Daşaltı əməliyyatı ermənilərin dili ilə

27.01.2015 - 01:40

Azərbaycan orusu ilə döyüşən düşmən komandıri müdafiə nazirimizin kursant yoldaşı olub

 

25 yanvar 1992-ci il axşam saat 20:00 radələrində başlanmış Daşaltı
əməliyyatı bu gün də öz aktuallığını və daxilindəki müəmmalı vəziyyətini
əhəmiyyətli şəkildə saxlayır. Yalanlar daxilində əsaslı bir doğrunun
olması prinsipi ilə Daşaltı əməliyyatının kölgədə qalmış hisəsini yəni,
erməni tərəfinin əməliyyat haqqında məlumatları aydınlaşdırdıq. Daşaltı
əməliyyatını keçirmək,ümumiyyətlə Daşaltı istiqamətinə əməliyyat
hazırlamaq zəruri idimi ?

Erməni tərəfinin verdiyi məlumata
görə bu əməliyyat Azərbaycan ordusu üçün həlledici və olduqca
əhəmiyyətli bir döyüş idi. Polkovnik Vahan Arseyan və Arkadi
Ter-Tadevosyan Daşaltı döyüşü ilə bağlı xatirələrində əməliyyat
daxilində bir çox müəmmalı hissələri açır. Həyata keçirilən əməliyyata
sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa
rəhbərlik edirdi. Əməliyyatda Azərbaycan Ordusunun ilk yaranmış
könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun
döyüşçüləri iştirak edirdi. Edilən hücumun uğursuzluqla bitməsi
ermənilərin Daşaltını ordumuz üçün “Qanlı Dərə” adlandırmasına səbəb
oldu. Əməliyyatda iştirak edən döyüşçülərimizi həqiqətən də qanlı bir
dərəyə, uçuruma atmışdılar.

“Şuşada yerləşən Azərbaycan müdafiə
naziri Yeni ili Stepanakertdə (Xankəndi-Q.Ş) qarşılamağa hazırlaşırdı.
Yanvarın 26-da Daşaltını ələ keçirmək qərara alındı. O dövrdə bizim və
onların rabitəsi sovet kanalları üzərində yerləşirdi və hər iki tərəf
planlaşdırılan əməliyyatlar haqqında bilirdi. Planlı hücum haqqında
bilməklə biz Daşaltı üçün döyüş planı təşkil etdik, mümkün olan
hissələrdə komplektləşdik, saxta mövqelər yaratdıq. Bu birinci güclü
döyüş idi ki, Azərbaycan Müdafiə Nazirliyinin fəaliyyətini parçaladı,
hansı ki, plan onlar tərəfindən kifayət qədər çox düşünülmüşdü- deyə
Arkadi Ter-Tadevosyan bildirir.

O,həmçinin erməni mətbuatına
verdiyi müsahibəsində gülərək bildirir ki, nazir (Tacəddin Mehdiyev-
Q.Ş) onun kursant yoldaşı olub. Araşdırmalara görə hal-hazırda
Ermənistan ordusunun mütəxəsislərinin təlimlərinə nəzarət edən
Tadevosyan həqiqətən də ilk hərbi təhsilini Bakı hərb məktəbində
almışdı. Tuğ kəndinin və Şuşanın işğal əməliyyatına birbaşa rəhbərlik
edən Tadevosyan müsahibəsində bir tərəfdən hücum planının yanvarın 26-da
qərara alındığını bildirsədə, digər tərəfdən müdafiə üçün əvvəlcədən
hazırlıq gördüklərini bildirir. Tadevosyan əməliyyat sirrinin ələ
keçirilməsini isə köhnə sovet rabitə sistemləri ilə əlaqələndirir.
Həqiqətənmi erməni ordu rəhbərliyi əməliyyat sirrini rabitə siqnalları
üzərində müəyyən edə bilmişdi?

“Mən 1991-ci ilin
sentyabrından Eçmiədzin dəstəsi ilə Hadrutda idim. Komandir Manvel
Qriqoryan (1990-cı ildə SSRİ daxili qüvvələri tərəfindən seperatçı kimi
həbs edilmiş və dekabr ayında həbsxanadan qaçmışdı. General-leytenant
Qriqoryan 2000-2008-ci ildə Ermənistan Müdafiə nazirinin müavini oldub)
idi. 1992-ci ilin yanvarında Stepanakertdən (Xankəndi- Q.Ş) Manvel
Qriqoryan ilə Arkadi Ter-Tadevosyan əlaqə yaratdı və məlumat verdi ki,
Daşaltı istiqamətinə azərbaycanlılar ciddi hücum planlaşdırırlar və
bizim köməyimiz lazımdır.”- deyə polkovnik Vahan Arseyan bildirir.
Araşdırmalara görə 1992-93-cü illərdə Eçmiədzin dəstəsi tərkibində
döyüşçü kimi iştirak edən Vahan Arseyan əslində rabitə üzrə mütəxəssis
idi. Belə ki,o,1982-84-cü illərdə rabitəçi kimi SSRİ qüvvələri
tərkibində Suriya və Livanda olmuşdu. “Arkadi İvaniç 10 gün mənə, Şmaysa
(Arakel Movsisyan-hal hazırda Ermənistan Milli Məclisinin deputatıdır),
Hayrona (Hayraped Navasardyan-1989-1992-ci ildə Eçmiədzin dəstəsinin
döyüşçüsü, 1992-1993-cü illərdə Eçmiədzin taboru daxilində Hava
Hücumundan Müdafiə Rəisi ), Qazarinə və qardaşımız Manvel Qriqoryana
zəng etdi. Xankəndində Arkadi İvaniç dedi ki, mühüm işlər
var,informasiya var ki, türklər müxtəlif istiqamətlərlə hərəkət etmək və
Qarabağı Hadrutla yarıya bölmək istəyirlər.”

Məlumatlara görə
həqiqətən də Əsgəranın ələ keçirilməsi üçün əməliyyat planı
hazırlanmışdı. Belə ki, 19 yanvar 1992-ci ildə Tacəddin Mehdiyev Şuşaya
uçur. Bundan əvvəl o baş qərargahın rəhbəri, general-mayor Şahin
Musayevə növbəti göstərişlərini verir.

1)Goranboy rayonunda
müdafiə nazirinin müavini olan general-mayor Dadaş Rzayevin tabeliyində
olan zirehli texnikanın yarısını Şuşaya doğru yerini dəyişdirmək.

2)Kəşfiyyatçı podpolkovnik Sabir Cəfərovu təcili olaraq Şuşaya göndərmək.

3)Bütün cəbhə xətti üzrə erməni qoşunlarına diqqəti yayındıran zərbələri hazırlamaq.

Əsas
zərbələr Daşaltı və Əsgərana vurulmalı idi. Əsgəran əməliyyatı Daşaltı
əməliyyatına köməkçi bir əməliyyat kimi düşünülmür, əsas əməliyyatlardan
biri kimi qiymətləndirilirdi. Bu məntəqələrin alınmasından sonra,
Qarabağdakı erməni qüvvələri iki hissəyə bölünmüş olardı, bu da
gələcəkdə rəqibi hissə-hissə məhv etməyə icazə verərdi. Arseyanın
sözlərindən aydın olur ki, Arkadi Ter-Tadevosyan birinci zəngi zamanı
yalnız Daşaltıya planlaşdırılan hücumla bağlı məlumata sahib olub.

Tadevosyanın
10 gün ərzində ardıcıl olaraq zəng etməsi isə Əsgəran istiqamətinə
hazırlanan əməliyyat planından xəbərdar olması ilə birbaşa bağlı idi.
Vahan Arseyanın sözlərinə görə o gün Hadrut Eçmiədzin dəstəsinin vahid
nəzarəti altına alındı, dəstənin tərkibindəki döyüşçülər xəndəklər,
sığınacaqlar və yarımqazamalar qazaraq əhəmiyyətli işlər gördülər.Lakin
onları həmin fəaliyyətləri Daşaltıda həyata keçirmək üçün çağırdılar.
Göründüyü kimi erməni tərəfi Əsgərana ediləcək hücumla bağlı ciddi
hazırlıq görürdü.

Tacəddin
Mehdiyev isə telefonla Şahin Musayevə göstəriş verir ki, cəbhənin
müxtəlif istiqamətlərinə eyni zamanda müxtəlif zərbələr vurulmalı, əsas
zərbə isə Əsgərana endirilməlidir. Lakin Daşaltı əməliyyatı zamanı
cəbhənin başqa sahələrində erməni qüvvələrinə heç bir zərbə endirilmədi.
Əmrdən iki gün sonra Şuşaya hərbi texnikanın heç biri gəlmədi. İki ədəd
texnika yolda sıradan çıxaraq Laçında qaldı və daha iki ədəd zirehli
texnika isə Qubadlıda qaldı. Sabir Cəfərov Şuşaya gəlib çıxmadı (guya
onu tapa bilmədilər) silah-sursatlar isə əməliyyat başa çatdıqdan iki
gün sonra gətirildi. Əsgəran əməliyyat planının bütövlükdə hazır
olmasına baxmayaraq, əməliyyatın baş tutmaması birbaşa həmin mövqedə
yerləşən komandanlığın bir araya gəlməməsi, şəxsi istək və iddialarla
hərəkət etmələri ilə sıx bağlı idi.

Hadrutdan Daşaltıya
göndərilən Arseyan bildirir: “Biz bildirdik ki, Daşaltıda rabitə
vasitələri təmin edilməlidir, xəndəklər və yarımqazmalarla məşğul
olurduq. Ərazidə bizə əsas vəzifəmiz göstərildi və biz hərəkətə keçdik.
Xəndəklərin, yarımqazmaların və saxta mövqelərin yerləri müəyyən
edilmişdi. Biz tək deyildik, bütün kəndin adamları kimi gecələri
işləyir, gündüz bir neçə saat yatırdıq. Lakin bütün sübhü oyaq idik ki,
hücum ola bilər. Kəndin dəstəsində güclə 50-80 nəfər olardıq. O günlər
təklif edirdik ki, kənddən uşaqlar çıxarılsın. Onlar yox dedi, heç bir
uşaq Daşaltıdan çıxmadı…”

Vahan Arseyanın verdiyi məlumata
görə dinc əhali kənddən çıxmamışdı. Sual verilə bilər ki, Azərbaycan
ordu bölmələri dinc əhalinin təhlükəsizliyi üçün dəhliz
formalaşdırmışdımı? Belə ki, hər tərəfdən mühasirəyə alınan Daşaltıdan
yeganə çıxış yolu çay boyunca qoyulmuşdu ki, dinc əhali buradan çıxsın.
Arseyanın verdiyi döyüşçülərin saylarıyla bağlı məlumatlar da üst-üstə
düşür. Daşaltı istiqamətində iki gün ərzində kəşfiyyat aparılmış və bu
zaman təyin edilmişdi ki, Daşaltıda ermənilərin 50-60 nəfərlik silahlı
dəstəsi var (köməkçi qüvvələr nəzərə alınmayıb-Q.Ş), qalanları isə mülki
əhali idi.

Aşağıdakı fotoda Vahan, Hayron, Şmays, Qazar, Lernik,
Hayk və Aram adlı erməni döyüşçülər var. Foto 20.12.1991-ci il
tarixində çəkilmişdir. Bildirim ki, Vahan Arseyanın yuxarıda verdiyi
tarixlə Daşaltıda çəkilmiş foto tarixi uyğun gəlmir. Yanvar ayında
Tadevosyanın çağırışları ilə Hadrutdan Daşaltıya gəldiklərini bildirən
Arseyan dekabr ayında necə olur ki, Daşaltıda foto çəkdirir (?).Təbii
ki,erməni komandiləri hələ də əməliyyat haqqında bir çox məlumatları
gizlədir və bilərəkdən yalan deyir. Daşaltıya gələn erməni döyüşçülər
artıq dekabr ayında bütün hazırlıqları tamamlamışdılar. Daşaltı və
Əsgərən əməliyyatları haqqında məlumat artıq dekabr ayında erməni
tərəfinə məlum idi…

“…Manvel
Qriqoryan Hadrutdan bizimlə əlaqə saxladı, lakin Arkadi İvaniç dedi ki,
əhəmiyyətli döyüş gözlənilir, əgər məğlub olsaq çox şey itiriləcək və
biz Daşaltıda qalmağı üstün bildik. Yanvarın 26-sı səhər saat 6-da bir
az istirahət üçün gedirdik, çünki gecələr oyaq qalırdıq. Mən, Hayron və
Şmays evin həyətində dayandıq və daxildən atəş səsləri eşidildi, bir də
gördük ki, evlərin damlarında yerləşən heyvan yemlərini vurmağa
başladılar və evlərdən yanğın çıxdı. Birinci dəfədən bütün mövqeləri
tutduq, hər kəs bilirdi ki, öz mövqeyini və tərəfini müdafiə etmək
lazımdır. Bu anda qadınlar da silah götürüb mübarizə apararlar.
Azərbaycanlılar dağdan endilər və Daşaltıya daxil oldular. Şuşa
Daşaltının üzərindədir lakin, aşağıdan biz onları susdurmağa çalışdıq.
Şmays AQS-lə bilmirdi haranı vursun, bir də gördük ki, 50 metrə qədər
alov yüksəldi. Aydın oldu ki ,qaz kəməri vuruldu. Sonra uşaqlar
bildirdilər ki, müxtəlif mövqelərdən alov görürlər. Bu boru Gorus qaz
təhcizatında idi, qısa sözlə biz Gorus qazını kəsdik. Axşam artıq hər
şey səssiz idi. Bizim tərəfdən 22 döyüşçü, onlar tərəfdən səhv etmirəmsə
ilk batalyondan 200 nəfər öldü “- deyə Vahan Arseyan bildirdi.

Məlumatlardan
aydın olur ki, Qriqoyan hələ də Əsgərana ediləcək hücumla bağlı
tərəddüd içində idi. Tadevosyanın məhz Daşaltıya ediləcək hücum üzərində
mərkəzləşməsi nəyin göstəricisi idi ?
Arseyanın dediklərindən
aydın olur ki, onlar əvvəlcədən mövqelərdə yerləşərək gözlənilən hücuma
hazır deyildilər. Sadəcə olaraq öncədən hazırlanmış mövqelərə yenidən
yerləşmək o qədər də çətin olmamışdı. Ordumuz Şuşa istiqamətindən
Daşaltıya enənənə qədər ermənilər artıq bütün mövqelərdə hazır
vəziyyətdə idi.

“Döyüşdən sonra aydın oldu ki,
azərbaycanlılar Daşaltıda 92 cəsəd və zirehlitexnika qoyub. Biz rabitə
ilə əlaqə saxlayıb dedik ki, özlərinin cəsədlərinin arxasınca gəlsinlər
-onlar 18-20 yaş arasında döyüşçülər idi- lakin onların arxasınca
gəlmədilər…”- deyə Arkadi Ter-Tadevosyan bildirdi. İrs müxalifət
partiyasından olan Larisa Alaverdiyan isə bildirir ki, Azərbaycan ölmüş
əsgərlərin cəsədindən imtina edərək onları itgin elan edib. Onun
sözlərinə görə əsgərləri dəfn etmək məcburiyyətində qalıblar. Onlar
əməliyyat zamanı 22 nəfər ermənin həlak olmasını, onlardan 12 nəfərinin
isə Daşaltıdan olması haqqında məlumatlar verir. Araşdırmalara görə
əməliyyatın axşamı bir neçə döyüşçünün cəsədi Cıdır düzünün alt
tərəfindəki “Qayalıq” deyilən ərazidən çıxarılmış,bir neçə gün sonra isə
Nəbilər kəndi istiqamətində pusquya düşmüş döyüşçülərimizin cəsədləri
götürülmüşdü. Ümumiyyətlə rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında
Azərbaycan Ordusu 90-123 nəfər arası itki verib. Bununla yanaşı onlarla
əsgər hələ də itkin düşmüş sayılır. Döyüş zamanı ermənilər də bir neçə
texnika və 80-ə yaxın canlı qüvvə itirib.

Erməni
məlumatlarına görə əməliyyatın keçirilmə vaxtı,yanvarın 25-i
axşamı,hücumun başlanması isə 26 yanvar saat 06:30-dur. Ermənilər
bildirir ki,azərbaycanlılar əməliyyata 500 nəfərdən artıq döyüşçü və 3
zirehli texnika cəlb edib. Daşaltıda erməni qüvvələrinin 60-70 nəfər
olaraq Vağarşak Beybut Aruşanyanın (Daşnaksutyun terror partiyasının
üzvü) başçılığı altında olduğunu bildirən ermənilər,Vağarşakın öz
dəstəsiylə qüvvələrimizə qarşı 12 saat ərzində “təkbaşına” döyüşməsini
təbliğ edirlər. Nəzərinizə çatdırım ki, Nəbilər kəndində olan dəstəmiz
Daşaltıya doğru atəş açdıqda, Vağarşakın dəstəsi tərəfindən atəşə
tutulmuşdu.

Bildirim
ki, erməni tərəfdən əməliyyata birbaşa Arkadi Ter-Tadevosyan nəzarət
edirdi. Köməkçi qüvvələr 1959-cu il Bakı təvəllüdlü, 1-ci batareya
komandiri Bekor Aşot (Gülyan), Şuşakənddən komandir S.Hayryan idi.
Şuşakəndə gedən yolu kəsməli olan ikinci tağım məhz Hayryanın dəstəsinin
pusqusuna düşmüş, tağımdakı bütün əsgərlərin hamısı mühasirəyə
salınaraq öldürülmüşdü. Əməliyyat zamanı ermənilərə Sığnax, Aşağı
Yemişcan (Siznek) və Qızıloba (Karmirqyuğ) kəndləri ərazisindən digər
dəstələri də dəstək verirdilər. Bütün bunlarla yanaşı, Daşaltı
əməliyyatında ordumuza qarşı Ermənistan Milli Qəhrəmanı Yuri Poğosyan,
Daşaltıda silah mütəxəssisi kimi tanınan Alyoşa Vardanyan və
Türk-Azərbaycan xalqına nifətinə görə “Duşman” ləqəbi qazanmış, Xocalı
və Şuşanın işğalında xüsusi fəallıq göstərmiş Vardan Stepanyan kimi
şəxslər, Eçmiədzin, Daşnaksutyun kimi dəstəstələr iştirak etmişdi.

26 yanvar axşam saatlarında uğursuzluqla başa çatan əməliyyatdan sonra
Tacəddin Mehdiyev Laçına gedir. 28 yanvarda Laçından gətirilmiş
BTR,vaxtından gec göndərilmiş zirehli texnika və artilleriyadan istifadə
edərək Daşaltı güclü atəşə tutuldu.

Həqiqətən
də əməliyyat Azərbaycan qoşunlarının və əhalinin döyüş ruhuna ciddi
təsir etmiş və bir müddətlik Müdafiə Nazirliyinin fəaliyyətini
parçalamışdı. Araşdırmanın ilkin hissəsinə qayıdaraq yenidən sual
verirəm. Daşaltı əməliyyatını keçirmək, ümumiyyətlə Daşaltı istiqamətinə
əməliyyat hazırlamaq zəruri idimi?(modern.az)

Qeyd: Fotolar döyüşdən sonra “Corbis” jurnalının müxbiri Çon Çons tərəfindən çəkilib.

Şahin Qocayev

Short URL: http://www.cumhuriyyet.net/?p=15812

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930