“Ali təhsilli gənclər əmək bazarına cavab vermir”
Azərbaycanda bəzi yaradıcılıq sahələrinə (ədəbiyyat, memarlıq,
heykəltəraşlıq, dizayn və s.) gənclərin marağı hələ də lazımi səviyyədə
deyil. Lent.az-ın məlumatına görə, bu barədə “2015-2025-ci illərdə
Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda qeyd edilib.
Daha erkən yaşlarda elm və intellektual yaradıcılıq sahələrinə diqqətin
zəif olması səbəbindən fundamental, təbii, texniki elmlər və yüksək
texnologiyalar üzrə təhsil alan tələbələrin sayı az, onların hazırlıq
səviyyəsi isə aşağıdır.
Əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas
innovativ potensialı və əmək resursudur. Ali təhsilli gənclərin sayının
ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və
bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə
yetərincə cavab vermir. Bu da müvafiq peşə sahiblərinin sayının azalması
ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına
gətirib çıxarır. Nəticədə, bir sıra peşələr üzrə kadr çatışmazlığı
yaranır, gənclər arasında işsizlik artmış olur. Ökə üçün əhəmiyyət kəsb
edən bəzi ixtisaslara (kənd təsərrüfatı, yüksək texnologiyalar və s.)
maraq çox zəifdir. Ali təhsil alanların çox az qismi regionlarda
işləməyə meyl göstərir. Bu baxımdan təhsil sisteminin, xüsusilə də peşə
təhsilinin surətlə inkişaf edən ölkə iqtisadiyyatının tələblərinə
uyğunlaşdırılması günümüzün zərurətinə çevrilib.
Ali təhsil müəssisələrində ölkənin hazırkı və perspektiv iqtisadi
inkişaf istiqamətlərinə uyğun olan və əmək bazarının tələblərini nəzərə
alan ixtisasların tədrisinə ehtiyac yaranıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15828