“Nəqliyyat canavarı” niyə gəncləri hədəf seçir?
Araşdırmalar sübut edir ki, bunun gizli səbəbləri var
Reklam dünyası hər gün inkişaf edən, yeni texnologiyadakı maşınları tərifləməkdən doymur. Amma bu, “texnologiya xarüqəsi”nin ölüm aparatına çevrilməsinin qarşısını ala bilmir. Demək ki, maşınların mükəmməl olması çox da işə yaramır. İnsan faktoru ön plana çıxır. Və son illər yol qəzalarında dünyasını dəyişən, xəsarət alanların sırasında gənclər üstünlük təşkil edir. Səbəbi… detallarda…
Hər il dünyada 1.35 milyon adam avtomobil qəzalarında ölür
Tez-tez avtoqəzalarda motosikletçilər və piyadalar ölür. Ən çox yol-nəqliyyat hadisəsi gəlirləri yüksək olan ölkələrdə baş verir. Yol-nəqliyyat hadisələri insan ölümünün səbəbləri arasında səkkizinci yerdədir. Hər il dünyada avtomobil qəzaları nəticəsində 1,35 milyon adam ölür. Mövcud tendensiyaya görə, ən çox yol-nəqliyyat hadisələri həyat səviyyəsi və gəlirləri yüksək olan ölkələrdə baş verir. Dünya üzrə avtoqəzaların 40%-i gəlirləri yüksək olan ölkələrdə izlənilir.
Avtoqəzalarda tez-tez motosikletçilər, piyadalar ölür. Bu qəzalarda ölənlərin cəmi 1%-ni velosipedçilər təşkil edir.
Azərbaycanda yol qəzalarında ölənlərin əksəriyyəti gənclər və orta yaşlı insanlardır. Dünyadakı tendensiya isə bunun əksini deyir. Araşdırmalar göstərir ki, maşınların təkərləri altında adətən ən çox 5 yaşdan yuxarı uşaqlar, eləcə də yeniyetmələr və yaşı 29-dək olan gənclər qalır.
Heç də əksər hallarda qəzaya səbəb sürücülərin maşını sərxoş vəziyyətdə idarə etməsi olmur. Azərbaycanda bu ilin altı ayı ərzində cəmi 12 sərxoş sürücü qəza törədib. Avtoqəzalara ən çox sürət həddini aşma səbəb olur.
18-24 yaşlı sürücülər ən çox qəza törədənlərdir
Statistika göstərir ki, yol qəzalarının 50 faizi insanlardan qaynaqlanır və daha çox 18-24 yaşlı sürücülər tərəfindən törədilir. Bu yaş qrupundakı gənclərin qəzaya yol vermə faizi digər yaş qruplarından 3 dəfə artıqdır.
Yaşla bağlı olan bir başqa risk qrupu da 65 yaşdan böyük olan sürücülərdir. Bu yaş qrupu üçün qəzaya səbəb olan faktorlar gənc sürücülərinkindən fərqlidir. Çünki bu qrupdakılar da avtomobili idarə etmə qabiliyyətinin pozulması, yavaşlaması və hissiyyat orqanlarının da zəifləməsi ucbatından qəzaya meyllidilər.
Qəzalara səbəb olan ikinci ünsür maşınlardır. Son illər istehsal olunan maşınların köhnələrlə müqayisədə təhlükəsizlik sistemi çox daha yaxşı inkişaf etsə də, məhz sürətli olmaları ucbatından sürücülərdə özünə güvəni artırır və bu da qəzalara səbəb olur.
Üçüncü səbəb isə yollarla bağlıdır. Yeni inşa olunan yollar avtomobillərin inkişaf sürəti ilə ayaqlaşmır.
Statistik araşdırmalar göstərib ki, bayram günlərində baş verən qəzalar daha çox bayramın ilk və son günlərində pik həddinə çatır. Onların 52 faizi 12.00-16.00 radələrində yaşanır. Qəzaların 29 faizi maşının sürətini yol və hava şərtlərinə uyğunlaşdırmamaq, 21 faizi qovşaq və döngələrdə maşının sürətini azaltmamaq ucbatından yaşanıb. Yəni toplam qəzaların 50 faizi yüksək sürətdən qaynaqlanır. Səhv dönüş və ya manevr etmək qəzaların 15 faizinin səbəbidir.
Mütəxəssislər qəzanın qarşısını almaq üçün bəsit çıxış yolları göstərir.
Yola çıxmazdan öncə maşınınızı tam yoxlamadan keçirin.
Səyahət istiqamətindəki yollar barədə məlumata sahib olun.
Hər iki saatdan bir 15 dəqiqə istirahət edin.
Sürmə zamanı bol-bol su için, kondisionerdən fasiləsiz istifadə etməyin, pəncərələri zaman-zaman açıb, içəridəki havanı dəyişin.
Arxadakı və öndəki maşınla aranızdakı təqib məsafəsini qoruyun.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, 2010-cu ildə yol qəzalarında ölənlərin sayı 1 milyon 240 min olub ki, bu da 2000-ci illər müqayisədə azalma deməkdir.
Həmin cədvələ əsasən, Azərbaycanda hər il 100 min sakindən 13.1-i yol qəzasında ölür. Ermənistanda bu rəqəm 18.1, Gürcüstanda 15.7-dir. Qonşu Rusiyada 18.6, Türkiyədə 12.0, İranda isə 34.1-dir. Amma yaxın çevrəmizdə olmayan ölkələrdən bir fakt da göstərməyə dəyər: Almaniyada həmin göstərici 4.7-dir
Bu statistika dəhşət saçır
2019-cu ildə ölkənin avtomobil yollarında 1870 və ya 2018-ci illə müqayisədə 2,9 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz artaraq 2523 nəfər olub. Onlardan 821-i həlak olub, 1702-si isə yaralanıb. Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2018-ci ilə nisbətən 1,4 faiz artaraq 564 nəfər, yaralananların sayı 0,2 faiz artaraq 1631 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 43,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,6 faizini, yaralananların isə 72,9 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, nəticədə 18 nəfər həlak olmuş, 21 nəfər yaralanıb. Hadisələrin 60,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3999,1 min olub. Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 22,1 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,5 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Qaydaların pozulmasına görə 119,0 milyon manat məbləğində cərimələr tətbiq edilib.
Niyə gənclər daha çox qəza törədir?
Hər gün dünyada 3400 nəfərdən çox insan yollarda həyatlarını itirir, onların əksəriyyəti gənclər və qadınlardır. Bu ölümlərin və saysız yaralanmaların qarşısını almaq üçün hərəkətə keçməyin vaxtıdır. Bu, yolların və nəqliyyatın keyfiyyətini və təhlükəsizliyini təkmilləşdirmək, sürət və sərxoş sürücülüyün qarşısını almaq, təhlükəsizlik kəməri, motosiklet dəbilqəsi və uşaq oturacağının istifadəsini şiddətlə inkişaf etdirmək deməkdir. Yaralılara vaxtında təcili tibbi yardım, daha yaxşı tibbi müalicə, psixoloji dəstək və erkən reabilitasiya təmin edərək həyatlarını xilas etmək, şikəstliyi azaltmaq olar. Reallıqdır ki, bir çox ölkə yol qəzasından sonra yol qəzası qurbanlarına effektiv qayğını təmin edə bilmir. Qəzaları hərtərəfli tədqiq etmək, yaralı və yaxınını itirmiş biri üçün ədalətli hesablaşmanı təmin etməməkdə problemlər olmaqdadır. Təcili yardımın vaxtında göstərilməsində böyük fərqlilik var. Dünya üzrə yol qəzası ölümlərinin təxminən 90%-i aşağı və orta gəlirli ölkələrdə baş verdiyi görülür. Bu ölkələrdə ağır yaralı xəstələr üçün təcili yardım sistemləri yüksək nəticə göstərən ölkələr səviyyəsinə gətirilə bilərsə, hər il təxminən 500.000 insanın həyatı xilas edilə bilər. Qəza sonrası tədbirlərdə daha yaxşı nəticə almaq, 2020-ci ilə yol qəzalarında ölən və xəsarət alanların sayını 50% azaltmaq üçün Davamlı İnkişaf Məqsədləri hədəfinin 3.6 olması vacibdir.
Bəs yaxşı, nəqliyyat canavarı niyə daha çox gəncləri hədəf alır? Bununla bağlı aparılan araşdırmalar aşağıdakı nəticələri üzə çıxarıb.
Hər gün dünyada yol-nəqliyyat qəzalarında 1000-dən çox uşaq və gənc həlak olur.
Aşağı və orta gəlirli ölkələrdə yol qəzalarında həlak olan və ya travma alan gənclərin əksəriyyəti piyada, velosipedçi, motosikletçi və ya ictimai nəqliyyat sərnişinləri olur. Yüksək gəlirli ölkələrdə isə yol-nəqliyyat qəzalarının qurbanları əsasən nəqliyyat vasitələrini yeni idarə etməyə başlayan sürücülərdir.
Yolların çəkilməsi və yol hərəkəti təhlükəsizliyinin planlaşdırılması zamanı uşaqların acizliyi, onların nisbi təcrübəsizliyi, fərqli inkişafı, eləcə də oynamaq və təhlükəsiz hərəkət etmək tələbləri nəzərə alınmalıdır.
Hər üç yol-nəqliyyat qəzasından biri sürətin artırılması səbəbindən baş verir. Bu da gənc sürücülər tərəfindən yol hərəkəti qaydalarının ən çox yayılmış pozuntusudur.
Spirtli içkilərin qəbul edilməsi yol-nəqliyyat qəzaları riskini dəfələrlə artırır.
Dəbilqələrdən (şlem) istifadə motosiklet qəzalarında baş-beyin zədələnmələrinin, ölüm hallarının azaldılmasının ən effektiv üsuludur.
Gənc sürücü və sərnişinlər təhlükəsizlik kəmərlərindən istifadə etməyə daha az meyllidir. Təhlükəsizlik kəmərlərindən düzgün istifadə isə qəza zamanı ölüm riskini 61% azaldır.
Uşaqlar üçün xüsusi oturacaqlarda istifadə yol qəzaları zamanı uşaq ölümünü 35%-dək azalda bilər. Uşaqlar yaş və çəkilərinə uyğun oturacaqlarda yerləşdirilməlidirlər.
Piyadalar və velosipedçilər, xüsusilə də gecə vaxtı yollarda çətin seçilirlər. Onlar parlaq və ya işığı əks etdirən geyimdə daha görünən olurlar və bu da qəzaların qarşısının alınmasında kömək edir.
Qəzaya uğrayan uşaqlara kömək göstərilərkən onların fiziki, psixoloji və fizioloji baxımdan böyüklərdən fərqlənmələri nəzərə alınmalıdır.
Gənclik sürət, mesaj yazmağı sevir… nəqliyyat canavarı isə onları…
Bir çox ekspertlər isə hesab edir ki, əslində gəncliyin sürət sevməsi, diqqət dağınıqlığının olması, eyni zamanda maşın idarə edərkən sms yazma vərdişi bu qəzalarda onları qurban və zərərçəkən edir. Bir çox hallarda radarların, kameraların çoxluğu çıxış yolu kimi qiymətləndirilsə də, normal vəziyyət bunun əksini deyir. Çünki radarların sayının artırılması da prinsipial məsələ deyil. Çünki hər kilometrə bir radar qoyulmur. Ümumən isə bu cür radarların qoyulması sürücülərin yalnız o məsuliyyətini artırır ki, radara düşməsinlər və artıq vəsait ödəməsinlər. Sürücülər cərimələnməmək üçün radarın qaydalarına əməl edirlər. Əgər cərimələrin məbləği son dərəcə aşağı olsaydı, müşahidə edərdik ki, sürücülərin bir çoxu radarlara da əhəmiyyət vermirlər. Bu da faktdır ki, radarların da standartlara uyğun qoyulması məsələsi var. Sözsüz ki, ölkənin bütün magistral yollarının radarlaşdırılması məqsədəuyğun hal deyil. Bu, sürücülərin mənzil başına çatmaları üçün çox ciddi zaman problemi yarada bilər.
Hazırda magistral yollarda maksimal sürət həddi saatda 120 kilometrdir. 120-nin üzərinə də 10 sürət əlavə edib, 130-a qaldırmaq mümkündür.
Başqa bir məqam isə ondan ibarətdir ki, sürücülər radarları ötən kimi yenidən sürət həddini qaldırırlar. Bunu əksər hallarda o sürücülər edirlər ki, onlar həmin yoldan tez-tez istifadə edirlər və radarların da yerini bilirlər. Məhz bu səbəbdən gizli radarların tətbiqi məsələsi zaman-zaman gündəmə gəlib.
Short URL: http://www.cumhuriyyet.net/?p=158515