Elnur Məcidlidən şəhid və qazi ailələrinə kompensasiya və sosial müavinət verilməsiylə bağlı təklif
Əvvəlcə təkliflə bağlı yazmazdan əvvəl mövcud vəziyyətlə əlaqədər bəzi qeydlər etməmdə fayda var.
Əgər xatirinizdədirsə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə şamil edilmiş, 12556 şəhid ailəsi bu yardımdan faydalanmışdı.
Eyni zamanda son müharibəyə qədər 21 minə yaxın müharibə veteranının da sosial müavinət aldığını xatırlatmaq lazımdır.
Beləliklə, ikinci Qarabağ, müharibəsindən sonra ümumilikdə aylıq sosial müavinət alan şəhid ailələrinin sayı 15 mindən çox, müharibə veteranlarının sayı isə 25 minə yaxın olacaq.
Bu veteranların 14134 nəfərini Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 345 nəfərini İkinci dünya müharibəsi əlilləri, 3363 nəfərini hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 2902 nəfərini Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar, həmçinin 307 nəfərin 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin təşkil etdiyini bilmək lazımdır.
Beləliklə, ümumilikdə 40 min şəxsə (yaxud onların varislərinə) sosial müavinətin verilməsi nəzərdə tutulmaqdadır.
Daha aydın olsun deyə, bir də ifadə edirəm ki, şəhid ailələrinə və qazilərə sosial müavinətlərin verilməsiylə bağlı qanun layihəsi 2-ci dünya müharibəsindən bu yana olan vətəndaşlarımıza şamil edilməkdədir və ediləcəkdir.
Qanun layihəsi hələ ki, müzakirə olunmaqdadır, tam əlavələr edildikdən sonra Milli Məclisin təsdiqləməsiylə qüvvəyə minəcəkdir.
Odur ki, bu qanun layihəsi qüvvəyə minmədən fikir bildirməyə tələsməyin.
Milli Məclisin deputatı Fazil Mustafanın bildirdiyinə görə, Azərbaycanda şəhid ailələri və müharibədə yaralanmış şəxslər üçün hərtərəfli proqram müəyyənləşdirilir və onlara bütün sahələrdə imtiyazların verilməsi nəzərdə tutulacaq.
Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, şəhid ailələri və ya müharibədə sağlamlığını itirmiş şəxslərə üst-üstə aylıq təxminən 600-700 manat ödənildiyini açıqlayıb.
Bununla yanaşı şəhid ailələrinə və müharibə veteranlarına indiyə qədər 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verildiyini də bilmək lazımdır.
Hazırkı mövcud vəziyyətdə şəhidin ailəsinə 11 min manat, müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) birdəfəlik ödəniş edilməkdədir.
Hesab edirəm ki, birdəfəlik ödənişləri, heç olmasa 2 dəfə artırmanın mümkünlüyü haqqında düşünmək və danışmaq lazımdır.
Bu məsələdə Azərbaycanı Ermənistanla müqayisə etmək yersiz və yanlışdır. Azərbaycan öz iqtisadiyyatına və gəlirlərinə arxalanan uzunhədəfli layihələri və sosial proqramları olan ölkədir. Ermənistan isə, ölkə xaricindəki diasporun hesabına ölmüş əsgərinin ailəsinə qan pulunu ödəməyi düşünməkdədir. Öz büdcəsindən bunu qarşılaması qətiyyən mümkün deyil. Beləliklə, erməni diasporu lobbiçilik üçün xərclədiyinin böyük əksəriyyətini Ermənistandakı sosial müavinətlərə yönləndirmək məcburiyyətində qalıb və hər il bu cür olmasa, aylıq sosial müavinətlərin ödənməsi Ermənistan üçün mümkünsüz olacaq ki, sosial şəbəkələrin erməni seqmentində bu məsələ müzakirə olunur. Erməni diasporunun öz maddi gücünün böyük hissəsinin Ermənistana axması, xaricdə siyasi güc olaraq onları zəiflədəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun açıqlamasına görə, Şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə əlavə olaraq
– Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat) ;
– Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir ;
– Prezidentin aylıq təqaüdü (210-300) ödənilir ;
– Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;
– Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;
– Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;
– Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;
– Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;
– Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.
Bu nə deməkdir?
Şəhid olan şəxs, müharibədən öncə 700 manat maaş alırdısa, müharibədə həyatını itirdiyi üçün maaşı əsasında formalaşan pensiyası, təxminən 500 manat aylıq olaraq ailəsinə veriləcək, bundan əlavə 300 manatlıq aylıq təqaüd olacaq, beləliklə şəhid ailəsi 800 manat almış olacaq.
1500 manat maaşı olan şəhidin ailəsi 1200 pensiya+300 təqaüd alacaq. Ümumilikdə 1500 manat.
Aşağı gəlirləri olanlar da öz pensiya məbləğinin üzərinə 300 manat alacaq.
Deyək ki, heç bir yerdə qanuni işləməyən, daimi iş yeri olmayan şəhidimizin ailəsinə, minimum pensiya olan 230+110 manat pensiya əlavəsi +300 manat təqaüd = 640 manat aylıq müavinət almış olacaq.
Nazirlik açıqlayıb ki, ortalama şəhidlərin pensiya müavinəti 400 manat təşkil edir və 55-110 manat aralığında pensiya artırılması (pensiyanın məbləğinə görə dəyişir) bunun üzərinə 300 manatəqaüd verilir, və şəhid övladları təhhsil haqlarından azad edilir və bir sıra güzəştlər nəzərdə tutulur.
Yəni tam ətraflı sosial müavinətləri təhlil edəndə, rasional bir rəqəm ortaya çıxmaqdadır.
Bununla belə hamımız bilirik ki, şəhid və qazilərimiz və onların ailələri üçün nə etsək azdır və biz onlara həmişə borclu olacayıq.
Bu mənada bir təklif irəli sürmək istəyirəm.
Bu təklifi irəli sürmədən öncə Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlər əsasında kiçik araşdırma apardım və gəldiyim nəticə və təklifi sizinlə bölüşürəm.
Təklif
Statistika komitəsinin məlumatında görə hazırda ölkədə dövlət və özəl sektorda 1 milyon 700 min maaşlı işçi çalışmaqdadır.
Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxud Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində Vətən Fondu yaradılmasını (Türkiyədə Mehmetcik Vakfı) təklif edirəm.
Qərb ölkələrində də bunun bir sıra nümunələri var.
Bu fondun maliyyələşməsi məsələsinə gəlincə, bu fond üçün aylıq maaşlardan Vətən vergisi adı altında 0.8 faiz nisbətində vergi tutulmasını təklif edirəm. Hesab edirəm ki, vətəndaşlarımız bu təklifi qəbul edəcəkdir.
Yəni, 1000 manat maaş alan bir şəxs aylıq avtomatik olaraq 8 manat bu fonda pul köçürmüş olacaq.
Yenə Statistika Komitəsinin məlumatına görə, hazırda orta aylıq maaş 700 manat təşkil etməkdədir. 700 manatdan tutulan məbləğ isə 5.6 manat olacaq və bunu 1.7 milyon işçiyə vurduqda 9.52 milyon manat və illik 115 milyon manata yaxın büdcə deməkdir.
Bu büdcəylə şəhid ailələrinə, əlillərimizə və qazilərimizə sosial müavinətləri daha yüksək və daimi etmiş olarıq.
Çünki söhbət 40 min şəxsə (yaxud varisinə) veriləcək sosial yardımdan gedir ki, bu bir neçə illik yox, ən azı 30-40 yaxud 50 illik sosial bir proqramın parçası olduğunu bilməliyik.
Bu təklifimin dəyərləndirilməsini həm Milli Məclisdən, həm də digər aidiyyəti olan qurumlardan xahiş edirəm.
Bu təklifi hesab edirəm ki, xalqımız da qəbul edəcəkdir.
Eyni zamanda, Farid Pardaşunasın təklif etdiyi kimi “2783 SMS” xidməti yaradıla bilər, könüllü ianələr də bu fonda köçürülmüş olar.
Habelə, gələcəkdə nəzərdə tutulan pullu hərbi xidmət məsələlərində də, vətəndaşlar tərəfindən ödəniləcək məbləğlərin bir qismi bu fonda köçürülə bilər.
Təklif müzakirəyə açıqdır, bu təklif ətrafında diskussiyalar ola bilər və bu təklifi daha da təkmilləşdirərək qanun layihəsi halına sala bilərik.
Şəhid və qazilərimizə hörmətlə və milli məsuliyyətlə
Short URL: http://www.cumhuriyyet.net/?p=158131