemətlərdən
asılı olur. Bu xərclər vəfat eləmiş insanın 40 mərasiminə kimi davam
edərsə, necə deyərlər, xərc artıq kəllə çarxa vurub çıxar.
Bu kişik araşdırmadan görünən mənzərə belədir ki, ölməklə insan bu
dünyanın əziyyətindən öz canını qurtarırsa, ailəsinə, yaxınlarına
problemlər qoyub gedir. İndi bu xərclərin qabağında adam neynəsin –
ölməsin?..

Short URL: http://www.cumhuriyyet.net/?p=15804

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728